Məhkəmə qərarları › İş №2-1(103)-788/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-788/2025

17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-788/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X13 Səmədovun sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və X6 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı statusu verilməsi üçün sənədlərin göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2668/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Azərbaycan Respublikasının Daxili Qoşunların Baş İdarəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi X26 İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona müharibə veteranı statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili Qoşunların Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iş üzrə cavabdehlər Azərbaycan Respublikası Daxili Qoşunların Baş İdarəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X26 İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin “Qeyd 2” hissəsi nəzərə alınaraq iddiaçının müraciətinə baxılması üçün sənədlərinin aidiyyəti üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsindən həqiqi hərbi xidmətə çağırılmış, Daxili Qoşunların Baş İdarəsinin şəxsi heyət üzrə idarəsində yavər vəzifəsində xidmət etmişdir. Müəyyən olunmuşdur ki, iddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 286 nömrəli əmri ilə işğaldan azad olunmuş Füzuli rayonuna ezam olunmuş və xx.xx.2020-ci il tarixli, 287 nömrəli əmri ilə Füzuli rayonundan qayıtmış hesab edilmişdir. Lakin həmin müddətdə o, döyüş təminatı ilə bağlı tapşırıqların icrasına və döyüş əməliyyatlarına cəlb edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən iddiaçıya müharibə veteranı statusunun verilməsi ilə bağlı X2 müvafiq sənədlərlə müraciət edilmişdir. Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-23/2-M- 482xx/xx/2023 saylı məktubu ilə iddiaçıya imtina verilmişdir. İmtina məktubunda iddiaçının döyüş əməliyyatlarında iştirakı, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə və orqanlara döyüş tapşırığını və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatlarda bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmadığından, Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq ona müharibə veteranı adının verilməsinin mümkün olmadığı bildirilmişdir. Cavabdehin imtinası qanunsuzdur və iddiaçıya müharibə veteranı statusu verilməlidir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının döyüş əməliyyatlarında iştirakı, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatlarda bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması müəyyən edilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq ona müharibə veteranı adının verilməsi mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2668/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən tələb edə bilər. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının müraciətinə baxılmasının nəticələrinə dair xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, müraciətlə bağlı Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 3- 13-14-5/2-1933/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-13-14-5/2-3263/2023 nömrəli məktublarına əsasən müəyyən olunmuşdur ki, Daxili Qoşunların tərkibində müddətli və həqiqi hərbi xidmət keçmiş sabiq hərbi qulluqçu gizir İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.2020-cü il tarixli 286 nömrəli əmri ilə işğaldan azad olunmuş Füzuli rayonuna getmiş hesab edilmiş, lakin həmin müddətdə o, döyüş təminatı ilə bağlı tapşırıqların icrasına və döyüş əməliyyatlarına cəlb edilməmişdir. Vətəndaş R.Musayevanın müraciəti ilə əlaqədar İdarədə izahatı alınmış sabiq hərbi qulluqçu İddiaçı sözügedən Baş İdarədə xidmət etdiyi dövrdə 2020-ci ilin oktyabr-noyabr ayları ərzində ali rəhbər heyətin yavəri qismində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarına, Şuşa şəhərinə və Hadrut qəsəbəsinə ezam olunsa da, aktiv döyüş əməliyyatlarında iştirak etmədiyini, əsas tələbinin ona müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsindən ibarət olduğunu bildirmişdir. Beləliklə, vətəndaş İddiaçı döyüş təminatı ilə bağlı tapşırıqların icrasına və döyüş əməliyyatlarına cəlb edilməsi müəyyən edilmədiyi üçün ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkün deyildir. Cavabdeh tərəfindən iddiaçıya dair tərtib edilmiş məlumatda göstərilmişdir ki, ehtiyatda olan gizir İddiaçı xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olub, Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, ev 8, mənzil 33-də yaşayır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsindən həqiqi hərbi xidmətə çağırılmış, Daxili Qoşunların Baş İdarəsinin şəxsi heyət üzrə idarəsində yavər vəzifəsində xidmət etmişdir, ailəlidir. Müəyyən olunmuşdur ki, gizir İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 262 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən xx.xx.2020-ci il tarixdən N saylı hərbi hissəyə gəlmiş hesab edilmişdir. xx.xx.2020-ci il tarixli, 286 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən xx.xx.2020-ci il tarixdə Füzuli rayonuna gedərək qazan təminatına daxil edilmiş və xx.xx.2020-ci il tarixli 287 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən Füzuli rayonundan qayıtmış hesab edilmişdir. xx.xx.2020-ci il tarixli 288 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən 10-xx.xx.2020-ci il tarixlərdə Füzuli rayonuna gedərək qazan təminatına daxil edilmiş və xx.xx.2020-ci il tarixdə Füzuli rayonundan qayıtmışdır. xx.xx.2023-cü il tarilxi, 221 nömrəli arxiv arayışında göstərilmişdir ki, Arxiv sənədlərinə istinad edilərək verilir ondan ötrü ki, həqiqətən də gizir İddiaçı Daxili Qoşunların tərkibində müddətli və həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır: 1. N saylı hərbi hissə komandirinin xx.xx.2013-cü il tarixli, 82 №-li əmrilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsindən gəlmiş çağırışçıların siyahısında “əsgər” hərbi rütbəsi verilməklə hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, tədris bölüyündə atıcı vəzifəsinə təyin edilmişdir (əmrdə atasının adı Xudaverdi kimi qeyd edilmişdir); 2. Daxili işlər nazirinin müavini-daxili qoşunlar komandanının xx.xx.2013-cü il tarixli, 94 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2013-cü il tarixli, 127 №-li əmrilə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə göndərilmişdir (əmrdə atasının adı Xudaverdi kimi qeyd edilmişdir); 3. N saylı hərbi hissə komandirinin xx.xx.2013-cü il tarixli, 124 №-li əmrilə xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir (əmrdə atasının adı Xudaverdi kimi qeyd edilmişdir); 4. N saylı hərbi hissə komandirinin xx.xx.2014-cü il tarixli, 243 №-li əmrilə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinə göndərilmişdir (əmrdə atasının adı Xudaverdi kimi qeyd edilmişdir); 5.Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2015-ci il tarixli, 44 №-li ş/h üzrə əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinə müvafiq olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsindən ehtiyatdan gəlmiş hesab edilərək “kiçik gizir” hərbi rütbəsi verilməklə dayaq rabitə qovşağının 2-ci taqımının 2-ci səyyar rabitə manqasında operator vəzifəsinə təyin edilmişdir; 6. Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2016-cı il tarixli, 48 №-li ş/h üzrə əmrilə dayaq rabitə qovşağının 2-ci taqımının 2-ci səyyar rabitə manqasında operator vəzifəsindən azad edilib, 1-ci taqımın 2-ci manqasında texnik vəzifəsinə təyin edilmişdir; 7. Daxili işlər nazirinin müavini – daxili qoşunların komandanının xx.xx.2017-ci il tarixli, 52 №-li ş/h üzrə əmrilə növbəti “gizir” hərbi rütbəsi verilmişdir; 8. Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2018-ci il tarixli, 70 №-li ş/h üzrə əmrilə dayaq rabitə qovşağının 1-ci taqımının 2-ci manqasında texnik vəzifəsindən azad edilib, DQBİ-nin qərargahında yavər vəzifəsinə təyin edilmişdir;

9. Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2020-ci il tarixli, 126 №-li n/h üzrə əmrilə N oktyabr 2020-ci il tarixdən N saylı hərbi hissəyə xidməti ezamiyyətə getmiş hesab edilmişdir; 10. Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2020-ci il tarixli, 138 №-li n/h üzrə əmrilə 11 noyabr 2020-ci il tarixdən N saylı hərbi hissədən Şuşa şəhərinə ezam edilmişdir; 11. Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2020-ci il tarixli, 141 №-li n/h üzrə əmrilə 18 noyabr 2020ci il tarixdən Şuşa şəhərindən xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir. Qeyd: Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının 2021-ci ildən və hərbi hissə komandirlərinin 2016-cı ildən sonrakı dövrü əhatə edən əmrləri arxivə təhvil verilmədiyi üçün sonrakı xidməti barədə hər hansı məlumatın verilməsi mümkün deyildir. N saylı Hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini tərəfindən iddiaçı barəsində tərtib edilmiş 06 dekabr 2023-cü il tarixli arayışında göstərilmişdir ki, ehtiyatda olan gizir İddiaçı Vətən müharibəsində yerinə yetirdiyi tapşırıqlara dair və digər əmrdən çıxarışlar toplanmışdır. Belə ki, İddiaçı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 262 nömrəli ş/h üzrə əmrlərinə əsasən xx.xx.2020-ci il tarixindən N saylı hərbi hissəyə gəlmiş hesab edilmişdir. Hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 286 nömrəli ş/h üzrə əmrlərinə əsasən xx.xx.2020-ci il tarixdən Fizuli rayona gedərək qazan təminatına daxil edilmiş və xx.xx.2020-ci il tarixdə Fizuli rayonundan gələrək N saylı hərbi hissənin qazan təminatına daxil edilmişdir. Hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 288 nömrəli ş/h üzrə əmrlərinə əsasən 10- xx.xx.2020-ci il tarixlərdə Fizuli rayona gedərək qazan təminatında olmuşdur. xx.xx.2020-ci il tarixdə Fizuli rayonundan gələrək Daxili Qoşunların Baş İdarəsinə getmiş hesab edilmişdir. N saylı Hərbi hissə komandirinin N oktyabr 2020-ci il tarixli, 262 saylı əmrindən çıxarışa əsasən, xidməti zərurətlə əlaqədar müvəqqəti ezam olunaraq Daxili Qoşunların Baş İdarəsindən, N və N saylı hərbi hissələrdən gəlmiş və N oktyabr 2020-ci il tarixdən hərbi hissəyə gəlmiş hesab edilmiş hərbi qulluqçular siyahısında iddiaçının adı göstərilmişdir. N saylı Hərbi hissə komandirinin 08 noyabr 2020-ci il tarixli, 286 saylı əmrindən çıxarışa əsasən, Daxili Qoşunların Baş İdarəsindən müvəqqəti ezam gəlmiş gizir İddiaçı xidməti döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə 08 noyabr 2020-ci il tarixdə Fizuli rayonuna getmiş hesab edilmiş və Fizuli rayonu üzrə qazan təminatına daxil edilmişdir. N saylı Hərbi hissə komandirinin N noyabr 2020-ci il tarixli, 287 saylı əmrindən çıxarışa əsasən, xidməti döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə Fizuli rayonuna getmiş Daxili Qoşunların Baş İdarəsinin və N saylı hərbi hissənin N noyabr 2020-ci il tarixdə Fizuli rayonundan gəlmiş hesab edilmiş və Fizuli rayonu üzrə qazan təminatından çıxarılaraq hərbi hissənin qazan təminatına daxil edilmiş hərbi qulluqçular siyahısında iddiaçının adı göstərilmişdir. N saylı Hərbi hissə komandirinin N noyabr 2020-ci il tarixli, 288 saylı əmrindən çıxarışa əsasən, xidməti döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə Daxili Qoşunların Baş İdarəsinin və N saylı hərbi hissənin N noyabr 2020-ci il tarixdə Fizuli rayonuna getmiş hesab edilmiş və Fizuli rayonu üzrə qazan təminatına daxil edilmiş hərbi qulluqçular siyahısında iddiaçının adı göstərilmişdir. N saylı Hərbi hissə komandirinin 17 noyabr 2020-ci il tarixli, 295 saylı əmrindən çıxarışa əsasən, xidməti döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə Fizuli rayonuna getmiş Daxili Qoşunların Baş İdarəsində xidmət edən gizir İddiaçı 17 noyabr 2020-ci il tarixdən Fizuli rayonundan gələrək Daxili Qoşunların Baş İdarəsinə getmiş hesab edilmiş və Fizuli rayonu üzrə quru ərzaq payından çıxarılmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Həmin Qanunun 7-ci maddəsində göstərilmişdir ki, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 2-ci bəndində qeyd edilir ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X7 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Əsasnamənin 2-ci bəndinin “Qeyd” hissəsndə göstərilir ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Qanunvericilik normalarından göründüyü kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparılan ərazilər konkret göstərilmiş və məhz 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərdə döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilməsi mümkün hesab edilmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı məhkəmənin sorğusu əsasında göndərilmiş Daxili İşlər Nazirliyi X26 İdarəsinin 07 dekabr 2024-cü il tarixli, 3-13- 23/2-3343/2024 nömrəli məktubda qeyd edilir ki, İddiaçı döyüş əməliyyatlarında iştirakı, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatlarda bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam edilməsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbinə uyğun olaraq ona müharibə veteranı adının verilməsi mümkün olmamışdır. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı araşdırılmış, iş materiallarında olan N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 262 №-li Əmrindən çıxarışdan görünür ki, iddiaçı ilə birlikdə 467, 468, 469, 470, 471, 472, 473 və 474 №li ezamiyyət vərəqlərinə əsasən digər hərbi qulluqçular da döyüş bölgəsinə ezam olunmuşdur. Həmin şəxslərdən yalnız bir nəfərə, iddiaçıya müharibə veteranı statusu verilməmişdir. Bərabərlik prinsipinə əsasən Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 467, 468, 469, 470, 471, 472, 473 və 474 №-li ezamiyyət vərəqələrinin surətini və həmin ezamiyyə vərəqələri üzrə hansı şəxslərə müharibə veteranı adının verilib-verilməməsi barədə məlumatı məhkəməyə təqdim edilməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə sorğu göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi X26 İdarəsinin 19 fevral 2025-ci il tarixli, 3-13-23/2-468/2025 nömrəli məktubda qeyd edilir ki, İddiaçı döyüş əməliyyatlarında iştirakı, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatlarda bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam edilməsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbinə uyğun olaraq ona müharibə veteranı adının verilməsi mümkün olmamışdır. Daxili İşlər Nazirliyi X26 İdarəsinin 13 fevral 2025-ci il tarixli, 3-13-23/2-409/2025 nömrəli məktubunda qeyd edilir ki, xx.xx.2020-ci il tarixli 286 nömrəli əmrə əsasən gizir İddiaçı həmin tarixdə Füzuli rayonuna gedərək qazan təminatına daxil edilmiş, N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 287 nömrəli əmri ilə növbəti gün Füzuli rayonundan qayıtmış hesab edilmişdir. xx.xx.2020-ci il tarixli 288 nömrəli əmrlə İddiaçı Füzuli rayonuna gedərək qazan təminatına daxil edilmiş və xx.xx.2020-ci il tarixdə həmin rayondan qayıtmışdır. Bununla belə, DİN-in Daxili Qoşunlarının Baş İdarəsinin arxiv məlumatlarına əsasən İddiaçı həmin müddətdə döyüş təminatı ilə bağlı tapşırıqların icrasına və döyüş əməliyyatlarına cəlb edilməmişdir. X15 Daxili Qoşunlarının 25 aprel 2025-ci il tarixli, 3-13-14-1/2-740/2025 nömrəli məktubunda qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin TE-188m nömrəli, xx.xx.2021-ci il tarixli məxfi məktubunda göstərilən meyarlara uyğun gəldiyindən aşağıda adları göstərilən hərbi qulluqçulara “Müharibə veteranı vəsiqəsi” verilmişdir: - X8 (ezamiyyət bileti № 467, xx.xx.2020-ci il), xx.xx.2022-ci il tarixli, 034860 nömrəli, X10 (ezamiyyət bileti № 469, xx.xx.2020-ci il), xx.xx.2022-ci il tarixli, 034861 nömrəli, X12 (ezamiyyət bileti № 472, xx.xx.2020-ci il), xx.xx.2022-ci il tarixli, 034994 nömrəli, X3 (ezamiyyət bileti № 474, xx.xx.2020-ci il), xx.xx.2022-ci il tarixli 034944 №-li. X14 (ezamiyyət bileti № 468, xx.xx.2020-ci il), X9 (ezamiyyət bileti № 470, xx.xx.2020-ci il), İddiaçı (ezamiyyət bileti № 471, xx.xx.2020-ci il) və X4 (ezamiyyət bileti № 473, xx.xx.2020-ci il) qeyd olunan meyyarlar nəzərə alınmaqla “Müharibə vetaranı vəsiqəsi” verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Daxili Qoşunların tərkibində müddətli və həqiqi hərbi xidmət keçmiş sabiq hərbi qulluqçu olan iddiaçı hərbi əməliyyatların getdiyi dövrdə, yəni 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində N oktyabr 2020-ci il tarixində döyüş aparılan ərazilərə, həmçinin 08-N noyabr tarixlərində isə Füzuli rayonu ərazisinə ezam edilmişdir. Ezamiyyət barədə əmrlərdə yalnız iddiaçının Füzuli rayonun ezam edilməsi göstərilmiş, onun hansısa döyüşən hərbi hissəyə ezam olunması barədə heç bir göstəriş olmamışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, şəxsə müharibə veteranı adının verilməsi üçün o, müharibə aparılan ərazidə yerləşən hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş olmalı, yaxud döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş olmalıdır. Göründüyü kimi, iddiaçı döyüş əməliyyatlarının aparıldığı dövrdə N saylı hərbi hissə komandirinin əmrləri ilə Füzuli rayonuna ezam olunsa da, döyüş təminatı ilə bağlı tapşırıqların icrasına və döyüş əməliyyatlarına cəlb edilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq ona müharibə veteranı adının verilməsi mümkün olmamış, cavabdeh inzibati orqanın mövqeyi əsaslı olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmamasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.2). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2668/2024 nömrəli, 26 sentyabr 2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 85 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2668/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Kamran Əkbərov Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar