Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-786/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1iştirakları ilə, İddiaçı (xx.xx.1964-cü il tarixində Laçın rayonunun Fərəcan kəndində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı güzəştli şərtlərlə mənzil növbəsinə götürülərək mənzil ilə təmin olunması tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-2599/2019 nömrəli qərarından iddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiаçı İddiaçı xx xxx 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı məhkəmədə iddia qaldıraraq cavabdehin onu ikinci dərəcəli müharibə əlili kimi mövcud qanunvericiliklərin müddəalarında nəzərdə tutulmuş güzəşt və imtiyazlara uyğun olaraq güzəştli şərtlərlə mənzil növbəsinə götürülərək, mənzil ilə təmin olunmağı üçün tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməsinə dair məcbur etmə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı xx.xx.1992-ci il tarixdə Şuşa şəhərindən məcburi köçkün düşərək 2006-cı ilə qədər Bakı şəhəri, Mərdəkan qəsəbəsi, “Abşeron” sanatoriyasında müvəqqəti məskunlaşmış və hal-hazırda orada məcburi köçkün kimi qeydiyyatdadır. Hərbi xidmət dövründə vəzifəsini yerinə yetirərkən güclü yanıq xəsarətləri aldığından, müalicə vaxtlarında ona dəfələrlə “narkoz” verildiyindən bu onun əsəb sistemlərinə mənfi təsir göstərmişdir. Buna görə də o “Abşeron” sanatoriyasının ümumi binasında yaşaya bilmədiyi üçün 2006-cı ildən yaxın tanışının ünvan 2 ünvanda yerləşən mənzilində müvəqqəti məskunlaşmışdır. Cavabdehə müharibə əlili kimi mənzil ilə təmin edilməsi barədə müraciət etməsinə baxmayaraq müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdehin Əsasnamə ilə üzərinə düşən ümumi hüquqi öhdəlikləri icra etməməsi və nəticədə ümumi hüquqi öhdəliklərin pozulması səbəbindən iddiaçıya vurulmuş maddi və mənəvi ziyana görə 200000.00 manat kompensasiyanın iddiaçının xeyrinə ödənilməsi və iddiaçının ikinci dərəcəli müharibə əlili kimi mövcud qanunvericiliklərin müddəalarında nəzərdə tutulmuş güzəşt və imtiyazlara uyğun olaraq güzəştli şərtlərlə qısa müddət ərzində mənzil ilə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 2599/2019 saylı qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq, o, müharibə əlili, Prezident təqaüdçüsü olduğunu, 26 ildir mənzillə təmin olunmadığını, hazırda işləmədiyini, İİ qrup əlil olduğunu bildirdi. Eyni zamanda apellyasiya şikayəti iddiaçı tərəfindən imzalanmadığından Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya apellyasiya şikayətini imzalanması təklif edilmiş və şikayət iddiaçı tərəfindən imzalanmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq, o, Prezidentin Fərman və Sərəncamlarına əsasən məcburi köçkünləri mənzillə təmin etdiklərini, iddiaçıya verilmiş imtinada iddiaçıya dövlət proqramı çərçivəsində gələcəkdə mənzil veriləcəyini, növbədən kənar mənzil verə bilmədiklərini bildirdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-2599/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı məcburi köçkündür və hərbi xidmət zamanı vəzifələrini yerinə yetirən zaman aldığı xəsarətlər nəticəsində ikinci qrup əlil olmuşdur, cavabdehə müraciət edərək mənzillə təmin edilməsini xahiş etsə də, müraciəti təmin edilməmişdir. İddiaçı hazırda əlil kimi güzəştli şərtlərlə mənzillə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını və cavabdehdən iddiaçının xeyrinə vəzifələrini vaxtında və lazımınca yerinə yetirmədiyinə görə 200000 manat məbləğində maddi-mənəvi zərərin tutulmasını tələb edir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı Şuşa rayonundan məcburi köçkündür və ünvan 2 ünvanında tanışına məxsus yaşayış sahəsində məskunlaşmışdır.Gələcəkdə iddiaçı kimi vəziyyətdə yaşayan məcburi köçkünlərin evlə təmin edilməsi məsələsi ilə bağlı Dövlət Proqramına əlavələr edilərsə onun da mənzillə təmin edilməsi məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır. Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində əlillik dərəcəsi olan məcburi köçkünlərin növbədənkənar mənzillə təmin edilməsi ilə bağlı siyahı yoxdur və məcburi köçkünlərin hər hansı kateqoriyaya aid olmasından asılı olmayaraq onların yerləşdirilməsi Dövlət Proqramında nəzərdə tutulan obyektlərdə məskunlaşması üzrə həyata keçirilir. Əgər məcburi köçkün Dövlət Proqramında göstərilən köçürmə obyektində məskunlaşıb faktiki yaşayırsa bu məqsədlə hazırlanmış siyahıya daxil edilir və mənzillə təmin olunur. Əlilliyi olan şəxslərin mənzillə təmin olunması aidiyyəti üzrə mərkəzi və yerli icra orqanları tərəfindən həyata keçirildiyindən iddiaçı aidiyyəti üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müraciət etməlidir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin fərdi və ya növbədənkənar yaşayış sahəsi ilə təmin edilməsi həyata keçirilmir və bu qaydada mənzillə təmin edilmə Komitənin imkanı xaricindədir. Cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, əlillərin mənzillə təmin edilməsi vəzifəsi cavabdehə aid olmadığı üçün iddiaçının cavabdehin üzərinə onun müharibə əlili kimi mənzillə təmin edilməsi vəzifəsinin qoyulması haqqında tələbinin heç bir hüquqi əsası yoxdur. İddiaçının cavabdehin hərəkətləri ilə ona maddi və mənəvi zərərin vurulması barədə bildirdiklərinə gəldikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Cavabdehin iddiaçıya münasibətdə hər hansı bir qanunsuz hərəkət etməsi ilə iddiaçının hüquqlarının pozulması inzibati məhkəmə icraatının gedişi zamanı təsdiq edilməmişdir. Buna görə də iddiaçının cavabdeh tərəfindən mənzillə təmin edilməsinə dair tələbi əsassızdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli, 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır, Əsasnamənin 2.3-cü bəndinə əsasən Komitənin əsas vəzifələrinə qaçqınlar və məcburi köçkünlər üçün mənzil və sosial obyektlərin təmir-tikinti işlərinin aparılmasını və tikinti obyektlərinin müvafiq layihə-smeta sənədləri ilə təminatını təşkil etmək daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası”nın 2.1-ci bəndinə əsasən məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən müvəqqəti yaşayış sahələri aşağıdakı məcburi köçkün ailələrinə verilir: 2.4.1. məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında və dövlət proqramlarında nəzərdə tutulan obyektlərdə və eyni zamanda, köçürülməsinə daha çox ehtiyac olan digər obyektlərdə yaşayan, müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilərək Komissiyaya təqdim olunmuş siyahıya daxil edilmiş “məcburi köçkün” statusu olan şəxslərə; 2.4.2. yeni salınmış yaşayış kompleksinə köçürülənədək köçürülmə obyektində daimi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələrinə. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məcburi köçkün olsa da, mənzillə təmin edilməsi məsələsinin məcburi köçkünlər üçün müəyyən edilmiş qaydada deyil, əlillər üçün müəyyən edilmiş qaydada həll edilməsini cavabdehin üzərinə qoyulmasını tələb edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X4 haqqında Əsasnamə”nin 3.1.26-cı bəndinə əsasən əlillərin mənzil problemlərinin həllinə köməklik göstərilməsi və onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlər görmək qeyd edilən fondun vəzifələrinə aid edilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd etdiyi Əsasnamə ilə üzərinə düşən ümumi hüquqi öhdəlikləri icra etməməsi, nəticədə ümumi hüquqi öhdəliklərin pozulması səbəbindən iddiaçıya vurulmuş ziyana görə 200000.00 manat kompensasiyanın iddiaçının xeyrinə ödənilməsi tələbinə dair qeyd edir ki, cavabdehin iddiaçıya münasibətdə hər hansı bir qanunsuz hərəkət etməsi ilə iddiaçının hüquqlarının pozulması inzibati məhkəmə icraatının gedişi zamanı təsdiq edilmədiyindən iddiaçının bu tələbi də əsassızdır. Göründüyü kimi hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-2599/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 2599/2019 saylı qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-786/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-786/2020
16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver