Məhkəmə qərarları › İş №2-1(103)-783/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-783/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-783/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10580/2023 nömrəli, 25 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı dəqiqləşmə verərək onun əlilliyinin ləğv edilməsi barədə qərarın ləğv edilməsi və iddiaçının əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 2014-cü il iyun ayından müddətsiz ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Səhhətinin ağırlaşması ilə bağlı onun tərəfindən 2022ci ilin noyabr ayında avtonəqliyyat vasitəsi ilə təmin edilməsi üçün müraciət etmiş, əyani müayinə nəticəsində isə cavabdeh tərəfindən, ümumiyyətlə əlilliyin ləğv edilməsi barədə əsassız qərar qəbul edilmişdir. İddiaçı hesab edir ki, əyani müayinə qanunvericiliyin tələblərinə riayət edilmədən həyata keçirilmişdir. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və müəyyən edilmişdir ki, həmin şəxs tam reabitilasiya olunmuşdur. Bununla bağlı cavabdeh tərəfindən qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10580/2023 nömrəli, 25 avqust 2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı inzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Birinci instansiya məhkəməsi iddianın mahiyyət üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: Bənd 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu; 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”: Bənd 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işdən görünür ki, iddiaçıya 08 iyul 2014-cü il tarixdən müddətsiz ikinci qrup əlillik təyin edilmiş, iddiaçının mülki avtomobili ilə bağlı müraciəti əsasında 19 dekabr 2022-ci il tarixdə ixtisaslaşmış komissiyada müayinəsi həyata keçirilmiş və tam reabilitasiya olunması qərara alınmışdır. 19 dekabr 2022-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasının qərarından görünür ki, əlilliyin verilməsindən tam reabilitasiya olması əsası ilə imtina edilmə barədə qərar qəbul edilmişdir. Hazırkı mübahisənin predmeti cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli **********4 nömrəli qərarının ləğv edilməsi və iddiaçının əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası ilkin olaraq mövcud qanunvericilik çərçivəsində iddiaçıya təyin olunmuş “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz ikinci dərəcə əlilliyin sonradan cavabdeh qurum tərəfindən tam reabilitasiya olması əsası ilə imtina edilməsi ilə bağlı Agentliyin səlahiyyətinin olub-olmadığını, əgər varsa, onun hansı şərtlər çərçivəsində reallaşdırılması imkanının mövcudluğunun aydınlaşdırılmasını zəruri hesab edir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin ləğv edilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. İstinad olunan normaya əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi iş üzrə öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli **********4 nömrəli qərarında qeyd edilir ki, Bakı şəhər sakini xx.xx.1957-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin **********0 nömrəli məktubuna əsasən xx.xx.2014-cü il tarixində əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.12 bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Dz: Serebral ateroskleroz, Dissirkulyator ensefalopatiya. Onurğanın yayılmış osteoxandrozu. Vətəndaşın minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinəsi zamanı belində ağrılardan, ayaqlarında keyimədən şikayətlənmiş, hər iki aşağı ətrafda əzələ gücü, tonusu normal, reflekslər canlı, bərabər çağrılmış, ətraflarda iflic, parez, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudluq aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası"na uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçı inzibati orqan tərəfindən əyani müayinəyə cəlb edilmədiyini, yalnızca minik avtomobili üçün yazılı müraciət etdiyini, bu zaman da heç bir müayinəyə çağrılmadığını bildirmiş, qeyd edilən halın araşdırılması məqsədilə iddiaçının sonuncu əyani müayinəsi ilə bağlı, xx.xx.2022-ci il tarixli **********4 nömrəli qərarının qəbulu ilə bağlı inzibati icraat materialları tələb edilmiş, inzibati orqan tərəfindən isə məhkəmənin rəsmi sorğusuna əsasən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən hal özü də onu sübut edir ki, sözügedən qərarla iddiaçı barəsində mövcud olan inzibati akt dəyişdirilərkən, inzibati orqan iddiaçını əyani müayinəyə cəlb etməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Apellyasiya məhkəməsində icraat zamanı yuxarıda qeyd edilən sorğu vasitəsilə sözügedən halın da araşdırılmasına cəhd edilmiş, lakin inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, araşdırmanın nəticəsindən asılı olaraq cavabdeh qurumun şəxsə təyin etdiyi əlilliyin onun tam reabilitasiya olması ilə əlaqədar imtinası ilə bağlı icraatın lazımi qaydada aparıldığı müəyyən olunmur. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10580/2023 nömrəli, 25 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10580/2023 nömrəli, 25 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar