Məhkəmə qərarları › İş №2-1(103)-79/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-79/2024

20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-79/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair ünvan 1ixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 10 sentyabr 1990-ci ildə “Dostluq” bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 37 saylı torpaq sahəsində iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1958-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ona 10 sentyabr 1990-cı ildə “Dostluq” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən Xəzər rayonu, Şüvəlan qəsəbəsində 37 N«-li sahədə 600 kv.m torpaq sahəsi ayrılmışdı. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququ əldə etmək üçün ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan xx.xx.2022-ci il tarixli **********27 saylı cavab məktubunda bildirmişdir ki, həmin ona ayrılan 37 saylı torpaq sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı aşkar edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqan tərəfindən hüquqları kobud şəkildə pozulmuşdur. Çünki onun razılığı və imtinası olmadan özünə məxsus sözü gedən torpaq sahəsi necə olur ki, başqa fiziki şəxsin adına qeydiyyatdan keçir, yəni cavabdeh orqan qanun pozuntusuna açıq-aşkar yol vermişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Dostluq” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən verilmiş 37 saylı bağ sahəsində iddiaçıya ayrılmış 509 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda bildirmişdir ki, İddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi “Dostluq” bağçılıqyoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda və bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmayan ərazidə yerləşir. Həmçinin, torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənədlər üzrə 600 kv.m olsa da, faktiki 509 kv.m təşkil edir. Bundan əlavə, idarədə mövcud olan arxiv məlumatlarına əsasən “Dostluq” bağçılıq-yoldaşlıq təsərrüfatının nəzdində eyni nömrəli bağ sahəsinin digər fiziki şəxsin (X11) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı aşkar edilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********27 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. ünvan 1ixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinə etirazla eyni məzmunda əsaslandırılmışdır və bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi “Dostluq” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda və bağçılıqyoldaşlıq təsərrüfatına ayrılmayan ərazidə yerləşir. Həmçinin, torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənədlər üzrə 600 kv.m olsa da, faktiki 509 kv.m təşkil edir. Bundan əlavə, idarədə mövcud olan arxiv məlumatlarına əsasən “Dostluq” bağçılıqyoldaşlıq təsərrüfatının nəzdində eyni nömrəli bağ sahəsinin digər fiziki şəxsin (X11) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı aşkar edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1917/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X2, X12 və X7 hazırki iş üzrə üçüncü şəxs statusu ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-79/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X9 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayəti ilə razı olduğunu bildirərək onun təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia rədd edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçılar subyektiv hüquqa malikdir. Hazırki iş üzrə iddiaçılar cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -- 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 146.2-ci madəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. -15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (maddə 15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (maddə 15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (maddə 15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (maddə 15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (maddə 15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (maddə 15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Apellyasiya şikayətinin dəlilinə münasibət: İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim edilmiş “Dostluq” bağçılıqyoldaşlıq təsərrüfatının arxiv qovluğunda mövcud olan sənədlərdən görünür ki, “Dostluq” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinə torpaq sahəsinin ayrılmasına dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin işdə olan siyahısının 22- ci sıra nömrəsində X5 adı qeyd edilmişdir. “Dostluq” bağçılıq-yoldaşlıq təsərrüfatının 8 saylı (verilmə tarixi xx.xx.1990-cı il) üzvlük biletinə əsasən iddiaçı Dostluq” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvüdür və ayrılmış bağ sahəsinin nömrəsi 37, torpağın ümumi sahəsi 600 kv.m.-dir. İddiaçının 37 saylı bağ sahəsinin ona təhkim edilməsinin əsası kimi istinad etdiyi “bağçının üzvlük bileti”nə “Dostluq” bağçılıq-yoldaşlıq təsərrüfatının” möhürü vurulmuşdur. Hazırkı inzibati iş üzrə iddiaçının hüquqi marağı “Dostluq” bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 37 saylı torpaq sahəsində ona ayrılmış 600 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir. İddiaçı bununla bağlı bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina əsası kimi o hallara istinad edilmişdir ki, göstərilən torpaq sahəsi “Dostluq” bağçılıqyoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda və bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmayan ərazidə yerləşir. Həmçinin, torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənədlər üzrə 600 kv.m olsa da, faktiki 509 kv.m təşkil edir. Bundan əlavə, idarədə mövcud olan arxiv məlumatlarına əsasən “Dostluq” bağçılıq-yoldaşlıq təsərrüfatının nəzdində eyni nömrəli bağ sahəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı aşkar edilmişdir. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın imtinasını əsassız hesab etmiş və iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imtinası ilə bağlı gətirdiyi dəlillər, yəni iddiaçı tərəfindən göstərilən torpaq sahəsi “Dostluq” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda və bağçılıqyoldaşlıq təsərrüfatına ayrılmayan ərazidə yerləşməsi tutarlı əsas sayıla bilməz. Belə ki, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir, həmçinin müvafiq uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırılmanın təmin edilməsi, eyni zamanda torpaq sahəsinin müvafiq ölçmə işlərinin aparılması və iddiaçıya məxsus bağ sahəsinin sərhədlərinin müəyyən edilməsi cavabdehin vəzifələrinə aid olduğundan iddia təmin edilməlidir. Həmçinin cavabdeh inzibati orqanın imtina və etirazında göstərilən torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənədlər üzrə 600 kv.m olsa da, faktiki 509 kv.m olması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirərək 509 kv.m torpaq sahəsinə çıxarış verilməsini tələb edir və bununla da tələbin həmin hissəsi ilə də bağlı mübahisəli hal aradan qalxmış olur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı tələbinin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində təsbit edilmiş hüquq müəyyənedici sənədə - kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına və üzvlük biletinə istinad etmişdir. Məhkəmə kollegiyası razılaşır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsasında mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatı aparılmalıdır. Lakin bunun üçün iddiaçı tərəfindən təqdim edilmiş həmin müəyyənedici sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması müəyyən olunmalıdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırda iddia irəli sürdüyü bağ sahəsi 37 saylı bağ sahəsidir, məhkəmə icraatına cəlb edilmiş 3-cü şəxsin mülkiyyətində olan bağ sahəsinin nömrəsi isə 35/37 nömrəli olmaqla əvvəlcə X6 mülkiyyətində olmuş, daha sonra X1, son olaraq isə X7 mülkiyyətində olmaqla iddiaçının iddia etdiyi bağ sahəsi ilə üst-üstə düşmə məqamı mövcud deyildir. Bununla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1917/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X2, X12 və X7 hazırki iş üzrə üçüncü şəxs statusu ləğv edilmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı “Dostluq” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktının və “Dostluq” bağçılıq-yoldaşlığının arxiv qovluğunun əsli cavabdeh inzibati orqandan istənilmiş, məhkəməyə təqdim edilmiş arxiv qovluğuna tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Daha sonra mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsi, həmin torpaq sahəsinin naturada harada yerləşməsinin, həmin bağ sahəsinin naturada yeri müəyyən edildikdən sonra başqa şəxslərə (hüquqi şəxs) məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədilə məhkəmənin 2-1(103)-1917/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İddiaçı “Dostluq” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən verilmiş 37 saylı bağ sahəsində iddiaçıya ayrılmış 509 kv.m torpaq sahəsinin koordinatları (sahə sərhədləri), ölçüsü, təyinatı müəyyən edilsin. - İddiaçı “Dostluq” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən verilmiş 37 saylı bağ sahəsində 509 kv.m torpaq sahəsinin bağçılıq-yoldaşlıq ayrıc aktından kənarda yerləşibyerləşməməsi, yerləşirsə hansı hissədə yerləşməsi müəyyən edilsin. - İddiaçı “Dostluq” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən verilmiş 37 saylı bağ sahəsində iddiaçıya ayrılmış 509 kv.m torpaq sahəsinin naturada yeri müəyyən edildikdən sonra başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşürmü və müəyyən olunacaq yer başqa şəxsin adına qeydiyyatdan keçmişdirmi? - İddiaçı “Dostluq” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən verilmiş 37 saylı bağ sahəsində iddiaçıya ayrılmış 509 kv.m torpaq sahəsi ilə başqa şəxslərin faktiki istifadəsində olan torpaq sahələri üst-üstə düşürmü (tam və ya qismən)? Düşürsə hansı hissələrdə? AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2024-cü il tarixli, 3-16-16/2-10/7271 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir, qərardadın birinci sualı üzrə: Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qərardadın 1-ci sualına münasibət bildirilmədiyindən həmin sualın cavablandırılması mümkün olmamışdır. Qərardadın 2, 3, 4-cü sualları üzrə: vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan hasarlanmış sahə digər fiziki şəxsin adına **********71 reyestr nömrəsi ilə Dövlət qeydiyyatına alınaraq sonradan özgəninkiləşdirilmişdir. İddia olunan sahə “Dostluq” bağçılıq-yoldaşlığının ərazisinə aidiyyəti yoxdur. Ayrıc aktından kənarda yerləşir (sözügedən ərazi bağ sahələri üçün ayrılmış ərazilərə aid deyil). Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının iddia etdiyi torpaq sahəsinə dair **********71 reyestr nömrəsi ilə çıxarışın X4 adına olduğunu bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-79/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə obyektiv araşdırma aparılması məqsədilə X9 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Çıxarışın verilməsinə əsas olan sənədlər tələb edilmiş, mübahisəli torpaq sahəsinin 3-cü şəxsin mülkiyyətinə verilməsinə əsas sənəd qismində Əzizbəyov Rayon XDS İK-nin qərarı təqdim edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri olan iddia olunan torpaq sahəsinin “Dostluq” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda və bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmayan ərazidə yerləşməsi dəlilinə münasibətdə diqqətə çatdırır ki, AR Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən qərarlarından birində (2-1(102)-2201/2023 saylı, xx.xx.2023-cü il tarixli qərar) sözügedən məsələ üzrə qeyd edilmişdir ki:

36. Bağ-torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı işlərə baxılarkən, cavabdeh mübahisələndirilən torpaq sahəsinin bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktına və bölgü sxeminə əsasən ayrılan ərazidən kənarda yerləşməsi barədə dəlilə istinad edirsə, sözügedən ayrıc aktını və bölgü sxemini, eləcə də onlara əsaslanan kənarda yerləşməyə dair müvafiq sübutları təqdim etmək öhdəliyi daşıyır. Öz növbəsində, məhkəmələr həmin mübahisəli hal üzrə nəticəyə, qeyd edilən sənədlər və sübutları işdəki digər sübutlarla əlaqəli, birgə və məcmu halda tədqiq etməklə gəlməlidirlər. Hazırki işdə apellyasiya məhkəməsi bu qaydada davranmamışdır.

37. Mübahisəni həll etmək üçün iş üzrə əhəmiyyətli halın müəyyənləşdirilməsinə ehtiyac yarandıqda xüsusi bilik tələb olunduğu nəzərə alınmaqla ekspertiza təyin edilə bilər. Bu zaman, verilmiş ekspert rəyi məhkəmə üçün məcburi deyildir, həmin rəy məhkəmə tərəfindən tədqiq olunmalı və işdəki digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Ekspert rəyi aparılmış tədqiqata əsaslanmalı, qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Ekspert rəyi müstəqil aparılmış tədqiqata əsaslanmadıqda, kommersiya hüquqi şəxsin mütəxəssisi tərəfindən verilmiş mütəxəssis rəyində göstərilənlər eynilə təkrarlanmaqla nəticəyə gəlindikdə, məhkəmələr həmin ekspert rəyinin mötəbərliyi və sübut kimi nəzərə alınması məsələsini müzakirə etməlidirlər. Bu zaman, həm də, xüsusi bilik tələb olunan məsələ üzrə kommersiya hüquqi şəxsin mütəxəssisi tərəfindən rəy verilməsinin qanunvericiliklə yol verilənliyi diqqətə alınmalıdır.

38. Bağ-torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı mübahisələrə baxılarkən cavabdeh məhz ayrıc aktı və bölgü sxeminə istinadla mübahisəli torpaq sahəsinin bağçılığa ayrılan ərazinin hüdudlarından kənarda yerləşdiyini bildirdikdə və həmin sənədləri təqdim etdikdə, ayrıc aktı və bölgü sxeminin məlumatlarının nəzərə alınmadığı tədqiqat nəticəsi iş üzrə mübahisələndirilən halların mötəbər qaydada müəyyənləşdirilməsi kimi qəbul edilə bilməz. Bağ-torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasına dair tələbin təmin edilməsi mübahisəli sahəsinin bağçılığa ayrılmış ərazinin daxilində yerləşməsinə dair faktiki halın müəyyən olunmasından asılıdır. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş mübahisəli ərazinin ortofoto görüntüsündən və iş üzrə alınmış ekspert rəyindən müəyyən edilir ki, iddia olunan sahənin “Dostluq” bağçılıq-yoldaşlığının ərazisinə aidiyyəti yoxdur. Ayrıc aktından kənarda yerləşir, sözügedən ərazi bağ sahələri üçün ayrılmış ərazilərə aid deyil. Məhkəmə araşdırmaları zamanı da iddiaçı hər dəfə məhz eyni torpaq sahəsinin tərəfindən göstərildiyini, əvvəllər orada yarımcıq tikilinin olduğunu, çıxarışın mövcudluğu ilə bağlı hazırda məlumatlı olduğunu bildirmişdir. Hazırki iş üzrə əldə edilmiş 30 yanvar 2024-cü il tarixli, 3-16-16/2-10/7271 saylı ekspert rəyinin sübuti əhəmiyyəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununu qiymətləndirmək hüququnun olması kimi başa düşülür. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrıayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, sözügedən ekspert rəyinin mötəbərliyini şübhəyə alan məqamlar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, nə qədər ki, iddia olunan torpaq sahəsinin X4 mülkiyyətində olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcuddur və həmin çıxarış ləğv edilməmişdir, həmçinin iddia olunan torpaq sahəsinin “Dostluq” bağçılıq-yoldaşlığının ayrıc aktından kənarda yerləşməsi təsdiq olunduğundan iddiaçının iddia tələbi təmin edilə bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.3-cü maddəsinə əsasən əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmin Qanunun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə əsasən, mübahisəli torpaq sahəsinin X4 mülkiyyətində olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. İddia tələbi rədd edildiyindən məhkəmə kollegiyası hesab edir ki, ekspertiza xərci iddiaçının üzərinə qoyulmalıdır. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qərarın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır (İPM-87.6).

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. ünvan 1ixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar