Məhkəmə qərarları › İş №2-1(103)-79/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-79/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-79/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-1(112)-452/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında İddiaçınə məxsus olan 1197.2 kv.m. sahədən ibarət əmlak kompleksinin sökülməsinə görə 3.628.396 manat məbləğində kompensasiyanın və bu məbləğə hesablanmış 20% miqdarında 725.679 manat əlavə haqqın İddiaçınə ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçınə mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanda 1197.2 kv.m. sahədən ibarət əmlak kompleksi mülkiyyətçi ilə əvvəlcədən razılaşdırılmadan "Bakı Ağ şəhər" layihəsi çərçivəsində yol və digər infrastruktur tikintisi məqsədləri ilə əsaslandırılaraq xx.xx.2017-ci il tarixdə cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən sökülmüşdür. Bu söküntü nəticəsində İddiaçınə 1197.2 kv.m. sahədən ibarət əmlak kompleksinin bazar dəyəri olan 3.628.396 (üç milyon altı yüz iyirmi səkkiz min üç yüz doxsan altı) manat məbləğində ziyan dəymişdir. Belə ki, əmlakın qiymətləndirilməsinə dair "AZERKONSALT" şirkətinin xx.xx.2008-ci il tarixli rəyinə əsasən, İddiaçınə mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanda 1197.2 kv.m. sahədən ibarət əmlak kompleksinin bazar dəyəri 3.628.396 (üç milyon altı yüz iyirmi səkkiz min üç yüz doxsan altı) manat məbləğində qiymətləndirilmişdi. Lakin indiyə qədər, İddiaçınə dəymiş ziyana görə heç bir kompensasiya ödənilməmişdir. Dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı dəfələrlə müxtəlif dövlət orqanlarına, o cümlədən, cavabdeh Xətai rayon İcra Hakimiyyətinə müraciətlər, şikayətlər edilmiş, lakin indiyədək qanuni əmlakın sökülməsinə və bunun nəticəsində vurulmuş maddi ziyana görə heç bir kompensasiya ödənilməmişdir. Cavabdeh A-242 saylı, xx.xx.2017-ci il tarixli və A-50- 150 saylı, xx.xx.2021-ci il tarixli məktubları ilə ona məxsus əmlak kompleksinin söküntüsünün baş verdiyi təsdiq edilir, vəsait olmadığı üçün kompensasiya verilə bilmədiyi qeyd edilir. Nümayəndə vasitəsi ilə etdiyi sonuncu xx.xx.2021-ci il tarixli müraciətə isə bu günədək cavab verilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 225 saylı sərəncamı ilə Bakı şəhərində sosial infrastrukturun daha da inkişaf etdirilməsi, Milli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar paytaxtda aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Xətai rayonunda da yolların, kommunikasiya xətlərinin və digər infrastruktur təminatının yaxşılaşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsi ilə əlaqədar Bakı şəhəri, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Babək prospektini birləşdirən yolun yaxınlığında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Xətai rayon İcra Hakimiyyəti tərəfindən yaradılan komissiya qeyd edilən ərazidə şəxsi mülkiyyətdə olan torpaq sahələrinin şəxsi mülklərin, eyni zamanda yaşayış və qeyri-yaşayış sahələrinin siyahılaşdırılmasını apararkən obyekt rəhbərlərinə kompensasiyanın ödənilməsi ilə bağlı müqavilə bağlanılması üçün rayon İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyaya müraciət edilməsi tövsiyə olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı rəhbərliyi tərəfindən komissiyaya hüquqi sənədlər təqdim edilmədiyindən komissiyada məlumat olmamışdır. Sonradan müraciətlə bağlı araşdırma aparılmış və müəyyən olunmuşdur ki, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 37 ünvanında yerləşən İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsi “Ağ Şəhər” lahiyəsi çərçivəsində söküntü ərazisinə düşmüşdür. Yuxarıda qeyd edilən köçürmələr mərhələli şəkildə aparılmadığından və maliyyə çatışmazlığından iddiaçıya vəsait ayrılmamışdır. İddiaçının hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən mübahisələndirilən vəsait oturulacağı təqdirdə iddiaçının tələbi təmin ediləcəkdir. İddia tələbinin əsassız olduğu nəzərə alınaraq təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-1(112)-452/2023 saylı qərarı ilə (hakim A.Əhədova) iddia tələbinin qismən təmin edilməsi, İddiaçınə məxsus ünvan 3 ünvanında yerləşmiş, ümumi sahəsi 1197.2 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 478.880 (dörd yüz yetmiş səkkiz min səkkiz yüz səksən) manat vəsaitin İddiaçınə ödənilməsi öhdəliyinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qiymətləndirmə xərci olan 600 manat vəsaitin 200 manat hissəsinin İddiaçındən, 400 manat hissəsinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-452/2023 saylı, xx.xx.2023-ci il tarixli qərarının qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, İddiaçı iddiasının tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək, ünvan 2 ünvanında İddiaçınə məxsus olan 1197.2 kv.m. sahədən əmlak kompleksinin - tikilinin sökülməsinə görə 3.628.396 manat məbləğində, torpaq sahəsinə görə 5.280.000 manat məbləğində, cəmi 8.908.396 manat kompensasiya və bu məbləğə hesablanmış 20 % miqdarında 1.781.679 manat əlavə haqqın İddiaçınə ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi hazırki işə baxarkən inzibati prosessual qanunvericiliyin tələblərini pozmuş, dəfələrlə məhkəmə prosesini lüzumsuz olaraq uzatmışdır. Belə ki, iddia ərizəsi məhkəməyə xx.xx.2021-ci ildə daxil olmuşdur, cəmi 7 məhkəmə iclası keçirilmişdir, əmlakın qiymətləndirilməsi ilə bağlı məhkəmənin təşəbbüsü ilə 2 ekspert rəyi alınmışdır, nəhayət iş məhkəməyə daxil olduqdan 1 il 5 ay sonra - xx.xx.2023-cü ildə, həm də məhkəmə öz təşəbbüsü ilə əldə etdiyi ekspert rəylərini əsassız olaraq sübut kimi qəbul etmədən işə aidiyyatı olmayan digər inzibati orqanın cəmi 1 məktubu əsasında qanunsuz qərar çıxarmışdır. Məhkəmə öz qərarını Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-23-3/2-22/2023 nömrəli məktubu ilə əsaslandırmışdır. Həmin məktubda qeyd edilir ki, iddia predmeti olan qeyri-yaşayış sahələrinə yaxın ərazilərdə qeyri-yaşayış sahələrinin sökülməsi ilə əlaqədar mülkiyyət hüququnu təsdiq edən sənədlərə sahib olan şəxslərə həmin sahələrin 1 kv. metri üçün tikintinin keyfiyyətindən, istifadədə olma müddətindən, konstruksiyasından, istifadə olunan tikinti materiallarından və digər amillərdən asılı olaraq, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanına əsasən 20 faiz əlavə edilməklə ***-**** manat arasında kompensasiya hesablanaraq ödənilmişdir. Birincisi, əgər Bakı İnzibati Məhkəməsi xx.xx.2023-ci il tarixli qərarını Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dovlət Maliyyə Nəzarəti Xidmətinin xx.xx.2023-cu il tarixli məktubu ilə əsaslandırmışsa, heç olmasa həmin məktubda göstərilmiş meyarlara tam riayət edə bilərdi. Belə ki, həmin məktubda qeyd edilir ki, qeyri-yaşayış sahələrinə kompensasiyalar 20 faiz əlavə edilməklə odənilmişdir. Lakin Bakı İnzibati Məhkəməsi heç Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunu da tam nəzərə almamış, iddiaçıya məxsus sahəyə 20 faiz əlavə edilməklə kompensasiyanı da təmin etməmiş və bunu heç nə ilə əsaslandırmamışdır. İkincisi, məhkəmə öz qərarını Maliyyə Nazirliyinin yuxarıda qeyd olunan məktubu ilə əsaslandırarkən qeyd etmişdir ki, sözügedən əmlak kompleksi 1994-cu ildə istismara verildiyi, söküldüyü 2017-ci il tarixə 23 ilin tikilisi olduğu, təmirsiz və sökülmüş olduğu üçün ədalətli kompensasiya bir kvadrat metri üçün 400 manatdan hesablanmalıdır. İş materiallarında olan sübutlara əsasən müəyyən olunmuşdur ki, “Ağ şəhər” layihəsi çərçivəsində Xəqani Rüstəmov və Süleyman Vəzirov küçələrinin yenidən qurulması layihəsi çərçivəsində yol tikinisi altına duşən bir neçə müəssisənin, o cümlədən İddiaçı də tam olaraq girişi, hasarı və tikililəri sökülmüş, müəssisəyə giriş məhdudlaşdırılmış, kommunal xidmətlər (su, elektrik) kəsilmişdir, müəssisənin fəaliyyəti tam dayanmışdır. Belə olan halda, Bakı İnzibati Məhkəməsi məhz cavabdehin hərəkətləri nəticəsində iddiaçının tikililərinin söküldüyünü, təmirsiz hala gətirildiyini görə bilməmişdir. Əlbəttə ki, görmüşdür, çünki iddiaçı tərəfindən sübut olunmuşdur ki, məhz bu söküntüdən sonra iddiaçıya məxsus tikililər yararsız hala düşmüş, müəssisənin fəaliyyəti dayanmışdır. İş materialları ilə sübut olunur ki, İddiaçınə mülkiyyət hüququ ilə ünvan 2 ünvanda 1197.2 kv.m sahədən ibarət əmlak kompleksi məxsusdur. İş materialları ilə həmçinin o da sübut olunur ki, həmin ünvanda İddiaçınə istifadə hüququ ilə 0.285 ha torpaq sahəsi də məxsusdur və iddiaçı 1197.2 kv.m-dən ibarət əmlak kompleksindən əlavə qanuni istifadəsində oldugu qeyd olunan torpaq sahəsinə görə də kompensasiya tələb edə bilər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 01/22-331 nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçınə məxsus olan əmlak kompleksinin 2017-ci ilə olan bazar dəyəri 3.590.000 (üç milyon beş yüz doxsan min) manat oldugu müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2889/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, ƏEM/D 19-832/22 nomrəli mütəxəssis rəyində İddiaçınə aid ünvan 3 ünvanında yerləşmiş 1197.2 kv.m ümumi, 945,8 kv.m əsas, 251,4 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin söküntüdən əvvəlki dövrə (2017-ci il tarixinə) bazar dəyəri 2.400.000 (iki milyon dörd yüz min) manat olduğu müəyyən edilmişdir. Lakin Bakı İnzibati Məhkəməsi hesab etmişdir ki, "xxxx" MMC-nin xx.xx.2022- ci il tarixli, 01/22- 331 nömrəli və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, ƏEM/D 19-832/22 nömrəli rəyləri mötəbər sübut hesab edilə bilməz. Bunu isə məhkəmə belə əsaslandırmışdır ki, əmlak kompleksinin sonuncu dəfə sökülməzdən öncəki vəziyyətə uyğun tərtib edilmiş texniki, istismar vəziyyətini əks etdirən sənədləri mövcud olmadıgından, habelə rəylər tərtib edilərkən tikili mövcud olmadığından təqdim edilmiş qiymətləndirmə rəyləri əmlakın sökülən vaxt dəyərini müəyyən edən mötəbər sübut qismində qəbul edilə bilməz. Məhkəmə özünün əldə etdiyi 1-ci rəyi qəbul etməmişdirsə, 2- ci dəfə qiymətləndirmə təyin etməsi və onu da qəbul etməməsi və bununla da işin baxılmasını lüzumsuz uzatması anlaşılan deyil. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin dəqiqləşməsi barədə ərizəni nəzərə alaraq, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehin nümayəndəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Hazırkı işin hallarından müəyyən edilir ki, - Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2013-cü il tarixli **********656100 nömrəli çıxarışa əsasən qurumun adı: İddiaçı, qeydiyyata alındığı tarix: xx.xx.1994, dövlət qeydiyyatı № (VÖEN): **********, təşkilati-hüquqi forması: Digər kommersiya təşkilatı, maliyyə ili: 1 yanvar-31 dekabr, hüquqi ünvanı: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov, ev 37. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanda istifadədə olan 0.285 ha torpaq sahəsində yerləşən 1197.2 kv.m ümumi, 945.8 kv.m əsas, 251.4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 352 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin verdiyi ünvan 5 ünvanı üzrə xx.xx.2005-ci il tarixdə tərtib edilmiş texniki pasporta əsasən 1994-cü il tarixdə tikilmiş qeyri-yaşayış sahəsinin (hamamxana) mərtəbəliliyi 1, tikinti sahəsi 447,2 kv.m, tikinti həcmi 1521,0 kubmetr, ümumi faydalı sahə 284,60 kv.m, əsas sahələr 228.5 kv.m, köməkçi sahə 56,1 kv.m təşkil etmişdir. - "Azerkonsalt" şirkətinin xx.xx.2008-ci il tarixli rəyinə əsasən, İddiaçınə mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanda 1197.2 kv.m. sahədən ibarət əmlak kompleksinin bazar dəyəri 3.628.396 (üç milyon altı yüz iyirmi səkkiz min üç yüz doxsan altı) manat məbləğində müəyyən olunmuşdur. - "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli, 3/16- 5739 nömrəli məktubunda bildirilmişdir ki, “Ağ şəhər" layihəsi çərçivəsində “Xəqani Rüstəmov və Süleyman Vəzirov küçələrinin yenidənqurulması” layihəsi "xxxx" ASC tərəfindən həyata keçirilir. Sözügedən layihə çərçivəsində Süleyman Vəzirov küçəsinin yenidən qurulması üçün nəzərdə tutulmuş tikinti işlərinin səmərəli və iş qrafikinə uyğun aparılması məqsədilə həmin ərazidə yerləşən “Uğur” KM, İddiaçı KM, “Xəzri” KM və “Nicat” KM kimi qeyri-yaşayış sahələrinin tikinti sahəsindən kənarlaşdırılması zərurəti yaranmışdır. Ölkə rəhbərliyinin daimi nəzarəti altında olan sözügedən layihənin əhəmiyyətini və vaxt məhdudiyyətini nəzərə alaraq, “Ağ şəhər” layihəsi çərçivəsində 4 ədəd qeyri-yaşayış sahələrinin tikinti sahəsindən qısa vaxt ərzində kənarlaşdırılması məqsədilə Azərbaycan Respublikası 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsünün təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017ci il 13 yanvar tarixli 2607 saylı Sərəncamının müvafiq bəndinə əsasən həlli olunması üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli, ********** nömrəli məktubunda bildirilmişdir ki, məktubda qeyd olunan ünvanda yerləşən daşınmaz əmlak Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sökülməmişdir. - Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 525 nömrəli məktubunda qeyd olunmuşdur ki, "xxxx" Qiymətləndirmə (əmlakın qiymətləndirilməsi) MMC tərəfindən Xətai Rayon İcra Hakimiyyətinin müraciəti əsasında qeyd edilən ərazidə yerləşən fərdi yaşayış evlərinin yaşayış sahələri Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən, ərazidə vətəndaşlara məxsus xüsusi mülkiyyətdə olan və müxtəlif məqsədlər üçün alınan xeyli sayda yaşayış və qeyri-yaşayış obyektlərinin qiymətləndirilməsi zamanı, qeyri-yaşayış sahələrinə məbləğə 20 faiz daxil olmaqla 1 kv.m-ri üçün 300 manat tədbiq olunmaqla kompensasiya hesablanmaqla aparılmışdır. Bildiririk ki, Xətai rayon İcra Hakimiyyəti tərəfindən yaradılan komissiya qeyd edilən ərazidə şəxsi mülkiyyətdə olan torpaq sahələrinin, eyni zamanda yaşayış və qeyri-yaşayış sahələrinin siyahılaşdırılmasını apararkən obyekt rəhbərlərinə kompensasiyanın ödənilməsi ilə bağlı müqavilə bağlanılması üçün rayon İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyaya müraciət edilməsi tövsiyə olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı rəhbərliyi tərəfindən komissiyaya müraciət edilməmişdir. - Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, MİHO/1.1-2- 2022-2273 nömrəli məktubunda qeyd olunmuşdur ki, “Ağ Şəhər” layihəsinin həyata keçirilməsi ilə əlaqədar ünvan 2 ünvanında yerləşmiş "Monolit” Kiçik Müəssisəsinə məxsus əmlakın sökülməsi ilə bağlı kompensasiyanın ödənilməsi barədə Maliyyə Nazirliyinə məlumat daxil olmamışdır. Eyni zamanda, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 yanvar tarixli 2607 saylı Sərəncamı ilə “Ağ Şəhər” layihəsi çərçivəsində əhalinin köçürülməsi ilə bağlı Xətai Rayon icra Hakimiyyətinə 27 000,0 min manat vəsait nəzərdə tutulmuş və bu vəsaitin 26 988,9 min manatı istifadə edilmişdir. - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-23-3/2-4/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-23-3/2- 22/2023 nömrəli məktublarında qeyd olunmuşdur ki, İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi" tələbinə dair inzibati işlə bağlı qeyd olunan ünvanlarda yerləşmiş qeyri-yaşayış sahələrinin köçürülməsi zamanı kompensasiya məbləği hesablanarkən 1 kv.metr sahə üçün müəyyən edilmiş qiymətə dair məlumat verilməsi barədə sorğuya cavab olaraq bildirilir ki, qeyd olunan qeyri-yaşayış sahələrinə yaxın ərazilərdə qeyri-yaşayış sahələrinin sökülməsi ilə əlaqədar mülkiyyət hüququnu təsdiq edən sənədlərə sahib olan şəxslərə həmin sahələrin 1 kv. metri üçün tikintinin keyfiyyətindən, istifadədə olma müddətindən, konstruksiyasından, istifadə olunan tikinti materiallarından və digər amillərdən asılı olaraq, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanına əsasən 20 faiz əlavə edilməklə 400,0- 1000,0 manat arasında kompensasiya hesablanaraq ödənilmişdir. - Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 163 nömrəli məktubu ilə təqdim edilmiş İddiaçı rəhbəri Məmməd Atakişiyevə ünvanlanmış məktublardan görünür ki: - xx.xx.2017-ci il tarixli, A242 nömrəli məktubunda qeyd edilmişdir ki, “Ağ şəhər” layihəsi çərçivəsində Xəqani Rüstəmov və Süleyman Vəzirov küçələrinin yenidən qurulması layihəsi "xxxx" ASC tərəfindən həyata keçirilir. Sözügedən layihə çərçivəsində yol tikinisi altına düşən bir neçə müəssisənin tam olaraq və ya müəyyən hissəsinin tikinti sahəsindən kənarlaşdırılması zərurəti yaranmışdır. Bununla əlaqədar, müəssisənin girişi, hasarı və müəyyən tikililəri sökülmüş, müəssisəyə giriş məhdudlaşdırılmış, kommunal xidmətlər (su, elektrik) kəsilmişdir. Yaranmış vəziyyətlə əlaqədar 19 avqust 2017-ci ildən etibarən müəssisənin fəaliyyəti tam dayanmışdır. "Monolit” KM-in vergi ödəyicisi olduğunu nəzərə alaraq, bu məktubu müvafiq dövlət vergi orqanına təqdim edilməsi tövsiyyə edilmişdir. - xx.xx.2021-ci il tarixli A50-150 nömrəli məktubda bildirilmişdir ki, “...ərizənizdə Sizə məxsus ünvan 6 ünvanında yerləşən “Monolit" Kiçik müəssisəsinin əmlakının “Ağ şəhər” layihəsi çərçivəsində aparılan köçürülmə işləri ilə əlaqədar söküldüyünü, lakin kompensasiya ödənilmədiyini bildirərək məsələ ilə bağlı köməklik göstərilməsini xahiş edirsiniz. Məlumat üçün bildiririk ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 225 saylı, xx.xx.2013-cü il tarixli sərəncamı ilə Bakı şəhərində sosial infrastrukturun daha da inkişaf etdirilməsi, Milli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar paytaxtda aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Xətai rayonunda da yolların, kommunikasiya xətlərinin və digər infrastruktur təminatının yaxşılaşdırılması üçün Bakı şəhəri, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmış və sərəncamın icrasına nəzarət Xətai rayon İcra Hakimiyyətinə həvalə olunmuşdur. Hal-hazırda maliyyə vəsaiti ayrılmadığından ərazidə köçürülmə işləri dayandırılmış, vəsait ayrılacağı təqdirdə müraciətinizə müvafiq qaydada baxılacaqdır”. - Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 916 nömrəli məktubunda bildirilmişdir ki, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 37 ünvanında yerləşən İddiaçı KM-nin istifadəsində olan qeyri-yaşayış sahəsi “Ağ şəhər” layihəsi çərçivəsində söküntü ərazisinə düşdüyündən komissiya tərəfindən qiymətləndirilmiş və onların razılığı ilə sökülmüşdür. “Ağ şəhər” layihəsi çərçivəsində söküntü işləri mərhələli şəkildə aparıldığından yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi üçün vəsait ayrılacağı təqdirdə qeyd olunan yaşayış sahəsi üçün hesablanmış kompensasiya məbləği İddiaçı hesabına köçürüləcəkdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2889/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının icrası ilə əlaqədar olaraq "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 01/22- 331 nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçınə məxsus olan, ünvan 3 ünvanında yerləşən əmlak kompleksinin 2017-ci ilə olan: bazar dəyəri: 3.590.000 (üç milyon beş yüz doxsan min) manat təşkil edir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2889/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının icrası ilə əlaqədar olaraq "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, ƏEM/D 19-832/22 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, mütəxəssis qarşısında qoyulmuş suala uyğun olaraq, İddiaçınə aid ünvan 3 ünvanında yerləşmiş 1197.2 kv.m ümumi, 945,8 kv.m əsas, 251,4 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin söküntüdən əvvəlki dövrə (2017-ci il tarixinə) bazar dəyəri: 2.400.000,0 (iki milyon dörd yüz min) manat təşkil edir. Müəyyən edildiyi kimi, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 225 saylı xx.xx.2013cü il tarixli sərəncamına əsasən Bakı şəhərində sosial infrastrukturun daha da inkişaf etdirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması vəzifə kimi qarşıya qoyulmuşdur. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar paytaxtda aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Xətai rayonunda da yolların, kommunikasiya xətlərinin və digər infrastruktur təminatının yaxşılaşdırılması üçün Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında mövcud olan bir sıra yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Sərəncamla həmin ərazidə mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmış, köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürmə işlərinin həyata keçirilməsinin təmin edilməsi Xətai Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. ünvan 7 ünvanında istifadədə olan 0.285 ha torpaq sahəsində yerləşən 1197.2 kv.m ümumi, 945.8 kv.m əsas, 251.4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 225 saylı, xx.xx.2013-cü il tarixli sərəncamının icrası zamanı, o cümlədən də İddiaçınə aid qeyri-yaşayış sahəsi “Ağ Şəhər” lahiyəsi çərçivəsində söküntü ərazisinə düşmüşdür. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 225 saylı xx.xx.2013-cü il tarixli sərəncamının icrası ilə bağlı olaraq iddiaçıya məxsus əmlak kompleksinin sökülməsi işin mübahisələndirilməyən halıdır. Tərəflər arasında mübahisə söküntü ilə bağlı olaraq kompensasiyanın ödənilməsi, ödənilməli olan məbləğlə bağlıdır. İddiaçının müraciətinə cavab olaraq Bakı şəhəri Cavabdeh A-242 saylı, xx.xx.2017ci il tarixli və A-50-150 saylı, xx.xx.2021-ci il tarixli məktubları ilə cavab verilərək, iddiaçıya məxsus əmlak kompleksinin söküntüsü ilə bağlı vəsait olmadığı üçün kompensasiya verilə bilməməsi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, mövqeyi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olmuş olsa da, tikilinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestində qeydə alınmamışdır. Qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq dövlət mülkiyyətində, iddiaçının isə istifadəsində olmuş, bu istifadə hüququ məhz üzərində yerləşən qeyriyaşayış sahəsindən istifadə imkanı ilə bağlı olmuşdur. İddiaçının mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin iddiaçıya özəlləşdirilməsi barədə sənədlər (qərar, alqı-satqı müqaviləsi, müvafiq şəhadətnamə və s.) müəyyən olunmamışdır. Sözügedən əmlak kompleksinin 1994-cü ildə istismara verildiyi, söküldüyü 2017-ci il tarixə 23 ilin tikilisi olduğu, iş materiallarındakı texniki pasport, eləcə də ümumi foto təsviri də nəzərə alınmaqla təmirsiz olduğu müəyyən edildiyindən hesab edilir ki, Maliyyə Nazirliyinin təqdim etdiyi qiymətləndirmənin meyarları da rəhbər tutulmaqla sökülən daşınmaz əmlak üçün ədalətli kompensasiya bir kvadrat metri üçün 400 manatdan hesablanmalıdır. İddiaçıya məxsus qeyri-yaşayış sahəsi 1197.2 kv.m olduğundan, sahəsinin 1 kvadrat metri 400 manatdan hesablanmaqla bütövlükdə əmlakın dəyəri olaraq 478.880 manat vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, torpaqların dövlət ehtiyacları üçün alınmasına görə iddiaçıya kompensasiya ödənilməsi torpaq sahəsini dövlət ehtiyacı üçün alan orqanın vəzifəsidir. İddiaçının tələbi isə ona məxsus torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar ona kompensasiya ödənilməsindən ibarətdir. Torpaqdan daimi istifadə hüququna dair JN-1119 nömrəli, 01000003 saylı dövlət aktından görünür ki, ünvan 7 ünvanında yerləşən 0,285 hektar torpaq sahəsi istehsalat bazasının tikintisi üçün İddiaçı daimi istifadəsinə verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, JN-1119 nömrəli, 01000003 saylı dövlət aktı nəzərə alınmaqla Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 225 saylı xx.xx.2013-cü il tarixli sərəncamının icrası ilə əlaqədar olaraq ünvan 7 ünvanında yerləşən 0,285 hektar torpaq sahəsinə və 1197.2 kv.m qeyriyaşayış sahəsinə görə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya kompensasiya ödənilməlidir. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. - 203.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; Maddə 23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; Maddə 54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə 56. Kompensasiyanın qiymətləndirilməsində nəzərə alınmalı olan amillər 56.1. Bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınır: 56.1.1. iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin; 56.1.2. ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya; 56.1.3. torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti; 56.1.4. alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər; 56.1.5. alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər; 56.1.6. alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər. Maddə 58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Torpaq Məcəlləsinin 73-cü maddəsi torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsinin əsaslarını müəyyən edir ki, onlardan biri də, dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyinin yaranmasıdır. Həmin Məcəllənin 81-ci maddəsi isə torpaqdan istifadəyə və icarəyə xitam verildikdə, torpaqda aparılmış yaxşılaşdırma işlərinin dəyərini və əldən çıxmış mənfəətin əvəzini qanunvericiliklə müəyyən olunmuş qaydada istifadəçiyə və icarəçiyə ödəmək öhdəliyini müəyyən etmişdir. Dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Prinsip ondan ibarətdir ki, qanunvericiliyə uyğun olması üçün inzibati orqan tərəfindən mülkiyyətin alınması qanuni hərəkətlər yolu ilə, qanunvericiklə nəzərdə tutulmuş tələblərə və şərtlərə uyğun şəkildə həyata keçirilməlidir. Lakin, konkret mübahisəyə münasibətdə, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin alınması qeyd olunan tələblərin ciddi şəkildə pozulması ilə müşayiət olunmuşdur. Bununla bağlı həmçinin nəzərə almaq lazımdır ki, mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd olunan tələblər və prosedurlar yalnız şəxsin mülkiyyətində deyil, həm də onun qanuni istifadəsində olan torpaq sahəsinə və daşınmaz əmlaka münasibətdə də tətbiq olunmalıdır. Başqa sözlə, belə hallarda şəxsin qanuni istifadə hüququ da müdafiə olunmalıdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 35.3-cü maddəsinə görə torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir. Əmlakın bazar qiyməti müəyyən edilərkən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1-58.3-cü maddəsi ilə müəyyən edilmiş məlumatlar (torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100-500 metrədək əhatə edən ərazidə torpaqla bağlı notariat qaydada təsdiq edilmiş alqısatqı müqavilələrində göstərilmiş bazar qiyməti) mövcud olmadığı halda, həmin əmlakın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülməlidir. Əmlakın yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında alınacaq əmlaka uyğun torpağın bazar qiymətini müəyyən edən bazar olmadıqda isə, əmlakın bazar qiyməti digər mötəbər sübutlara istinadla müəyyən edilməlidir. Belə mötəbər sübutlara isə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə riayət edilməklə verilmiş mütəxəssis rəyləri və Əmlak Məsələləri Dövlət Xidmətindən alınmış rəylər aid edilə bilərlər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işə apellyasiya instansiya məhkəməsində baxılması zamanı iddiaçıya məxsus olan sökülmüş əmlakın bazar dəyərini müəyyən etmək məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 sentyabr 2024-cü il tarixli, 9/6594-106362 nömrəli ekspertiza rəyində qeyd edilir ki, internet saytı məlumatlarına əsasən Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küç, 37 ünvanında yerləşən ümumi sahəsi 0,285 hektar olan torpaq sahəsinə yaxın ərazilərdə yerləşən analoji qeyri-yaşayış sahələrinin 1 sotunun 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti təqribən 320000,00 manat məbləğində müəyyən edilir (internet saytlarından götürülmüş elan rəyə əlavə edilir). 28,5 sot 9.120.000,00 manat (1 sot 320000,00 manat). Beləliklə, tədqiq olunan Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küç, 37 ünvanında yerləşən ümumi sahəsi 0,285 hektar olan torpaq sahəsinin 2024-cü ilin aprel ayına olan mövcud orta bazar dəyəri təqribən 9.120.000,00 (28,5 sot x 320000) manat müəyən olunur. Ekspertiza təyini haqqında qərardadda qeyd edilən məlumatlara əsasən qeyri-yaşayış sahəsi hal-hazırda tamamilə sökülüb, mövcud olmadığından, həmin əmlakın orta bazar qiymətini müəyyən etmək mümkün olmadı. Belə ki, həmin tikililərə baxış keçirmədən, müvafiq tədqiqatlar aparılmadan (obyektin inşasında və təmirində istifadə edilmiş tikinti materiallarının növü, aparılmış təmir işlərinin səviyyəsi və sair müəyyənləşdirilmədən), tikililərin qiymətinin formalaşmasına təsir edəcək amillər müəyyən edilmədən, analoji tikililərə müvafiq olaraq tədqiqat aparılmaqla ekspertiza təyini haqqında qərarda qeyd edilən tkililər üzrə qiymətləndirmə aparılaraq obyektiv nəticəni müəyyən etmək mümkün deyil. 2017-ci il tarixə Bakı şəhəri, Xətai Rayonu, S.Vəzirov küç, 37 ünvanında yerləşən ümumi sahəsi 1197.2 kv.m sahəsi olan yaşayış və qeyri-yaşayış sahəsinin satış qiyməti məbləği barədə məlumat əldə etmək mümkün olmadı. Qeyd edilir ki, həmin dövrdə Mərkəzdə bu barədə tədqiqat aparılmadığından baza məlumatları mövcud deyil. Məhkəmənin 2-1(103)-1924/2024 saylı, 05 noyabr 2024-cü il tarixıli qərardadı ilə təyin edilmiş əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 mart 2025cü il tarixli, 9/9871 nömrəli ekspertiza rəyində qeyd edilir ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən məlumatlara əsasən qeyri-yaşayış sahəsi hal-hazırda tamamilə sökülüb, mövcud olmadığından, həmin əmlakın orta bazar qiymətini müəyyən etmək mümkün olmadı. Belə ki, həmin tikililərə baxış keçirmədən, müvafiq tədqiqatlar aparılmadan (obyektin inşasında və təmirində istifadə edilmiş tikinti materiallarının növü, aparılmış təmir işlərinin səviyyəsi və sair müəyyənləşdirilmədən), tikililərin qiymətinin formalaşmasına təsir edəcək amillər müəyyən edilmədən, analoji tikililərə müvafiq olaraq tədqiqat aparılmaqla ekspertiza təyini haqqında qərarda qeyd edilən tikililər üzrə qiymətləndirmə aparılaraq obyektiv nəticəni müəyyən etmək mümkün deyil. Tədqiq olunan Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küç, 37 ünvanında yerləşən ümumi sahəsi 0,285 hektar olan torpaq sahəsinin 2025-ci ilin mart ayına olan mövcud orta bazar dəyəri təqribən 9.025.000,00 (28,5 sot x 316666) manat müəyən olunur. 2017-ci il tarixə Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küç, 37 ünvanında yerləşən ümumi sahəsi 1197.2 kv.m sahəsi olan yaşayış və qeyri-yaşayış sahəsinin satış qiyməti məbləği barədə məlumat əldə etmək mümkün olmadı. Qeyd edilir ki, həmin dövrdə Mərkəzdə bu barədə tədqiqat aparılmadığından baza məlumatları mövcud deyil. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyildir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək qeyri-yaşayış sahəsinin sökülməsinə görə 3.628.396 manat məbləğində, torpaq sahəsinə görə 5.280.000 manat məbləğində, cəmi 8.908.396 manat kompensasiya və bu məbləğə hesablanmış 20 % miqdarında 1.781.679 manat əlavə haqqın İddiaçınə ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etmiş, həmin ərizə məhkəmə kollegiyası tərəfindən icraata qəbul edilmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı məhkəmənin sorğusuna əsasən Bakı şəhəri 6 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş 15 dekabr 2017-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsindən müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 174.4 kv.m olan qeyri-yaşayış sahəsi 170.000 manata satılmışdır. 15 dekabr 2017-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 51,2 kv.m olan mənzil 77.280 manata satılmışdır. 17 iyun 2017-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 64,74 kv.m olan mənzil 60.000 manata satılmışdır. 28 iyul 2017-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 39,57 kv.m olan mənzil 40.000,81 manata satılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" Konsaltinq Şirkəti tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı cəmi dəyəri (əmlak kompleksi və torpaq sahəsi) 3.628.396 manat müəyyən edilmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri 6 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş 15 dekabr 2017-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 14 ünvan arasında olan məsafə 500 m-dən çox deyil) Xətai rayonu, Babək prospekti 12A ünvanında yerləşən sahəsi 174,4 kv.m olan qeyri-yaşayış sahəsi 170.000 manata satılmışdır. İddiaçıya məxsus obyektin söküntüsü də məhz 2017-ci ildə baş vermişdir. Həmin obyektin qiyməti nəzərə alınmaqla, qeyd olunan dövrdə eyni ərazidə qeyri-yaşayış sahəsinin qiyməti 974,7 (170.000 : 174,4 = 974,7) manat təşkil etdiyi müəyyən olunur. 6 saylı Notariat Ofisindən göndərilən digər alqı-satqı müqavilələri yaşayış sahələri (mənzillər) ilə bağlı olduğundan Kollegiya hesab edir ki, həmin müqavilələr nəzərə alınmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən söküntüyə məruz qalan obyektin sahəsi 1197,2 kv.m olduğuna görə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanununun tələblərini əsas tutaraq həmin obyektin qiyməti mübahisələndirilən dövrdə (2017-ci ildə) 1.166.910,8 manat (1197,2 kv.m * 974,7 manat = 1.166.910,8 manat) təşkil etdiyi müəyyən olunur. Torpaq sahəsinin dəyəri ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza rəylərindən göründüyü kimi iddiaçının daimi istifadəsinə verilmiş 28,5 sot torpaq sahəsinin qiyməti kimi göstərilmiş 9.120.000,00 (28,5 sot x 320.000) manat və 9.025.000,00 (28,5 sot x 316.666) manat 2017-ci ilə deyil, hazırki dövrə aid qiymətlərdir və Məhkəmə Ekspertiza Mərkəzinin əvvəlki dövrlərə aid məlumat bazası mövcud olmadığına görə tədqiq olunan dövrə dair torpağın dəyəri barədə rəy verə bilməmişdir. İşdə olan "xxxx" Konsaltinq Şirkəti tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı cəmi dəyəri (əmlak kompleksi və torpaq sahəsi) 3.628.396 manat müəyyən edilmişdir. Həmin məbləğdən qeyri-yaşayış sahəsinə görə müəyyən olunmuş 1.166.910,8 manat məbləğini çıxanda, yerdə qalan 2.461.485,2 manat məbləğində pul vəsaitinin torpağın dəyəri kimi nəzərə alınmasını Kollegiya ədalətli və ağlabatan hesab edir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-1(112)-452/2023 saylı qərarı ləğv edilməli, iddia tələbi apellyasiya icraatında verilmiş dəqiqləşdirilmə ərizəsinə uyğun olaraq qismən təmin edilərək, ünvan 2 ünvanda İddiaçınə məxsus olan 1197,2 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsinin (əmlak kompleksinin) sökülməsinə görə 1.166.910,8 manat, qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,285 hektar torpaq sahəsinin alınmasına görə 2.461.485,2 manat olmaqla, cəmi 3.628.396 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-1(112)-452/2023 saylı qərarı ləğv edilsin. İddia tələbi apellyasiya icraatında verilmiş dəqiqləşdirilmə ərizəsinə uyğun olaraq qismən təmin edilsin. ünvan 2 ünvanda İddiaçınə məxsus olan 1197,2 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsinin (əmlak kompleksinin) sökülməsinə görə 1.166.910,8 (bir milyon bir yüz altmış altı min doqquz yüz on manat, səksən qəpik) manat, qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,285 hektar torpaq sahəsinin alınmasına görə 2.461.485,2 (iki milyon dörd yüz altmış bir min dörd yüz səksən beş manat, iyirmi qəpik) manat olmaqla, cəmi 3.628.396 (üç milyon altı yüz iyirmi səkkiz min üç yüz doxsan altı) manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İşə birinci instansiya məhkəməsində baxılması zamanı qiymətləndirmə xərci olan 600 (altı yüz) manat vəsaitin 200 (iki yüz) manat hissəsi İddiaçındən, 400 (dörd yüz) manat hissəsi isə cavabdeh Xətai Rayon İcra Hakimiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı ekspertizanın keçirilməsi ilə bağlı 200 (iki yüz) manat məbləğində məhkəmə xərcinin 100 (bir yüz) manat hissəsi İddiaçındən, 100 (bir yüz) manat hissəsi isə cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar