Məhkəmə qərarları › İş №2-1(103)-791/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-791/2022

04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-791/2022 04.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızından və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1964-cü il tarixində Ermənistanın Vardenis rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(112)-10439/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 15.09.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müracət edərək iddiaçıya “Müharibə veteranı adının və vəsiqəsi”nin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 15.10.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsində cavabdeh qismində göstərdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə yanaşı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun da cavabdeh qismində tanınmasını və ona “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(112)-10439/2021 nömrəli qərardadı ilə (hakim E.Əliyev) İddiaçı iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(112)-10439/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin məhkəmənin email ünvanına göndərildiyi email mailto:ünvanı-v.aliyev@mail.ru-dirElektron ünvan . Apellyasiya şikayətində imza mövcud olmadığı üçün bu səbəbdən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya apellyasiya şikayətini imzalaması təklif edilmiş, iddiaçı apellyasiya şikayətinin məzmununu bəyəndiyini bildirirərək apellyasiya şikayətini imzalamışdır. 10.01.2021-ci il tarixində cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz ərizəsi məhkəməyə daxil olmuş, ərizədə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(112)-10439/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, qərardadın ləğv edilməsini xahiş etdi. Əlavə olaraq izahatında Hərbi Prokurorluğa ezam olunduğunu, Gəncə şəhər Hərbi Polis Şöbəsində işə düzələndən bir il sonra baş təhqiqatçı kimi Gəncə Rayon Hərbi Prokurorluğa ezam olunduğunu, bir il müddətinə istintaqa kömək etdiyini, həmin müddətdə Kəlbəcər rayon döyüş bölgəsinə prokurorun verdiyi xüsusi əməliyyat tapşırığı ilə 15-17 günlüyünüə ezam olunduğunu, Laçın-Kəlbəcər döyüş bölgələrində iştirak etdiyini, Arxiv sənədlərini gətirdiyini, Müdafiə Nazirliyinin Komissiya Heyətinə təqdim etdiyini, ona bunun döyüşdə iştirak etmək hesab olunmadığını, buna görə də imtina etdiklərini, birinci instansiya məhkəməsinə müraciət etdiyini, ona döyüşdə olmağı barədə sənəd təqdim etməli olduğunu bildirdiklərini, Gəncə şəhər Hərbi Polis şöbəsinə müraciət etdiyini bildirdi. Həmçinin sədrlik edənin suallarına cavab olaraq, sənəd təqdim etdiyini, lakin ezam olunmağının döyüşdə iştirak etmək olmadığını bildirdiklərini, xüsusi əməliyyat tapşırığı ilə getdiyini, 17 gün döyüş bölgəsində qaldığını, hazırda təqdim etməli sübutunun olmadığını qeyd etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2- 1(112)-3382/2020 nömrəli qərarı ilə (hakim M.Qarayeva) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-378/2021 nömrəli, 03.02.2021-ci il tarixli qərarı ilə (hakimlər A.Nuriyeva, V.Ağayev, A.Hüseyn) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3382/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Prokurorluğunun Gəncə Hərbi Prokurorluğu tərəfindən iddiaçıya ünvanlanmış 08.10.2019-cu il tarixli, HP-15/4634 nömrəli məktuba əsasən qeyd edilmişdir ki, ərizənizə əsasən Gəncə hərbi prokurorunun 1992 və 1993-cü illərə aid əmr kitabından barənizdə verilmiş əmrlərin təsdiq olunmuş ksero surətləri sizə göndərilir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən prosessual normaların tətbiqində səhvə yol verməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, hazırkı iş üzrə iddiaçının ilkin tələbini “Müharibə veteranı adının və vəsiqəsi”nin verilməsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi təşkil etmişdir. Daha sonra 15.10.2021-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək,iddia ərizəsində cavabdeh qismində göstərdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə yanaşı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun da cavabdeh qismində tanınmasını və ona “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə hər hansı münasibət bildirilməmiş, onun icraata qəbul edilməsi və ya imtina edilməsi barədə protokolda qeyd və ya məhkəmə qərardadı iş materiallarında mövcud deyil. Azərbaycan Respublikası İPM-nin 54.1-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. Həmin Məcəllənin 54.3-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı yuxarıda qeyd edilənlərə əsasən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(112)-10439/2021 nömrəli qərardadı ləğv edilərək, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(112)-10439/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ “müharibə veteranı adının və vəsiqəsi”nin verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar