Məhkəmə qərarları › İş №2-1(103)-792/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-792/2021

10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-792/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Nərimanov rayon xidmət nümayəndəliyinə qarşı “ona xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixə kimi ödənilməmiş müharibə veteranı müavinətinin ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Nərimanov rayon xidmət nümayəndəliyinə qarşı “ona xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixə kimi ödənilməmiş müavinətin ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4215/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarından tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx xxxxxx 1968-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. MV seriyalı 00349 saylı xx.xx.2017-ci il tarixli vəsiqədən görünür ki, iddiaçı müharibə veteranıdır. Hal-hazırda DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsindən müharibə veteranı kimi təqaüd alır. İddiaçı ona xx.xx.2014cü il tarixdən xx.xx.2017-ci il tarixə kimi ödənilməmiş Qarabağ Müharibəsi veteranı müavinətinin ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********5 saylı xx.xx.2020-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, sizə xx.xx.2017-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmiş, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2017-ci il tarixdən müavinət təyin edilmişdir. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. “Mühaibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli Fərmanının 2.1.1-ci bəndinə əsasən 2019-cu ilin aprelin 1-dən kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir. Həmin Fərmanın 5-ci bəndinə əsasən bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu ilin aprelin 1-dən tətbiq edilir. Həmin Fərman 2019-cu il aprelin 1-dən tətbiq edildiyi üçün veteranlara verilən kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət ləğv edilmişdir. Təqaüdün xx.xx.2017-ci il tarixdən əvvəlki dövr üçün ödənilməsi “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli Fərmanının və “Veteranlar haqqında” Qanunun tələblərinə uyğun deyildir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Nərimanov rayon xidmət nümayəndəliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, müharibə veteranlarına ödənilməyən müavinətin, yəni müavinət hüququnun yarandığı gündən “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2015-ci il tarixli 311 nömrəli qərarının 1.3-cü bəndinə görə müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə qanuna müvafiq olaraq xx xxxxxxxx 2014-cü il tarixdən xx xxxxxxxx 2017-ci il tarixədək olan fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi mümkündür. Belə ki, digər şəxslər üçün məhkəmə qərarı əsasında həmin ödənişlər verilmişdir. O, həmin ödənişin alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsinə müraciət edərək, ona müharibə veteranı adı verildiyi tarixədək olan 3 illik dövrə görə sosial müavinətin hesablanmasını və ödənilməsini tələb etmişdir. Şəxs veteran vəsiqəsini xx xxxxxxxx 2017-cu il tarixində almış və həmin tarixdən ona sosial müavinət təyin edilmişdir. Vətəndaşın iddiası tamamilə əsassızdır. Belə ki, vətəndaşa sosial müavinət təyin edilməsinin mümkünsüzlüyünü təsdiq edən yuxarıdakı faktlardan başqa aşağıdakı əsaslar da onun belə bir hüququnun olmadığını bir daha təsdiqləyir və «Sosial müavinətlər haqqında» Qanunun 9.1-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Bu müddəadan da göründüyü kimi, qanunverici sosial müavinətin onun təyin olunması üçün müraciət edildiyi vaxtdan əvvəlki 3 il üçün ödənilməsini iki halla şərtləndirmişdir: 1) iddia olunan 3 ilin başlandığı anda sosial müavinətə hüququn yaranmış olması; 2) iddia olunan 3 ilin başlandığı anda bu Qanunun qüvvədə olması. xx xxxx 1994-cü il tarixli «Veteranlar haqqında» Qanunun 7-ci maddəsində və AR Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 4-cü bəndində təsbit olunmuşdur ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu onu göstərir ki, şəxsin istər təqaüd, istərsə də sosial müavinət almağa hüququ veteran vəsiqəsini aldığı tarixdən yaranır. Belə ki, vətəndaşın veteran vəsiqəsi olmadığı dövrdə, yəni xx xxxxxxxx 2017-ci il tarixindən əvvəlki dövrdə sözügedən sosial müavinətə hüququ yaranmamışdır. Bu fakt öz təsdiqini müharibə veteranı vəsiqəsində yazılan “vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir” müddəasında da tapır. Yəni, güzəşt və imtiyazlardan istifadə hüququnun yaranması vəsiqənin sahibi olmaq anıyla şərtləndirilmişdir. Bundan başqa, şəxsin müharibə veteranı statusunu almaq üçün döyüşlərdə iştirak etməsi bizim üçün mübahisə predmeti deyildir, lakin şəxsin «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsində göstərilən fəaliyyəti həyata keçirmiş olması (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş olması) onun bəhs edilən sosial müavinəti alması üçün deyil, ona veteran vəsiqəsinin verilməsi üçün hüquqi əsasdır. Sosial müavinətin təyin olunması üçün hüquqi əsas isə «Veteranlar haqqında» AR Qanununun 7-ci maddəsində tələb olunduğu kimi veteran vəsiqəsisin təqdim olunmasıdır. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında xx xxxxx 2019-cu il tarixli 641 nömrəli Fərman ilə isə həmin müavinət 80 manat məbləğində müəyyənləşdirilmiş Prezident təqaüdü ilə əvəz edilmişdir. Burdan da görünür ki, adı dəyişməsinə baxmayaraq sözügedən müavinət mahiyyətcə veteran statusu olan şəxsə onun xüsusi statusuna görə verilən «Veteranlar haqqında» Qanunun 7-ci maddəsində bəhs olunan güzəştlər anlayışı ilə əhatə olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4215/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı müharibə veteranları üçün nəzərdə tutulan müavinətin xx xxxxxxxx 2014-cü il tarixdən xx xxxxxxxx 2017-ci il tarixədək olan 3 (üç) illik dövr üzrə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4215/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müharibə veteranı adı almış şəxs ancaq müharibə veteranı vəsiqəsini əldə etdikdən sonra onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edə bilər və yalnız bundan sonra müavinət almaq hüququ yaranır. Müharibə veteranları üçün verilən sosial müavinət ödənişinin həyata keçirilməsi üçün müharibə veteranı vəsiqəsi təqdim edilməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdə görünür ki, İddiaçı ona müharibə veteranı vəsiqəsinin xx.xx.2017-ci il tarixdə verilməsinə istinad edərək, xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilədək, 36 ay müddətinə yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının iddiasının təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən iddianın əsaslı olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə müharibə və silahlı qüvvələrin veteranlarına veteran adını və sənədlərini müvafiq olaraq Azərbaycan Respublikasının müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirlikləri verirlər. Həmin Qanunun 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müharibə, əmək və silahlı qüvvələr veteranı adını daşıyanlara üzərində “Azərbaycan Respublikasının veteranı” sözləri yazılmış vəsiqə verilir. Vəsiqənin nümunəsini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və........ istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən, o cümlədən 9.1.5.-ci maddəyə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət- onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək təyin edilir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud həmin qanunun 11.1.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət- onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda dayandırılır. Qanunun yuxarıda sadalanan normalarından göründüyü kimi, veteranlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslər üçün nəzərdə tutulmuş kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət almaq hüququna malikdirlər və qanunla bu müavinətin “Sosial müavinətlər haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən, lakin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 saylı xx xxxxxxxx 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinin 11-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. İddiaçının tələbi “Sosial müavinətlər haqqında” Qanundan irəli gələn müavinətin alınması ilə əlaqədar olduğundan bu tələbin əsaslılığına, o cümlədən əsaslı olduğu halda, müavinətin hansı tarixdən təyin edilməli və hansı dövrlər üzrə ödənilməli olduğuna dair məsələyə “Veteranlar haqqında” Qanunun normalarına görə deyil, məhz həmin sosial müavinətin verilməsi məsələsini həll edən xüsusi qanun kimi çıxış edən “Sosial müavinətlər haqqında” Qanunun normalarına əsasən qiymət verilməlidir. Hazırki işdən görünür ki, iddiaçı müharibə veteranı kimi hüquqlarını “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirməyə başlasa da, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 257 nömrəli Fərmanında nəzərdə tutulmuşdu ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, lakin sonradan müharibə veteranı vəsiqəsini almış, əvvəlki dövrlər üçün müavinət almamış müharibə veteranlarına münasibətdə bu Fərmanla müəyyən edilmiş müavinətin məbləğinin verilməsi məsələsi Konstitusiyanın 12, 16 və 25-ci maddələrinin tələbləri baxımından həll edilməlidir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranlarına nəzərdə tutulmuş müavinətin fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar. Odur ki, məhkəmə kollegiyası iddiaçıya müharibə veteranı vəsiqəsinin xx.xx.2017-ci il tarixdə verildiyini nəzərə alaraq hesab edir ki, iddiaçının müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən əvvəlki 3 il üçün müharibə veteranları üçün nəzərdə tutulmuş aylıq sosial müavinəti tələb etmək hüququ vardır və həmin müavinətin hesablanaraq ona ödənilməsi qanunvericliyin tələbinə uyğundur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası həmin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qəbul etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4215/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar