Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-786/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı Mədəniyyət oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «sərəncamın ləğv edilməsi, yenidən hesablanmış pensiya məbləğinin bərpa edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7938/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Mədəniyyət oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı mübahisəlndirmə haqqında iddia ərizəsi, sonradan isə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin 11 iyul 2019-cu il tarixli sərəncamının ləğv edilərək İddiaçı Mədəniyyət oğluna DSMF-nin Binəqədi rayon şöbəsinin 29 iyul 2017-ci il tarixli sərəncamı ilə yenidən hesablanmış 4470,42 manat məbləğində əmək pensiyasının bərpa olunması və həmin pensiyanın ləğvi ilə əlaqədar iddiaçıdan tutulan pul vəsaitlərinin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (i.v.115). Ərizədə göstərilən əsaslara görə 1 yanvar 2006-cı ildə iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun («DSMF») Binəqədi rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən mülki aviasiya uçuş və sınaq heyətində işləməyi ilə əlaqədar güzəştli şərtlərlə 1641,06 manat məbləğində yaşa görə əmək pensiyası təyin olunmuşdur. Pensiya təyin olunduqdan sonra iddiaçı həmin sahə üzrə fəaliyyətini davam etdirdiyindən onun 21 iyul 2017-ci il tarixli ərizəsinə əsasən DSMF-nin Binəqədi rayon şöbəsinin 29 iyul 2017-ci il tarixli sərəncamı ilə əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçısı kimi yenidən hesablanaraq, ayda 4470,42 manat məbləğində müəyyən olunmuşdur. Lakin DSMF-nin Binəqədi rayon şöbəsinin 11 iyul 2019-cu il tarixli Sərəncamı ilə onun həmin əmək pensiyası Qanunun 01 iyul 2017-ci ildən qüvvəyə minmiş 45-ci maddəsinin 2-ci cümləsinə istinadən azaldılaraq 2562,84 manat məbləğində müəyyən olunmuş və ona 01 avqust 2017-ci ildən 01 iyul 2019-cu ilə kimi ayda 4470,42 manat məbləğində pensiya ödənişindən yaranmış cəmi, 48719,75 manat artıq pul vəsaiti 01 noyabr 2019-cu il tarixdən hər ay əmək pensiyasından 263,35 manat tutularaq büdcəyə ödənilməsi qərara alınmışdır. Binəqədi rayon şöbəsinin 11 iyul 2019cu il tarixli Sərəncamı ilə hüquqları pozulduğu üçün o, aldığı pensiyanın əsassız və qanunsuz azaldıldığını göstərərək yenidən əvvəlki qaydada hesablanmasını, və pensiyasının əvvəl təyin olunmuş 4470,42 manat məbləğində müəyyən olunmasını xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının 26 yanvar 2021-ci il tarixli **********7 nömrəli məktubu ilə iddiaçının xahişindən əsassız olaraq imtina olunmuşdur. Cavabdeh iddiaçının tələbinə dair yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, iddia tam əsassız və qanuna ziddir. Belə ki, iddiaçıya, onun 18 yanvar 2021-ci il tarixdə Filiala ərizəsi əsasında DSMF Bakı şəhəri Binəqədi rayon şöbəsi (hazırki eyni adlı xidmət nümayəndəliyi) tərəfindən iddiaçıya 1 yanvar 2006-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Binəqədi rayon şöbəsinə ünvanlanmış 21 iyul 2017-ci il tarixli ərizəsinə əsasən iddiaçının işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 203.713,61 manat sığorta kapitalına uyğun əmək pensiyası yenidən hesablanmışdır. Lakin 11 iyul 2019-cu il tarixdə adıçəkilən şöbə tərəfindən onun əmək pensiyasının düzgün hesablanmadığı müəyyən edilmişdir. Belə ki, 203.713,61 manat sığorta kapitalı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48 nömrəli misalda qeyd edildiyi kimi «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 221 aya (63 yaş 6 ay –51yaş 1ay=149 ay+144ay–72 ay) bölünməklə, (203.713,61/221 = 921,78 manat) onun əmək pensiyasının (1.641,06 manat) üzərinə əlavə edilərək 2.562,84 (921,78+1.641,06) manat iddiaçıya ödənilməli olduğu halda, səhvən 203.713,61 manat müəyyən edilmiş sığorta kapitalı 72 aya bölünərək (203.713,61/72=2.829,36 manat) əmək pensiyasının üzərinə əlavə edilməklə 4.470,42 (2.829,36+1.641,06) manat iddiaçıya ödənilmişdir. Göstərilənlərə əsasən DSMF Bakı şəhəri Binəqədi rayon şöbəsi tərəfindən iddiaçıya 1 avqust 2017-ci il tarixdən 1 iyul 2019-cu il tarixədək olan dövr ərzində ümumilikdə 48.719,75 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 48.719,75 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından 1 noyabr 2019-cu il tarixdən hər ay 263,35 manat məbləğində çıxılmaqla tutulur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7938/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin 11 iyul 2019-cu il tarixli sərəncamı ləğv edilmiş, İddiaçı Mədəniyyət oğluna DSMF-nin Binəqədi rayon şöbəsinin 29 iyul 2017-ci il tarixli sərəncamı ilə yenidən hesablanmış 4470,42 manat məbləğində əmək pensiyasının bərpa olunması və həmin pensiyanın ləğvi ilə əlaqədar iddiaçıdan tutulan pul vəsaitlərinin ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılaraq aşağıdakılar qeyd edilmişdir: «DSMF-nin Binəqədi rayon şöbəsi tərəfindən iddiaçıya xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə, 48719,75 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 48719,75 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə iddiaçının əmək pensiyasından xx.xx.2019-cu il tarixindən hər ay 263,35 manat məbləğində çıxılmaqla tutulur. 1) birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilməsi barədə qərar “etimadın qorunması” prinsipinə əsaslanmaqla qəbul edilmişdir. Bununla bağlı bildirilir ki, “inzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən inzibati orqan tərəfindən maraqlı şəxslərin əlverişli mövqeyinə olan etimadı qorunmalıdır. Buna görə də qanunverici məhkəmələrə tam səlahiyyət verir ki, 67.5-ci maddənin ilkin şərtlərinin ödənilib-ödənilmədiyini yoxlasınlar. Başqa sözlə qanunsuz əlverişli inzibati akt “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bu müddəalarda müəyyən edilmiş qanunçuluq və hüquqi sabitlik, yəni etimad hüququnun qorunması prinsipləri arasında ortaq mövqe tapılmalı və bu iki prinsipin izlədiyi mövqe tarazlaşıdırılmaqla qərar qəbul edilməlidir.Bu nöqteyi-nəzərdən yanaşdıqda görürük ki, 67.5-ci maddədə etimad hüququna istinad edilə bilməyən halları müəyyən edən şərtlər də nəzərdə tutulur. Məhkəmələr təyin edilmiş əmək pensiyasının dayandırılması barədə qərarlar qəbul edərkən həmin istisna halları da hər bir halda nəzərə almalıdırlar. Sözügedən maddənin məzmununun təhlili nəticəsində belə bir qənaətə gəlmək olar ki, aşağıda göstərilən iki halda qanunsuz əlverişli inzibati akt ləğv edilə bilər: həmin inzibati akt başqa şəxlsərin hüquqlarına və ya qanunla qorunan maraqlarına ziyan vurduqda; 2) həmin inzibati akt dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurduqda. Göründüyü kimi, iddiaçıya dövlət büdcəsi hesabına artıq ödənilmiş pensiya məbləğinin olması dövlət maraqlarına ziyan vurur. Eyni zamanda onunla eyni kateqoriyadan olan lakin pensiya məbləği düzgün hesablanmış şəxslərə münasibətdə sözügedən artıq ödəmənin olması başqa şəxlsərin hüquqlarına və ya qanunla qorunan maraqlarına ziyan vurulması kimi qiymətləndirilməlidir. Odur ki, iddianı təmin edilməməsi barədə qərarın maddi hüquq normalarının pozulması hesab edilməlidir. Bundan əlavə “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinə aşağıdakı hallarda da maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz: 1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.» Məhkəmə kollegiyasının 02 fevral 2023-cü il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi vəkil X2 isə cavabdehin apellyasiya şikayətini əsassız hesab edərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iş materiallarına əlavə olunmuş pensiya işindən (pensiya uçot vərəqindən, pensiyanın miqdarının dəyişdirilməsi barədə sərəncamlardan və s.) görünür ki, Dövlət Sosial Müdafiə Fondunun («DSMF») Binəqədi rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə müvafiq olaraq iddiaçıya 1 yanvar 2006-cı il tarixdən 1641,06 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduqdan sonra o, işləmiş və 203.713,61 manat məbləğində sığorta kapitalı toplamış və 2017-ci ildə onun ərizəsinə əsasən DSMF-nin Binəqədi rayon şöbəsinin xx.xx.2017-ci il tarixli sərəncamı ilə, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə müvafiq olaraq, onun həmin pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanmış və xx.xx.2017-ci il tarixdən onun pensiyası 4470,41 manat məbləğində müəyyən olunmuşdur. Lakin sonradan, iddiaçının etimad göstərdiyi həmin sənrəncamla hesablanmış pensiyasının miqdarı Fondun Binəqədi rayon şöbəsi 11 iyul 2019-cu il tarixli sərəncamı ilə dəyişdirərək azaltmış və onun pensiyasından hər ay 263,35 manat çıxılmaqla, ondan tutulmağa başlanılmışdır (İşin qeyd olunan faktiki hallarının mövcudluğu cavabdehin apellyasiya şikayətinin, iddia ərizəsinə etirazının üst-üstə düşən dəlillərində mübahisələndirildiyi müəyyən olunmur). Məhkəmə kollegiyası hesab edir ki, Fondun Binəqədi rayon şöbəsinin qeyd olunan iddiaçının pensiyasının miqdarının azaldılması barədə 11 iyul 2019-cu il tarixli sərəncamı qanunsuz və əsassızdır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun mübahisələndirilən (11 iyul 2019-cu il tarixli) “pensiya miqdarının dəyişdirilməsi haqqında” sərəncamın qəbul olunduğu vaxt qüvvədə olan 39.1-ci maddəsinin redaksiyası nəzərdə tuturdu ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qanunun qeyd olunan imperativ tələbindən göründüyü kimi, iddiaçıya əmək pensiyasını təyin edən DSMF-nin Binəqədi rayonu şöbəsi pensiyaçı iddiaçının razılığı olduqda yalnız, onun pensiyasından artıq ödənilmiş əmək pensiya məbləğinin ondan tutulması barədə qərar qəbul edə bilərdi. Lakin cavabdehin hüquq sələfi olan DSMF-inin Binəqədi rayon şöbəsi özbaşınalıq nümayəş etdirərək, iddiaçının «pensiyasının miqdarının dəyişdirilməsi barədə» 11 iyul 2019-cu il tarixli sərəncamı ilə, bundan əvvəl qəbul etdiyi sərəncamı ilə onun ödədiyi sığorta haqları hesabına topladığı 203.713,61 manat məbləğində sığorta kapitalından yenidən hesablanmış 4470,41 manat məbləğində pensiyasını 2633,54 manata qədər azaltmış, bununla da əmək pensiyaları haqqında qanunvericilyin tələblərini pozmuşdur. Qeyd olunmalıdır ki, həmin 11 iyul 2019-cu il tarixli sərəncamla iddiaçının əmək pensiyasının miqdarı azaldılarkən, ona müvafiq inzibati icraatın başlanılacağı barədə məlumat da verilməmiş, onun iştirakı olmadan, sözügedən sərəncam qəbul olunmaqla əvvəlki pensiyasının miqdarı azaldılmışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə inzibati orqan qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 36.3-cü maddəsi isə nəzərdə tutur ki, isə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Göründüyü kimi, qərar maddi və inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə olan halda həmin Qanunun 67.1-ci maddəsinin tələbinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 70.1-ci maddəsi isə nəzərədə tutur ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Qanunvericiliyin qeyd olunan tələbərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisələndirilən sərəncamının birinci instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddiaçının bundan əvvəlki əmək pensiyasının bərpa edilməsinin cavabdehə həvalə edilməsi əsaslıdır. Lakin iddia tələbində və məhkəmənin qərarında yanlışlıqla, səhvən, Binəqədi rayon şöbəsinin əvvəlki xx.xx.2017-ci il tarixi - 29 iyul 2017-ci il tarixi kimi, yenidən hesablanmış pensiyanın miqdarı “4470,41 manat” məbləği isə 4470,42 kimi göstərilmişdir (Qeyd olunan yanlışlıığın cavabdeh tərəfindən mübahisələnirilmir). Çünki, ən azından «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz, cavabdeh iddiaçının etimad göstərdiyi inzibati akt (sərəncam) əsasında hər ay ona ödənilmiş və xərclənmiş pensiyasından, onun aşkar ahıl dövrünü yaşadığı bir zaman çərçivəsində tutulması qanunsuzdur. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsinin tələbindən görünür ki, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Qanunun qeyd olunan normasında sadalanan hallardan hər hansı birinə iddiaçı tərəfindən yol verilməmiş və bu barədə cavabdehin apellyasiya şikayətində heç bir əsaslandırma da mövcud deyildir. Ümumiyyətlə, cavabdehin də bununla bağlı heç bir mötəbər dəlil-sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki: «Etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir… İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)» Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunması qanuni və əsaslıdır. Odur ki, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu və maddi hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7938/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı, baxmayaraq ki, yuxarıda qeyd olunan yanlışlıqlar cavabdeh tərəfindən mübahisələndirilmir, hər bir halda, həmin yanlışlıqlar aradan qaldırılmaqla, yəni,“DSMF-nin Binəqədi rayon şöbəsinin 29 iyul 2017-ci il tarixli sərəncamı ilə yenidən hesablanmış 4470,42 manat məbləğində əmək pensiyasının bərpa olunması” sözlərində “29 iyul 2017-ci il” tarixi “xx.xx.2017-ci il” tarixi, “4470,42 manat” məbləği isə “4470,41 manat” məbləği ilə əvəz olunmaqla, dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7938/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı - nəticə hissəsində “DSMF-nin Binəqədi rayon şöbəsinin 29 iyul 2017-ci il tarixli sərəncamı ilə yenidən hesablanmış 4470,42 manat məbləğində əmək pensiyasının bərpa olunması” sözlərində “29 iyul 2017-ci il” tarixi “xx.xx.2017-ci il” tarixi, “4470,42 manat” məbləği isə “4470,41 manat” məbləği ilə əvəz olunmaqla, dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-786/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-786/2023
20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver