Məhkəmə qərarları › İş №2-1(103)-785/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-785/2023

09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-785/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X13 ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və nümayəndəsi X18, Cavabdehin nümayəndəsi X32, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində X33 cəlb edilməklə “torpaq üzərində hüququn vəfat etmiş şəxsə məxsus olması haqqında arayışın verilməsi”tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6854/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq mərhum atası X1 Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhəri İH) xx.xx.1990-cı il tarixli, 3/78 nömrəli qərarına əsasən ayrılmış Ləhiş bağ massivində 0,12 ha torpaq sahəsinə dair iddiaçının adına arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-6854/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərarı ilə iddia təmin edilmiş, keçmiş Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 3/78 nömrəli qərarına əsasən Ləhiş bağ massivində ayrılmış 0,12 ha torpaq sahəsinə dair hüquqların iddiaçının mərhum atası X5 məxsus olması barədə İddiaçı adına arayış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Qərardan narazı qalan üçüncü şəxs apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbində torpaq sahəsinin mənsub olduğu bağ nömrəsi qeyd olunmasa da faktiki olaraq qəbul edimiş qərar qanuni qüvvəsini aldıqdan sonra icra mərhələsində üçüncü şəxsin istifadəsində olan torpaq sahəsinə hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Mübahisə predmeti olan 3582 a saylı bağ sahəsi üzrə X19 qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri mövcuddur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxiv əsaslarında orderin nüsxəsi aşkar olunmamışdır. Bundan başqa təqdim olunmuş sənədlərdə bağ sahəsinin nömrəsi göstərilməmişdir və təqdim olunmuş qəzetdə bağ sahəsinin ünvanı “Sabunçu” yox “Suraxanı qeyd edilmişdir. Həmçinin bildiririk ki, sənədlərə əlavə olunmuş 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktubda qeyd olunan Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3582a saylı bağ sahəsi arxiv məlumatlarına əsasən digər şəxsin (X19) adına qeyd edilmişdir. Bu səbəblərdən iddiaçıya **********52 saylı xx.xx.2018-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Əlavə arxiv araşdırması zamanı məlum olmuşdur ki, X4 adı olsa da, bağ nömrəsi və ölçüsü barədə məlumat aşkar olunmamışdır. Habelə, iddia tələbində torpaq sahəsinin ölçüsü 0.12 ha göstərilsə, faktiki göstərilən ərazinin ölçüləri 958 kv.m təşkil edir. Bundan əlavə, vətəndaşın təqdim etdiyi sənədlər surətdir. Həmçinin bildiririk ki, müvafiq bağ sahəsinin iki tərəfi hasar, digər iki tərəfin sərhədləri isə şərti olaraq sərhədlənmiş və göstərilən sahə iddiaçının faktiki istifadəsində deyildir. Məhkəmə iclasında iştirak edən üçünücü şəxsin nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşdə olan: - Azərbaycan Respublikası Dövlət Arxivinin bakı filialının 01 avqust 2018-ci il tarixli, N-164 nömrəli arxiv çıxarışına əsasən, Bakı şəhər X26 6/333 nömrəli 14 iyun 1988-ci il tarixli qərarı ilə 176 nömrəli BTK –nın -18 şəxsdən ibarət tərkibinin təsdiq edilməsi və onlara müəyyən edilmiş qaydada bağ sahələrinin ayırması qərara alınmış, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 19 aprel 1990- ci il tarixli 3/78 nömrəli qərarına 7 nömrəli əlavəsinə əsasən, 176 nömrəli Ləiş bağ tikinti kooperativinin üzvlərinin siyahısında 13 sırasında X4 adı qeyd edilmişdir. - 392608 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X11 xx.xx.2009-cu ildə vəfat etmişdir. - 379142 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən iddiaçı X4 atası X6r. - Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində saxlanılan arxiv qovluğunda olan sənədlər təqdim edilmişdir : Ləhiş massivində 176 nömrəli BTK-ya aid bağ sahələrinin yerləşmə sxemi, 176 nömrəli Ləiş bağ tikinti kooperativi üzvlərinin siyahısı, 176 nömrəli BTK-nın üzvlərinin xx.xx.1990ci il tarixli iclsının protokolu, Bakı şəhər X26 İcraiyyə Komitəsinin 19 aprel 1990-ci il tarixli 3/78 nömmrəli qərar, 176 nömrəli bağ tikinti kooperativinin nizamnaməsi, nizamnamənin təsdiq edilməsi barədə Lenin rayon X22 İcraiyyə Komitəsinin 30/5 nömrəli, xx.xx.1990-ci il tarixli qərarı, 20 avqust 1990- ci il tarixli akt. - Bakı şəhəri X10 və istismarı Birliyinin işçiləri ilə 176 nömrəli BTK –nın sədri tərəfindən 20 avqust 1990-ci il tarixdə tərtib edilmiş akta əsasən, 18 üzv- payçı olan 176 BTK –ya ayrılmış torpaq sahəsi Bakı şəhəri X10 və istismarı Birliyi tərəfindən təhvil verilib, 176 nömrəli BTK tərəfindən həmin torpaq sahəsi qəbul edilib, həmin torpaq sahəsi 18 üzvpayçılarının sayına görə sahələrə bölünmüşdür; torpaq sahəsinin ümumi sahəsi 2,18 ha təşkil edir; torpaq sahəsinin sxemi əlavə edilmişdir. - 176 nömrəli Ləiş bağ-tikinti kooperativi üzvlərinin siyahısına əsasən, koopertaivin 18 nəfər üzvü: 1. X21, 2. X42, 3.X14, 4.X53, 5. X15, 6. X46, 7. X8, 8. X34, 9. X16, 10. X29,

11. X3, 12. X20, 13. X11, 14. X17, 15. X30, 16. X24, 17. X50, 18. X7 olmuşdur. - 17 yanvar 2006-ci il tarixli ərizəyə əsasən, X33 Bakı şəhər Bağlar İdarəsinə müraciət edərək, ona 33095 saylı müqavilə əsasında ayrılmış Ləhiş qəsəbəsində 0,12 ha 6878 saylı bağ sahəsinin, öz qohumlarına yaxın olmaq məqsədilə 3582 A saylı bağ sahəsinə dəyişdirilməsinə razılıq verilməsini xahiş etmişdir. - X10 və və İstismarı Birliyi ilə X33 arasında bağlanılmış 33095 saylı, 18 yanvar 2006-ci il tarixli müqaviləyə əsasən, X25 Ləhiş ərazisində, sahəsi 0,12 ha olan 3582 a nömrəli bağ sahəsi ayrılmışdır. - 18 yanvar 2006-ci il tarixli akta əsasən, Bakı şəhəri X12 Ləhiş ərazisi üzrə böyük mühəndis M.Ə.Ağakişiyev, sahə mühəndisi T.Y.Rzayev, sahə mühəndisi T.Ə.Ələkbərov yoldaşlarının iştirakı ilə həmin aktı ondan ötrü tərtib edilmişdir tərtib edilmişdir ki, M.Seyidov küçəsi, ev 9 mənzil 4 ünvanında yaşayan X51 və A.Cümə küçəsi, ev 8, mənzil 11 ünvanında yaşayan X35 ərizələri ilə müraciət edərək onlara Ləhiş sahəsində verilmiş bağ sahələrinin öz aralarında dəyişdirilməsini xahiş etmişdirlər. Bununla əlaqədar olaraq hər iki bağ sahəsində yoxlama aparılaraq müəyyən edilmişdir ki, R.R.Əliyevə verilmiş 3582a saylı bağın sahəsi 0,12 hektardır, tikintisi yoxdur. A.Ş.Bağırzadəyə verilmiş sahəsi 0,12 ha olan 6878 saylı bağ sahəsində də heç bir tikinti yoxdur. Beləliklə, müdiriyyətin razılığı əsasında dəyişilmədən sonra R.R.Əliyevə 6878, A.Ş.Bağırzadənin bağ sənədinə isə 3582a saylı bağ sahələrinin yazılması məqsədəuyğundur. 3582a və 6878 saylı bağ sahələrində qayda pozuntusu yoxdur. - Azərbaycan SSR Bakı şəhər XDS İcraiyyə Komitəsinin X10 və X48 Bağlar Sahəsindəki 176 saylı kooperativin 05 saylı orderinə əsasən, Bakı şəhər XDS İcraiyyə Komitəsinin 19 aprel 1990-cı il tarixli 3/78 saylı qərarı əsasında X43 Ləhiş bağlar sahəsində 176 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3582a saylı bağ ayrılmışdır. - xx.xx.2005-ci il tarixli ərizəyə əsasən, X51 Bakı şəhər Bağlar Təsərrüfatı İdarəsinə müraciət edərək, mərhum atası X44 məxsus olan Ləhiş bağlar sahəsindəki 3582a saylı bağ sahəsinin onun adına keçirilməsinə razılıq verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X10 və X48 Bağlar Sahəsindəki 176 saylı kooperativin 14 saylı orderinə əsasən, Bakı şəhər İcra Hakimiyyətinin 30 dekabr 2005-ci il tarixli Pr:204BTB saylı qərarı əsasında X36 Ləhiş bağlar sahəsində 176 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3582a saylı bağ ayrılmışdır. - Məhkəmənin sorğusuna əsasən, cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3444, 3579a, 3579, 3580, 3581, 3581 a, 3582a, 3583, 3583a və 3585 saylı bağ sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınmış 3442, 3442a, 3443, 3443a, 3444a, 3580a, 3582 və 4959B saylı bağ sahələrinə dair müvafiq sənədlərin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların, torpaq sahəsinin planının və orderlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Birinci instansiya məhkəməsi yekun mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, “... iddiaçının qanun üzrə vərəsəsi olduğu X11 vəfat edənə qədər qanuni əsaslarla keçmiş Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 3/78 nömrəli qərarına əsasən Ləhiş bağ massivində ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyi üçün yuxarıda qeyd edilən normalara əsasən qanun üzrə vərəsə olan iddiaçının qeyd edilən əmlak üzərində mülkiyyət hüququnun ölmüş şəxs X5 məxsus olması barədə arayışı cavabdehdən tələb etmək hüququ mövcuddur. ... iddiaçının mərhum atasına məxsus olmuş torpaq sahəsi ilə 3-cü şəxs X67 ogluna məxsus bağ sahəsi ayrı-ayrı bağ sahələridir. Bundan başqa üçüncü şəxs X58 ogluna Ləhiş qəsəbəsində 0,12 ha 6878 saylı bağ sahəsinin ayrılması barədə 33095 saylı müqavilənin mövcud olması iş materialları ilə müəyyən edilməmişdir. Bundan əlavə , Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin 20 avqust 2020-ci il tarixli arayışına əsasən də iddiaçının atasının adı bağ torpaq sahələri üzrə torpaq vergisinin toplanması üçün X12 təqdim etdiyi siyahıda mövcud olmuşdur.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməmişdir. İşin faktiki hallarına əsasən, hazırda iddiaçı və üçüncü şəxs Ləhiş bağ massivində 0,12 ha torpaq sahəsi olan 3582a saylı torpaq sahəsi üzərində hüquqlara iddia edir. Məhkəmə kollegiyası qeyd edir ki, məsələnin ədalətli həlli üçün ilk öncə mübahisəli əraziyə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, iş materiallarında olan Ləhiş massivində bağ sahələrinin yerləşmə sxeminə əsasən, mübahisəli 3582a saylı bağ sahəsi sxemdə 3582 (16) nömrəsi ilə qeyd edilmiş bağ sahəsinə uyğun gəlir. Belə ki, iş materiallarından sxemdə 3582 (10) nömrəsi ilə qeyd edilmiş bağ sahəsinin xx.xx.2008-ci ildən X28 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış olması müəyyən edilir. Yerli baxış zamanı tərəflərin faktiki göstərdiyi bağ sahəsi isə yerləşmə yerinə əsasən sxemdə qeyd edilən 3582 (16) nömrəsinə uyğun gəlmişdir. İşin faktiki hallarına əsasən, hazırda iddiaçı 3582a saylı torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasını tələb edir və hüquqmüəyyənedici sənəd qismində Bakı şəhəri XDS İK-nın xx.xx.1990-cı il tarixli, 3/78 №-li qərarının 7 №-li əlavəsinə əsasən 176 №-li Ləhiş bağ tikinti kooperativinin üzvlərinin siyahısında 13-cü sırada X4 adının qeyd edilməsini və Sabunçu rayon Maştağa bələdiyyəsinin xx.xx.2020-ci il tarixli arayışına əsasən iddiaçının atasının adının bağ torpaq sahələri üzrə torpaq vergisinin toplanması üçün (3582a) X12 təqdim etdiyi siyahıda mövcud olmasına əsaslanır. Kollegiya qeyd edir ki, 176 №li Ləhiş bağ tikinti kooperativi üzvlərinin siyahısında iddiaçının atası (13-cü yer) ilə birlikdə 18 şəxs vardır və həmin kooperativə ayrılmış torpaq sahəsində 18 bağ sahəsi mövcuddur, bu hal da onu təsdiq edir ki, iddiaçının atasının həqiqətən də qeyd edilən bağ massivində bağ sahəsi olmuşdur. Lakin, iddiaçının atasına ayrılmış bağ sahəsinin məhz hansı saylı sahə olduğuna dair iddiaçının faktiki hüquqmüəyyən edici sənədi (order və s.) mövcud deyildir. Beləliklə, iddiaçının atasına Ləhiş bağ massivi daxilində hansısa bağ sahəsinin ayrılmış olması iş materiallarından müəyyən edilsə də, məhz hansı saylı bağ sahəsinin olmasının müəyyən edilməsi mümkün olmamışdır. İş materiallarından və tərəfin izahatlarından isə aydındır ki, iddia edilən torpaq sahəsi 3582a saylı bağ sahəsidir. Eyni zamanda həmin torpaq sahəsinə üçüncü şəxs A.Bağırzadə də iddia edir və iş materiallarından aydın olmuşdur ki, 3582a saylı bağ sahəsi 17 saylı order əsasında R.R.Əliyevə məxsus olmuş, sonradan X58 oglu X2 tərəfindən ayrılmış həmin torpaq sahəsinə dair istifadə hüququnu torpaq sahələrinin dəyişməsi nəticəsində əldə etmişdir. Belə ki, X10 və və İstismarı Birliyi ilə X33 arasında bağlanılmış 33095 saylı, 18 yanvar 2006-ci il tarixli müqaviləyə əsasən, X25 Ləhiş ərazisində, sahəsi 0,12 ha olan 3582 a nömrəli bağ sahəsi ayrılmışdır. Bunun əksinə yuxarıda qeyd edilənlərdən aydın olduğu kimi, üçüncü şəxsin hüquqmüəyyənedici sənədləri (R.M.Əliyevin və R.R.Əliyevin adına olan orderlər, 33095 saylı müqavilə, xx.xx.2006-cı il tarixli akt və s.) 3582a saylı bağ sahəsinə münasibətdə tərtib edilmişdir. Eyni zamanda, üçüncü şəxs tərəfindən məhkəməyə müstəqil müraciət əsasında əldə edilmiş 87 nömrəli, mütəxəssis rəyi təqdim edilmişdir. Həmin rəydə qeyd edilmişdir ki, “Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən olundu: 1. Naturada mübahisələndirilən bağ torpaq sahəsi Ləhiş bağ massivinin sxeminə əsasən, Bakı Şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X10 və istismarı Birliyi ilə X37 ilə bağlanmış 33075 saylı 18 yanvar 2006-cı il tarixli müqavilə əsasında X25 ayrılmış 3582a saylı bağ torpaq sahəsi ilə üst-üstə düşür. 2. 3582a saylı bağ sahəsinin koordinatları rəyə əlavə edilmiş sxemdə qeyd edilir. 3. Keçmiş Bakı Şəhər X49 İcraiyyə Komitəsinin 19 aprel 1990- cı il tarixli 3/78 saylı qərarına əsasən Ləhiş bağ massivində X5 ayrılmış 0,12 ha torpaq sahəsinin sxemi (ayrıc aktı) sorğuya əlavə olunmadığından həmin bağ sahəsinin yerini naturada müəyyən etmək mümkün olmadı.” Belə olan halda, kollegiya hesab edir ki, 3582a saylı bağ sahəsinin üçüncü şəxs A.Bağırzadəyə məxsus olması iş materialları ilə öz təsdiqini tapır. Birinci instansiya məhkəməsi isə qərarında iddiaçı ilə üçüncü şəxsə məxsus torpaq sahələrinin ayrı-ayrı bağlar olması qənaətinə gəlsə də, yekun mövqeyini iddiaçıya məxsus torpaq sahəsinin 3582a saylı bağ olması kimi bildirmişdir. Eyni zamanda, kollegiya qeyd edir ki, iddiaçı tərəf onların bağ sahələrində qazılmış su quyusu olduğunu iddia etsə də, yerli baxış keçirilən zaman 3582a (3582 (16)) saylı bağ sahəsində belə bir quyunun mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, 3582a (sxem üzrə 3582 (16) nömrəli) saylı bağ sahəsinə üçüncü şəxsin hüquqları öz təsdiqini tapmışdır və iddiaçının iddia etdiyi torpaq sahəsinin nömrəsini müəyyən etmək mümkün olmamışdır, iddia tələbi təmin edilə bilməzdi. İddiaçıya ayrılmış torpaq sahəsinin hansı bağ sahəsi olmasının müəyyən edilməsi məsələsinə gəldikdə isə, kollegiya qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana mövcud hüquq müəyyənedici sənədlərlə müraciət etməli və ona ayrılmış torpaq sahəsinin yerinin müəyyən edilərək arayış verilməsini tələb etməlidir. Tələbi təmin edilmədiyi təqdirdə isə yenidən həmin tələblə məhkəməyə müraciət edə bilər. AR İPM-in 12.1-ci madddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Kollegiya bildirir ki, məhkəmə işin yuxarıda qeyd edilən faktiki hallarına dair ətraflı araşdırma aparmadan, lazımi sübutları toplamadan mübahisəli bağ sahəsinin iddiaçının atasının adına arayış verilməlı olması nəticəsinə gəlmişdir. Beləliklə qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin və üçüncü şəxsin apelyasiya şikayətləri əsaslı olduğundan şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6854/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində X33 cəlb edilməklə “torpaq üzərində hüququn vəfat etmiş şəxsə məxsus olması haqqında arayışın verilməsi” barədə iddia tələbi rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar