Məhkəmə qərarları › İş №2-1(103)-792/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-792/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-792/2023 01.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “mənəvi ziyanın ödənilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8283/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vaxtında şifahi müsahibə mərhələsinə buraxılmaması səbəbindən ona dəyən mənəvi ziyana görə cavabdehdən 150.000 (yüz əlli min) manat təzminat ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: «İddiaçı 08 fevral 2022-ci il tarixdə kollegiya sədrinə rəsmi ərizə göndərərək qeyd etmişdir ki, məlum olduğu kimi 05 mart 2021-ci il tarixdə X2 keçirilən vəkilliyə namizədlərin test imtahanında 59 (əlli doqquz) bal toplamışdır. Ona verilmiş balın nəticəsindən narazı qaldığından X3 (“DİM”) apellyasiya şikayəti təqdim etmişdir. DİM tərəfindən iddiaçıya 2 dəfə rəsmi cavab verilmişdir ki, guya cavabları iddiaçı düz tapmamış, ekspertlər təkrarən cavabları ekspertizadan keçirmiş olduqdan sonra yenə öz mövqelərində qalmışlar ki, iddiaçı əsassız apellyasiya şikayəti vermişdir. İddiaçı Kollegiyaya həmin ərizədən əlavə bir ərizə də ünvanlamışdır ki, test imtahanından sonra stress və mənəvi sarsıntılar keçirmiş olduğuna görə Kollegiya tərəfindən ona 100.000 (yüz min) manat təzminat ödənilməlidir. 08 fevral 2022-ci il tarixli ərizəsində isə başlığından da göründüyü kimi tezliklə şifahi müsahibədən keçmək üçün şərait, şifahi müsahibə qurtardıqdan sonra dərhal ixtisas komissiyasının rəyinin elan olunması, həmin rəylə əlaqədar rəsmi arayışın təqdim edilməsini xahiş etmişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində iddiaçı şifahi müsahibəyə buraxılmasına müraciət etsə də, müsbət cavab verilməmiş, 100.000 (yüz min) manat iddiaçıya təzminat ödənilməsinə dair ərizəsində də qeyd etmişdir. Hətta dəqiq məlumat çatdırılmışdır ki, şifahi müsahibədən uğurla keçməyinə baxmayaraq onu qəbul etməyəcəklər. Bu məlumatlar bir neçə mötəbər mənbələrdən də çatdırılmışdır. Təbii ki, bu məlumatlar və Kollegiya tərəfindən edilmiş hərəkətlər iddiaçıda ruh düşkünlüyü yaratmışdır. Həmin ərizəsində qeyd etmişdir ki, ola bilər ki, Kollegiyanın bu hərəkətinə görə iddiaçı şifahi müsahibəni uğurla keçməyə bilərdi. Bir sözlə, iddiaçı tezliklə şifahi müsahibədən keçməsə, ixtisas komissiyasının rəyi şifahi müsabiqədən dərhal sonra elan edilməsə, ixtisas komissiyasının rəyi ilə əlaqədar ona rəsmi arayış verilməsə iddiaçı bu hərəkətlə əlaqədar da əlavə olaraq 100000 (yüz min) manat təzminat tələb edəcəkdir. Həmin ərizənin sonunda iddiaçının tezliklə şifahi müsahibədən keçməyi üçün, şifahi müsahibədən keçdikdən dərhal sonra ixtisas komissiyasının rəyinin elan edilməsinə, ixtisas komissiyasının rəyi ilə əlaqədar rəsmi arayışı təqdim etməyi tələb etmişdir. Lakin, Kollegiya sədrinin müavini olmuş Aydın Axundovun iddiaçıya ünvanlamış olduğu 240-cı saylı 16 fevral 2022-ci il tarixli cavabında iddiaçı tərəfindən qoyulan suallara, iradlara dolğun cavab verməkdənsə, cəmi bir cümlə şifahi müsahibəyə buraxılacağı qeyd edilmişdir. Daha orada tezliklə, hansı tarixdə şifahi müsahibəyə buraxılacağına, müsabiqədən keçdikdən dərhal sonra ixtisas komissiyasının rəyinin elan olunacağına, ixtisas komissiyasının rəyi ilə əlaqədar elandan sonra rəsmi arayışın təqdim ediləcəyinə dair qəsdən, bilərəkdən fikir bildirilməmişdir. Bu hal isə qanunsuz olmaqla yanaşı, iddiaçıda növbəti dəfə sarsıntı, mənəvi iztirab yaşadılmış olmasına şərait yaratmışdır. Halbuki, 23 fevral 2022-ci il tarixində məlum olmuşdur ki, cavabdeh 12 nəfəri şifahi müsahibəyə buraxmışdır. Onların arasında iddiaçının adı, soyadı yox idi. Elə bu səbəblərdəndir ki, iddiaçı 150.000 (yüz əlli min) manat təzminat da ödənilməsini Kollegiyadan tələb edir. 25 fevral 2022-ci il tarixdə hazırladığı və həmin günü poçtla sifarişli-xəbərnaməli məktubla göndərdiyi ərizəsini cavabdeh 01 mart 2022-ci il tarixdə almışdır. Lakin iddiaçıya uzun müddət cavab verilməmişdir. Nəhayət 18 aprel 2022-ci il tarixdə rəsmi ərizə ilə ona cavabın göndərilməsi barədə sübutun təqdim edilməsini tələb etdikdə sübut edə bilmədiklərindən (çünki əslində heç bir cavab verilməmişdir) məcbur olub özlərində saxlamış olduqları 313-cü saylı 09 mart 2022-ci il tarixində hazırlanmış cavabın kserosurətini təsdiq edib iddiaçıya təqdim etmişlər. Yəni, cavabdeh qəsdən, bilərəkdən, ən əsası da iddiaçıya mənəvi təzyiq göstərmiş olmağa çalışdığı üçün iddiaçını vaxtında şifahi müsahibə mərhələsinə buraxmamağa çalışmaqla ona mənəvi ziyan vurmuşdur. Necə ki, iddiaçı əgər vaxtında şifahi müsahibə mərhələsində iştirak etsəydi, sarsıntı keçirməzdi, həmin mərhələni, həmçinin kursu da keçib, vəkil kimi fəaliyyətə başlayardı. İddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23 maddələrinin şərh edilməsinə dair 31 may 2022-ci il tarixli Plenumunun Qərarı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli Plenumunun 7 nömrəli Qərarının 2-ci bəndi, Avropa Məhkəməsinin Varnava və digərləri Türkiyəyə qarşı, Luluyev və digərləri Rusiyaya qarşı, Maksimov Rusiyaya qarşı iş üzrə qərarlarındakı hüquqi mövqeyə istinadən hesab etmişdir ki, cavabdehin iddiaçıya vəkilliyə namizədlər üçün vaxtında şifahi müsahibə mərhələsində iştirak etməyinə qəsdən maneçilik törətmiş olması, şifahi müsahibə mərhələsinə 3 gün qalmış (12 mart 2022-ci il tarixində axşam məlumat verilmiş, şifahi müsahibə isə 15 mart 2022-ci il tarixində keçirilmişdir) məlumat vermiş olmaqla iddiaçıya mənəvi ziyanın vurulmasını bir daha sübuta yetirir. Cavabdehin maddi durumu da yüksək olduğundan iddiaçıya 150000 (yüz əlli min) manat pul ödənilməlidir.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8283/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümükündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “...Məhkəmə iddianı əsassız olaraq təmin etməmişdir. Qərar qanunsuz, qeyri-obyektiv, hüquqa zidd və ədalətsizdir. qərarının altıncı vərəqinin on ikinci abzasında qeyd etmiş olsa da ki, guya o, mənəvi ziyan çəkməyi haqda heç bir sübut təqdim edə bilməmişdi, həmçinin məhkəmə tərəfindən hər hansı mənbədən əldə edilməsi üçün vəsatət verməmişdir.Qeyd edilənlərqeyri-obyektiv, absurd mülahizələrdir. O, tələbə yox, artıq Ali məktəbi çoxdan 30 il əvvəl bitirən məzun, otuz ildən artıq hüquq sahəsində çalışan şəxsiyyətdir. Test imtahanında universitetə və yaxud hər hansı bir ali məktəbə daxil olmaq üçün yox, vəkil olmaq üçün iştirak etmişdir. İş materialları üzrə vəsatətlərimdən, məhkəmənin iclasları protokollarına verdiyi qeydlərimdən məlum olur ki, şahidlərinin ifadə vermələrini xahiş etmiş, harada onlar onun mənəvi iztirab çəkmiş olduğumun şahidi olmuşdurlar. Lakin məhkəmə onları dinləməkdən imtina etmişdir. Məhkəmənin öz qərarında Ali məhkəmənin plenumunun qərarına istinad etmiş olması da əsassızdır. Məhkəmə İddia Ərizəmdə X6 Avropa Məhkəməsinin Qərarlarına etdiyim istinadlara belə hüquqi qiymət verməkdən yayınmışdı. Belə ki, Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir. (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Vamava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət şəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müüəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsinin yuxarıda qeyd olunan Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd edilmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər...” Məhkəmə kollegiyasının hazırkı iclası barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasına iştirak etməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsini tələbinə əssən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Konkret halda, iddiaçının tələbindən göründüyü kimi, vaxtında şifahi müsahibə mərhələsinə buraxılmaması səbəbindən ona dəyən mənəvi ziyana görə cavabdehdən 150.000 manat təzminat ödənilməsinə dair qərar qəbul edilməsini tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Qanunun 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, zərər, o cümlədən, mənəvi zərər, vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkət törədən şəxs zərərçəkən qarşısında vurduğu zərərə görə mülki məsuliyyət daşıyır. İddiaçı 05 mart 2021-ci il tarixdə X2 keçirilən vəkilliyə namizədlərin test imtahanında 59 (əlli doqquz) bal toplamış, həmin balın nəticələrindən narazı qalaraq apellyasiya şikayəti vermiş, lakin müsbət cavab almamış, sonradan onun müraciətinə cavabdeh 240-cı saylı 16 fevral 2022-ci il tarixli cavab məktubunda şifahi müsahibəyə buraxılacağını qeyd etsə də hansı tarixdə buraxılacağına qəsdən fikir bildirməmiş, 23 fevral 2022-ci il tarixində məlum olmuşdur ki, 12 nəfər şifahi müsahibəyə buraxılmış, lakin həmin şəxslər arasında onun adı olmamış, bu hallar onda sarsıntı, mənəvi iztirab yaratmış, bu səbələrdən cavabdehdən 150.000 manat təzminat ödənilməsini tələb edir. Göründüyü kimi, vəkilliyə test imtanında topladığı balla razılaşmayan iddiaçı onun şifahi müsahibəyə buraxılacağı barədə sözünü tutmayan cavabdehin hərəkətlərinin qanunsuz olduğunu və həmin müsahibəyə buraxılması tələbi ilə ona qarşı iddia da qaldırmadan, başqa sözlə, keçid balı toplamamaqda və şifahi müsahibəyə buraxılmaqda cavabdehin hərəkətlərinin təqsirli olduğunu sübuta yetirilmədən, birbaşa ona mənəvi ziyan tələbini irəli sürmüşdür. Birincisi, qeyd olunmalıdır ki, Tarantino və digərləri İtaliyaya qarşı (25851/09, 29284/09 və 64090/09 nömrəli ərizələr) 2 aprel 2013-cü il tarixli qərarında Avropa Məhkəməsi qəbul imtahanları ilə bağlı qeyd etmişdir ki, ən layiqli tələbələrin müəyyən edilməsi məqsədilə müvafiq imtahanlar vasitəsilə namizədlərin qiymətləndirilməsi universitetlərdə minimal və adekvat təhsil səviyyəsini təmin etməyə yönələn mütənasib tədbirdir. İmtahanların məzmununa gəlincə, Məhkəmə müxtəlif kontekstlərdə də olsa, “Kjeldsen, Busk Madsen və Pedersen Danimarkaya qarşı” (Kjeldsen, Busk Madsen and Pedersen v. Denmark (7 December 1976, § 53, Series A no. 23)) işində qət etmişdir ki, təhsil proqramının müəyyənləşdirilməsi və planlaşdırılması prinsipcə X4 səlahiyyətinə aiddir və bu məsələlər barədə qərar qəbul etmək Məhkəmənin səlahiyyətində deyil. Eynilə, Məhkəmə testlərin müvafiqliyi və ya məzmunu barədə də qərar qəbul etmək səlahiyyətinə malik deyildir. İkincisi, iddianın mahiyyətinə gəldikdə, iddiaçının cavabdeh tərəfindən ona qeyd olunan məbləğdə mənəvi zərər vurulduğunu təsdiqedici sübutetmə vasitələri mövcud deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 2002-ci il 31 may tarixli Qərarında qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Eyni zamanda, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə də, İPM-in 14.3-cü maddəsinin tələbi baxımından, iddiaçı tərəfindən iddia olunan mənəvi ziyanın cavabdehdən t onun xeyrinə tutulmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68) Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın əsassız, qeyri-obyektiv, hüquqa zidd və ədalətsiz olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8283/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8283/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar