Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-790/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçı oğlunun, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişlərinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4945/2021 saylı, 27.08.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı 51 yaş 6 ayı tamam olduğuna görə 17.03.2013-cü il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənə qədər yığılan pensiya ödənişlərinin ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyini Azərbaycan Respublikası Əmək və Əhalin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil 27.08.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı 52 yaşı tamam olduğuna görə 17.09.2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişlərinin ödənilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı əmək kitabçasında qeydlərə əsasən 1978-ci ildən 1988-ci ilədək kolxozda illik ümumi normanı həyata keçirməsini və faktiki kolxozda işlədiyi müddəti nəzərə alınaraq 5 il 5 ay 20 gün iş stajı vardır. İddiaçı kolxozda olan müddətdə 17.04.1980-ci ildən 26.06.1982-ci ilədək, yəni 2 il 2 ay 10 gün hərbi xidmətdə olmuşdur və bu illər ümumi iş stajına daxil edilməlidir. Bundan əlavə olaraq hərbi xidmətdə olduğu günlər nəzərə alaraq 1980-ci və 1982-ci illərdə kolxozda işlədiyi iki il üzürlü səbəbdən normanı yerinə yetirməmişdir və buna görə də həmin illər tam sayılmalıdır. Həmin illərin normasının yerinə yetirilməməsi üzrlü səbəb olaraq nəzərə alınsa, onda iddiaçının kolxozda işlədiyi müddət 7 il 5 ay ümumi staj olaraq hesablanmalıdır. Kolxozdan çıxandan sonra iddiaçı 15.12.1989-cu il tarixindən 01.01.2006-cı ilədək, yəni 16 il 17 gün suvaqçı peşəsində tuneldə yalnız gecə, zərərli iş şəraiti ilə işləmişdir. Bu fakt Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 10 dekabr 2020-ci il tarixli arayışla təsdiq edilmişdir. Arayışda iddiaçının işlədiyi müddət və vəzifəsi düzgün qeyd edilsə də iddiaçının vəzifəsi arayışda qeyd olunan Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarına uyğun düzgün qeyd edilməmişdir. Bunu cavabdeh tərəf “İnzibati İcraat haqqında” Qanuna uyğun olaraq araşdırmadan imtina cavabını vermişdir. Belə ki, iddiaçının işlədiyi Azərbaycan Respublikası "xxxx" QSC-nin 10.12.2020-ci il tarixli güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayışında tutduğu vəzifələr, çalışdığı peşə və ümumi və zərərli işdə çalışdığı iş stajı göstərilib və həmin arayışa əsasən iddiaçının tutduğu vəzifə və gördüyü iş Azərbaycan Respublikası Nazirlkər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının 10103000 kodla qeyd olunan 1010300b koda “il ərzində (hesablama dövründə) iş vaxtının 50 faizini və daha çoxunu yeraltı işlərdə məşğul olan fəhlələr, rəhbərlər, mütəxəssislər və qulluqçular” kodlarına aiddir. Qeyd olunanlara əsasən iddiaçının 01.01.2006-cı il tarixədək 25 il 7 ay 17 gün ümumi iş stajı vardır, ondan 16 il 17 günü zərərli iş stajıdır və qanunvericiliyə əsasən 51 yaş 06 ay tamam olduğu gündən yəni 17.03.2013-cü il tarixindən pensiya hüququ vardır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4945/2021 saylı, 27.08.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4945/2021 saylı, 27.08.2021-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının "xxxx" QSC-də işlədiyi iş şəraiti, yeraltı, xüsusilə zərərli və ağır olduğu barədə məlumat və sübutlar, iddiaçının adıma verilmiş 25.10.1978-ci il tarixli ARM N:0010629 nömrəli əmək kitabçasında, "xxxx" QSC tərəfindən iddiaçının nümayəndəsi, Vəkil sorğusuna cavab olaraq ünvanlanmış 17.03.2021-ci il tarixli 40N-10/3-357 və Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq ünvanlanmış 31.03.2021-ci il tarixli 40N-10/3-401 və 30.07. 2021-ci il tarixli 40N- 10/3-950 nömrəli məktublarında da göstərilmişdir. Yəni iddiaçı yeraltı işlərdə, xüsusilə zərərli və xüsusilə ağır şəraitdə işlədiyinə görə Azərbaycan Respublikası nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının müvafiq bəndlərinə uyğun olaraq 06.03.2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüş “X1 haq-qında" Qanunun 13-cü maddəsinin "a" bəndinə uyğun olaraq 52 yaşımın tamam olduğu 17.09.2013-cü il tarixdən güzəştli əmək pensiyasına çıxmaq hüququm yaranmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4945/2021 saylı, 27.08.2021-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4945/2021 saylı, 27.08.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. - HЗ ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı 06.05.1980-ci il tarixdə hərbi xidmətə qəbul edilmiş, 16.06.1982-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. - 25.10.1978-ci il tarixli, АРМ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı Ermənistan SSR Ararat rayonu Şidlu kəndi N.Nərimanov adına kolxozda 1978-ci ildə 7, 1979-cu ildə 79, 1980-ci ildə 15, 1982-ci ildə 71, 1983-cü ildə 160, 1984-cü ildə 326, 1985-ci ildə 329, 1986-cı ildə 159, 1987-ci ildə 20, 1988-ci ildə 180 gün işləmişdir. 15.12.1989-cu ildə Bakı Metropoliteni Tunel Qurğuları Xidməti Əsaslı Təmir Xidmətində tuneldə ancaq gecə işi olmaqla 3-cü dərəcəli suvaqçı kimi işə qəbul edilmiş, 15.06.1990cı il tarixdə İxtisas komissiyasının protokolu ilə 4-cü dərəcə verilmişdir. Tunel qurğuları xidmətinin yenidən təşkili ilə əlaqədar və 5 may 1994-cü il tarixli 135 nömrəli əmri əsasında əsaslı təmir xidmətinə keçirilmişdir. 05.05.1994-cü il tarixdə Tunel Qurğuları Xidmətindən 5-ci sahədə gecə işi, ancaq tuneldə, xüsusi ağır və xüsusi zərərli iş şəraiti ilə 5-ci dərəcəli suvaqçı olaraq keçirilmişdir. 01.01.2003-cü il tarixdə Xidmətin 2 saylı distansiyasının 6-cı sahəsinə gecə işi ancaq tuneldə, xüsusi ağır və xüsusi zərərli iş şəraiti olmaqla 5-ci dərəcəli suvaqçı peşəsinə keçirilib. Azərbaycan Respublikası Prezdentinin 27.02.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən BMP-nin və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. 18.07.2014-cü il tarixdə Əsaslı təmir xidmətinin Bina və qurğuların əsaslı təmir distansiyasının 6 saylı sahəsinə xüsusi ağır və zərərli iş şəraiti 20 faiz (tuneldə ancaq gecə işi) olmaqla 5-ci dərəcə ilə suvaqçı peşəsinə qəbul edilmişdir. 01.04.2018-ci il tarixdə Tunel qurğuları xidmətinin stansiyalarının yerüstü qurğuların, tikililərin cari və dövri təmir sahəsinin bina və qurğuların, tikililərin təmir sahəsinə yerüstü iş şəraiti ilə 5-ci dərəcəli suvaqçı peşəsinə keçirilmişdir. - Azərbaycan Respublikası "xxxx" QSC-nin 10.12.2020-ci il tarixli, A/315 nömrəli arayışından görünür ki, İddiaçı 15.12.1989-cu il tarixindən 05.05.1994-cü il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində 3-cü dərəcəli suvaqçı peşəsində çalışmışdır (tuneldə yalnız gecə, zərərli iş şəraiti ilə). 05.05.1994-cü il tarixindən 18.07.2014-cü il tarixinədək Bakı Metropoliteninin Əsaslı təmir xidmətində suvaqçı peşəsində işləmişdir (tuneldə yalnız gecə, zərərli iş şəraiti ilə). 18.07.2014-cü il tarixindən 01.04.2018-ci il tarixinədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Əsaslı təmir xidmətində suvaqçı peşəsində çalışmışdır (tuneldə yalnız gecə, zərərli iş şəraiti ilə). 01.04.2018-ci il tarixindən Tunel qurğuları xidmətinin Stansiyaların, yerüstü qurğuların, tikililərin cari və dövrü təmir sahəsinin 2 saylı təmir sahəsində 5-ci dərəcəli suvaqçı peşəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarına müvafiq olaraq həmin siyahının 29.Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bəndinə uyğun olaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun güzəştli şərtlərlə əmək stajı 30 il 11 ay 15 gün (otuz il on bir ay on beş gün) təşkil edir. - Azərbaycan Respublikası "xxxx" QSC-nin iddiaçının nümayəndəsi və vəkili Vəkil sorğusuna cavab olaraq ünvanladığı 17.03.2021-ci il tarixli, 40N10/3-357 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 15.12.1989-cu il tarixindən 05.05.1994-cü il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində suvaqçı (gecə işi yalnız tuneldə, xüsusi zərərli iş şəraitində 20%), 05.05.1994-cü il tarixindən 18.07.2014-cü il tarixinədək Əsaslı təmir xidmətində suvaqçı (gecə işi yalnız tuneldə, xüsusi zərərli iş şəraitində 20%) peşəsində çalışmışdır. 18.07.2014-cü il tarixindən 01.04.2018-ci il tarixinədək Əsaslı təmir xidmətinin Bina və qurğuların əsaslı təmir distansiyasının 6 saylı sahəsində suvaqçı (gecə işi yalnız tuneldə, xüsusi zərərli iş şəraitində 20%), 01.04.2018-ci il tarixindən 01.09.2019-cu il tarixinədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Tunel qurğuları xidmətinin Stansiyaların, yerüstü qurğuların, tikililərin cari və dövri təmir sahəsinin 2 saylı bina və qurğuların, tikililərin təmir sahəsində suvaqçı peşəsində (xüsusi zərərli iş şəraiti, tuneldə yalnız gecə işi 20%) çalışmışdır. 01.09.2019-cu il tarixindən halhazırkı vaxtadək həmin peşə üzrə gündüz növbəsində işləyir. İddiaçı xüsusi zərərli iş şəraitində əmək stajı 29 il 08 ay 17 gün (iyirmi doqquz il səkkiz ay on yeddi gün) təşkil edir və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın müvafiq maddələri ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarın 10100000 İ. Dağ-mədən işləri Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması, 10103000 2.Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işiər, 1010300b il ərzində (hesablama dövründə) iş vaxtının 50 faizini və daha çoxunu yeraltı işlərdə məşğul olan fəhlələr, rəhbərlər, mütəxəssislər və qulluqçular bəndinə aid olduğu qeyd edilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən verilmiş 31.03.2021-ci il tarixli, 40N-10/3-401 nömrəli məktubda bildirilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 15.12.1989-cu il tarixindən 05.05.1994-cü il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində suvaqçı (gecə işi yalnız tuneldə, xüsusi zərərli iş şəraitində 20%), 05.05.1994-cü il tarixindən 18.07.2014-cü il tarixinədək Əsaslı təmir xidmətində suvaqçı (gecə işi yalnız tuneldə, xüsusi zərərli iş şəraitində 20%) peşəsində çalışmışdır. 18.07.2014-cü il tarixindən 01.04.2018-ci il tarixinədək Əsaslı təmir xidmətinin Bina və qurğuların əsaslı təmir distansiyasının 6 saylı sahəsində suvaqçı (gecə işi yalnız tuneldə, xüsusi zərərli iş şəraitində 20%), 01.04.2018-ci il tarixindən 01.09.2019cu il tarixinədək “Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Tunel qurğuları xidmətinin Stansiyaların, yerüstü qurğuların, tikililərin cari və dövri təmir sahəsinin 2 saylı bina və qurğuların, tikililərin təmir sahəsində suvaqçı peşəsində (xüsusi zərərli iş şəraiti, tuneldə yalnız gecə işi 20%) çalışmışdır. 01.09.2019-cu il tarixindən hal-hazırkı vaxtadək həmin peşə üzrə gündüz növbəsində işləyir. İddiaçı xüsusi zərərli iş şəraitində əmək stajı 29 il 08 ay 17 gün (iyirmi doqquz il səkkiz ay on yeddi gün) təşkil edir və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’nın 29-cu Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər maddəsinin “a” bəndi ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş 21.06.1993-cü il tarixli 320 saylı Qərarın 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 22901000 1.Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 №-li Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa) maddəsinin 2290100a - 19727 kodlara aiddir. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" QSC-nin verdiyi 30.07.2021-ci il tarixli, 40N-10/3-950 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı 15.12.1989-cu il tarixindən 05.05.1994-cü il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində, 05.05.1995-ci il tarixindən 18.07.2014-cü il tarixinədək Əsaslı təmir xidmətində tunellərdə yalnız gecə vaxtı, xüsusilə ağır və xüsusilə zərərli iş şəraiti olmaqla suvaqçı peşəsində çalışmışdır. Qeyd olunan tarixlərdə İddiaçı işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahıları”nın təsdiq edilməsi haqqında 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarının 1 №-li əlavəsinin “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştlişərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısının “1010300” Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bölməsinin “1010300a” a) fəhlələr” kateqoriyasına uyğundur. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 9.1, 9.8, 21.1-ci maddələrini, 01.01.2006-cı il tarixinə kimi qüvvədə olmuş “X1 haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin a və b bəndlərini, Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “X1 haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1, 3.1.1, 3.1.2, 3.1, 3.2.1, 3.2.2-ci bəndlərini, “X1 haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin v bəndini, “SSRİ-də X1 haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9cu bəndini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4 və 2.4.1-ci bəndlərini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddiaçının tələbinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 52 yaşı tamam olmuş, 01.01.2006-cı il tarixədək 20 il ümumi iş stajı toplamış olsa da işlədiyi suvaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda sadalanan peşələrə aid deyildir. Belə olan halda cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuş və iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixinə kimi qüvvədə olmuş “X1 haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə görə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “X1 haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia tələbinin iddia olunan məzmunda təmin edilməsi və iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 20 il ümumi iş stajı toplaması, bunun 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş işlərdə çalışmış olması tələb olunur. “SSRİ-də X1 haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. “X1 haqqında” Qanunun 67-ci maddəsində göstərilir ki, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Göründüyü kimi kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. İddiaçıya məxsus əmək kitabçasında ictimai təsərrüfatda əmək iştirakı ilə bağlı bölmədə olan qeydlərdən görünür ki, Ermənistan SSR Ararat rayonu Şidlu kəndi N.Nərimanov adına kolxozda 1978-1987-ci illərdə qəbul edilən minimum əmək iştirakı norması 200 gün olduğu halda iddiaçı 1978-ci ildə 7, 1979-cu ildə 79, 1980-ci ildə 15, 1982-ci ildə 71, 1983-cü ilə 160, 1984-cü ildə 326, 1985-ci ildə 329, 1986-cı ildə 159, 1987-ci ildə 20 gün, 1988-ci ildə minimum əmək iştirakı norması 180 gün olduğu halda iddiaçı həmin ildə 180 gün işləmişdir. Göründüyü kimi iddiaçı 1984, 1985, 1988-ci illər üzrə minimum əmək iştirakı normasını tam işlədiyindən həmin illər iddiaçının ümumi iş stajına tam (bütöv) il olaraq hesablanmalıdır. 1978, 1979, 1980, 1982, 1983, 1986, 1987-ci illər üzrə minimum iştirak norması ödənilmədiyindən həmin illər onun iş stajına tam il kimi deyil, yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu qaydada hesablama ilə iddiaçının 1978-ci ildə faktiki işlədiyi müddət (7x12/200=0,4=4 gün), 1979cu ildə işlədiyi faktiki müddət 79x12/200=4,7=4 ay 7 gün), 1980-ci ildə işlədiyi faktiki müddət (15x12/200=0,9=9 gün), 1982-ci ildə faktiki işlədiyi müddət (71x12/200=4,2=4 ay 2 gün), 1983-cü ildə işlədiyi faktiki müddət (160x12/200=9,6=9 ay 6 gün), 1986-cı ildə işlədiyi faktiki müddət (159x12/200=9,5=9 ay 5 gün), 1987-ci ildə işlədiyi faktiki müddət (20x12/200=1,2=1 ay 2 gün) müəyyən edilir (Məhkəmə iddiaçının 1980-ci ildə 15 gün və 1982-ci ildə 71 günü kolxozda işlədiyi iş stajına hesablayarkən həmin günlərin iddiaçının bilavasitə hərbi xidmətə getməzdən öncə və hərbi xidmətdən qayıtdıqdan sonra işlədiyi müddət olduğunu və həmin günlərin hərbi xidmət günləri ilə üst-üstə düşmədiyini nəzərə alır). Beləliklə, iddiaçının kolxozda işlədiyi faktiki müddət cəmi 2 il 4 ay 5 gün, tam müddət 3 il olmaqla iddiaçının 06.05.1980-16.06.1982-ci illərdəki hərbi xidmət və 15.12.1989- 01.01.2006-cı ilədək olan əmək fəaliyyəti nəzərə alındıqda iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajı 23 il 06 ay 05 gün təşkil edir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün 01.01.2006-cı il tarixədək tələb olunan 20 il ümumi iş stajı mövcuddur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4 və 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.11.2020-ci il tarixli 2-703/20 nömrəli İcmal Məktubunda göstərilmişdir ki, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq laızmdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-nin 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirilməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır”. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş, Azərbaycan Respublikası "xxxx" QSC-nin İnsan Resursları və Layihələrin idarə edilməsi Departmentinin rəisi Ə.Əliyev tərəfindən imzalanmış 10.12.2020-ci il tarixli sözügedən arayışda iddiaçının işlədiyi suvaqçı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarına müvafiq olaraq həmin siyahının 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bəndinə uyğun olduğu qeyd edilmişdir. (Məhkəmə bu məqamda qeyd edir ki, işəgötürənin qeyd etdiyi Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bəndi eyni adda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində təsbit olunmuşdur). Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının Bakı Metropoliteninin Tunel qurğuları Xidmətində, Əsaslı təmir xidmətində işlədiyi suvaqçı peşəsi ilə bağlı İdarəyə ünvanlanmış sorğulara cavab olaraq məhkəməyə ünvanlanmış arayışlarda aşağıdakılar qeyd olunmuşdur:
1. "xxxx" QSC-nin İnsan Resursları və Layihələrin idarə edilməsi Departmentinin rəisi Ə.Əliyev tərəfindən imzalanmış 31.03.2021-ci il tarixli, 40N-10/3-401 nömrəli məktubunda iddiaçının işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 22901000 1.Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 №-li Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa) maddəsinin 2290100a - 19727 kodlara aid olduğu göstərilmişdir.
2. "xxxx" QSC-nin İnsan Resursları və Layihələrin idarə edilməsi Departmentinin rəisi Ə.Əliyev tərəfindən imzalanmış vəkil sorğusuna cavab olaraq verilmiş 17.03.2021-ci il tarixli, 40N-10/3-357 nömrəli məktubda iddiaçının işlədiyi vəzifənin müvafiq icra hakimiyyətinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı təsdiq edilmiş siyahıda 10100000 İ. Dağ-mədən işləri Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması, 10103000 2.Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işiər, 1010300b il ərzində (hesablama dövründə) iş vaxtının 50 faizini və daha çoxunu yeraltı işlərdə məşğul olan fəhlələr, rəhbərlər, mütəxəssislər və qulluqçular bəndlərinə aid olduğu qeyd edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, eyni işəgötürən tərəfindən iddiaçının işlədiyi peşə ilə bağlı fərqli güzəştli arayışlar verilmiş, vəkil sorğusuna cavab olaraq iddiaçının işlədiyi suvaqçı peşəsinin Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı təsdiq edilmiş 1 nömrəli Siyahısında Dağ-mədən işləri Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması bölməsinə uyğun gəldiyi bildirilsə də, məhkəmənin sorğusuna verilmiş cavabda həmin peşənin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinə uyğun gəldiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən ziddiyyəti aydınlaşdırmaq üçün yenidən işəgötürənə sorğu ilə müraciət edərək suvaqçı vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 saylı və yaxud 2 saylı Siyahıda hansı bölməyə, peşəyə, vəzifə koduna uyğun olması barədə məumatın, həmçinin suvaqçı peşəsinin vəzifə (peşə) təlimatı, iddiaçının Tunel qurğuları xidmətində və Əsaslı təmir xidmətində işlədiyi suvaqçı vəzifəsinin əmək funksiyalarının nələrdən ibarət olduğu (geniş təsvir edilməklə) barədə məlumatların verilməsini tələb etmişdir. Qeyd edilən sorğuya bu dəfə "xxxx" QSC-nin aparat rəhbəri T.Dadaşovun imzası ilə təqdim edilmiş 30.07.2021-ci il tarixli, 40N-10/3-950 nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahıları”nın təsdiq edilməsi haqqında 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarının 1 №li əlavəsinin “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısının “1010300” Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bölməsinin “1010300a” a) fəhlələr” kateqoriyasına uyğun olduğu göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda İ.Dağ-mədən işləri yarım başlığı altında - 10100000 kodu ilə Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması bölməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, adıçəkilən dağ-mədən işləri bölməsinin tərkibində yarımbölmələrin adlarından müəyyən olunur ki, bu bölmədə göstərilmiş işlər bilavasitə şaxta, tunellərin qazılması, karxana və mədənlərin tikintisi ilə bağlı işlərdir. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bölməsinə aid 1010300a kodu altında və 1010300b kodu altında fəhlə peşələrinin konkret adları sadalanmış və həmin siyahıda “suvaqçı” peşəsinin adı göstərilməmişdir. Qeyd edilən siyahının 1010300a kodlu a) fəhlələr hissəsində fəhlə peşələrinin adlarına, məsələn armaturçular, betonçular, şpur qazmaçıları, partladıcılar, buldozer maşinistləri, qazma qurğularının maşinistləri və s. nəzər saldıqda müəyyən olunur ki, bu bölmədə göstərilən fəhlə peşələri daha çox metropoliten stansiyalarının və xüsusi təyinatlı yeraltı tikililərin inşa olunması üçün süxurların parçalanması, partladılma, mürəkkəb qazma işləri, dağılma səbəbindən əsaslı təmir işlərinin və yaxud yenidənquraşdırma işlərinin yerinə yetirilməsi və s. ilə bağlı fəhlə peşələridir. Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsi var ki, həmin bölmənin 22901000 kodu altında “Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 №-li Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa) yarımbölməsi nəzərdə tutulmuşdur. Həmin yarımbölmənin adında ilk növbədə göstərilir ki, bu bölməyə 1 №-li Siyahıda nəzərdə tutulmuş fəhlə peşələri daxil deyildir, başqa sözlə, 1 №-li Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa yerdə qalan adıçəkilən peşələr 22901000 kodlu yarımbölməyə aiddir. Sözügedən bu yarımbölmədə adları çəkilən fəhlə peşələrinin adlarına, məsələn bənna, rəngsaz, mərmərdən üzçəkənlər, lövhələrdən üzçəkənlər, pardaxlayıcı üzçəkənlər, tikinti çilingərləri və s. nəzər salıqda müəyyən olunur ki, adları çəkilən bu peşələr metropoliten, yer qurğularının tikintisində daha çox şaxta, tunel inşası üçün partladılma, qazma və s. kimi mürəkkəb işlərin deyil, daha çox müəyyən səviyyədə hazır tikililərdə təmir, bərpa, bəzək işləri və s. işlərinin yerinə yetirilməsi ilə bağlı peşələrdir. Sadalanan peşələr üzrə əmək funksiyalarının xüsusiyyətləri, işlərin ağırlıq səviyyəsi, insan sağlamlığı və təhlükəsizliyinin risk altında qalma dərəcəsinin nəzərə alınmasıdır ki, qanunverici metropolitendə yeraltında işləyən fəhlə peşələrini 1 və 2 nömrəli siyahı üzrə təsnifatlandırmışdır. Təsadüfi deyildir ki, Metropoliten yer qurğularının tikintisi işlərində suvaqçı peşəsi yuxarıda qeyd edilən dağ mədən işlərinə aid 1 nömrəli siyahıda olan fəhlə peşələrinin adları sırasında deyil, məhz 2 nömrəli siyahıda Bina, qurğu və digər obyektlərin inşaası bölməsində 2290100a-19727 kodu altında nəzərdə tutulmuşdur. İddiaçı ərizəsində onun suvaqçı peşəsində Bakı Metropoliteninin Əsaslı təmir xidmətində işlədiyini, əsaslı təmir anlayışının isə məhz 1 nömrəli siyahıda 10103000 kodlu Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər” bölməsinin adında “əsaslı təmirdə” yeraltı işlər göstərildiyindən iddiaçının işlədiyi peşənin də həmin bölməyə aid olduğunu iddia etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmənin suvaqçı peşəsinin vəzifə (peşə) təlimatı, iddiaçının Tunel qurğuları xidmətində və Əsaslı təmir xidmətində işlədiyi suvaqçı vəzifəsinin əmək funksiyalarının nələrdən ibarət olması barədə məlumatların verilməsinə dair ünvanladığı sorğuya cavab olaraq "xxxx" QSC 30.07.2021-ci il tarixli, 40N-10/3-950 nömrəli məktubda Metropolitendə suvaqçı peşəsinin əmək funksiyaları aşağıdakılar olduğunu göstərmişdir: - “Metropolitenin süni qurğularının cari saxlanılması üzrə təlimat”a əsasən gecə növbəsi ərzində (6 saat) metropolitenin stansiyalarının xidməti otaqlarının, eləcə də cərəyan çıxarıldıqdan sonra daha az vaxt ərzində (2-3 saat) qüsurlu səthlərin yem suvaqla əvəz edilməsi zəruri olan sahələrdə (şaxtaların, kabel kollektorların, tunellərin drenaj arxlarının dib hissələrinin, dəmir-beton diaqfraqmaların, “banketkaların” və sair obyektlərin) müvafiq olaraq suvaq işlərinin yerinə yetirilməsi; - Əsaslı təmir işlərində xidməti binalarda, otaqlarda və stansiyalarda tunellərin obyektlərində iri həcmli suvaq işlərinin görülməsi. Həmin məktuba əlavə edilmiş "xxxx" QSC-nin aparat rəhbərinin imzası ilə təsdiq edilmiş 14.06.2021-ci il tarixli "xxxx" QSC-nin Tunel Qurğuları Xidmətinin dövri təmir sahəsinin suvaqçısı peşəsinin vəzifə təlimatında peşənin vəzifə və funksiyaları kimi aşağıdakılar göstərilmişdir: 1.Texnologiyalara müvafiq hazırlanmış suvaq məhlulunun səthlərə (tunellərdə, stansiyalarda, fasad, divar, tavan, su arxları və s.) vurulması; 2.Sahələr üzrə gündəlik suvağın yoxlanılması, nəzarət edilməsi və qüsurlu suvaqların yenisi ilə əvəz edilməsi; 3.Metropolitenin süni qurğularının cari saxlanılması üzrə təlimatın 7.16 “Suvaq səthləri” bəndinin tələblərinə müvafiq işlərin yerinə yetirilməsi; 4.Suvaq işlərinin yerinə yetirilməsi zamanı müvafiq tikinti materiallarının düzgün seçilməsi; 5.Texniki tələblərə uyğun olaraq suvaq avadanlıqlarının istismar edilməsi; 6.Suvaq işləri zamanı istifadə olunan tikinti materiallarından istifadə olunması. Göründüyü kimi iddiaçının işlədiyi suvaqçı peşəsinin vəzifə funksiyaları əsasən xidməti binalarda, otaqlarda, stansiya və tunellərdə divar, tavan, fasad və s. hissələrdə suvaq məhlulunun çəkilməsi, qüsurlu səthlərin yeni suvaqla əvəz edilməsi və s. ilə bağlı olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi bölmənin “Əsaslı təmir Xidməti” adlandırılıb-adlandırılmamasından asılı olmayaraq suvaqçı peşəsinin adı, peşə təlimatı və ən əsası gördüyü işin xüsusiyyətləri baxımından bilavasitə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 22901000 Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 №-li Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa) yarımbölməsinin 2290100a -19727 kodlu suvaqçılar peşəsinə uyğundur. Göründüyü kimi, iddiaçıya tələbinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun qanunla tələb olunan 52 yaşı tamam olmuş, 01.01.2006-cı il tarixədək 20 il ümumi iş stajı toplamışdır. Lakin, onun işlədiyi suvaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda sadalanan peşələrə aid olmadığından, iddiaçıya 01.01.2006-cı il tarixinə kimi qüvvədə olmuş “X1 haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı hüququ pozulmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4945/2021 saylı, 27.08.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.