Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-790/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı qəyyumun səlahiyyətlərinə xitam verilməsi və iddiaçının qəyyum təyin edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7489/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxslər Nəsimi RİH Qəyyumluq və Himayəçilik Komissiyası, X5, DSMF) məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-5700/2017 saylı qətnaməsinin icrası məqsədilə xx.xx.1940-cı il tarixdə Gürcüstanın Marneuli rayonunda doğulmuş X3 üzərində qəyyum təyin edilmiş X1 xitam verilməsi, həmin şəxsin üzərində onun (iddiaçının) qəyyum təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. İddiaçı Məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizə də təqdim edərək, məhkəmə qərarı ilə fəaliyyət qabiliyyətsiz sayılmış X3 pensiyasının üzərinə həbs qoyulması və qərarın icrasının DSMF-yə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizə təmin edilməmişdir. Qərardadın əsaslarına görə, “... işin hazırkı mərhələsində (iddianın mümkünlüyü məsələsinə baxılanadək) iddianın uğurluğuq ehtimalı aydın olmadığından, habelə ərizədə göstərilən müvəqqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üzərində qəyyum təyin olunmuş X3 mənafeyinə zidd olduğundan, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməməlidir.” Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, hazırkı mübahisə bitənədək iddiaçının atasının pensiyasının üzərinə həbs qoyulmalı, onun əmlakının talanmasının qarşısı alınmalıdır. Belə ki, iddiaçının anasının notarial qaydada təsdiq edilmiş ərizəsindən də göründüyü kimi onlar artıq 4 aydan çox müddətdir ki, iddiaçının himayəsində qalırlar. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İPM-in 43.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi; 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Bu baxımdan, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün: 1. işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli; 2. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı; 3. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli; 4. müvəqqəti xarakterli müdafiənin tətbiqi ərizədə aydın şəkildə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. ... qanunverici müvəqqəti xarakterli müdafiə barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı işlərə baxarkən məhkəmələrə geniş səlahiyyətlər vermişdir. Bu ilk növbədə, işə baxan məhkəmənin iddia üzrə mübahisəni araşdırmadan, öz ehtimalı əsasında gələcəkdə iddianın uğurlu olması qənaətinə gəlməsində təzahür edir.” Məhkəmə kollegiyası bildirir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin əsaslı sayılması üçün ilk növbədə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməlidir. Qanunvericiliyin bu tələbi ondan ibarətdir ki, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardad ərizəçinin iddia tələbinin (iddia icraatı qaydasında qaldırdığı və ya qaldıracağı) ilkin uğurluluq ehtimalının qiymətləndirilməsi nəticəsində çıxarılmalıdır. Bu zaman məhkəmə ərizəçinin irəli sürdüyü (və ya sürəcəyi) maddi tələbinin uğurluluq ehtimalını yoxlamalı və onda belə ehtimalın mövcudluğu barədə ilkin əminliyə dair əsaslı qənaət formalaşmalıdır. Belə uğurluluq ehtimalının qiymətləndirilməsi bir qayda olaraq maddi hüquq normalarına istinadla həyata keçirilməlidir. Lakin hazırkı işin hallarının ilkin araşdırılması iddianın böyük ehtimalla uğurlu olacağı barədə məhkəmə kollegiyasında hər hansı qənaət formalaşdırmır. Bu nəticə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi ilə də hasil olmur. Bundan əlavə, iddiaçı ilkin təcili tənzimlənmənin zəruri olması və maddi tələbinin mövcud olması ehtimalını məhkəməyə aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Bu o deməkdir ki, ərizəçi hüquqi müdafiə üçün iddia icraatının nəyə görə yetərli olmadığını, yəni nə üçün müvəqqəti xarakterli müdafiə tədbirlərinin görülməli olmasını təsvir etməli və ərizədə tələbini faktiki cəhətdən əsaslandırılmalıdır. Sözügedən hallarda mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi təhlükəsi mövcud olmalıdır. Lakin işin hallarından görünür ki, ərizə bu qaydada əsaslandırılmamışdır. Həmçinin, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, hər bir inzibati iddianın mümkün sayılması üçün ilkin şərt mübahisənin inzibati məhkəmələrin səlahiyyətinə aid olmasıdır (İPM-in 1.1, 2.2 və 35.1-ci maddələri). İPM-in 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Bu kontekstdə, uşağın (şəxsin) qəyyumluğa verilməsi ilə bağlı mübahisələr inzibati orqan kimi müvafiq icra hakimiyyəti orqanına qarşı yönəlsə də, mübahisə uşağın (şəxsin) ailədə yaşamaq və tərbiyə olunmaq, eləcə də mülki hüquq və vəzifələrin hayata keçirilməsi hüququnun təmininə xidmət etdiyindən, irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (ailə-mülki) hüquq münasibətlərinə aiddir. İnzibati orqan bu münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. Beləliklə, iddiaya birinci instansiya məhkəməsində mahiyyəti üzrə baxılan vaxt mübahisənin məhkəmə aidiyyəti ilə bağlı məsələyə hüquqi qiymət verilməsi zəruridir (İPMin 87.9-cu maddəsi). Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 35, 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7489/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-790/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-790/2021
22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver