Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-783/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRAR (İş № 2-1(103)-783/2023) Bakı şəhəri 04 aprel 2023-cü il Giriş hissə: Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və bu qərara görə yaranmış vergi üzrə borc və faiz məbləğlərinin silinməsi” tələbinə dair inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(112)-7315/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi (bundan sonra, cavabdeh) xaricdən İddiaçı MMCnin (bundan sonra, iddiaçı) bankda olan hesablaşma hesabına manata ekvivalent məzənnə ilə 161725,84 manat məbləğində vəsaitin daxil olduğu və 2020-ci il üçün mənfəət vergisi bəyannaməsinin vergi orqanı tərəfindən kassa metodu ilə qəbul edildiyi nəzərə alınaraq, 2020-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə kameral qaydada hesablanmış vergi məbləği 9327,29 manat məbləğdən 7628,79 manat məbləğə (1698,5 manat azaldılaraq) saxlanılmaqla, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********886400 nömrəli qərar qəbul etmişdir.
2. Cavabdeh hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinin tələbləri baxımından sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmamışdır.
3. İddiaçı isə bu halı təkzib edərək, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu məhdudlaşdıran kateqoriyaya aid olunması üçün hər hansı əsasın mövcud olmadığına istinad etmişdir.
4. İddiaçını həmin qərardan verdiyi inzibati şikayət Dövlət Vergi Xidməti tərəfindən təmin olunmamışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
Birinci instansiya məhkəməsində icraat.
5. İddiaçı cavabdehə qarşı “qərarın ləğv edilməsi və bu qərara görə yaranmış vergi üzrə borc və faiz məbləğlərinin silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC təsis olunduğu dövrdən, xx.xx.2022 tarixinədək heç bir zaman mənfəət vergiödəyicisi statusunun daşıyıcısı olmayıb, hər zaman sadələşdirilmiş vergiödəyicisi statusunda olub. Faktiki olaraq, MMCnin fəaliyyəti, bazar konyukturasının araşdırması nəticəsində əldə olunan verilənlər bazasına əsasən istehlakçı tələblərinin optimal alqoritmini şərtləndirən fiziki olmayan intellektual proqram tərtibatının təmin olunmasının icrasıdır. MMC təsis olunduğu tarixdə xx.xx.2022 tarixinə qədər heç bir zaman faktiki fəaliyyətindən kənara çıxamyıb, qeyd olunan fəaliyyətindən başqa hər hansı bir fəaliyyəti olmayıb və ya başqa bir fəaliyyətini isbatlayacaq dəlil və sübutla qarşılaşmayıb. xx.xx.2022 tarixinədək MMC heç bir zaman sadələşdirlmiş vergi ödəyicisi statusunun de-aktiv olunması və ya başqa bir vergiödəyicisi statusuna dəyişdirilməsi ilə əlaqədar DVX-nə müraciət ünvanlanmayıb.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda aşağıdakılar qeyd olunmuşdur: - İddiaçı ərizəsində qeyd etmişdir ki, "X3”nin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında” Protokol üzrə Beynəlxalq məlumat mübadiləsi çərçivəsində aparılmış araşdırma zamanı Belarusiya Respublikasının rezidenti olan hüquqi şəxs “V.İ.KOZLOV adına X4" ASC tərəfindən göstərilmiş xidmətlər müqabilində 2020-ci il ərzində hüquqi şəxs Azmetz” MMCə ümumilikdə 195695,89 manat məbləğində pul vəsaitinin ödənildiyi müəyyən edilməsinə baxmayaraq, müvafiq dövr üzrə mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etməməklə həmin ödənişin gəlir məbləği kimi göstərilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********748900 nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya müvafiq dövr üçün bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020-ci ilin mənfəət vergisi üzrə 9327,29 manat ((195695,89 - 9150,0) *5%) əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021 -ci il tarixli **********848900 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Daha sonra araşdırma zamanı xaricdən cəmiyyətin bankda olan hesablaşma hesabına manata ekvivalent məzənnə ilə 161 725,84 manat məbləğində vəsaitin daxil olduğu və 2020-ci il üçün mənfəət vergisi bəyannaməsinin vergi orqanı tərəfindən kassa metodu ilə qəbul edildiyi nəzərə alınaraq, 2020-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə kameral qaydada hesablanmış vergi məbləği 9 327,29 manat məbləğdən 7 628,79 manat məbləğə (1698,5 manat azaldılaraq) saxlanılmaqla, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********886400 nömrəli qərar qəbul edilmiş və vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2021 -ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********027100 nömrəli) inzibati qaydada şikayət verilmiş və xx.xx.2022-ci il tarixli **********199500 nömrəli qərarı ilə inzibati şikayət təmin edilməmişdir. “X1 iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında” Protokol üzrə Beynəlxalq məlumat mübadiləsi çərçivəsində aparılmış təhlillər zamanı Belarusiya Respublikasının “V.İ.KOZLOV adına X4” Açıq Səhmdar Cəmiyyətinə məxsus bank hesablarından Cəmiyyətə 195 695,89 manat məbləğində ödənişin aparıldığı müəyyən edildiyindən, müvafiq gəlir məbləği üzrə Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən mikro sahibkarlıq üzrə 75 faizi güzəşt nəzərə alınmaqla 9 327,29 manat mənfəət vergisi hesablanmışdır. İnzibati araşdırma zamanı Cəmiyyət tərəfindən tərəfindən 2020-ci il ərzində göstərilmiş xidmətlərə (görülmüş işlərə) görə Belarus Respublikasında ümumilikdə 195 695,89 manat gəlir məbləğinin əldə olunduğu və həmin gəlir məbləğindən Belarus Respublikasının dövlət büdcəsinə vergi məbləğinin ödənilmədiyi müəyyən edilmişdir. Araşdırma zamanı Cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş “DTA-01 formalarına və bu formalara əlavə edilmiş agent müqavilələrinə əsasən, Belarusiya Respublikasının “V.İ.KOZLOV adına X4” Açıq Səhmdar Cəmiyyətinə (sifarişçi) Cəmiyyət tərəfindən agent qismində xidmətlərin göstərildiyi müəyyən edilmişdir. Təqdim edilmiş müqavilələrin predmetində Cəmiyyət tərəfindən xarici hüquqi şəxsin fəaliyyət sahəsinə dair malların (məhsulların) potensial alıcılarının aşkar olunması predmeti ilə bağlı Azərbaycan Respublikasının və Gürcüstan Respublikasının daxili bazarlarının öyrənilməsi, sövdələşmələrin həyata keçirilməsi üçün onların etibarlılıq predmeti ilə bağlı alıcılara verilən informasiyanın toplanması və ümumiləşdirilməsi, Azərbaycan Respublikasının və Gürcüstan Respublikasının ərazisində məhsulların tədarükü üzrə müqavilənin alıcılar ilə bağlanması və icra olunması üçün onların layihələrinin sifarişçiyə göndərilməsi, Azərbaycan Respublikasının və Gürcüstan Respublikasının ərazisində idxalat və ixracat əməliyyatlarının dövlət tənzimlənməsində aparılan dəyişikliklər haqqında məlumatlandırılması, hərracların (müsabiqələrin, tenderlərin) aparılması şərtlərini və qaydasını tənzimləyən Azərbaycan Respublikasının və Gürcüstan Respublikasının qanunvericiliyi haqqında məlumatlandırmaq və aparılan hərrac (müsabiqələr, tenderlər) haqqında sifarişçinin məlumatlandırılması, Azərbaycan Respublikasının və Gürcüstan Respublikasının ərazisində alıcıların ünvanına sifarişçi tərəfindən göndərilən malların (məhsulların) daxil olmasına nəzarətin təmin olunması, zəruri hallarda onların dəmiryolu və avtomobil nəqliyyatı ilə daşınmasını təşkil etməklə Belarusiya Respublikasından alıcılara göndərilən malların (məhsulların) daxil olmasına nəzarətin təmin olunması əks etdirilmişdir. Cəmiyyətin bank hesablarının araşdırılması zamanı Belarusiya Respublikasının “V.İ.KOZLOV adına X4” Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılmış ödənişlərin (2020-ci ildə 161 725,84 manat ekvivalentində, 2021-ci ildə isə 33 970,05 manat ekvivalentində) vergi ödəyicisinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Binəqədi” filialında mövcud olan AZ06ACAB******************** nömrəli dollar hesabına mədaxil edildiyi aşkar edilmişdir. Bundan əlavə kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması ilə əlaqədar məsələnin araşdırılması məqsədilə vergi ödəyicisinə "Sualların cavablandırılması və məlumatların təqdim edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********292300 nömrəli məktub göndərilərək, Cəmiyyətin faktiki fəaliyyətinin nədən ibarət olduğu, vergi ödəyicisinin Belarusiya Respublikasının “V.İ.KOZLOV adına X4” Açıq Səhmdar Cəmiyyətinə hansı iş və xidmətləri göstərdiyi, görülmüş iş və xidmətlərin hansı sənədlərlə rəsmiləşdirildiyi, cəmiyyət tərəfindən xarici hüquqi şəxslərə xidmətlərin göstərilib-göstərilmədiyi, Cəmiyyətin fəaliyyətinin Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə uyğun olmamasını necə əsaslandıra biləcəyi və müraciəti əsaslandıran hansı hal və təsdiqedici sənədləri araşdırmaya təqdim edə biləcəyi barədə suallar ünvanlanmışdır. Cəmiyyət tərəfindən müvafiq suallara xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli, **********582500 nömrəli) məktubla cavab verilərək, Cəmiyyətin təsis olunduğu tarixdən bugünədək mənfəət vergisi ödəyicisi olmadığını, sadələşdirilmiş vergi ödəyicisi olduğunu, Cəmiyyətin faktiki fəaliyyətinin bazar konyunkturasının araşdırılması nəticəsində verilənlər bazasına əsasən əldə olunan, istehlakçı tələblərinin optimal alqoritmini şərtləndirən intellektual tutumlu fiziki olmayan yaradıcı proqramların istehsalından ibarət olduğu qeyd edilmişdir. Cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş “DTA-01 formalarına və bu formalara əlavə edilmiş agent müqavilələrinə əsasən, Belarusiya Respublikasının “V.İ.KOZLOV adına X4” Açıq Səhmdar Cəmiyyətinə sorğuda sadalanan iş xidmətlər barədə araşdırmaya əsaslandırılmış izahat təqdim edilməmiş, eyni zamanda Cəmiyyətinin fəaliyyətinin intellektual tutumlu fiziki olmayan yaradıcı proqramların istehsalından ibarət olduğunun qeyd edilməsinə baxmayaraq, bununla bağlı araşdırmaya təsdiqedici sənədlər təqdim edilməmişdir. Beləliklə, Cəmiyyətin bank hesabına qeyri-rezident hüquqi şəxs Belarusiya Respublikasının “V.İ.KOZLOV adına X4” Açıq Səhmdar Cəmiyyəti tərəfindən vergi ödəyicisinin bank hesabına vəsaitlərin mədaxili, Cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş “DTA-01 formalarına və bu formalara əlavə edilmiş agent müqavilələrinə əsasən, həmin qeyri-rezidentə agent qismində xidmətlərin göstərildiyin müəyyən edildiyini, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun olmadığını nəzərə alaraq bildiririk ki, kameral vergi yoxlaması tamamilə əsaslı və qanunvericiliyə uyğun formada aparılmışdır.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(112)-7315/2022 qərarı ilə (sədrlik edən hakim Orxan Həsənov) iddia rədd olunmuşdur.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının bank hesabına qeyri-rezident hüquqi şəxs Belarusiya Respublikasının “V.l.KOZLOV adına X4” Açıq Səhmdar Cəmiyyəti tərəfindən vergi ödəyicisinin bank hesabına vəsaitlərin mədaxili, agent müqavilələrinə əsasən, həmin qeyri-rezidentə agent qismində xidmətlərin göstərildiyin müəyyən edildiyindən, onun Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmamışdır. Məhkəmə xüsusi ilə diqqətə çatdırmaq istəyir ki, maddənin tələblərində istisna kimi yalnız iki hal göstərilmişdir: - vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərdən xidmətin yalnız əhaliyə münasibətdə göstərilməsi; - Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsidir. Nəzərə alınmalıdır ki, iddiaçının xidmət göstərdiyi şəxs - əhali hesab olunmur. Həmin şəxs qeyri-rezident hüquqi şəxs olaraq Belarusiya Respublikasında qeydiyyatda olan “V.l.KOZLOV adına X4” Açıq Səhmdar Cəmiyyətidir. Başqa sözlə desək iddiaçı tərəfindən göstərilən xidmət vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxsə münasibətdə göstərilmişdir. Digər tərəfdən isə hazırki mübahisə üzrə iddiaçı sadələşdirilmiş vergi ödəyicisi hesab olunması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinin ikinci hissəsində qeyd olunan istisna halın da təsiri altına düşmür. Məhkəmə hesab edir ki, inzibati aktların, qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu vergi orqanı tərəfindən sübut edildiyindən mübahisələndirmə növündə hazırkı iddianın təmini əsası mövcud olmamışdır.
10. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın təmin olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qərarının əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, inzibati aktın qanunsuz olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
Tərəflərin izahatları, prosessual məsələlər
12. Şifahi məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsinə etirazda göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir.
13. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi, məhkəmə iclasına gəlməmişdir.
14. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur.
Maddə 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.1. fiziki şəxslərin gəlir vergisi; 6.1.2. hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); 6.1.3. əlavə dəyər vergisi; 6.1.4. aksizlər; 6.1.5. hüquqi şəxslərin və bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxslərin əmlak vergisi; 6.1.6. hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi; 6.1.7. yol vergisi; 6.1.8. mədən vergisi; 6.1.9. sadələşdirilmiş vergi;
Maddə 218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. Maddə 218.2. Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir. Maddə 218.4. Bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir: 218.4.1. bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər; 218.4.2. idman mərc oyunlarının operatoru və idman mərc oyunlarının satıcıları, habelə lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları olan şəxslər; 218.4.3. mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər; 218.4.4. fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər; 218.4.5. mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər. Maddə 218.5. Aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur: 218.5.1. aksizli və məcburi nişanlama ilə nişanlanmalı olan mallar istehsal edən şəxslər; 218.5.2. kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və bu fondların idarəçiləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, lombardlar; 218.5.2-1. Bu Məcəllənin 218.5.2-ci və 218.5.10-cu maddələrinin müddəaları icbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentlərinə tətbiq edilmir. 218.5.3. qeyri-dövlət pensiya fondları; 218.5.4. əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər; 218.5.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş təbii inhisar subyektləri; 218.5.6. mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə (bu Məcəllənin 218.1.2-ci, 218.1.3-cü və 218.4-cü maddələrində göstərilən şəxslər istisna olmaqla) qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər 218.5.7. publik hüquqi şəxslər; 218.5.8. işçi rüb ərzində işçilərinin (faktiki işə cəlb edilən) orta sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər; 218.5.9. topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər; 218.5.10. vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla); 218.5.11. qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslər; 218.5.12. xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər; 218.5.13. icbari sığorta müqavilələri üzrə xidmət göstərən şəxslər istisna olmaqla, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər.
16. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
17. “İnzibati icraat haqqında” Qanun: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
Əsaslandırma hissəsi:
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır.
19. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımından lazımı qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2-ci və 85.3-cü maddələri).
20. Mahiyyət baxımından apellyasiya şikayəti uğursuzdur. Birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
21. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddianın (İPM-in 2.2.1, 32-ci maddələri) mümkün olması heç bir şübhə doğurmur. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz inzibati aktın ləğv olunmasını tələb edir, eləcə də, hüququnun pozulması ehtimalını iddia ərizəsində əsaslandırmışdır (İPM-in 35.1ci maddəsi).
22. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
23. Qeyd edilməlidir ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulan müddətdə verilmişdir, iddia mümkünlük şərtlərini ödəyir.
24. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir.
25. İddia tələbi əsassızdır. Çünki, mübahisələndirilən inzibati akt qanunidir.
26. Apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
27. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, Belarusiya Respublikasının rezidenti olan hüquqi hüquqi şəxs “V.İ.Kozlov adına X4” ASC tərəfindən göstərilmiş xidmətər müqabilində 2020-ci il ərzində hüquqi şəxs olan iddiaçıya ümumilikdə 195695,89 manat məbləğində pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir.. Bu hal isə iddiaçının Vergi Məcəlləsinin 218.5, 218.5.10-cu maddələrinə əsasən onun sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu istisna edir.
28. Belə ki, iş materiallarında olan agent müqaviləsinə əsasən, Belarusiya Respublikasının “V.İ.KOZLOV adına X4” Açıq Səhmdar Cəmiyyətinə (sifarişçi) Cəmiyyət tərəfindən agent qismində xidmətlərin göstərildiyi müəyyən edilmişdir. Təqdim edilmiş müqavilələrin predmetində Cəmiyyət tərəfindən xarici hüquqi şəxsin fəaliyyət sahəsinə dair malların (məhsulların) potensial alıcılarının aşkar olunması predmeti ilə bağlı Azərbaycan Respublikasının və Gürcüstan Respublikasının daxili bazarlarının öyrənilməsi, sövdələşmələrin həyata keçirilməsi üçün onların etibarlılıq predmeti ilə bağlı alıcılara verilən informasiyanın toplanması və ümumiləşdirilməsi, Azərbaycan Respublikasının və Gürcüstan Respublikasının ərazisində məhsulların tədarükü üzrə müqavilənin alıcılar ilə bağlanması və icra olunması üçün onların layihələrinin sifarişçiyə göndərilməsi, Azərbaycan Respublikasının və Gürcüstan Respublikasının ərazisində idxalat və ixracat əməliyyatlarının dövlət tənzimlənməsində aparılan dəyişikliklər haqqında məlumatlandırılması, hərracların (müsabiqələrin, tenderlərin) aparılması şərtlərini və qaydasını tənzimləyən Azərbaycan Respublikasının və Gürcüstan Respublikasının qanunvericiliyi haqqında məlumatlandırmaq və aparılan hərrac (müsabiqələr, tenderlər) haqqında sifarişçinin məlumatlandırılması, Azərbaycan Respublikasının və Gürcüstan Respublikasının ərazisində alıcıların ünvanına sifarişçi tərəfindən göndərilən malların (məhsulların) daxil olmasına nəzarətin təmin olunması, zəruri hallarda onların dəmiryolu və avtomobil nəqliyyatı ilə daşınmasını təşkil etməklə Belarusiya Respublikasından alıcılara göndərilən malların (məhsulların) daxil olmasına nəzarətin təmin olunması əks etdirilmişdir.
29. Müqavilənin 4.1-ci bəndinə müqavilə ərazisində alıcı tərəfindən hazırlanmış müqavilə (kontraktı) üzrə ödəniş sifarişçi-prinsipalın hesablaşma hesabına tam və ya qismən daxil olduqdan və mal (məhsul) göndərildikdən sonra Agent Sifarişçi-prinsipala göstərilmiş xidmətlər barədə aktı və hesab-fakturanı təqdim etməlidir. Aktda aşağıdaki məlumatlar qeyd olunmalıdır: -göstərilmiş xidmətlərin adı; -göstərilmiş xidmətləri dəyəri; -tərəflərin razılığına əsasən digər məlumatlar.
30. İnzibati icraat materiallarından görünür ki, Cəmiyyət tərəfindən tərəfindən 2020ci il ərzində göstərilmiş xidmətlərə (görülmüş işlərə) görə Belarus Respublikasında ümumilikdə 195695,89 manat gəlir məbləğinin əldə olunduğu və həmin gəlir məbləğindən Belarus Respublikasının dövlət büdcəsinə vergi məbləğinin ödənilmədiyi müəyyən edilmişdir.
31. Məhkmə qeyd edir ki, iddiaçının bank hesabına qeyri-rezident hüquqi şəxs Belarusiya Respublikasının “V.l.KOZLOV adına X4” Açıq Səhmdar Cəmiyyəti tərəfindən vergi ödəyicisinin bank hesabına vəsaitlərin mədaxili, agent müqavilələrinə əsasən, həmin qeyri-rezidentə agent qismində xidmətlərin göstərildiyin müəyyən edildiyindən, onun Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmamışdır.
32. Məhkəmə xüsusi ilə diqqətə çatdırmaq istəyir ki, maddənin tələblərində istisna kimi yalnız iki hal göstərilmişdir: - vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərdən xidmətin yalnız əhaliyə münasibətdə göstərilməsi; - Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsidir.
33. Nəzərə alınmalıdır ki, iddiaçının xidmət göstərdiyi şəxs - əhali hesab olunmur. Həmin şəxs qeyri-rezident hüquqi şəxs olaraq Belarusiya Respublikasında qeydiyyatda olan “V.l.KOZLOV adına X4” Açıq Səhmdar Cəmiyyətidir. Başqa sözlə desək iddiaçı tərəfindən göstərilən xidmət vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxsə münasibətdə göstərilmişdir.
34. Digər tərəfdən isə hazırki mübahisə üzrə iddiaçı sadələşdirilmiş vergi ödəyicisi hesab olunması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinin ikinci hissəsində qeyd olunan istisna halın da təsiri altına düşmür.
35. Cavabdeh xx.xx.2021-ci il tarixli **********748900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubu göndərərək bildirmişdir ki, 2020-ci ərizndə xarici ölkədə 195695,89 manat gəlir məbləğinin əldə olunduğu müəyyən edilməsinə baxmayaraq müvafiq dövr üzrə mənfəət vergisi bəyannaməsini təqdim etməməklə 217.2-ci Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə edilmiş gəlirlər” adlı sətrində gəlir məbləğinin göstərilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
36. “Vergilərin, sosial sığorta və işsizliksığortası haqqlarının hesablanması barədə” 16 dekabr 2021-ci il tarixli **********848900 nömrəli qərarı ilə iddiaçıya Vergi Məcəlləsinin 37-ci, 67/ci və 83-cü maddələrinə əsasən 2020-ci ilin mənfəət vergisi üzrə 9327,29 manat əlavə vergi məbləği hesablanmışdır.
37. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********886400 nömrəli qərarı ilə xaricdən cəmiyyətin bankda olan hesablaşma hesabına manata ekvivalent məzənnə ilə 161725,84 manat məbləğində vəsaitin daxil olduğu və 2020-ci il üçün mənfəət vergisi bəyannaməsinin vergi orqanı tərəfindən kassa metodu ilə qəbul edildiyi nəzərə alınaraq, 2020-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə kameral qaydada hesablanmış vergi məbləği 9327,29 manat məbləğdən 7628,79 manat məbləğə (1698,5 manat azaldılaraq) saxlanılmaqla, qəbul edilmiş və vergi ödəyicisinə göndərilmişdir.
38. VM-nin XVİİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər, həmçinin vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyiciləridirlər. Nəzərə alınmalıdır ki, vergi münasibətlərini tənzimləyən qanunvericilik həm sadələşdirilmiş vergi ödəyiciləri hesab olunan, həmçinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olmayan şəxslərin əhatə dairəsini müəyyən etmiş və ayrıayrı müddəalar altında səciyyələmişdir.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisələndirilən inzibati aktı formal və maddi baxımdan qanunvericiliyin tələblərinə uyğundur, məhkəmə araşdırması zamanı iddiaçı tərəf bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
40. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7315/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: imza var. Hakimlər: imzalar var.
Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov