Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-786/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Səbail bələdiyyəsinə qarşı “bələdiyyənin qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı “cavabdehin 20 saylı 16.12.2019-cu il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6966/2020 saylı 13 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 aprel 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X4 İddiaçı baş direktorudur. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İddiaçınə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətini həyata keçirmək üçün 12.08.2014-cü ildə lisenziya verilmişdir. İddiaçı KİŞ tərəfindən verilmiş 27.04.2021-ci il tarixli məktubdan da görünür ki, “İddiaçı Plaza” mehmanxanası Şirkətə məxsusdur. Səbail bələdiyyəsi tərəfindən İddiaçı nümayəndəsinin iştirakı olmadan “İddiaçı Plaza” otelinə son üç il üzrə, yəni 01.01.2017-ci il tarixdən 01.01.2020-ci il tarixədək 59.400 manat bələdiyyə vergiləri hesablanmış, bu barədə 20 saylı 16 dekabr 2019-cu il tarixli qərar qəbul edilmiş və həmin qərar icra olunması üçün Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Sonuncu tərəfindən icra hərəkətlərinin həyata keçirildiyi dövrdə İddiaçı Bələdiyyənin mövcud qərarından xəbərdar olmuş və hazırda onu məhkəmə qaydasında mübahisələndirir. İddiaçının əsaslandırması: İddiaçı iddiasını onunla əsaslandırır ki, mübahisələndirilən bələdiyyə qərarı Şirkətin nümayəndəsinin iştirakı olmadan qəbul edilmiş, vergilərin hesablandığı 01.01.2017-ci il tarixdən 01.01.2020-ci il tarixədək olan dövr üçün Şirkətin vergiyə və statistikaya verdiyi hesabatlar cavabdeh tərəfindən nəzərə alınmamış və reallıqdan tam uzaq olan bir vergilər hesablanmışdır. Şirkətin Bakı şəhər İcra Hakimiyyətinə etdiyi müraciəti ilə bağlı ona bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı 12.10.2005-ci il tarixli sərəncamı ilə Şirkətə ayrılmış torpaq sahəsi dövlət mülkiyyətində olduğundan, həmin torpağa dair icarə müqaviləsi bağlanaraq icarə haqqı dövlət büdcəsinə ödənildiyindən və sözügedən torpaq sahəsi üzərində inşa olunmuş qeyri-yaşayış obyekti özəlləşdirildiyindən, qanunvericiliyə uyğun olaraq torpağa dair icarə haqqından başqa heç bir ödəniş tələb edilə bilməz. Bu səbəbdən iddiaçı hesab edir ki, oteldə qalan müştərilərdən əlavə 1,1 manata qədər məbləğ bələdiyyə vergiləri kimi tutula bilməz. İddiaçı Bələdiyyə tərəfindən qəbul edilmiş qərarın Şirkətin nümayəndəsinin iştirakı olmadan qəbul edilməsinə və surətinin indiyənədək cavabdeh tərəfindən şirkətə təqdim olunmadığına istinad edərək həmin qərarın ləğv edilməsini tələb edir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi iddiaya dair etirazda göstərilmişdi ki, «Yerli vergilər və ödənişlər haqqında» Qanunun 9.1.4-cü maddəsinə əsasən bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş hər bir şəxs üçün 1,1 manatdan çox olmamaqla bələdiyyə büdcəsinə köçürülməlidir. Bu qanun nomrası otellərdə qalan müştərilərdən tutulan ödənişə aiddir və bunun heç bir icarə, torpaq və yaxud da torpağın kimin balansında olmasından asılı olmayaraq müştəridən tutulan qanunla müəyyən edilmiş ödəniş növüdür. Həmçinin Bakı ŞİH vergi müəyyən edən orqan deyil və bunun qanunla müəyyən edilmiş ödənişin bələdiyyə büdcəsinə köçürülməsinə aidiyyəti yoxdur. Həmçinin qarşı tərəfin bu arqumentinə cavab olaraq bələdiyyə tərəfindən həmin məktuba hansı səlahiyyətlər çərçivəsində cavab verilməsi üçün Bakı ŞİH-ə müraciət edilmiş və Bakı ŞİH-in 7-2949/17 nömrəli 20 oktyabr 2020-ci il tarixli məktubu ilə bələdiyyənin müraciətinə cavab olaraq bildirilmişdir ki, «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 2-ci abzası ilə bələdiyyə ərazisinin hüdudları «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. İddiaçı KİŞ yerləşdiyi ərazi Bakı şəhəri Səbail bələdiyyəsinin qanunvericiliklə müəyyən olunmuş ərazisidirsə və mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərirsə, o zaman bələdiyyənin hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmayan ödəniş müəyyən etmək hüququ vardır. İddiaçı Plaza oteli işlədiyi uzun illər ərzində belə formalarda ödənişlərdən yayınmışdır. Lakin qanunvericik bələdiyyəyə 3 il müddətində tələb etmək hüququ verdiyindən, ondan əvvəlki illər üzrə borc məbləğlərini tələb etmək mümkün olmur. Halbuki, əvvəlki illərə görə də borc hesablanarsa, kifayət qədər yüksək məbləğ yaranar. Bundan başqa, otel tərəfindən verilmiş şikayətdə qeyd olunur ki, vergi onların nümayəndəsinin iştirakı olmadan hesablanmış, həmin dövr üzrə vergiyə və statistikaya verilən hesabat nəzərə alınmamış və reallıqdan tam uzaq olan bir rəqəm göstərilmişdir. Bununla əlaqədar bildirilmişdir ki, dəfələrlə “İddiaçı Plaza” otelinə şifahi və yazılı məlumatlar verilmiş və onlar tərəfindən hesabatlar tələb edilmişdir. Lakin otel hər dəfəsində müxtəlif bəhanələrlə həmin hesabatları təqdim etməkdən yayınmışdır. Bu müddət ərzində icra sənədi qəbul edilmiş və icra edilməsi üçün tədbirlər görülsə də, əslində otel son mərhələdə bələdiyyə tərəfindən qəbul edilmiş qərarı mübahisələndirmişdir. Hesab olunur ki, onlar bu şikayətin verilməsi müddətini də ötürmüşlər və bu səbəbdən şikayət əsassız olduğundan təmin edilə bilməz. Belə ki, bələdiyyənin qərarı əsasında 10 fevral 2020-ci il tarixli tələbin könüllü icrası barədə Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən otelə bildiriş göndərilmişdir. Bundan əlavə, dəfələrlə icra məmurları otelə gedərək xəbərlarlıq etmiş, lakin otel tərəfindən bu tədbirlərin heç birinə məhəl qoyulmamışdır. Son məqamda icra məmuru tərəfindən otelin hesablarının dondurulması ilə əlaqədar artıq otel bələdiyyənin qərarından şikayət vermək qərarına gəlmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6966/2020 saylı 13 noyabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, cavabdeh Bakı şəhəri Səbail bələdiyyəsinin 20 saylı16 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia müddətinin ötürülməsi səbəbindən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, işin faktiki halları ümumiyyətlə araşdırılmadığından, iş üzrə sübutlata tam və obyektiv şəkildə qiymət verilmədiyindən tamamilə əsassız və qanunsuz olduğundan ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən həmçinin prosessual pozuntulara da yol verilmişdir. Belə ki, İddiaçı KİŞ-in rəhbəri kimi qeyd edilən Bayram Yusifov tərəfindən məhkəməyə təqdim edilmiş “ərizə” şikayət formasında olmuşdur. Həmin şikayət ərizəsində nə iddiaçı, nə cavabdeh göstərilməmiş, iddia ərizəsinin forma və məzmununa riayət edilməmişdir. Məhkəmə isə qərarında şikayətçini iddiaçı qismində göstərməklə iddianı təmin edərək cavabdeh inzibati orqanın qərarını ləğv etmişdir. İddiaçı bələdiyyənin qərarının etibarsız hesab edilməsini tələb etsə də, məhkəmə qərarında bələdiyyə qərarının ləğv edilməsi göstərilmişdir. Halbuki etibarsız hesab edilmə ilə ləğv edilmənin hüquqi nəticələri fərqlidir. Bu səbəbdən də iddiaçının iddiası dəqiqləşdirilməli idi. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxmaqla yanaşı, Bayram Yusifovun həmin şirkətin direktoru olmasını yoxlamamış, həmin şəxsin şirkətin adından şikayət vermək səlahiyyətininin olmasını müəyyən etməmişdir. Şikayət ərizəsi əsassız və qeyri-ciddi olmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin avtonəqliyyat hadisəsi ilə bağlı olan qanun normaları ilə əsaslandırılmışdır. Məhkəmə qərarında qeyd etmişdir ki, Səbail Bələdiyyəsinin 16.12.2019-cu il tarixli qərarının ünvanlandığı şəxs “İddiaçı Plaza Otel” göstərilsə də, həmin adda hazırki İddiaçı KİŞ-nə təsərrüfat subyekti aiddir. Məhkəmənin bu arqumenti əsassızdır. Məhz bu məsələnin aydınlaşdırılması üçün işdə iddiaçının iştirakı təmin edilməli, onun “İddiaçı Plaza” Otelinə aidiyyətinin olub-olmaması sənədlərlə təsdiq edilməli idi. Məhkəmə qərarında Səbail Bələdiyyəsinin qərarı barədə “İddiaçı Plaza” otelinin rəhbərinə məlumat verilmədiyi, telefonla verilən məlumatın isə təsdiq edilmədiyi qeyd edilmişdir. “İddiaçı Plaza” Oteli həmin qərardan məlumatlı olmuş, bu mübahisənin həll edilməsi üçün də yazışmalar aparılmış, İcra və Probasiya qurumunun məktubu da onlara rəsmi qaydada çatdırılmışdır. Bələdiyyənin 16.12.2019-cu il tarixli qərarı icra olunması üçün Səbail İcra və Probasiya şöbəsinə göndərilmiş, 10.02.2020-ci il tarixdə İcra qurumu tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bu dövr ərzində dəfələrlə həm bələdiyyə, həm də icra qurumu tərəfindən mübahisənin həll edilməsi istiqamətində yazılı və şifahi danışıqlar aparılmışdır. Bu barədə məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verməmiş və qərarda əks olunmamışdır. “İddiaçı Plaza” Oteli bütün bu aylar ərzində məsələyə qeyri-ciddi yanaşmış, ödəniş verməkdən müxtəlif üsullarla yayınmağa cəhd etmişdir. Sonuncu dəfə də icra qurumu tərəfindən otelin hesablarına inkasso qoyulduğu zaman onlar qərarı mübahisələndirmək qərarına gəlmişdir. İnkasso barərə icra qurumunun məktubları 02.10.2020-ci il tarixdə banka daxil olmuş, bu zaman otelin hesablarına həbs qoyulduqdan sonra 07 oktyabr 2020-ci il tarixdə məhkəməyə şikayət verilmişdir. 08.09.2020-ci il tarixdə İddiaçı KİŞ tərəfindən verilmiş məktublardan görünür ki, onların bu barədə məlumatı olmuşdur. Həmçinin qərar qəbul edilməzdən qabaq “İddiaçı Plaza” otelinə lazımi qaydada məlumat verilməsəydi, ödənişin verilib-verilməməsi barədə Bakı şəhər İcra Hakimiyyətinə məktubla müraciət edilməzdi. Otelin məqsədi bələdiyyə rüsumlarını ödəməkdən yayınmaq olmuşdur. Həmçinin İddiaçı KİŞ tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə 03/023 saylı 13 noyabr 2019-cu il tarixli məktubla sorğu verilmiş, bu da noyabr ayından onlara rüsumların ödənilməsi barədə lazımi qaydada məlumatlandırmanı və xəbərdarlıq edildildiyini sübut edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onları qanunsuz və əsassız saydığını bildirmişdir. Belə ki, məhkəmə qanunvericiliyin tələblərinə tam riayət etmişdir. İddiaçı tərəfindən 06.10.2020-ci il tarixdə ərizə şikayət formasında verilsə də, 08.10.2020-ci il tarixdə məhkəməyə iddia ərizəsi verilmiş, həmin iddia əriəsində bələdiyyənin 16.12.2019-cu il tarixli qərarın ləğv edilməsi xahiş edilmiş və məhkəmə də həmin iddia ərizəsi üzrə (iddia tələbinin dəqiqləşdririldiyini nəzərə alaraq) işi tam, hərtərəfli araşdıraraq, maddi və prosessual normaları düzgün tətbiq edərək obyektiv qərar qəbul etmişdir. Bələdiyyə tərəfindən məlum qərar qəbul edilərkən Şirkətin nümayəndəsinin iştirakı təmin olunmamış, bu barədə məlumat verilmədiyi halda vergilər hesablanmış və icra olunması üçün bu barədə qərar İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Halbuki Şirkətin mənafeyinə toxunan qərar Şirkətə təqdim olunmamışdır. Adı çəkilən Otel isə məhz iddiaçı şirkətə məxsus olmuşdur ki, bu barədə müvafiq sənədlər məhkəməyə təqdim olunmuşdur. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, iddia mümkündür. Belə ki, əvvəla, cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasının əsası kimi bələdiyyə qərarının iddiaçı tərəfindən vaxtında mübahisələndirilmədiyinə, iddiaçının bu iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmadığına istinad edir. Qeyd olunan dəlillərlə bağlı araşdırma aparılarkən müəyyən olundu ki, İddiaçı mübahisələndirdiyi cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinin 20 saylı 16.12.2019-cu il tarixli qərarı iddiaçının nümayəndəsinin iştirakı olmadan qəbul edilməklə yanaşı, həmin qərarın surəti rəsmi qaydada iddiaçıya təqdim olunmamışdır. Cavabdeh inzibati orqanın nümayəndəsi məhkəmə araşdırmaları zamanı qəbul edilmiş qərarla bağlı iddiaçının dəfələrlə məlumatlandırıldığını və buna görə də iddiaçının Bakı şəhər İH-nə müvafiq müraciətinin olduğunu bildirsə də, bələdiyyə tərəfindən qəbul edilmiş inzibati aktın iddiaçıya rəsmi qaydada təqdim olunduğunu təsdiq edən hər hansı sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Porsessual Məcəllsəsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırki işdən mübahisələndirilən inzibati aktın iddiaçıya rəsmi qaydada təqdim olunması, lakin bu təqdimetmədən qanunla müəyyən edimiş 30 günlük iddia müddəti ötürülməklə məhkəmədə iddia qaldırılması müəyyən olunmadığı üçün Kollegiya iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi və bu səbəbdən iddianın qeyri-mümkün sayılması ilə bağlı cavabdehin dəlillərini qəbul etmir. İddiaçının hazırki iddianı qaldırmaqla bağlı subyektiv hüququnun olub-olmadığı barədə yoxlama aparılarkən müəyyən olundu ki, əvvəlcə məhkəməyə müvafiq müraciət X4, yəni İddiaçı KİŞ-nin direktoru tərəfindən edilib, bələdiyyənin 16.12.2019-cu il tarixli qərarının etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi tələb olunsa da, sonradan məhkəməyə iddia ərizəsi verilmiş və bələdiyyə qərarının ləğv edilməsi xahiş olunmuşdur. Eyni zamanda İddiaçı KİŞ-nin direktoru Bayram Yusifov ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı qismində Bayram Yusifovun İddiaçı ilə əvəz olunmasını xahiş etmişdir. Bununla bağlı birinci instansiya məhkəməsinin 20.10.2020-ci il tarixli qərardadı ilə iddiaçı Bayram Yusifovun əsl İddiaçı ilə əvəz olunması və iddianın dəyişdirilməsinin qəbul edildiyi qərara alınmışdır. Bundan başqa işə əlavə olunmuş İddiaçı KİŞ tərəfindən verilmiş 01 saylı 01.08.1995-ci il tarixli əmrdən və Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, X4 İddiaçı qanuni təmsilçisi və baş direktorudur. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İddiaçınə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətini həyata keçirməyə 12.08.2014-cü ildə verilmiş lisenziya əsasında fəaliyyət göstərən “İddiaçı Plaza” mehmanxanası İddiaçı KİŞ-nin təsərrüfat subyektidir. Bu fakt İddiaçı KİŞ tərəfindən verilmiş 27.04.2021-ci il tarixli məktubla da öz təsdiqini tapır. Odur ki, İddiaçı KİŞ ona məxsus “İddiaçı Plaza” otelinin məcburi vergiyə cəlb olunması barədə Bakı şəhər Səbail Bələdiyyəsinin qəbul etdiyi 20 saylı 16.12.2019-cu il tarixli qərarını mübahisələndirməkdə subyektiv hüquqa malikdir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi- iddia ərizəsinin forma və məzmununa riayət edilməməsi, iddia tələbinin dəqiqləşdirilməməsi, müəssisənin direktorunun səlahiyyətinin və iddiaçı şirkətin otelə aidiyyatının olub-olmamasının yoxlanılmaması barədə dəlillərini əsassız sayır və onları qəbul etmir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İşdən göründüyü kimi, iddiaçının iddia tələbi bələdiyyə vergilərinə cəlb olunması barədə bələdiyyə qərarının ləğvi barədədir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: dövlət vergiləri, muxtar respublika vergiləri, yerli vergilər (bələdiyyə vergiləri). Həmin Məcəllənin 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur.Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması), bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması), bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən yerli ödənişlərə aşağıdakılar aiddir: (9.1.1) bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş, (9.1.2) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş, (9.1.3) bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş, (9.1.4) bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş. Bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir, (9.1.5) bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş. Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla müəyyən edilir. Həmin Qanunun 11.1-ci maddəsinə görə bu Qanunda göstərilən yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi müvafiq qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən bu Qanunun 9.1.4-cü maddəsində göstərilən ödənişlər qeydiyyata düşmüş şəxslərdən tutularaq, növbəti ayın 5-dək müvafiq bələdiyyələrə ödənilir. Hazırki işdə cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 16.12.2019-cu il tarixli protokol çıxarışından görünür ki, bələdiyyə “Yerli (bələdiyyə) vergilər və ödənişləri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq və hotel tərəfindən hər hansı bir məlumatın təqdim olunmadığına istinad edərək, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən son üç il- 01.01.2017-ci ildən 01.01.2020-ci il tarixədək olan dövr üzrə “İddiaçı Plaza” Hotelinin 50 yerlik nömrəsinin olduğu üçün 50 x 1,1 x 30 x 12 x 3 = 59400 manat hesabı ilə vergi hesablamış və tərtib olunmuş akt bələdiyyə üzvlərinin qəbul etdiyi qərara əlavə olunaraq icraya yönəldilmişdir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, bələdiyyə tərəfindən yuxarıda göstərilən qaydada hesablama aparılarkən müvafiq müddət ərzində mehmanxanada xidmət göstərilmiş şəxslərin sayı mənbəyi bəlli olan məlumatlara istinadən deyil, hər hansı məlumatın Otel tərəfindən verilməməsi əsas götürülərək mehmanxanadakı otaqların (yerlərin) maksimal sayına uyğun müəyyənləşdirilmişdir ki, bu da düzgün olmamışdır. Belə ki, iddiaçının göstərdiyi müvafiq mehmanxana xidmətinə görə real göstəricilərdən biri olanmehmanxanadakı yerlərin sayı hələ həmin sayda otaqların xidmətə cəlb olunması kimi qəbul edilə bilməz və buna görə də həmin xidmətə cəlb edilməyə görə bələdiyyənin istinad etdiyi qaydada hesablama aparıla bilməzdi. Bu zaman bələdiyyə tərəfindən vergilərin hesablanmasında 1,10 manat maksimum tarifin götürülməsi də müvafiq qaydada əsaslandırılmamışdır, belə ki, bu barədə inzibati orqan tərəfindən ayrıca inzibati aktın qəbul edilməsi və ümumi qaydada əhaliyə mövcud inzibati praktikanın nədən ibarət olması elan edilməmiş, bununla bağlı bələdiyyə orqanının qarşısında məlumat lövhəsi də vurulmamışdır. Qeyd olanan mövqeyinin əsaslandırılması məqsədilə cavabdeh inzibati orqan onun daxili inzibati praktikasında geniş yayılan və təşəkkül tapan qaydaya uyğun hərəkət etməsini əsaslandıran hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Bununla da məhkəmə araşdırmaları zamanı cavabdehin inzibati icraat haqqında qanunvericiliyin tələblərinə zidd olaraq qərar qəbul etdiyi müəyyən olunur. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (2.0.2). Əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır (2.0.11). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2.). İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2). İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərar nəinki maddi hüquqi baxımdan, həm də prosessual hüquqi baxımdan da qanunsuzdur. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, cavabdeh inzibati aktı qəbul edərkən maraqlarına toxunan şəxsi inzibati icraata cəlb etməmiş və sonuncunun qanunla qorunan dinlənilmə hüququnu pozmuşdur. Belə ki, iş materiallarından cavabdeh inzibati orqan tərəfindən 20 saylı 16 dekabr 2019-cu il tarixli qərarın qəbulu zamanı inzibati icraatda maraqlı şəxs kimi çıxış edən İddiaçı KİŞ-in rəsmi qaydada məlumatlandırılması, o cümlədən iddiaçının hüquqi ünvanına hər hansı poçt sənədinin rəsmi qaydada göndərildiyi müəyyən olunmur, bu barədə hər hansı sübut cavabdehin nümayəndəsi tərəfindən nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edilməmişdir. Halbuki «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. O ki qaldı cavabdehin apellyasiya baxışı zamanı təqdim etdiyi “İddiaçı Plaza” otelin rəhbərliyinə ünvanlanmış 22.10.2019-cu il tarixli məktuba, həmin məktubun sonunda “Kazımov N.” yazılaraq imza çəkildiyi görünsə də, bu fakt sonuncunun məktubun ünvanlandığı şəxsin səlahiyyətli nümayəndəsi olması və qəbul edilən 16.12.2019-cu il tarixli qərarın surətinin iddiaçıya rəsmi qaydada verilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, sözügedən məktubun məzmununda bələdiyyəyə müvafiq vergi borclarının yaranması qeyd olunsa da, bu məsələ ilə bağlı 16.12.2019-cu il tarixdə müvafiq qərar qəbul ediləcəyi haqqında nə məlumat, nə də həmin qərarın qəbul edilməsi üçün məsələnin müzakirəsinə maraqlı şəxsin dəvət olunması əks olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən 16.12.2019-cu il tarixli qərar qəbul edilərkən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun yuxarıda göstərilən tələbləri pozulduğu üçün iddiaçı həmin qərarın ləğvi barədə hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Digər tərəfdən, Kollegiya onu da nəzərə alır ki, inzibati məhkəmə icraatı zamanı cavabdehin nümayəndəsi mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu da sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır və qəbul edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6966/2020 saylı 13 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6966/2020 saylı 13 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-786/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-786/2021
28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver