Məhkəmə qərarları › İş №2-1(103)-790/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-790/2024

04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-790/2024 04.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq arayışının verilməsi” tələbinə dair tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7896/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivində 0,25 ha torpaq sahəsindən ibarət olan 441/427 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X2na məxsus olması barədə arayışın (çıxarışın) onun qanun üzrə vərəsəsi kimi ona - İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə X10 arasında bağlanmış xx.xx.1981-ci il tarixli, 16536 №-li müqaviləyə əsasən X2na verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən faktiki ölçüsü 0.2055 ha təşkil edən 441/427 saylı bağ torpaq sahəsinin mərhum X2na məxsusluğu (mülkiyyət hüququ ilə) barədə arayışın (çıxarış) ona verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxrılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X2 ilə keçmiş Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış 01 dekabr 1981-ci il tarixli 16536 saylı müqavilə üzrə X2na Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində 0,25 ha torpaq sahəsindən ibarət olan 441/427 nömrəli bağ sahəsi ayrılmışdır. Həmin vaxtdan ailəsi bu bağ sahəsindən istifadə etmişdir. X2 23 mart 2001-ci ildə vəfat etmişdir, onun vəfatından sonra isə o, bağ sahəsindən istifadə edir, ona sahiblik edir və tələb olunan vergiləri mütəmadi ödəyir. Halhazırda X2na məxsus bağ sahəsini özəlləşdirmək istəyir. Bununla bağlı Bakı şəhəri 52 saylı Notariat ofisinə müraciət etmiş və atasının vərəsəsi olaraq tanınmışdır. 52 saylı Notariat ofisi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 1 ünvanlanmış, qeyd edilən daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədilə mərhum X3 miras qalmış ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə dair miras qoyanın adına Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış verilməsini və bu barədə müvafiq məlumatın sorğunu təqdim etmiş İddiaçı vasitəsilə Bakı şəhəri 52 saylı notariat ofisinə göndərilməsi xahiş edilmişdir. Tərəfindən cavabdeh inzibati orqana bir neçə dəfə müraciət olunsa da müraciətinin təmin olunmasından imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7896/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə, iddia tələbi təmin edilərək, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə X10 arasında bağlanmış xx.xx.1981-ci il tarixli, 16536 №-li müqaviləyə əsasən X5 icarəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, faktiki ölçüsü 0.2055 ha təşkil edən 441/427 saylı bağ torpaq sahəsinin mərhum X6 məxsusluğu (mülkiyyət hüququ ilə) barədə arayışın (çıxarış) İddiaçı verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin faktiki yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 428 saylı torpaq sahəsinin və bağlararası yolun yerinə uyğun gəlir. Həmçinin sxematik xəritəyə əsasən 427 saylı saylı torpaq sahəsinin uyğun gəldiyi ərazinin bir hissəsi “426A” saylı nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış. Ümumi ərazidə hasarlanma sxematik xəritəyə və arxiv cizgisinə uyğun aparılmamışdır. “427” nömrəsi ilə torpaq sahəsi digər fiziki şəxsin adına 13945 saylı müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, (reyestr nömrəsi: **********62) Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********52 saylı, xx.xx.2022-ci il tarixli, **********23 saylı və 02.2023-cü il tarixli, **********87 saylı cavab məktubları ünvanlanmışdır. Bağ torpaqlarının yerləşməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamına uyğun olaraq inzibati orqana təhvil verilmiş sxematik xəritə, Bağ Tikinti Kooperativinin yerləşmə sxemi, arxiv cizgisi və s. sənədlər əsasında müəyyən olunur. Qeyd olunan torpaq sahəsinin yerləşməsini araşdıran zaman məlum olmuşdur ki, elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin faktiki yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 428 saylı torpaq sahəsinin və bağlararası yolun yerinə uyğun gəlir. Həmçinin ümumi ərazidə hasarlanma sxematik xəritə və arxiv cizgisinə uyğun aparılmayıb. Göründüyü kimi, faktiki göstərilən torpaq sahəsinin yerləşmə mövqeyi sahənin yerləşməsinə dair hüquqi sənədlərlə uyğunsuzluq təşkil edir.Həmçinin bildiririk ki, xx.xx.2022-ci il tarixli yerli baxış zamanı iddiaçı tərəfindən göstərilən sahənin koordinatları ilə xx.xx.2022-ci il tarixli yerli baxış zamanı göstərilən torpaq sahəsinin koordinatları arasında fərq mövcuddur. Eyni zamanda torpaq sahəsinin faktiki ölçüsü hüquqmüəyyənedici sənəd üzrə sahədən (2500 kv.m) az olmaqla, 2055 kv.m təşkil edir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini, birinci instansiiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya İnstansiya Məhkəməsinin Mövqeyi (Əsaslandırıcı hissə) Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. İş materiallarında olan: Bakı şəhəri Yasamal VVAQ şöbəsi tərəfindən verilmiş AZ seriyalı 101142 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X11 18 fevral 2001-ci il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2001-ci ilin 03-cü ayının 23-cü günündə 207 № ilə qeyd edilmişdir. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə X10 arasında bağlanılmış xx.xx.1981-ci il tarixli, 16536 №-li müqavilədən (notarial qaydada təsdiq olunmuş surəti) görünür ki, qeyd olunan müqavilə ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən ümumi sahəsi 0,25 ha olan 441/427 saylı bağ torpaq sahəsi X6 icarəyə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış **********95 saylı xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 16536 nömrəli müqavilə əsasında ayrılmış bağ sahəsi barədə məlumat və sənəd surətinin verilməsinə dair müraciətinə baxılmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində 0,25 hektar torpaq sahəsi olan 441/427 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X10 arasında bağlanmış xx.xx.1981-ci il tarixli, 16536 nömrəli müqavilənin təsdiq edilmiş surəti təqdim olunmuşdur. Bakı şəhəri 52 saylı Notariat ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Ərazi İdarəsinə ünvanladığı 120/2022 saylı xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı müraciətinə əsasən xx.xx.2001-ci il tarixdə vəfat etmiş X2ndan miras qalmış əmlaka dair ünvan 4 ünvanında yerləşən torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsini xahiş etmişdir. Təqdim edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən Çıxarışı təqdim edildikdən sonra verilə bilər.”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində göstərildiyi kimi müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Həmçinin “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsinə uyğun olaraq ölmüş şəxsin adma tərtib edilmiş miras əmlaka mülkiyyət hüququnu təsdiq -edən reyestrdən çıxarış verilməlidir. Qeyd olunanlarla bağlı daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədilə miras qoyan X5 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığından “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və yuxarıda qeyd edilən təlimatın 5.1-1 maddəsinin tələbinə uyğun olaraq mərhum X3 miras qalmış ünvan 4 ünvanında yerləşən torpaq sahəsinə dair miras qoyanın adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini və bu barədə müvafiq məlumatın sorğu təqdim etmiş İddiaçı vasitəsilə Bakı şəhəri 52 saylı notariat ofisinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********28 saylı xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 426A və 427 saylı bağ sahəsinin ilkin və sonrakı qeydiyyatı ilə bağlı aşağıdakı; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1178/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, iddiaçı X20 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək, iddiaçının adına 25 may 2001-ci il tarixli, 30077 saylı icarə müqaviləsi əsasında verilmiş Ləhiş bağlarında yerləşən 0,12 hektar sahəsi olan 426a saylı bağın torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1178/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən X8 və istismarı Birliyi tərəfindən 30077 nömrəli 25 may 2001-ci il tarixdə bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən X15 ayrılmış sahəsi 0,12 ha olan 426a saylı bağ sahəsinin sxematik xəritədə uyğunsuzluğun aradan qaldırılaraq, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 426a saylı bağ sahəsi xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə (**********71 reyestr nömrəli) 0,12 ha torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 934 nömrəli reyestr kitabının 88665 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə X12 adına qeydə alınmışdır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, X20 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0,12 ha torpaq sahəsini X1. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən: Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində ümumi sahəsi 0,12 ha olan 426a saylı bağ sahəsi xx.xx.2020-ci ildə ********** qeydiyyat nömrəsi ilə (**********71 reyestr nömrəli) Daşınmaz əmlakın dövlət reyestrində 934 nömrəli kitabının 88665 nömrəli vərəqində X13 adına qeydiyyata alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 0,1115 ha torpaq sahəsindən ibarət 427D saylı bağ sahəsi xx.xx.2022ci il tarixli ********** qeydiyyat nömrəsi ilə (**********48 reystr nömrəsi ilə) Daşınmaz əmlakın dövlət reyestrində 1095 nömrəli reyestr kitabının 108390 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə X4 adına qeydə alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 0,1265 ha torpaq sahəsindən ibarət olan 427 saylı bağ sahəsi xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X7 adına Daşınmaz əmlakın dövlət reyestrində 1097 nömrəli reyestr kitabının 108526 nömrəli vərəqində qeydiyyata alınmışdır. **********57 saylı xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 441/427 saylı bağ sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə aktından (təsdiq olunmuş surəti) müəyyən olunur ki, bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0,25 ha, faktiki sahəsi 0.2055 ha (445 kv. m. azdır) təşkil edir. Bağ sahəsinin döngə nöqtələri 5 sıra mişar daşı ilə hörülüb, döngə nöqtələrinin aralarına isə 1 sıra mişar daşı düzülərək, ayrılıb. Şimal tərəfdən sərhədin bir hissəsi qonşu hasarla ayrılıb. Tikili yoxdur. Təkrar baxış zamanı məlum oldu ki, vətəndaş bağ sahəsinin döngə nöqtələrinin yerini sxematik xəritəyə uyğun dəqiqləşdirərək, 5 sıra mişar daşı ilə hörüb, döngə nöqtələrinin aralarına isə 1 sıra mişar daşı düzüb. Arxiv qeydinə əsasən qeydiyyatdan keçmiş digər “427” saylı bağ sahəsinin arxiv cizgisinə əsasən yeni nömrəsi “427/413”-dür. Həmin bağın müqaviləsi yenilənmədiyindən köhnə “427” nömrəsi qalıb. Başqa-başqa torpaq sahələridir. Məsələ ilə əlaqədar qeyd olunur ki, bağın faktiki sahəsində 445 kv.m azalma mövcuddur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin: - **********33 saylı xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdə qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 441/427 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmışdır. Göstərilən torpaq sahəsinə baxış keçirmək və texniki çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmadığından müraciətinin icrası tərəflərindən mümkün olmamışdır. - **********23 saylı xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdə qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 441/427 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmışdır. Göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Torpaq sahəsinin bir hissəsi sxematik xəritəyə əsasən 428 saylı torpaq sahəsinin və bağlararası yolun ərazisinə uyğundur. **********87 saylı xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, X3 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 441/427 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizəsinə baxılmışdır. Göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Belə ki torpaq sahəsinin bir hissəsi sxematik xəritəyə əsasən digər bağların ərazisinə uyğun gəlir. İşin hallarına tətbiq edilən hüquq normaları : «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Mülki Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qeyd edilən normaları və işin hallarını nəzərə alan Kollegiya qeyd edir ki, X5 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən faktiki ölçüsü 0.2055 ha təşkil edən 441/427 saylı bağ torpaq sahəsinə dair mülkiyyət hüquqları yaranmışdır. Lakin, X10 mübahisəli torpaq sahəsinə mülkiyyət hüquqları qeydə alınmadan vəfat etdiyindən, hazırda onun vərəsəsi olan iddiaçı hüquqların X6 mənsub olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a əsasən : Maddə 1.2. Bu təlimatda müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra-Xidmət) tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (bundan sonra - arayış) hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Maddə 7.1. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Maddə 7.2. Müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Qeyd edilən normaların məzmunundan görünür ki, İddiaçı subyektiv hüququ mövcuddur. Yəni, hüquqların X6 mənsub olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun bu normasının mənasından göründüyü kimi hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. Cavabdehin apelyasiya şikayətinin dəlillərinə münasibət : Cavabdeh inzibati orqan apelyasiya şikayətində iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin faktiki yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 428 saylı torpaq sahəsinin və bağlararası yolun yerinə uyğun gəldiyini,. həmçinin sxematik xəritəyə əsasən 427 saylı saylı torpaq sahəsinin uyğun gəldiyi ərazinin bir hissəsinin “426A” saylı nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını, ümumi ərazidə hasarlanmanın sxematik xəritəyə və arxiv cizgisinə uyğun aparılmadığı, “427” nömrəsi ilə torpaq sahəsi digər fiziki şəxsin adına 13945 saylı müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı qeyd olunmuşdur. Apelyasiya şikayətinin sxematik xəritə ilə uyğunsuzluqla bağlı hissəsinə münasibətdə Kollegiya qeyd edir ki, qeyd edilən hal mərhum X5 və hazırkı iş üzrə iddiaçının iradəsindən asılı olan hal deyil və uyğunsuzluqların aradan qaldırılması cavabdehin vəzifələrinə aiddir. Kollegiya qeyd edir ki, iddia olunan torpaq sahəsinin digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşdüyü qeyd olunsada, bu hal sxematik xəritədə olan uyğunsuzluqlarla bağlı olmuşdur. Belə ki, iddia olunan torpaq sahəsinin faktiki olaraq hər hansı torpaq sahəsi ilə üst-üstə düşmədiyi, həmin torpaq sahəsinin uzun müddət mərhum X5 və onun ailəsinin istifadəsində olduğu, hər hansı etiraz olmadan bugünədək istifadə edilməsi işin mübahisəsiz halıdır. Cavabdehin apelyasiya şikayətinin “torpaq sahəsinin faktiki ölçüsünün hüquqmüəyyənedici sənəd üzrə sahədən (2500 kv.m) az olmaqla, 2055 kv.m təşkil etməsi” ilə bağlı dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbində dəqiqləşmə aparılaraq qeyd olunan hal aradan qaldırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2016-cı il tarixli qərarında göstərtilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Eyni zamanda qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur.( “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri) «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Yuxarıda sadalananlara əsasən, kollegiya qeyd edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olur. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7896/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar