Məhkəmə qərarları › İş №2-1(103)-787/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-787/2024

06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-787/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: İddiaçı Cavabdeh: Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:” “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi”) Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-808/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı ünvanlanmış 4 fevral 2022-ci il tarixli məktubunda bildirilir ki, “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Nazirliyin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”nın 25 yanvar 2022-ci il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. N nömrəli hərbi hissə tərəfindən verilən N nömrəli 18 yanvar 2022-ci il tarixli arayışa əsasən döyüş əməliyytları aparılan dövrdə xidmətiniz barədə məlumat olmadığına görə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunur.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 5 may 1992- ci il tarixdən 30 noyabr 1992-ci il tarixədək regional qərargahın tərkibində, Şərur rayonunun Yaycı və Cağazir kəndlərində, sərhəd zonasında 1-ci Qarabağ müharibəsində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. Bu barədə onun ******* nömrəli hərbi biletinin 7-ci səhifəsində qeyd olunmuş və möhür vurulmuşdur. İddiaçı qeyd olunanlara əsaslanaraq və qanunvericiliyi rəhbər tutaraq ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Cavabdehin 4 fevral 2022-ci il tarixli 4/3-826 nömrəli cavab məktubunda bildirilmişdir ki, göndərilmiş sənədlərə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 25 yanvar 2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən sənədlər ona geri qaytarılır. Məktubda həmçinin o da qeyd olunmuşdur ki, N nömrəli hərbi hissə tərəfindən verilən N nömrəli 18 yanvar 2022-ci il tarixli ayayışa əsasən döyüş əməliyyatları aparılan dövrdə iddiaçının xidməti barədə məlumat olmadığına görə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunur. Nəzərə alınmalıdır ki, iddiaçı həqiqətən də 5 may 1992-ci il tarixdən 30 noyabr 1992-ci il tarixədək Şərur rayonunun Yaycı və Cağazir kəndlərində, sərhəd zonasında 1-ci Qarabağ müharibəsində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. Bu faktı onun hərbi biletində olan qeyd və onunla birgə hərbi xidmətdə və döyüşlərdə iştirak etmiş əsgər yoldaşları da təsdiq edə bilər. Lakin “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” iddiaçının ərizəsini əsaslı hesab etməmiş və ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina barədə qərar qəbul etmişdir. Göstərilənlərə və İPM-in 2.2.2, 45 və 46-cı maddələrini rəhbər tutaraq, məhkəmədən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 25 yanvar 2022-ci il tarixli rəyi əsasında İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina barədə qərarının ləğv edilməsi və ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur.

4. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iddia ilə bağlı məhkəmə ünvanlanmış yazılı etirazında bildirilir ki, İddiaçı iddia ərizəsi əsassız olduğundan təmin edilə bilməz. İddiaçı iddia ərizəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyanın məktubunu mübahisələndirmişdir. N nömrəli hərbi hissə tərəfindən verilən N nömrəli 18 yanvar 2022-ci il tarixli arayışa əsasən döyüş əməliyyatları aparılan zaman İddiaçı xidməti barədə məlumat olmadığından ona “müharibə veteranı” adının verilməsindən imtina olunmuşdur. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş səxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən 1998-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara 1994cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarl təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təqdi etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adı verilir. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi xahiş olunur.

5. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «“Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 25 yanvar 2022- ci il tarixli rəyi əsasında İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina barədə qərarın qanunsuz sayılması və ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-808/2023 saylı, xx.xx.2023-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, müvafiq arxiv materiallarında İddiaçı 1992-ci ildə döyüş əməliyyatları aparılan zonada xidmət keçməsinə dair xüsusatlar, o cümlədən müvafiq hərbi hissəyə xidmətə qəbul edilməsi və xidmətdən tərxis olunmasına dair nizami hissə üzrə əmrlər, habelə onun qeyd olunan zonada həmin dövrdə xidmət keçməsini təsdiqləyən hər hansı sübut mövcud olmadığından, cavabdehin ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanuna zidd sayıla və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilə bilməz.

8. Məhkəmə xüsusi ilə bir məqamada toxunmağı zəruri hesab edir ki, hazırkı iş üzrə 07 avqust 2023-cü il tarixli iclasında şahid qismində ifadə verən X3 qeyd etmişdir ki, özü İddiaçı ilə bir yerdə döyüşdüyünü, komissiyanın yaradıldığını və İddiaçınün könüllü olaraq döyüşlərdə iştirak etdiyini bildirmişdir.

9. Məhkəmə hesab edir ki, yalnız şahid ifadəsi əsasında iddiaçıya müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə uyğun deyil və müvafiq hal sübut edilmiş sayıla bilməz. Çünki, qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə görə vətəndaşa müharibə veteranı adının verilməsi zamanı bütün sənədlərə məcmu şəkildə qiymət verilməli, şəxsin hərbi xidmətə çağrılması və döyüş bölgələrində iştirak etməsi arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müəyyən edilməlidir. Hazırki iş üzrə sənədlər toplusunda iddiaçının döyüş bölgəsində iştirak etməsi müəyyən olunmadığından, şahid qismində ifadə verən şəxsin izahatı da vəziyyəti iddiaçının xeyrinə dəyişmir.

10. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.

11. Birinci instansiya məhkəməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa, “İnzibati icraat haqqında” Qanunua, Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə istinad etmişdir.

b)Apellyasiya instansiya məhkəməsində icraat

12. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

13. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 808/2023 saylı, xx.xx.2023-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, Nəzərə alınmalıdır ki, iddiaçı həqiqətən də 5 may 1992-ci il tarixdən 30 noyabr 1992-ci il tarixədək Şərur rayonunun Yaycı və Cağazir kəndlərində, sərhəd zonasında 1-ci Qarabağ müharibəsində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. Bu faktı onun hərbi biletində olan qeyd və onunla birgə hərbi xidmətdə və döyüşlərdə iştirak etmiş əsgər yoldaşları da təsdiq edə bilər. Lakin “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” iddiaçının ərizəsini əsaslı hesab etməmiş və ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina barədə qərar qəbul etmişdir.Göründüyü kimi işin halları yalnız şahid ifadəsi ilə deyil, ******* nömrəli hərbi biletin 6-7-ci səhifələrində aparılmış qeydiyyatla, həmçinin ona verilmiş 42 nömrəli silah vəsiqəsi ilə da təsdiq olunmuşdur. ******* nömrəli hərbi bilet və 42 nömrəli silah vəsiqəsi məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Prosses iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iş tirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu: 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

18. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin qeydində göstərilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteran adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara– müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin maddənin qeydində göstərilir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1-inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

25. İşin hallarından müəyyən olunur ki, iddiaçı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı ünvanlanmış 4 fevral 2022-ci il tarixli məktubunda bildirilir ki, “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Nazirliyin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”nın 25 yanvar 2022-ci il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. N nömrəli hərbi hissə tərəfindən verilən N nömrəli 18 yanvar 2022-ci il tarixli arayışa əsasən döyüş əməliyytları aparılan dövrdə xidmətiniz barədə məlumat olmadığına görə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunur.

26. Məhkəmə Kollegiyası işin hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək cavabdehin imtinasını əsaslı hesab edir.

27. Tətbiq edilən normativ hüquqi aktların tələbinə əsasən, məhkəmə tərəfindən aşağıdakı hallar müəyyən edilməlidir: Şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməməsi, eləcə də hərbi xidmətdən qanuni əsaslarla tərxis edilmiş olması; və həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır.

28. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır.

29. Məhkəmə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il, 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni təhlil edərək qeyd edir ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsinə görə ona müharibə veteranı adı verilməsi üçün tətbiq edilən qanunvericiliyin şərtləri ödənilməlidir.

30. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.

31. Müvafiq arxiv materiallarında İddiaçı 1992-ci ildə döyüş əməliyyatları aparılan zonada xidmət keçməsinə dair xüsusatlar, o cümlədən müvafiq hərbi hissəyə xidmətə qəbul edilməsi və xidmətdən tərxis olunmasına dair nizami hissə üzrə əmrlər, habelə onun qeyd olunan zonada həmin dövrdə xidmət keçməsini təsdiqləyən hər hansı sübut mövcud olmadığından, cavabdehin ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanuna zidd sayıla və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilə bilməz.

32. Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin 07 avqust 2023-cü il tarixli iclasında şahid qismində ifadə verən X3 qeyd etmişdir ki, özü İddiaçı ilə bir yerdə döyüşdüyünü, komissiyanın yaradıldığını və İddiaçınün könüllü olaraq döyüşlərdə iştirak etdiyini bildirmişdir.

33. Məhkəmə Kolleiyası hesab edir ki, yalnız şahid ifadəsi əsasında iddiaçıya müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə uyğun deyil və müvafiq hal sübut edilmiş sayıla bilməz. Çünki, qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə görə vətəndaşa müharibə veteranı adının verilməsi zamanı bütün sənədlərə məcmu şəkildə qiymət verilməli, şəxsin hərbi xidmətə çağrılması və döyüş bölgələrində iştirak etməsi arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müəyyən edilməlidir.

34. Hazırki iş üzrə sənədlər toplusu ilə, o cümlədən hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlər və ya arxiv arayışları ilə birgə iddiaçının döyüş bölgəsində iştirak etməsi müəyyən olunmadığından, şahid qismində ifadə verən şəxsin izahatı da vəziyyəti iddiaçının xeyrinə dəyişmir.

35. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.

36. Qeyd olunmalıdır ki, yuxarıda istinad edilən maddi hüquq normalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) vacib şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İddiaçının hərbi hissədən tərxis olunduğu barədə məlumat təqdim olunmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir.

37. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, işin halları yalnız şahid ifadəsi ilə deyil, ******* nömrəli hərbi biletin 6-7-ci səhifələrində aparılmış qeydiyyatla, həmçinin ona verilmiş 42 nömrəli silah vəsiqəsi ilə da təsdiq olunmuşdur. ******* nömrəli hərbi bilet və 42 nömrəli silah vəsiqəsi məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır.

38. Apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarının 5-ci vərəqində olan 42 nömrəli “silah vəsiqəsi”ndə iddiaçının rayon MMK-nın ehtiyat üzvü olaraq və silah AKM 8012 nömrə qeyd edilməsi, həmçinin iş materiallarının 8-ci vərəqində olan ******* nömrəli hərbi biletin 6-7-ci səhifələrində iddiaçının sərhəd zonasında döyüşlərdə iştirak etməsi ilə bağlı aparılmış qeydiyyat vəziyyəti iddiaçının xeyrinə dəyişmir.

39. Belə ki, iş materiallarının 50-ci vərəqində olan məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X2 Komitəsinin Şərur rayon Regional Qərargahının sənənədləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxivinə daxil olmamışdır.Həmçinin, iş materiallarının 58-ci vərəqində olan məhkəmənin sorğusuna Şərur rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı sənədlər mövcud deyildir.

40. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının qanuni əsaslarla ordu sıralarından tərxis olunması müəyyən edilməmiş, eyni zamanda iddiaçı bu barədə məhkəməyə heç bir sübut (hərbi hissələrin nizami hissə üzrə əmri və ya arxiv arayışı) təqdim etməmişdir.

41. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə görə, müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir.

42. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada hərbi hissədən tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməsini istisna edir.

43. Belə olan halda, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz.

44. Məhkəmə Kollegiyası nəzərə alır ki, İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

45. Beləliklə, məhkəmə Kolleiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-808/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-808/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar