Məhkəmə qərarları › İş №2-1(103)-79/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-79/2020

30.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-79/2020 30.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Seyidova Səriyyə Seyid qızı və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı məlumatların təqdim olunması öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1477/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehə ünvanlandığı xx.xx.2018-ci il tarixli vəkil sorğusunda tələb etdiyi: 2015, 2016, 2017 və 2018-ci illər üzrə xarici ölkələrin ali təhsil müəssisələrindən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülmüş tələbələrin cəmi sayı haqqında; 2015, 2016, 2017 və 2018-ci illər üzrə köçürülmüş tələbələrin xarici ölkədə oxuduqları ali təhsil müəssisəsinin adı və Azərbaycan Respublikasında köçürüldükləri ali təhsil müəssisəsinin adı haqqında; 2015, 2016, 2017 və 2018-ci illər üzrə köçürülmüş tələbələrin xarici ölkədə oxuduqları ali təhsil müəssisəsinin neçənci kursundan Azərbaycan Respublikasında hansı ali təhsil müəssisəsinin neçənci kursuna köçürüldükləri haqqında məlumatların ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, müraciətini xx.xx.2018-ci il tarixdə göndərsə də, 54 gün keçməsinə baxmayaraq, cavabdeh sorğuya cavab verməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə, Qaydalarda tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi cavabdehin razılığı ilə həyata keçirildiyi müəyyən olunsa da, həmin Qaydalarda illər üzrə xarici ölkələrin ali təhsil müəssisələrindən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülmüş tələbələrin statistik məlumatlarının, habelə köçürülmüş tələbələrin xarici ölkədə oxuduqları ali təhsil müəssisəsinin adı və Azərbaycan Respublikasında köçürüldükləri ali təhsil müəssisəsinin adı haqqında məlumatlarının; köçürülmüş tələbələrin xarici ölkədə oxuduqları ali təhsil müəssisəsinin neçənci kursundan Azərbaycan Respublikasında hansı ali təhsil müəssisələrinin neçənci kursuna köçürüldükləri haqqında məlumatların nazirlik tərəfindən toplanması müəyyən edilməmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, X3 iddiaçıya müraciət edərək, Türkiyə Respublikasının Yıldırım X1 fakültəsində təhsil aldığını, Azərbaycan Respublikasının hər hansı bir ali təhsil müəssisəsinin hüquq fakültəsinə köçürülmək hüququndan istifadə etmək istədiyini bildirmişdir. Dəfələrlə bu barədə cavabdehə ərizə və elektron sistem vasitəsilə müraciət etsə də, hər dəfə heç bir əsas göstərilmədən rədd cavabı almışdır. T.Cavadzadənin AR Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinin hamı qanun və məhkəmə qarşısında bərabərdir imperativ qaydası ilə tənzimlənmiş əsas insan hüququ olan bərabərlik hüququnun cavabdeh tərəfindən pozulub-pozulmadığını aşkar edə bilmək və müdafiə edə bilmək üçün 2015, 2016, 2017-ci və 2018-ci illər üzrə xarici ölkələrin ali təhsil müəssisələrindən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbələrin köçürülməsi ilə bağlı məlumat və sənədlərə ehtiyac əməl gəlmişdir. Bu səbəblə cavabdehə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” AR Qanununun 7 və 15-ci maddələrinə və digər qanunvericilik aktlarına əsasən vəkil sorğusu göndərmişdir. Məhkəmə prosesi vaxtı cavabdeh iki dəfə məhkəməyə rəsmi məlumat vermişdir. Birinci rəsmi məlumatda (xx.xx.2019-cu il tarixli 11-18-59/10 saylı) deyilir ki, sorğu etdiyiniz informasiyanın həcmi iri olduğu üçün “İnformasiya əldə etmək haqqında” AR Qanununun 21.2.3-cü maddəsinə əsasən həmin məlumatı verə bilmir. İkinci rəsmi məlumatda (xx.xx.2019-cu il tarixli 18-18-82/12 saylı) deyilir ki, cavabdeh xarici ölkələrin ali təhsil müəssisələrinə köçürülən tələblərin rəsmi statistikasını aparmadığı üçün sözügedən məlumatın təqdim edilməsi imkan xaricindədir. Buradan məlum olduğu kimi, cavabdehin verdiyi cavablar bir-biri ilə ziddiyyət təşkil edir. Olmayan bir məlumatın iri həcmli olduğunu necə təsbit etdikləri maraqlıdır. Buna baxmayaraq, məhkəmə cavabdehin haqlı olduğunu qəbul edib və qərarında deyib ki, köçürülmüş tələbələrin statistik məlumatlarının nazirlik tərəfindən toplanması vəzifəsi müəyyən edilməmişdir. Yəni, məhkəmə deyir ki, cavabdeh istədiyi tələbənin köçürülməsi, istədiyi tələbənin də köçürülməsindən imtina etməsi haqqında konfidensial inzibati akt qəbul edə bilər. Həmin aktların qanunvericiliyə uyğun olub-olmadığının yoxlanıla bilməsi üçün vəkil tərəfindən verilən sorğu isə təmin edilə bilməz. Məhkəmə bu yolla cavabdehin qəbul etmiş olduğu aktların məhkəmə nəzarətindən kənarda qaldığını da ifadə edərək, Azərbaycan Respublikasının Konstitusiyasını, “İnformasiya əldə etmək haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “İnzibati icraat haqqında” qanunları pozmuşdur. Vəkil sorğusu ilə istənilən məlumatlar dövlət sirrinə aid olan məlumat deyil. Hər bir vətəndaşa verilə bilən məlumatı vəkil daha rahat ala bilməlidir və vəkilin bu hüququ “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda öz əksini tapmışdır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət qismən əsaslıdır. İşdə olan, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2018-ci il tarixli M-0005 nömrəli məktubda qeyd edilmişdir ki, vətəndaş X3 ona müraciət edərək, Türkiyə Respublikasının Yıldırım X1 fakültəsində təhsil aldığını, Azərbaycan Respublikasının hər hansı bir ali təhsil müəssisəsinin hüquq fakültəsinə köçürülmək hüququndan istifadə etmək istədiyini bildirmişdir. T.Cavadzadənin hüquqlarını müdafiə edə bilmək üçün 2015, 2016, 2017 və 2018-ci illər üzrə xarici ölkələrin ali təhsil müəssisələrindən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbələrin köçürülməsi ilə bağlı aşağıdakı məlumat və sənədlərə ehtiyac əməl gəlmişdir:

1. 2015, 2016, 2017 və 2018-ci illər üzrə xarici ölkələrin ali təhsil müəssisələrindən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülmüş tələbələrin cəmi sayı haqqında arayış; 2. 2015, 2016, 2017 və 2018-ci illər üzrə köçürülmüş tələbələrin xarici ölkədə oxuduqları ali təhsil müəssisəsinin adı və Azərbaycan Respublikasında köçürüldükləri ali təhsil müəssisəsinin adı haqqında arayış; 3. 2015, 2016, 2017 və 2018ci illər üzrə köçürülmüş tələbələrin xarici ölkədə oxuduqları ali təhsil müəssisəsinin neçənci kursundan Azərbaycan Respublikasında hansı ali təhsil müəssisələrinin neçənci kursuna köçürüldükləri haqqında arayış. Cavabdeh tərəfindən Bakı şəhəri 18 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2019cu il tarixli 11-18-59/10 nömrəli məktubun surətində qeyd edilmişdir ki, “Xarici ölkələrin ali təhsil müəssisələrindən Azərbaycan Respublikası ali təhsil müəssisələrinə tələbələrin köçülməsi ilə bağlı məlumat və sənədlərin verilməsi ilə bağlı müraciətə baxılmışdır. Sorğu etdiyiniz informasiyanın həcmi iri olduğundan “İnformasiya əldə etmək haqqında” AR Qanununun 21.2.3-cü maddəsinə əsasən həmin sənədlərin sizə verilməsi mümkün hesab edilmir.” Məktubun surəti xx.xx.2019-cu il tarixdə birinci instansiya məhkəməsinin iclasında iddiaçıya təqdim olunmuşdur. Məktubun daha əvvəl iddiaçıya rəsmi qaydada göndərilməsi (təqdim edilməsi) barədə iş materiallarında hər hansı sənəd mövcud deyil. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli 18-18-82/12 nömrəli məktubda göstərilmişdir ki, 2015-2018-ci illərdə xarici ölkələrin ali təhsil müəssisələrinə köçürülən tələbələrin sayının təqdim edilməsi ilə əlaqədar sorğuya baxılmışdır. Bildirir ki, cavabdehdə xarici ölkələrin ali təhsil müəssisələrinə köçürülən tələbələrin rəsmi statistikası aparılmadığından, sözügedən məlumatın təqdim edilməsi imkan xaricindədir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktlarının normaları tətbiq olunmalıdır. “İnformasiya əldə etmək haqqında” AR Qanununun: 3.0.1. informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır; 3.0.5. informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir; 9.1. Aşağıdakılar informasiya sahibləri sayılır: 9.1.1. dövlət orqanları və bələdiyyələr; 10.1. İnformasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur; 10.2. İnformasiya sahibi bu məqsədlə informasiya məsələləri üzrə vəzifəli şəxs təyin edir, yaxud struktur bölmə yaradır, informasiya xidmətləri göstərir; 10.3. İnformasiya məsələləri üzrə vəzifəli şəxsin təyin olunmaması və ya struktur bölmənin yaradılmaması informasiya xidmətləri göstərməkdən imtina üçün əsas ola bilməz; 20.1. İnformasiya sahibinin vəzifəli şəxsi araşdırmanın nəticəsindən asılı olaraq aşağıdakı qərarlardan birini qəbul edir: 20.1.1. sorğunun icrasından imtina edir; 20.1.2. sorğunun icrasını təmin edir; 20.1.3. sorğunu aidiyyəti informasiya sahibinə göndərir. 21.1. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: 21.1.1. sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə; 21.1.2. informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə; 21.1.3. sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda. 21.2. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edə bilər: 21.2.1. sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa; 21.2.2. bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində nəzərdə tutulan hüquqi və fiziki şəxslərdən sorğulanan informasiya bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində göstərilən vəzifələrin yerinə yetirilməsinə aid deyilsə; 21.2.3. sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa; 21.2.4. sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün deyilsə; 21.2.5. sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə; 21.3. İnformasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməlidir; 24.1. İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir; 24.2. Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir; 24.3. İnsan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması və hazırlanması müəyyən vaxt tələb edən informasiya 48 saat ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) təqdim edilir; 24.4. Əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir; 24.5. İnformasiya sorğusunın bu Qanunla müəyyənləşdirilmiş icra müddəti sorğunun qeydə alındığı günün sonrakı iş günündən hesablanır; 27.1. Aşağıdakı hallarda informasiya sorğusu icra olunmuş sayılır: 27.1.1. informasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə; 27.1.2. informasiya sorğusu aidiyyəti üzrə göndərildikdə və sorğuçuya bu barədə məlumat verildikdə; 27.1.3. açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə; 27.1.4. informasiya sorğusunun icrasından imtina barədə sorğuçuya əsaslandırılmış cavab verildikdə; 34.1. Əldə olunma növünə görə informasiya ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalara bölünür; 34.2. Azərbaycan Respublikasının qanunu ilə əldə olunması məhdudlaşdırılmayan informasiyalar açıq informasiyalar sayılır; 34.3. Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar hüquqi rejiminə görə məxfi və gizli (konfidensial) olur; 34.4. Dövlət sirri məxfi, vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədi ilə əldə olunmasına məhdudiyyət qoyulan peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri, habelə fərdi məlumatlar konfidensial xarakter daşıyır. Fərdi məlumatlar daxilolma (əldə olunma) növünə görə konfidensial və açıq kateqoriyalara bölünür. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” AR Qanununun 7-ci maddəsinə görə, təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar. Eyni Qanunun 15-ci maddəsinə əsasən, vəkillər peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın: 1.8. Tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası (əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra - qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir; 2.8. DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin ali təhsil müəssisələrinə köçürülməsi məsələsinə baxılması zamanı aşağıdakılar nəzərə alınır: 2.8.1. beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000 bal (riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6.0 bal); 2.8.2. qənaətbəxş akademik göstəriciləri; 2.8.3. köçürülmə səbəbləri; 2.8.4. təhsil aldığı ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması; 2.9. Bir ali təhsil müəssisəsindən və (və ya) ixtisasdan digərinə köçürülmək, eləcə də təhsilalma formasını dəyişmək istəyən tələbə aşağıdakı sənədləri əlavə etməklə Təhsil Nazirliyinə elektron ərizə ilə (www.transfer.edu.az) müraciət edir: 2.9.1. akademik arayış (akademik transkript) - tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri (saatları) və qiymətləri (rəqəm və (və ya) hərflərlə) özündə əks etdirən (xaricdə təhsil alanlar üçün mövcud qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcümə olunmuş) sənəd; 2.10. Bir ali təhsil müəssisəsindən və (və ya) ixtisasdan digərinə köçürülmək, eləcə də təhsilalma formasını dəyişmək istəyən tələbənin təqdim etdiyi sənədlər Təhsil Nazirliyində yoxlanılır, "Tələbə-məzun" dövlət elektron məlumat sistemi ilə tutuşdurulur, xaricdən köçürüldüyü halda tələbənin beynəlxalq imtahanlarda qazandıqları nəticələr, onun təhsil aldığı xarici ölkə ali təhsil müəssisəsinin həmin ölkədə akkreditə olunması, dünya reytinq cədvəllərindəki yeri və gediş-gəlişi təsdiq edən rəsmi sənədləri yoxlanılır, köçürülmə üçün əsasların olub-olmadığı müəyyənləşdirilir; 2.11. Köçürülmə üçün əsas olmadığı hallarda Təhsil Nazirliyi tərəfindən ərizəçiyə köçürülməkdən imtina barədə cavab verilir. Köçürülmə ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə tələbənin təhsil aldığı ali təhsil müəssisəsinə akademik transkript blankının ayrılması barədə (bir ali təhsil müəssisəsindən digərinə köçürülənlər üçün), köçürülmək istədiyi ali təhsil müəssisəsinə isə köçürülməyə razılıq verilməsi barədə Təhsil Nazirliyi tərəfindən məktub göndərilir. Xarici ölkə ali təhsil müəssisəsindən köçürülmə ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə tələbənin köçürülmək istədiyi ali təhsil müəssisəsinə razılıq məktubu göndərilir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddia sorğunun ilk bəndi, yəni 2015, 2016, 2017 və 2018-ci illər üzrə xarici ölkələrin ali təhsil müəssisələrindən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülmüş tələbələrin cəmi sayı haqqında məlumatın təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissədə qismən əsaslıdır. Belə ki, sorğunun ilk sualına münasibətdə cavabdeh “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”a uyğun həyata keçirdiyi fəaliyyət nəticəsində yaranan informasiyanın “İnformasiya əldə etmək haqqında” AR Qanunu mənasında sahibidir, sorğu ilə tələb olunan məlumat əldə olunması məhdudlaşdırılmayan informasiyalara (açıq informasiyalara) aid olmaqla, köçürülmüş tələbələrin əlavə sistemləşdirilmə, təhlil edilmə və ya sənədləşdirilmə tələb etməyən, dörd il üzrə cəmi sayından (rəqəmdən) ibarətdir, cavabdeh hər bir informasiya sahibi kimi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur, sorğunun həmin hissədə icrasından imtina edilməsi üçün Qanunla nəzərdə tutulan əsaslar iş üzrə müəyyən edilmir. İddia sorğunun digər iki bəndi, yəni 2015, 2016, 2017 və 2018-ci illər üzrə köçürülmüş tələbələrin xarici ölkədə oxuduqları ali təhsil müəssisəsinin adı və Azərbaycan Respublikasında köçürüldükləri ali təhsil müəssisəsinin adı haqqında; 2015, 2016, 2017 və 2018-ci illər üzrə köçürülmüş tələbələrin xarici ölkədə oxuduqları ali təhsil müəssisəsinin neçənci kursundan Azərbaycan Respublikasında hansı ali təhsil müəssisəsinin neçənci kursuna köçürüldükləri haqqında məlumatların təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələblərinə dair hissədə isə əsassızdır. Belə ki, “İnformasiya əldə etmək haqqında” AR Qanununun 21.2.5-ci maddəsinə görə, sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə, informasiya sahibi sorğunun icrasından imtina edə bilər. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin iddiaçının sorğularına mahiyyəti üzrə cavab verilməsindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə qismən sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinası qanuna zidd olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur, imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, şikayət qismən təmin edilməli, qərar ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli, iddia müzakirə olunan qaydada qismən təmin olunmalıdır (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1477/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. 2015, 2016, 2017 və 2018-ci illər üzrə xarici ölkələrin ali təhsil müəssisələrindən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülmüş tələbələrin cəmi sayı haqqında məlumatın İddiaçı təqdim edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Vidadi Məmmədov Səriyyə Seyidova İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar