Məhkəmə qərarları › İş №2-1(103)-790/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-790/2023

13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-790/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə İddiaçı cavabdeh 6 saylı Bakı “ASAN” Xidmət X1rşı “soyadın dəyişdirilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10057/2022 saylı xx.xx.2022ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh 6 saylı Bakı “ASAN” Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mirməmmədli” soyadının dəyişdirilərək "Mirmanafov" yazılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsi əsasında sonradan cavabdehin adı dəyişdirilərək əsl cavabdeh 6 saylı Bakı “ASAN” xidmət X2 ilə əvəz edilmişdir. İddianın əsaslarına görə iddiaçının əvvəlki soyadı "Məmmədov" olmuş, xx.xx.2022-ci il tarixdə o, həmin soyadını "Mirmmədli" soyadına dəyişdirilməsi barədə ərizə ilə cavabdeh 6 saylı Bakı Asan Xidmət mərkəzinin Qeydiyyat şöbəsinə müraciət etmiş, onun ərizəsi təmin olunaraq "Məmmədov" soyadı dəyişdirilərək "Mirməmmədli" kimi yazılmışdır. Hazırda onun şəxsiyyət vəsiqəsində soyadı "Mirməmmədli"dir. Lakin o, həmin soyadının da yenidən dəyişdirilərək mərhum babasının soyadı olan "Mirmanafov" yazılması fikrinə düşərək aidiyyatı üzrə təkrarən ərizə ilə cavabdehə müraciət etsə də bu dəfə sonuncu tərəfindən ona 26 may 2022-ci il tarixli №xx/xx-1594 saylı məktubu ilə imtina olunaraq məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10057/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Narazı qalan iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin olunmasnı xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və Azərbaycan Respublikası Nazirlər Kobınetinin xx.xx.2011-ci il tarixli 79 nömrəli qərarına, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu, Mülki Məcəllənin 26-cı və İPM-in 81-ci maddələrinə istinadən hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, ilk öncə ana tərəfinin soyadını götürmüşdür. «Mirmanafov» ata tərəfin soyadıdır. Atasının adı Məmmədovdur, seyiddir. «Mir» onların əksəriyyətində var. «Manaf» 4 nəsildə mövcud olub. Odur ki, istəyi odur ki, soyadı Mirmanafov olsun. Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materallarından görünür ki, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə “Mirməmmədli” soyadının "Mirmanafov" soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, iddiaçı əvvəllər xx.xx.2022ci il tarixdə "Məmmədov" soyadını "Mirmmədli" soyadına dəyişdirilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, sonuncu tərəfindən onun "Məmmədov" soyadı "Mirməmmədli" soyadına dəyişdirilmiş və o, yeni soyadı ilə şəxsiyyət vəsiqəsi almışdır (№AA4075054). İşin mübahisələndirilən halı isə ondan ibarətdir ki, iddiaçının təkrarən, "Mirməmmədli" soyadının Mirmanafov” soyadına dəyişdirilməsi barədə ərizəsi cavabdeh tərəfindən imtina ilə qarşılanmış, ona 26 may 2022-ci il tarixli məktubla qanunvericiliyə görə soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilmədiyi bildirilərək məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin qeyd olunan 189-cu maddəsinə, eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 79 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»ının 6-cı hissəsinin 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. İddiaçının hazırkı iddia tələbi mahiyyət etibarı ilə 18 yaşından sonra artıq bir dəfə “Məmmədov” soyadının “Mirməddli”yə dəyişdirilmiş soyadının növbəti dəfə “Mirmanafov”a dəyişdirilməsi tələbi təşkil edir. Lakin, həm Ailə Məcəlləsində, həm də qeyd olunan «Qaydalar»da (6.24-6-28-ci bəndləri) 18 yaşına çatmış şəxsin öz soyadını başqa soyadına bir dəfə dəyişdirdikdən sonra, növbəti dəfə soyadını dəyişdirmək hüququ nəzərdə tutulmamışdır. Belə ki, həmin Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir.Həmin Qaydaların qeyd olunan bəndləri isə aşağıdakıları nəzərdə tutur: 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Qanunvericiliyin qeyd olunan tələblərinin təhlili onu deməyə əsas verir ki, Azərbaycan Respublikası vətəndaşlarına yalnız bir dəfə öz soyadını dəyişdirmək imkanına malikdirlər. Yəni, dəyişdirilən soyadın növbəti dəfə dəyişdirilməsi imkanını qanunvericilik istisna edir. Bu da hüquqi müəyyənlik baxımından, təbii haldır. Çünki, əks təqdirdə, soyadın sonsuzluğa qədər dəyişdirilməsi və akt qeydlərində hər dəfə dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat sisteminin sabitliyin təmin edilməsini istisna edir. Beləliklə də, qanunvericlik növbəti dəfə adın dəyişdirilməsi mümkünsüz olduğu halda, cavabdehin imtinası iddiaçının hüquqlarının pozması istsna edilir. «Qaydalar»ın 6.18-ci bəndində də, məhz, onu nəzərdə tutulur ki, adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi imtina edilməsi barədə qərar çıxarır. İPM-in 34.1-ci maddəsinin tələbi baxımından da, cavabdeh qeydiyyat orqanının, qanunla üzərinə düşən öhdəlik ondan ibarət olmuşdur ki, iddiaçının ərizəsinə əsasən onun soyadını növbəti dəfə dəyişdirilməsindən və qeydiyyata alınmasından imtina imtina etsin. Odur ki, məhkəmə kollegiyası cavabdehin növbəti dəfə iddiaçıya soyadının dəyişdirilməsindən imtina etməsi qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə işin hallarını düzgün qiymətləndirmiş, tətbiq olunmalı maddi hüquq normalarını tətbiq edərək, iddia tələbinin rədd edilməsi barədə maddi və prosessual hüquq normalarına uyğun nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qərar çıxarıldığını vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə qənatə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10057/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənləri və İPM-nin 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d i: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10057/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar