Məhkəmə qərarları › İş №2-1(103)-784/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-784/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-784/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhər Nərimanov rayon Bələdiyyəsinə qarşı “cavabdehin imtina məktubunun əsassız hesab edilməsi və alqı-satqı müqaviləsinin bağlanmasının cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Nərimanov rayon Bələdiyyəsinə qarşı “cavabdehin imtina məktubunun əsassız hesab edilməsi və alqı-satqı müqaviləsinin bağlanmasının cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 10341/2021 saylı 30 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 fevral 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayon Bələdiyyəsinin 03359 nömrəli, 16 dekabr 2019-cu il tarixli imtina məktubunun əsassız hesab edilməsi, onunla Nərimanov rayonu, Nərimanov Bələdiyyəsi arasında ünvan 3 ünvanında yerləşən 0,24 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən 0.24 ha torpaq sahəsi uzun illərdir ki, onun istifadəsində olmaqla təyinatına uyğun istifadə edilir. Sözügedən torpaq sahəsinin alıq-satqı müqaviləsinin bağlanması məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən məsələnin həllinin onun səlahiyyəti xaricində olması və aidiyyəti təşkilata müraciət etməsi bildirilmişdir. Bundan sonra o, rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin ordan da imtina cavabı verilmişdir. Qeyd edilən torpaq sahəsinin hüquqi statusu sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdır. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-10341/2021 saylı 30 noyabr 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəməsinin qərardadı ləğv edilməlidir. Tərəflərin izahatları 02.02.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında bu barədə lazımi qaydada məlumatlandırılmış Bakı şəhər İcra Hakimiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, həmin torpaq sahəsinin uzun müddət onun istifadəsində olmasını, həmin ərazidə taxtadan kiçik ölçülü konstruksiya tikdiyini, torpaq sahəsinin olduğu ərazidə olan beşmərtəbəli binada müvəqqəti olaraq məcburi köçkünlərin məskunlaşdığını, həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olduğunu bildirmiş və bununla bağlı apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmşdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının alqı-satqısını tələb etdiyi torpaq sahəsi beşmərtəbəli yaşayış binasının qarşısında vətəndaşların ümumi istifadəsində olan torpaq sahəsidir. Həmin torpaq sahəsi üzrə də bələdiyyənin sərəncam vermək səlahiyyəti yoxdur. Bundan başqa, həmin torpaq sahəsi uzun müddət iddiaçının istifadəsində deyildir. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmşdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddia ərizəsinin və apellyasiya şikayətinin məzmunundan aydın olur ki, İddiaçı cavabdeh Bakı şəhər Nərimanov rayon Bələdiyyəsinə qarşı tələbi onunla Nərimanov rayonu, Nərimanov Bələdiyyəsi arasında ünvan 3 ünvanında yerləşən 0,24 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmasının cavabdehə həvalə edilməsi barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 16.12.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, məsələnin həlli səlahiyyət xaricindədir və aidiyyəti təşkilatlara müraciət edilməsi xahiş edilmişdir. Göründüyü kimi, hazırda iddiaçı Bakı şəhəri, Nərimanov rayon Bələdiyyəsinin 03359 saylı 16 dekabr 2019-cu il tarixli imtina məktubunun əsassız hesab edilməsi və sözügedən torpaq sahəsinə dair onunla alqı-satqı müqaviləsinin bağlanmasının cavabdehə həvalə edilməsi”ni tələb edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddia tələbi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin cavabdehlik daşımamasına istinad edərək iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 09.08.2001-ci il tarixli 548 nömrəli Fərmanının 2-ci bəndində göstərilmişdi ki, həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini DTXK-nin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 06.05.2002-ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. Beləliklə, sadalanan qanunvericilik aktlarının məzmununa görə iddiaçıya müvafiq bələdiyyə orqanı tərəfindən torpaq sahəsinin ayrılması Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu ilə razılaşdırılmalı və bundan sonra bələdiyyə ilə iddiaçı arasında bağlanmış alqı-satqı aktının həm də həmin qurumun nümayəndəsi tərəfindən imzalanıb təsdiqlənməsi tələb olunur. Lakin aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi ilə bağlı müvafiq icra hakimiyyətinin rəyinin olmasına dair məhkəməyə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” 30 dekabr 2016-cı il tarixli 1184 nömrəli Fərmanının 1-ci bəndindən görünür ki, yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılsın və Bakı şəhərinin inzibati ərazi vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələrə tövsiyə edilmişdir ki, Bakı şəhəri üzrə ərazi planlaşdırılması sənədlərinin sifarişi ilə bağlı verilən layihə tapşırıqlarında şəhərin ərazisinin baş və müfəssəl planlarında şəhərsalma məqsədləri baxımından tikintilərin növü və miqyası ilə bağlı torpaqlardan istifadəsi təsbit edilmiş ərazilərin zonalaşdırılması zamanı həyətyanı torpaq sahələri olan yaşayış evləri tikiləcək zonaların planlaşdırılmasına yol verilməsin. Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərinin inzibati ərazi vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələr tərəfindən “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinin tələbləri pozulmaqla tikinti üçün mülkiyyətə bu Fərman qüvvəyə mindikdən sonra ayrılmış torpaq sahələrində tikinti obyektinin inşasının aparıldığını aşkar etdikdə, tikinti işlərinin dayandırılması üçün dövlət şəhərsalma nəzarəti qaydasında müəyyən edilmiş tədbirlər görsün və bununla bağlı rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim edilməsi qeyd edilmişdir. Göründüyü kimi, mövcud qanunvericiliyin tələblərinə əsasən Bakı şəhərinin ərazisində bələdiyyələr tərəfindən torpaq ayrılması barədə qərarlar qəbul olunmasını, birmənalı olaraq qabaqcadan müvafiq orqanlardan, o cümlədən yerli icra hakimiyyəti orqanlarından rəy alınması ilə şərtləndirilir. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli 1184 nömrəli Fərmanı ilə 1 yanvar 2017-ci il tarixdən müvafiq rəyin verilməsi müvəqqəti dayandırılmışdır. Odur ki, belə nəticəyə gəlmək olur ki, hazırda (müvəqqəti olaraq) iddiaçının qaldırdığı məsələnin həlli ilə bağlı cavabdeh müvafiq səlahiyyətlərə malik deyillər. Belə olan halda məhkəmə düzgün olaraq hesab etmişdir ki, iddiaçının iddia etdiyi müvafiq torpaq sahəsi ilə bağlı Nərimanov rayon Bələdiyyəsi ilə onun arasında alqı-satqı müqaviləsinin bağlanması öhdəliyi, cavabdeh Nərimanov Bələdiyyəsinin torpaq sahəsi barəsində sərəncam vermək səlahiyyəti olmadığından, cavabdehin üzərinə qoyula bilməz. Bununla bağlı məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı Kollegiya onu da nəzərə alır ki, iddiaçı adına rəsmiləşdirilməsini tələb etdiyi torpaq sahəsinin uzun müddətdir ki, onun istifadəsində olduğunu bildirsə də, apellyasyia baxışı zamanı bu barədə hər hansı hala istinad edə bilməmiş, sübut təqdim edə bilməmişdir. Belə olan halda iddiaçı həm də cavabdeh inzibati orqan tərəfindən hansı hüquqlarının pozulduğunu əsaslandıra bilmədiyi üçün bu hal onun iddiasının qeyri-mümkün sayılması üçün əsas yaradır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsinə əsas vermir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(81)-10341/2021 saylı 30 noyabr 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-10341/2021 saylı 30 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar