Məhkəmə qərarları › İş №2-1(103)-784/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-784/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-784/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Bəbişbəyli Əfruz sülhi qızının iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5621/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzili Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin 29 yanvar 1999-cu il tarixli 67 nömrəli sərəncamına əsasən 16 fevral 1999-ci il tarixli 030723 nömrəli orderi ilə iddiaçının istifadəsinə verilmişdir. Sözügedən orderdə daşınmaz əmlakın istifadəsi üçün verilmiş siyahıda iddiaçının da adı qeyd edilmiş, bununla da Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzilin iddiaçının istifadəsinə verilməsi faktı öz təsdiqini tapmışdır. Qeyd olunmalıdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzilinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə rəsmi olaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunsa da, cavabdeh tərəfindən 20 dekabr 2022-ci il tarixli **********23 nömrəli cavabına əsasən çıxarışın verilməsindən imtina edilmişdir. İmtina məktubunda bildirilmişdir ki, qeyd olunan mənzilə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1- dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Bakı şəhəri Yasamal RİH tərəfindən verilmiş 29 yanvar 1999-cu il tarixli 67 saylı sərəncamına əsasən 16 fevral 1999-ci il tarixli 030723 nömrəli orderin təqdim olunmasına baxmayaraq, iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzilinin dövlət qeydiyyatına alınmaması qanunsuzdur. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş sözügedən orderin notarial təsdiq sənədinə əsasən 16 fevral 1999-cu il tarixdə təqdim edilmiş 030723 nömrəli order əsasında Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzilinin iddiaçının istifadəsinə verilməsi faktı ilə bağlı olan sənədin surətinin düzgünlüyü təsdiq edilmişdir.Həmçinin, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Elektron X1 çıxarışa əsasən 29 yanvar 1999-ci il tarixdə 67 nömrəli Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzilinin üzvləri siyahısında iddiaçının də adının qeyd edilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzilin onun istifadəsinə verilməsi faktı həmin mənzilin dövlət qeydiyyatına alınmasını zəruri edir.Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.3-cü maddəsinə, «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən hərəkətsizlikdən məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikasinin Qanununun 1-ci maddəsinə, İPM-in 1.2, 8.1.1, 34.1, 45, 46-cı maddələrinə əsaslanaraq, ünvan 1 ünvanındakı 24 nömrəli mənzil üzərində İddiaçı hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş olunmuşdur. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 29 noyabr 2022-ci il tarixdə ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan mənzilə (ünvan 1 ünvanındakı 24 nömrəli mənzil) dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin əsilləri ilə (orderin arxiv arayışı və «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №- li forma) əlavə olunmaqla) “ASAN Xidmət” Mərkəzlərinə müraciət edilməsi məqsədəuyğun olmasına dair vətəndaşa **********23 saylı 20 dekabr 2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır.Göstərilənlərə və İPM-in 35.1-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 11.1, 23-cü maddələrinə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2-1(112)-5621/2023 saylı qərarı ilə (hakim R.Kərimli) İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın tam ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış, o cümlədən göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsi yekun qərarı qəbul edərkən bu fakta əsaslanmışdır ki, “iddiaçı və onun ailə üzvləri faktiki olaraq o mənzildə yaşamırlar.” Lakin bu əmlakın dövlət qeydiyyatına alınmaması üçün əsas deyildir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində əvvəlki icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 may 2024-cü il tarixli, 2- 1(103)-575/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2-1(112)-5621/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2344/2024 saylı, 26 sentyabr 2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 may 2024-cü il tarixli, 2- 1(103)-575/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus sözügedən orderin əslinin işdə mövcud olmadığı və buna görə də onun mötəbərliyinin tam təsdiq olmadığı qənaətinə gəlmişsə, apellyasiya məhkəməsi üçün şübhə doğuran məsələnin həll edilməsi üçün orderi təsdiqləmiş 6 saylı Bakı “Asan Xidmət” mərkəzindəki Notariat ofisinə sorğu göndərmək kifayətdir ki, işin bu halına dair həqiqət üzə çıxacaqdır. Lakin apellyasiya məhkəməsi hazırkı mübahisəni həll edərkən, belə bir sorğu ilə Notariat ofisinə müraciət etməmiş, bunun nəticəsində də İPM-in 12.1, 58.7-ci maddələrini pozaraq, iş üzrə yalnış qərar qəbul etmişdir. Həmçinin, kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, məcburi köçkünlərin mübahisə predmeti olan mənzildə yaşamaları cavabdehin sözügedən imtinası üçün əsas ola bilməz. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia tələbi öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı subyektiv hüquqa malikdir. Belə ki, iddiaçı Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin 29 yanvar 1999-cu il tarixli 67 nömrəli sərəncamına əsasən 16 fevral 1999ci il tarixli 030723 nömrəli orderi ilə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzilə dair mülkiyyət hüquqları qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsini tələb edir. Cavabdeh orqana müraciət etmiş cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddianın mahiyəti üzrə əsaslı olması ilə bağlı qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.11) Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. - 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). - 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Apellyasiya şikayətinin dəlilinə münasibət: İddiaçının apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir:

1. Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzili Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin 29 yanvar 1999-cu il tarixli 67 nömrəli sərəncamına əsasən 16 fevral 1999-ci il tarixli 030723 nömrəli orderi ilə iddiaçının istifadəsinə verilmişdir. Sözügedən orderdə daşınmaz əmlakın istifadəsi üçün verilmiş siyahıda iddiaçının da adı qeyd edilmiş, bununla da Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzilin iddiaçının istifadəsinə verilməsi faktı öz təsdiqini tapmışdır.

Kassasiya instansiya məhkəməsinin göstərişləri iddiaçıya məxsus sözügedən orderin əslinin işdə mövcud olmadığı və buna görə də onun mötəbərliyinin tam təsdiq olmadığı qənaətinə gəlmişsə, orderi təsdiqləmiş 6 saylı Bakı “Asan Xidmət” mərkəzindəki Notariat ofisinə sorğu göndərilməsindən ibarətdir. Həmçinin, apellyasiya instansiya məhkəməsində təkrar icraat zamanı kassasiya instansiyası məhkəməsinin göstərişləri nəzərə alınmaqla 6 saylı Bakı “Asan Xidmət” mərkəzindəki Notariat ofisinə sorğu ünvanlanaraq işin obyektiv araşdırılması məqsədi ilə, 6 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X3 tərəfindən xx.xx.2022-ci il tarixdə “16 fevral 1999-cu il tarixli, 030723 nömrəli orderin” təsdiq edilməsi ilə bağlı qeydiyyat jurnalının müvafiq səhifəsinin (reyestrdə 1S-23295 nömrə ilə qeydiyyata alınmış) təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi xahiş olunmuş, məhkəməyə təqdim edilmiş sorğuya cavab məktubunda notariat ofislərində sənədlərin surətinin düzgünlüyünün təsdiq edilməsi ilə bağlı hər hansı notariat işinin açılmadığı, belə ki, surətinin düzgünlüyünün təsdiq edilməsi üçün sənədin əsli təqdim edilərkən, sənədin əslindən onun kserosurətinin çıxarıldığı, çıxarılmış surətin sənədin əsli ilə uyğunluğu müəyyən edildikdən sonra notarius tərəfindən sənədin surətinin təsdiq edildiyi və sənədin həm əsli, həm də təsdiq olunmuş surəti sənədinin təqdim edən şəxsə geri qaytarıldığı və bununla bağlı notariat ofisində hər hansı sənəd saxlanılmadığı qeyd edilmişdir. Həmçinin sorğuya əsasən reyestrdə 1S-23295 nömrə ilə qeydiyyata alınmış qeydiyyat jurnalının müvafiq səhifəsinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Qeyd edilən qeydiyyat jurnalından da aydın olur ki, İddiaçı tərəfindən orderin əsli ilə düz olması ilə bağlı sənəd təsdiq notariat ofisi tərəfindən təsdiq edilmiş və jurnalda 1S- 23295 nömrə ilə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus hüquqmüəyyənedici sənəd qismində orderin mötəbərliyini təkzib edən hər hansı sübut təqdim edilmədiyindən, sözügedən sənədin mötəbərliyi məhkəmə üçün şübhə doğurmur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Bununla da, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Bakı şəhəri Yasamal RİH-in 29 yanvar 1999-cu il tarixli 67 saylı sərəncamına əsasən ünvan 4 ünvanına dair mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hərbi qulluqçu kimi İddiaçı Məmmədli oğluna order verilmişdir. Buna dair müvafiq olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məktubu da iş materiallarına əlavə edilmişdir. İş üzrə məhkəmə araşdırmaları zamanı iddiaçıya sərəncam əsasında təqdim edilmiş orderin mötəbərliyi şübhə doğursa da kassasiya instansiya məhkəməsinin icrası məcburi göstərişi əsasında təkrar apellyasiya baxışı zamanı sözügedən orderin notarial təsdiq edilmiş surətinin mötəbərliyi ilə bağlı şübhəli məqamlar müəyyən edilmədi. Göründüyü kimi, iddiaçı mənzilə dair hüquqmüəyyənedici sənədə malikdir. Məhkəmə kollegiyası həmçinin cavabdeh inzibati orqanın imtina əsasında qeyd etdiyi mənzildə məcburi köçkünlərin yaşaması, iddiaçının faktiki olaraq sözügedən mənzildə yaşamaması və bununla da mənzildə yaşayan 18 yaşı tamam olmuş şəxslərin müvafiq razılıq verməməsi dəlilinə münasibətdə qeyd edir ki, kassasiya instansiya məhkəməsinin qərarında da qeyd edilmişdir ki, məcburi köçkünlərin mübahisə predmeti olan mənzildə yaşamaları cavabdehin sözügedən imtinası üçün əsas ola bilməz. Belə ki, “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Nəticə olaraq, mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası və apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası fikrini ümumiləşdirərək qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməlidir.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5621/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı adına Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar