Məhkəmə qərarları › İş №2-1(103)-786/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-786/2024

20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-786/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Səmədovun sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair” iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12745/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı və onun vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasının qanunsuz hesab edilməsi və ünvan 1 ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı X8 ilə 09 sentyabr 2000-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və ailə qurduğu vaxtdan Bakı şəhərində yaşasalar da, mülkiyyətlərində mənzil olmamışdır. Həyat yoldaşı Şahəddin Rzayev Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” DM-nin Xətai Poçtamtında mübadiləçi işləmiş, kirayədə yaşamağını və maddi çətinlik çəkmələrini nəzərə alaraq “Azərpoçt” DM-nin X10 Heyətinin və Həmkarlar Komitəsinin birgə qərarı ilə xx.xx.2004-cü ildə hazırda yaşadığı Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, ev 6, mənzil 27 yaşamaq üçün istifadələrinə verilmişdir. Sabunçu Rayon Məhkəməsinin 2-51/06 saylı 19 yanvar 2006-cı il tarixli qətnaməsi ilə həyat yoldaşının həmin mənzilə hüququ tanınaraq pasport qeydiyyatına alınmışdır. Həmin mənzildə ailə olaraq birgə yaşasalar da, iddiaçının pasport qeydiyyatı ata evində - Şərur rayonu, Düdəngə kəndində qalır. Faktiki olaraq ailə qurduğu vaxtdan, 2000-ci ildən həmin evdə yaşamır. Həyat yoldaşının və həmin evdə yaşayan digər sakinlərin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “yaşayış binasının balansa götürülməsi”nə dair iddiası 10 iyul 2013-cü il tarixli qərarla təmin edilərək Sabunçu rayonu, Əfəndiyev küçəsində yerləşən 6 saylı yaşayış binasının mövcud vəziyyətdə Sabunçu rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına götürülməsi vəzifəsi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamentinə həvalə edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra olunmuşdur. Birgə nikahından uşağı yoxdur. Həmin mənzilə görə bütün kommunal xidmətlər öz adlarından ödənilir. Faktiki yaşadığı və həyat yoldaşının da qeydiyyatda olduğu Sabunçu rayonu, Əfəndiyev küçəsi, ev 6, mənzil 27-yə pasport qeydiyyatına alınması üçün cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə müraciət etsə də, müraciətinin təmin edilməsindən əsassız olaraq xx.xx.2022-ci il tarixli 073-53859 R saylı məktubla imtina edilmişdir. Həyat yoldaşı X8 xx.xx.2023-cü il tarixində Bakı şəhərində vəfat etmişdir. Həmin mənzildə hazırda yaşamaqda davam edir və başqa yaşayış yeri yoxdur. Hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan məhkəmə qaydasında bu imtina qanunsuz hesab edilməli və həmin mənzildə faktiki 19 il olaraq yaşamağı nəzərə alınmaqla həmin mənzilə qeydiyyatı icazə xarakteri daşımır. Bakı şəhəri İcra Hakimiyyəti Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 69 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xx.xx.2023-cü il tarixli arayışından da görünür ki, o, vəfat etmiş həyat yoldaşı X8 ilə birlikdə ünvan 1-də qeydiyyatsız yaşamış və hazırda da yaşayır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12745/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı və onun vəkili apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddiaçının qeydiyyata alınmasını tələb etdiyi mənzilə dair mülkiyyət hüququnu təsdiq edən və ya digər qanuni əsaslarla yaşamasına dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının ünvan 1 ünvanı ilə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılığının (əlaqənin) mövcudluğu müəyyən olunmur. Məhkəmənin bu dəlilinin əsassızlığı onunla sübut olunur ki, iddiaçının həyat yoldaşının həmin mənzildən istifadə hüququ məhkəmə qətnaməsi ilə 2006-cı ildən tanınmış, onlar ailə olaraq həmin mənzildə birgə yaşamışlar, hazırda da iddiaçı orada yaşamaqda davam edir və heç bir orqanının onun yaşadığı mənzildən çıxarılmasına dair tələbi yoxdur. Əksinə mənzillə bağlı kirayə müqaviləsi üzrə öhdəliklər, kommunal xidmətlərə görə ödəmələr iddiaçı tərəfindən ödənilməkdə davam etdirilir. Qeyd edilən hallar məhz iddiaçının həmin mənzillə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılığının (əlaqənin) mövcudluğu təsdiq edir. Hesab edir ki, qeyd olunan məhkəmə qərarı hüquqmüəyyənedici sənəd olmaqla dövlət orqanları tərəfindən tanınmışdır. Məhkəmə hesab etmişdir ki, sözügedən ünvana pasport qeydiyyatına alınmış şəxslərin iddiaçının həmin evdə yaşayış yeri üzrə qeydiyyata alınmaqla yaşayış sahəsi vermək niyyəti ifadə olunmadığından və orada qeydiyyatda qalan mərhum əri X5 xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən iddiaçının göstərdiyi hallar “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” hesab oluna bilməz”. Apellyator olaraq məhkəmənin bu dəlili ilə də razılaşmırlar. Belə ki, mərhum həyat yoldaşı Şəhabəddin Rzayevin sağlığında iddiaçının həmin mənzilə pasport qeydiyyatına alınmaqla yaşayış sahəsi vermək niyyəti olmamasını göstərməsi hakimin heç bir fakta əsaslanmayan şəxsi mülahizəsindən başqa bir şey deyildir. Belə ki, qeyd edildiyi kimi tərəflərin 23 il birgə nikahda yaşadıqları dövrdə uşaqları olmamasına baxmayaraq, münasibətləri çox yaxşı olmuş və ona görə də həyat yoldaşı vəfat edənədək birlikdə yaşamışlar. Onların savadsızlığından birgə yaşadıqları vaxtda iddiaçı bu hüquqdan istifadə etməmişlər. Qanunvericilikdə də bununla bağlı məhdudiyyət yoxdur. Bu hal isə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Məhkəmənin işə baxarkən yol verdiyi prosessual və maddi hüquq pozuntularından görünür ki, İddiaçı 050 *** ** ** nömrəli telefonuna məhkəmə iclasının 03 oktyabr 2023-cü il tarixə saat 14:35-ə təyin olunmasına dair SMS bildirişi göndərilsə də, sonradan poçt vasitəsi ilə göndərilmiş məhkəmə bildirişində məhkəmə iclasının 10 oktyabr 2023-cü il tarixə saat 14:35-ə təyin olması göstərilmişdir (SMS və məhkəmə bildirişi şikayətə əlavə olunur). Bu anlaşılmazlığı aydınlaşdırmaq üçün iddiaçı məhkəmədən hakimin katibliyinin telefon nömrəsini ((012)-441-63-25) öyrənərək əlaqə saxlamış, adını bilmədiyi bir qız işçi ona bildirmişdir ki, bu bir yanlışlıqdır. xx.xx.2023-cü il tarixdə məhkəmə iclası olmayacaqdır. Məktubla göndərilmiş bildirişdə göstərilmiş vaxtda, yəni xx.xx.2023-cü il tarixdə saat 14:35-də məhkəmə iclasında olmalıdırlar. Buna görə də İddiaçı 03 oktyabr tarixində məhkəməyə getməmiş, lakin 10 oktyabr 2023-cü il tarixində saat 14:35-də məhkəmə zalında olmuşdur. Hakim zalda olan digər şəxslərlə bağlı işlərə baxıb qurtardıqdan sonra onun hansı işlə əlaqədar gəlməsi ilə maraqlanmış, o da özünü təqdim edərək məhkəmə bildirişini göstərmişdir. Ona aid olan iş məhkəmə zalına gətirilmədiyindən katib hakimin iş otağından işi gətirmiş və hakim işi vərəqləyərək izahat verməsini bildirmiş, sonra da işə baxıb qurtardığını və ərizəsinin təmin olunmamasını bildirmişdir. Göründüyü kimi hakim müvafiq işə baxarkən kobud qanun pozuntusuna yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə iş üzrə qərar qəbul edərək tərəflərin məhkəmə iclasında iştirakını təmin etməmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə gələn iddiaçıya onun iştirakı olmadan işə baxıb qərar verməsinə baxmayaraq, guya işə həmin vaxtı baxdığını bildirərək izahat verməsini tələb etmiş və “onun iştirakı ilə qərarı elan etmişdir”. Lakin məhkəmə qərarının 5-ci bəndində göstərmişdir ki, iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Qüvvədə olan prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə iclasları audio və video çəkiliş aparılmaqla keçirilməlidir. İddiaçı iddia ərizəsi üzrə işə baxılarkən 03 oktyabr və 10 oktyabr tarixlərində aparılmış audio və video çəkilişlərinə baxılmasını xahiş etmiş (əgər bu qaydaya əməl olunmuşdursa) və iddiaçının məhkəmə prosesində iştirak etməsi ilə yanaşı, məhkəmənin necə qanun pozuntusu ilə aparıldığını qeyd edir. Birinci instansiya məhkəməsi bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49, 57, 58, 59, 62-ci və MPM-nin 185-ci maddəsinin tələblərini pozmuşdur. Bundan başqa, məhkəmə qərarının müəyyən etdi hissəsinin 1-ci bəndində göstərilmişdir: “İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qızı X13 ilə birlikdə ünvan 1 ünvanına qeydiyyata alınmaq vəzifəsinin cavabdehin üzərinə qoyulmasını” xahiş etmişdir. Bu hal onu göstərir ki, birinci instansiya məhkəməsinin hakimi iddia ərizəsini tam oxuyub tanış olmamışdır. Belə ki, iddia ərizəsində göstərilmişdir ki, iddiaçının həyat yoldaşı ilə birgə nikahından uşaqları yoxdur. X2 iddiaçının qızı kimi qeyd etməsinin əsasının işə baxan hakimdən öyrənilməsinə zərurət vardır. Bundan başqa, məhkəmə iddia tələbini rədd edərkən maddi hüquq kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsaslanmışdır. Lakin nəzərə almamışdır ki, məhz həmin Qanunun 1-ci maddəsində göstərilmişdir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. Qüvvədə olan qanunvericiliyin tələbinə görə yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Qanunun bu tələbinə əməl etməyən vətəndaşlar İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsi ilə inzibati məsuliyyət daşıyırlar. Məhkəmənin məntiqinə görə iddiaçının 19 il müddətində həyat yoldaşının hüququ tanınmış mübahisəli ünvanda faktiki yaşaması onun həmin mənzildən davamlı istifadəsi kimi qiymətləndirilə bilməz. Məhkəmə nəzərə almamışdır ki, qanunvericilikdə yaşayış sahəsindən istifadə hüququnun yaranma əsaslarından biri də məhz məhkəmə qərarıdır. Ona görə də iddiaçının qeydiyyata alınmasından imtina edildiyindən hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Apelyator olaraq qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa istinad etsə də, iddia tələbinə dair həmin qanunu düzgün təsfir etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və məhkəməyə müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, “Azərpoçt” DM-nin X10 Heyətinin və Həmkarlar Komitəsinin birgə qərarı ilə xx.xx.2004-cü il tarixdə iddiaçının hazırda yaşadığı Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, ev 6, mənzil 27 yaşamaq üçün istifadələrinə verilmişdir. İddiaçının mərhum əri X1 Rayon Məhkəməsinin 19 yanvar 2006-cı il tarixli 2- 51/06 saylı qətnaməsinə əsasən həmin mənzilə pasport qeydiyyatına alınmışdır. İddiaçı isə ata evində - Naxçıvan MR, Şərur rayonu, Düdəngə kəndində qeydiyyatda qalsa da, faktiki olaraq əri ilə birlikdə Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, ev 6, mənzil 27 ünvanında yaşamışdır. Əri rəhmətə getdikdən sonra qeyd olunan mənzillə əlaqədar bütün kommunal ödənişlər onun tərəfindən həyata keçirilmişdir. İddiaçı cavabdehə müraciət edərək həmin ünvan üzrə qeydiyyata alınmasını tələb etsə də, cavabdeh yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) təqdim edilməsini tələb edərək tələbi təmin etməkdən imtina etmişdir. Belə ki, iş materiallarında olan: -Vİİ-JQ 355573 sayı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 və İddiaçı arasında bağlanmış nikah xx.xx.2000-ci il tarixdə qeydə alınmışdır. -Sabunçu Rayon Məhkəməsinin 19 yanvar 2006-cı il tarixli 2-51/06 saylı qətnaməsinə əsasən X3 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, ev 6, 27 saylı mənzilə pasport qeydiyyatına alınması qət edilmişdir. -1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1445/2013 saylı 10 iyul 2013-cü il tarixli qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Əfəndiyev küçəsində yerləşən 6 saylı yaşayış binasının mövcud vəziyyətdə əvəzsiz olaraq Sabunçu rayonu Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansına götürülməsi vəzifəsinin Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilməsi qərara alınmışdır. -AZ-İİ 358050 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. -Bakı Şəhəri İcra Hakimiyyəti Sabunçu rayon MKTB-nin 69 saylı Mənzil Kommunal İstismar Sahəsinin 318 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Həyat yoldaşı X6 xx.xx.2023-cü il tarixdə vəfat edib. Vəfat etdiyi gündən sonra evin kommunal xidmətlərini İddiaçı ödəyib. Hazırda heç bir borcu yoxdur. -"xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC tərəfindən verilən qəbzlərdən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, ev 6, 27 saylı mənzilə dair verilən bütün qəbzlər İddiaçı adına verilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, iddiaçının qeydiyyata alınmasını tələb etdiyi mənzilə dair mülkiyyət hüququnu təsdiq edən və ya digər qanuni əsaslarla yaşamasına dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. Məhkəmə hesab etmişdir ki, iddiaçının ünvan 1 ünvanı ilə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılığının (əlaqənin) mövcudluğu müəyyən olunmur. Eyni zamanda, sözügedən ünvana pasport qeydiyyatına alınmış şəxslərin iddiaçının həmin evdə yaşayış yeri üzrə qeydiyyata alınmaqla yaşayış sahəsi vermək niyyəti ifadə olunmadığından və orada qeydiyyatda qalan mərhum əri X6 xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən iddiaçının göstərdiyi hallar “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” hesab oluna bilməz. İşin faktiki hallarını hərtərəfli araşdıran və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məqsədilə qeydiyyatı zəruridir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən yuxarıda qeyd olunan maddi hüquq normalarını düzgün tətbiq etməmiş və beləliklə də səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçının həyat yoldaşının həmin mənzildən istifadə hüququ məhkəmə qətnaməsi ilə 2006-cı ildən tanınmış, onlar ailə olaraq həmin mənzildə birgə yaşamışlar, hazırda da iddiaçı orada yaşamaqda davam edir və heç bir orqanının onun yaşadığı mənzildən çıxarılmasına dair tələbi yoxdur. Əksinə mənzillə bağlı kirayə müqaviləsi üzrə öhdəliklər, kommunal xidmətlərə görə ödəmələr iddiaçı tərəfindən ödənilməkdə davam etdirilir. Qeyd edilən hallar məhz iddiaçının həmin mənzillə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılığının (əlaqənin) mövcudluğu təsdiq edir. Bundan əlavə, apellyasiya şikayətinə əlavə olunmuş sənədlərdən göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozuntusuna da yol verilmişdir. Belə ki, İddiaçı mobil telefonuna məhkəmə iclasının 03 oktyabr 2023-cü il tarixə saat 14:35-ə təyin olunmasına dair SMS bildirişi göndərilsə də, sonradan poçt vasitəsi ilə göndərilmiş məhkəmə bildirişində məhkəmə iclasının 10 oktyabr 2023-cü il tarixə saat 14:35-ə təyin olması göstərilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixdə iş üzrə qərar qəbul edərək tərəflərin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bildirişdə məhkəmə iclasının xx.xx.2023-cü il tarixdə keçiriləcəyi barədə iddiaçıya məlumat vermiş, nəticədə onun iştirakı olmadan işə baxıb qərar qəbul edilməsinə baxmayaraq, məhkəmə qərarının 5-ci bəndində göstərmişdir ki, “məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər”. Birinci instansiya məhkəməsi bununla Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49, 57, 58, 59, 62-ci maddələrinin tələblərini pozmuşdur. İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv ediməli, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12745/2023 saylı, 03 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanına pasport qeydiyyatına alınması öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Kamran Əkbərov Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar