Məhkəmə qərarları › İş №2-1(103)-788/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-788/2022

14.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-788/2022 14.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Oruczadə Aytən Pənah qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4100/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin 14.10.2021-ci il tarixə saat 15:00-a təyin olunmuş iclasında iştirak etmək məqsədilə iddiaçının vəkili həmin tarixdə saat 14:55 radələrində Bakı İnzibati Məhkəməsinin inzibati binasına gəlmiş və binanın girişində olan telefon vasitəsi ilə hakimin otağı ilə (telefonun yanında yerləşdirilmiş siyahıda göstərilən nömrə ilə) əlaqə saxlayaraq saat 15:00-a təyin olunan məhkəmə iclasında iştirak etmək üçün gəlməyi barədə məlumat vermişdir. Bu zaman telefona cavab verən şəxs hakimin səhhəti ilə əlaqədar olaraq 14.10.2021-ci il tarixə saat 15:00-a təyin olunmuş məhkəmə iclasının keçirilməyəcəyini və növbəti məhkəmə iclasının vaxtı barədə tərəflərə məlumat veriləcəyini bildirmişdir. Bundan sonra o məhkəmənin inzibati binasını tərk etmişdir. 30.11.2021-ci il tarixə saat 11:50-yə təyin olunmuş məhkəmə iclasında isə səhhətində yaranmış problemlə bağlı iştirak edə bilməmişdir. Belə ki, o, 18.11.2021-ci il tarixdən Covid-19 virusuna yoluxmuş və həmin tarixdən 14 günlük karantində olmuşdur. Bu səbəbdən də 26.11.2021ci il tarixdə elektron məhkəmə sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək karantində olduğuna görə 30.11.2021-ci il tarixə təyin olunmuş məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmiş və bu səbəbdən də məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmiş, müraciətinə müvafiq təsdiqedici sübutları da əlavə etmişdir. Bütün yuxarıda göstərilənlər iş materialları ilə təsdiq olunur və qərardadda göstərilənlər (iddiaçının vəkilinin məhkəmə iclaslarında iştirak etməməklə üzürsüz səbəblərdən məhkəmə icraatından yayınması) həqiqəti əks etdirmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətini müdafiə edərək, qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından müəyyən olunur ki, İddiaçı MMC cavabdeh inzibati orqana qarşı qərarın ləğv edilməsi tələbi ilə birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmə tərəfindən 30.11.2021-ci il tarixli qərardadla inzibati mübahisə üzrə məhkəmə icraatına xitam verilmişdir. Məhkəmənin qərardadı onunla əsaslandırılmışdır ki, “...iddiaçının nümayəndəsi təyin edilmiş məhkəmə iclaslarında iştirak etməməklə üzrsüz səbəblərdən məhkəmə icraatından yayınmış və bu səbəbdən də iş üzrə yekun məhkəmə qərarının çıxarılması mümkün olmamışdır. Odur ki, iddia geri götürülmüş hesab edilməli və bu əsasla da inzibati iş üzrə icraata xitam verilməlidir.” Kollegiya məhkəmənin mövqeyilə razılaşmır, işin hallarını nəzərə alaraq hesab edir ki, prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilərək iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İş materiallarından və apelyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçının vəkili 26.11.2021-ci il tarixdə elektron ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, COVİD-19 virusuna yoluxması ilə əlaqədar karantin rejimində olduğunu, 30.11.2021-ci il tarixli məhkəmə iclasında iştirak edə bilməyəciyini bildirmiş, yoluxma faktını təsdiq edən sənədləri ərizəsinə əlavə etmişdir. AR İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. AR MPM: 185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.3. Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qeyd edilən normanın mənasına görə nəzərdə tutulan müddət ərzində ardıcıl olaraq üzürsüz səbəbdən məhkəmə icraatından yayındıqda iddia ərizəsi geri götürülmüş sayıla bilər. Hazırkı işdə isə belə hal mövcud deyil. Əksinə iş materiallarından iddiaçının vəkili 08.04 2021-ci il və 27.05.2021-ci il tarixli məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunla nəzərdə tutulmuş qaydada xəbərdar olunması müəyyən olunmur. 01.06.2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasında isə iddiaçının vəkili iştirak etmiş, 14.10.2021-ci il tarixli məhkəmə iclasında iştirak etməmiş, 30.11.2021-ci il tarixli məhkəmə iclasında iştirak etməməsi isə üzürlü səbəbdən xəstə olması ilə bağlı olmuşdur. Göründüyü kimi iddiaçının vəkilinin qanunda nəzərdə tutulan müddət ərzində məhkəmə iclasından ardıcıl olaraq yayınma halı müəyyən edilməmiş, onun məhkəmə iclasında iştirak edə bilməməsi üzrlü səbəbdən olmuş, birinci instansiya məhkəməsi isə bu halı nəzərə almadan “üzürsüz səbəbdən icraatdan yayınma əsası” ilə inzibati iş üzrə icraata xitam verməklə qanunsuz və əsassız qərardad qəbul etmişdir. AR İPM-nin 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərarı ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4100/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar