Məhkəmə qərarları › İş №2-1(103)-784/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-784/2024

23.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-784/2024 23.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X3 Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3583/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 39 ünvanında yerləşən 4.800 kv.m torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 12 fevral 2007-ci il tarixli 6 saylı qərarı ilə Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında yerləşən İddiaçı adına 4.800 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin ünvanda uzun müddətdir ki, bütün kommunal xidmətlər abunəçi kimi İddiaçı adına qeydiyyatdan keçmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında X4 tərəfindən kod açılaraq nəzarət-kassa aparatı quraşdırılmış və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən texniki şərt verilərək yol çəkilmişdir. Lakin həmin torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün, o müəyyən çətinliklərlə üzləşir və qanuni istifadəsində olan əmlakla bağlı hüquqlarından tam şəkildə istifadə edə bilmir. Ona görə də, həmin ünvanda yerləşən 4.800 kv.m torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Müraciət üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 25 noyabr 2021-ci il tarixli **********33 saylı cavab məktubu ilə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının qeyri-mümkün olması qeyd edilmişdir. Göstərilənlərə əsaslanaraq, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 39 ünvanında yerləşən 4.800 kv.m torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzəqrinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmənin 14 fevral 2023-cü il tarixli qərardadı ilə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi əsl cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 48 sot torpaq sahəsi və üzərindəki 625 kv.m mülklə bağlı hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 20 noyabr 2021ci il tarixli ********** nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmiş və sözügedən qeyri-yaşayış binasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa 25 noyabr 2021-ci il tarixli məktub ünvanlanmışdır. Göründüyü kimi, iddia tələbi ilə müraciət arasında uyğunsuzluq mövcuddur. Belə ki, müraciətdə daşınmaz əmlakın ünvanı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 kimi qeyd olunsa da, iddia tələbində ünvan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 39i kimi göstərilmişdir. Bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən 18 avqust 2023cü il tarixdə ünvana keçirilən texniki baxış zamanı müəyyən edilmişdir ki, faktiki göstərilən torpaq sahəsi Xəzər dənizi ilə Salyan şossesi arasında olan, bir hissəsi relyefli, üç tərəfdən hasara alınmış ərazinin bir hissəsini təşkil edir. Faktiki göstərilən sahə Xəzər dənizindən 40 – 65 metr aralı məsafədə yerləşir. Həmçinin, elektron kadastr baza məlumatlarına əsasən şərti olaraq göstərilmiş 4.800 kv.m torpaq sahəsi Salyan şossesinin dəniz tərəfdən yolun kənarına (kənar xəttə) yaxın hissədə yerləşir və iddia olunan torpaq sahəsinin 2.600 kv.m hissəsi Xəzər dənizinin mühafizə zonasına düşür. Habelə elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla məqsədli təyinatı yol, infrastruktur sahələri kimi göstərilmişdir. Elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsi dövlət mülkiyyətindədir, bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin, cizgidə coğrafi istinad məlumatları, ölçülər və məsafələr qeyd edilməmişdir. Bundan başqa iddia olunan torpaq sahəsinə digər şəxs X1 Əmlak Məsələləri Dövlət Xidmətinin müraciətləri daxil olmuşdur. Bundan əlavə iddia olunan torpaq sahəsindən qaz xətti keçir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.9.2, 8.0.10.1-ci maddələrinə, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 4.0.1, 6.5-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 8 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.1-ci maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları»nın 2.7-ci bəndinə, İPM-in 35.1-ci maddəsinə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3583/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 39 ünvanında yerləşən 2.464 kv.m torpaq sahəsi üzərində İddiaçı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrl və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuş və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, Təqdim edilmiş cizgidə coğrafi istinad məlumatları, ölçülər və məsafələr qeyd edilməmişdir. Cizgidə bələdiyyə qərarına istinad olunmamışdır. İdarənin elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsi dövlət mülkiyyətindədir, bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Aparılan araşdırma zamanıməlum olmuşdur ki, təqdim edilmiş torpaqların alqı-satqısına dair akt keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmamışdır. İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2023-cü il tarixində ünvana keçirilən texniki baxış zamanı müəyyən edilmişdir ki, faktiki göstərilən torpaq sahəsi Xəzər dənizi ilə Salyan şossesi arasında olan, bir hissəsi relyefli, üç tərəfdən hasara alınmış ərazinin bir hissəsini təşkil edir. Faktiki göstərilən sahə Xəzər dənizindən 40-65 metr aralıməsafədə yerləşir. Həmçinin, elektron kadastr baza məlumatlarına əsasən şərti olaraq göstərilmiş 4800 kv.m torpaq sahəsi Salyan şossesinin dəniz tərəfdən yolun kənarına (kənar xəttə) yaxın hissədə yerləşir və iddia olunan torpaq sahəsinin 2600 kv.m hissəsi Xəzər dənizinin mühafizə zonasına düşür. Habelə elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla məqsədli təyinatı yol, infrastruktur sahələri kimi göstərilmişdir. İddia olunan torpaq sahəsindən qaz xətti keçir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3583/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.2. sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (152.3.) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.(152.4.) Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsinini qərarı ilə iddia tələbi qismən təmin edilmiş, qərar ilə tələbin rədd edilən hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Göründüyü kimi hazırkı apellyasiya icraatının predmetini iddia tələbinin təmin edilmiş hissəsi – yəni Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 39 ünvanında yerləşən 2.464 kv.m torpaq sahəsi üzərində İddiaçı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınaraq reyestrdən çıxarışın verilməsi təşkil edir. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri kimi aşağıdakılar qeyd edilmişdir: 1) Təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir; 2) sözügedən qeyri-yaşayış binasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir; 3) Faktiki göstərilən torpaq sahəsi Xəzər dənizi ilə Salyan şossesi arasında olan, bir hissəsi relyefli, üç tərəfdən hasara alınmış ərazinin bir hissəsini təşkil edir. Faktiki göstərilən sahə Xəzər dənizindən 40 – 65 metr aralı məsafədə yerləşir. Elektron kadastr baza məlumatlarına əsasən şərti olaraq göstərilmiş 4.800 kv.m torpaq sahəsi Salyan şossesinin dəniz tərəfdən yolun kənarına (kənar xəttə) yaxın hissədə yerləşir və iddia olunan torpaq sahəsinin 2.600 kv.m hissəsi Xəzər dənizinin mühafizə zonasına düşür; 4) Elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla məqsədli təyinatı yol, infrastruktur sahələri kimi göstərilmişdir; 5) Elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsi dövlət mülkiyyətindədir, bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin, cizgidə coğrafi istinad məlumatları, ölçülər və məsafələr qeyd edilməmişdir; 6) İddia olunan torpaq sahəsindən qaz xətti keçir. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2023-cü il tarixli 10/2123 nömrəli ekspert rəyinin “Tədqiqatın nəticələri” hissəsində qeyd edilmişdir ki, - (1-ci sual üzrə) Bakı şəhəri Səbail Bələdiyyəsinin 12 fevral 2007-ci il tarixli 6 nömrəli qərarına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 39 ünvanında yerləşən 2.464 kv.m torpaq sahəsinin hüdudları müəyyən edilərək rəyə əlavə olunmuş sxemdə göstərilmişdir; - (2-ci sual üzrə) Bakı şəhəri Səbail Bələdiyyəsinin 12 fevral 2007-ci il tarixli 6 nömrəli qərarına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 39 ünvanında yerləşən 2.464 kv.m torpaq sahəsinin Mərkəzə təqdim edilmiş elektron baza məlumatlarına (kadastrportali.az) əsasən “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olduğu müəyyən edilmişdir; - (3-cü sual üzrə) Azərbaycan Respublikasının Torpaq Məcəlləsini, «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, 19-cu maddəsinin 4-cü bəndini, 33-cü maddəsinin 3-cü bəndini, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq tələblərini və Səbail bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisini nəzərə alaraq, İddiaçı ayrılmış torpaq sahəsinin həmin torpaq sahəsi ayrılan zaman Bakı ŞİH-in 31 avqust 2000-ci il tarixli 812 nömrəli sərəncamı ilə Səbail Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşdiyi və hal-hazırda iddiaçının istifadəsində olan 2.464 kv.m torpaq sahəsinin yolun mühafizə zonasına düşmədiyi müəyyən edilmişdir. Həmçinin ekspert rəyinin “Tədqiqat prosesinin təsviri” hissısində qeyd olunur ki, İddiaçıya (X2) məxsus torpaq sahəsinin Xəzər dənizinin və yolun mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Həmin torpaq sahəsinin mühafizə zonalarına düşməyən hissəsi 2.464 kv.m təşkil edir. Hal-hazırda faktiki olaraq iddiaçı 2.464 kv.m torpaq sahəsindən istifadə edir. Həmçinin işin birinci instansiya icraatı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hazırkı iş üzrə müvafiq qərardad üzrə rəy vermiş eksperti (Məmmədov T.S.) suallara cavab olaraq bildirmişdir ki, iddiaçı X2 məxsus torpaq sahəsinin 2.464 kv.m hissəsi Xəzər dənizinin və həmin ərazidəki yolun mühafizə zonasına düşmür. Göründüyü kimi, məhkəmə icraatında tədqiq olunmuş 21iyun 2023-cü il tarixli ekspet rəyi ilə mübahisə obyekti olan torpaq sahəsinin ayrılan dövrdə bələdiyyə mülkiyyətində olması təsdiqlənir, habelə 2.464 kv.m torpaq sahəsinin ətrafdakı müvafiz yolun və Xəzər dənizinin mühafizə zonalarına düşməsi təkzib olunur. Həmçinin torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olması müəyyən edilir. Digər tərəfdən Bakı şəhəri Səbail bələdiyyəsinin 12 fevral 2007- ci il tarixli 06 nömrəli qərarı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi» tələbinə dair inzibati iş üzrə Səbail Bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Həmçinin məhkəmə tərəfindən Səbail Bələdiyyəsinə sorğu ünvanlanaraq işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə Bakı şəhər Səbail Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 №-li qərarının, Bakı şəhər Səbail Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli iclas protokolundan çıxarışın və İddiaçı ilə Səbail Bələdiyyəsi arasında bağlanmış torpaqların alqı-satqısına dair Aktın təsdiq edilmiş surətlərinin qısa müddət ərzində məhkəməyə təqdim olunması xahiş edilmişdir. Səbail Bələdiyyəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 06-989/2024 saylı cavab məktubunda qeyd edilmişdir ki,”Səbail Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 069 nömrəli qərarın və həmin qərara əsasən ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin təsdiq edilmiş surəti sizə göndərilir. Eləcə də, qeyd edirik ki, Səbail Bələddiyyəsinin xx.xx.2002-ci il tarixli iclas protokolunun və alqı-satqı aktlarının qeydiyyat kitabları Bələdiyyənin hazırda fəaliyyət göstərən icra orqanına təhvil verilmədiyi üçün həmin protokoldan çıxarışın və sözügedən torpaq sahəsinin alqısatqısına dair aktın surətlərinin sizə təqdim edilməsi imkan xaricindədir.” Məktuba əlavə olaraq Bələdiyyə tərəfindən xx.xx.2007-ci il tarixli, 069 nömrəli qərarın, həmin qərara əsasən ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin və müqavilənin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Səbail Bələddiyyəsi hazırda müvafiq sənədlərin təsdiq edilmiş surətlərini təqdim etmək imkanına malik olmasa da, həmin sənədlərun mövcudluğunu təsdiq etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.3-cü maddəsinə görə inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 64.4-cü maddəsinə görə etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Səbail bələdiyyəsinin 12 fevral 2007- ci il tarixli 06 nömrəli qərarı ilə bağlı yuxarıda qeyd edilən Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1- ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı həmin qərarla ayrılmış sahənin 2.464 kv.m hissəsinə münasibətdə etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 12 fevral 2007-ci il tarixli qərar geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarına əsasən məhkəmə hesab edir ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə qərar (inzibati akt) qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən, beləliklə hüquqi qüvvəsini saxladığından hüquqi cəhətdən etibarlı sayılır. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin torpaq sahəsinin yerləşmə cizgisində dəqiq istinad və məsafələrin qeyd edilməməsi ilə bağlı dəlili imtina üçün əsas ola bilməz. Belə ki, dövlət orqanlarının səhvləri maraqlı şəxslərin hesabına aradan qaldırıla bilməz. Həmin cizgidə istinad və məsafələrin dəqiq göstərilməməsi iddiaçının təqsiri hesab edilə bilməz. Əlavə olaraq məhkəmə araşdırması zamanı iddiaçıya ayrılmış torpaq sahəsinin hər hansı bir digər fiziki və ya hüquqi şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə dair məlumat aşkar edilməmişdir. Həmçinin cavabdehin dəlili olan toprpaq sahəsindən qaz xəttinin keçməsi ilə bağlı qeyd edilməlidir ki, onun üzərində hüququn reyestrdə qeydiyyata alınmasına mane ola bilməz. Çünki, qaldırılan məsələ torpaq sahəsindəki tikililərlə bağlı deyil, mübahisə yalnız torpaq sahəsinə hüquqla bağlıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində (qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır) nəzərdə tutulmuş əsaslarla mülkiyyət hüquqları yaranmışdır. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə əsasən daşınmaz əmlak üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan daşınmaz əmlaka dair iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3583/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3583/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar