Məhkəmə qərarları › İş №2-1(103)-792/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-792/2022

24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-792/2022 24.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, iddiaçının vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı 30749 manat pul vəsaitinin və 30000 manat mənəvi zərərin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1028/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iddia qaldıraraq məharət dərəcəsinin verilməsinin gecikdirilməsinə görə 2288 manat, müalicə olunmağı ilə əlaqədar birdəfəlik müavinətə görə 9760 manat, qanunsuz tənbeh olunmasına görə 2080 manat, forma ilə təmin olunmadığı 8 il üçün cəmi 5600 manat, iş vaxtından artıq işlədiyi üçün 2660 manat və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının atıcı tağımında əlavə xidmətinə görə 616 manat olmaqla cəmi 30748 manat pul vəsaitinin və hüquqlarının 20 il ərzində pozulması ilə əlaqədar ona dəymiş ziyana görə əlavə 30000 manat, cəmi 60748 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1028/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1028/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1028/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etmir və gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 3397 nömrə ilə xx.xx.2008-ci ildə qeydiyyatdan keçmiş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin (bundan sonra - müavinət) verilməsi qaydalarını müəyyən edir, həmin Qaydaların 2.1-ci bəndinə əsasən müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Müavinət verilməsi üçün nümayəndə vasitəsilə müraciət edildikdə, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd müraciətə əlavə olunur. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən müavinət verilməsi üçün müraciətə aşağıdakı sənədlərdən biri əlavə edilməlidir: 2.2.1. müalicə müəssisəsi (həkim) və ya nazirliyin tibb xidməti tərəfindən verilən müalicə olunmaq zərurəti barədə arayış və ya müvafiq müalicə, sanatoriya-kurort müəssisəsinə göndəriş; 2.2.2. müalicə müəssisəsi (həkim) tərəfindən verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi və ya yerli, yaxud xarici müalicə müəssisəsində tibbi müayinədən və ya müalicədən keçmə haqqında sənəd; 2.2.3. sanatoriya-kurort müəssisəsinə putyovka və ya turizm xidməti müəssisəsinin müvafiq sənədi. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən müavinətin verilməsi barədə müraciət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aparatında, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində, habelə nazirliyin müstəqil balansa malik tabe qurumlarında fəaliyyət göstərən müavinət təyin edən komissiyalara (bundan sonrakomissiyalar) təqdim edilir. Lakin iddiaçı tərəfindən müalicə pulunun ödənilməsini tələb etdiyi illərdə yuxarıda qeyd edilən qaydaların 2.2-ci bəndində göstərilən sənədlərin cavabdehin təşkil etdiyi komissiyaya və ya cavabdehin özünə təqdim etməsi və müalicə olunması üçün müavinət verilməsi barədə müraciət etməsi, lakin müraciətinin təmin edilməməsi işin faktiki halları ilə müəyyən edilməmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunun 26.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası müvafiq icra hakimiyyəti orqanının mərkəzi aparatında, penitensiar və tibb xidmətlərində, regional qurumlarında qulluq keçən xüsusi rütbəsi olan ədliyyə işçiləri, habelə icra məmurları xüsusi geyim forması ilə təmin olunurlar. Xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, 26.2-ci maddəsinə əsasən ədliyyə orqanları işçilərinə pulsuz qış, mövsümi və yay xüsusi geyim formalarının verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar əsasında həyata keçirilir, 26.4-cü maddəsinə əsasən ədliyyə orqanları işçilərinə növbəti olaraq verilən xüsusi geyim formasının əvəzinə onun dəyəri məbləğində pul kompensasiyası verilə bilər. Göründüyü kimi qanunverici ədliyyə işçilərinə növbəti olaraq verilən xüsusi geyim formasının əvəzinə onun dəyəri məbləğində pul kompensasiyasının ödənilməsini vəzifə kimi cavabdehin üzərinə qoymamişdir, bu yalnız cavabdehin hüququ kimi nəzərdə tutulmuşdur ki, həmin hüquqdan istifadə etmək isə cavabdehin mülahizəsinə əsasən həyata keçirilir, belə olan halda hal hazırda cavabdehin iddiaçı qarşısında xüsusi geyim formasının əvəzində pul kompensasiyasını ödəmək öhdəliyi mövcud deyildir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 32.9-ci maddəsinə əsasən intizam tənbehinin verilməsi və vaxtından əvvəl götürülməsi əmrlə rəsmiləşdirilir və ədliyyə orqanları işçisinin şəxsi işinə əlavə olunur (penitensiar və tibb xidmətlərinin əməkdaşları üçün intizam tənbehinin tətbiqi barədə qeydlər onların şəxsi işlərinin xidməti vərəqələrinə yazılır). Verilmiş əmr üç gün ərzində işçiyə elan olunur və əmrin surəti imza etdirilməklə ona təqdim edilir. Həmin Qanunun 32.10-cu maddəsinə əsasən ədliyyə orqanlarının işçisi intizam tənbehi tətbiq edilməsi barədə əmrdən qanunvericilikdə müəyyən edilmiş qaydada yuxarı orqanın rəhbərinə və ya məhkəməyə şikayət verə bilər. Lakin iddiaçı tərəfindən xidmət etdiyi müddət ərzində ona intizam tənbehi verilməsi haqqında əmrdən şikayət vermədiyi və həmin əmri mübahisələndirmədiyi üçün intizam tənbehi barədə əmrlər qanuni hesab edilirlər və həmin əmrlərlə bağlı və ya həmin əmrlərin nəticəsi olaraq iddiaçıya cavabdeh tərəfindən hər hansı bir zərərin vurulması barədə iddiaçının iddiası əsassızdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 30 may 2014-cü il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarına və hərbi qulluqçularına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında Əsasnamə”nin 1.7-ci bəndinə əsasən məharət dərəcələrinin verilməsi üzrə komissiyaya öz vəzifə borclarını layiqincə yerinə yetirən, il ərzində tədris olunan dərslərin yekunu üzrə keçirilmiş qiymətləndirmədə «əla» və «yaxşı» qiymət almış əməkdaşlar ərizələrinə və birbaşa rəislərinin xasiyyətnamə zəmanətinə əsasən təqdim olunurlar. Barəsində intizam tənbehi tətbiq edilmiş əməkdaş həmin tənbeh qüvvədə olduğu müddətdə komissiyaya buraxılmır və ona həmin müddətdə məharət dərəcəsi verilmir. Sosial məzuniyyətdə olma dövrü məharət dərəcəsində olma müddətinə daxil edilir və bu Əsasnamənin 1.4-cü bəndinə uyğun hesablanır. Həmin Əsasnamənin 1.8-ci bəndinə əsasən başqa vəzifəyə keçirilmiş (vəzifədə irəli çəkilmiş şəxslər istisna olmaqla) əməkdaşlara növbəti məharət dərəcələrinin verilməsi məsələsinə həmin vəzifədə 6 ay qulluq etdikdən sonra baxılır. Həmin Əsasnamənin 1.11-ci bəndinə əsasən məharət dərəcələri aşağıdakı qaydada verilir: - ədliyyə nazirinin əmri ilə – ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisinə, Tibb baş idarəsinin rəisinə; - ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisinin əmri ilə – Penitensiar xidmətin əməkdaşlarına; - Tibb baş idarəsinin rəisinin əmri ilə – tibb xidmətinin əməkdaşlarına. Həmin Əsasnamənin 1.12-ci bəndinə əsasən məharət dərəcələrinin verilməsi üçün bu Əsasnamənin 1.11-ci bəndində göstərilən vəzifəli şəxsin əmri ilə təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən ibarət komissiya yaradılır.Komissiya azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Komissiyanın səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə müəyyən edilir. Həmin Əsasnamənin 1.14-cü bəndinə əsasən məharət dərəcələrinin verilməsi ilə əlaqədar yaranmış mübahisəli məsələlərin həlli üçün əməkdaşlar və komissiyaların üzvləri Ədliyyə Nazirliyinin rəhbərliyinə, habelə qanunla müəyyən edilmiş qaydada məhkəməyə şikayətlə müraciət edə bilərlər. Həmin Əsasnamənin 2.6-cı bəndinə əsasən hər bir əməkdaşa məharət dərəcəsinin verilməsinə dair qiymətləndirmənin nəticələri komissiyanın üzvləri tərəfindən imzalanmış protokolda əks etdirilir. Həmin protokollar əsasında əməkdaşlara məharət dərəcələrinin verilməsi müvafiq əmrlə rəsmiləşdirilir. Lakin iddiaçı qulluq etdiyi müddət ərzində məharət dərəcəsinin verilməsi ilə bağlı cavabdehin hərəkətlərini mübahisələndirməmiş, məharət dərəcəsi verilməsi üçün yaradılmış komissiyaya da müraciət etməmişdir ki, bu da məharət dərəcəsi ilə bağlı iddiaçının hüquqlarının pozulmamasını göstərir. İddiaçının istirahət hüququnun pozulması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2000-xx.xx.2015, xx.xx.2016-xx.xx.2019-cu illərdə xidmət etdiyi müddətdə onunla cavabdeh arasında münasibətlər “Ədliyyə orqqnlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yanaşı həm də hərbi qanunvericiliklə (“Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Hərbi qulluqçualrın statusu haqında”, “hərbi xidmətkeçmə haqqında” əsasnamə, “Azərbaycan Respublikası Silahlı X1” və digər) tənzimlənirdi ki həmin qanunvericilik normalarında “iş vaxtı”, “iş vaxtı normaları”, “İş vaxtından artıq iş” anlayışları mövcud deyildir. İddiaçının xx.xx.2015-xx.xx.2016-cı ildə işlədiyi müddətdə isə onun cavabdehlə münasibətləri həm “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu, həm də Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənmişdir. Belə ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 991.-ci maddəsinə əsasən iş vaxtından artıq iş – işəgötürənin əmri (sərəncamı, qərarı) ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. İddiaçının iş vaxtından artıq işə cəlb edilməsi barədə əmrlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş və belə bir əmrlərin mövcud olması barədə məhkəməyə məlumat verilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki inzibati iş materialları ilə cavabdehin iddiaçıya münasibətdə hər hansı bir qanunsuz hərəkətləri (hərəkətizliyi), bunun da nəticəsində hər hansı bir maddi ziyanın və mənəvi ziyanın vurulması inzibatı məhkəmə icraatının gedişində təsdiqlənməmişdir Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1028/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar