Məhkəmə qərarları › İş №2-1(103)-792/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-792/2024

14.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-792/2024 14.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X2 Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşımaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 733/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (bundan sonra mətndə ƏMDX DƏDKRX) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şosessi, 14-cü km. ünvanda “Xalqlar Dostluğu” parkından qərb istiqamətdə yerləşən təqdim olunmuş sənədlər əsasında İddiaçı MMC-nin istifadəsində olan mövcud tikililərin İddiaçı MMC-nin adına hüquqların dövlət reyestrində qeydiyyata alınması və çıxarışın hazırlanıb verilməsinin cavabdeh ƏMDX DƏDKRX-yə həvalə olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, “’Sarvan” Kommersiya Mərkəzi (bundan sonra mətndə “’Sarvan” KM) Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992- ci il tarixli, 4834 saylı sərəncamı ilə dövlət qeydiyyatına alınmışdır. İddiaçı MMC isə xx.xx.2003-cü ildə yenidən qeydiyyatdan keçməklə, nizamnamənin 1.2-ci maddəsinin 3-cü bəndində göstərildiyi kimi cəmiyyətin "Sarvan” KM-nin bazasında yaradıldığı və onun hüquqi varisi olduğu qeyd olunmuşdur. Bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgəsi tərəfindən Dövlət qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. Təsisçi dəyişdiyindən İddiaçı MMC 20 fevral 2010-cu ildə yeni redaksiyada qeydiyyata alınmışdır. Səbail rayon İcra Hakimiyyətinin 1052 nömrəli 29 mart 1993-cü il tarixli sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, Salyan şosessi, 14 km. ünvanda ”Xalqlar Dostluğu" parkından qərb istiqamətdə kafe kompleksinin layihələndirilməsi üçün İddiaçı KM-yə torpaq sahəsinin ayrılmasına icazə verilmişdir. Eyni zamanda Bakı şəhər İcra Hakimiyyətinin 892 saylı, 17 may 1993-cü il tarixli sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, Salyan şosessi,14 km. ünvanda “Xalqlar Dostluğu” parkından qərb istiqamətdə ərazidə mövcud vəziyyətdə istifadə etdiyi torpaq sahəsinin ayrılması rəsmiləşmişdir. Həmin ərazidə mövcud tikililərə Azərbaycan Respublikası Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 28 iyun 1996-cı il tarixli Texniki Pasport verilmişdir. Bundan əlavə 26 noyabr 2002-ci ildə istifadədə olan 10.000 (on min) kv. metr “torpaq sahəsinin icarəyə verilməsi haqqında "Bakı şəhər İcra Hakimiyyəti ilə 0053 saylı “icarə müqaviləsi" bağlanmışdır. Mövcud ərazidə tikiləcək obyeklərin eskiz layihəsi səlahiyyətli hüquqi şəxs tərəfindən hazırlanmış, Bakı şəhər İcra Hakimiyyəti Şəhərsalma Baş İdarəsində xx.xx.2002-ci il tarixdə razılaşdırılmışdır. Həmin sənədlər əsasında 24 fevral 2005-ci il tarixdə istifadəyə verilən torpaq sahəsinin ayrıc aktı verilmişdir. Sifarişçi İddiaçı MMC-nin layihələndirmə sənədləri əsasında podratçı “Xəzər-1’’ firması tərəfindən tikinti işləri aparılmış, müvafiq təşkilatların rəsmi nümayəndələrinin iştirakı ilə 14 sentyabr 2017-ci il tarixli Ö\001247 saylı İstismara hazırlıq aktı verilmişdir. Mahiyyəti üzrə Bakı şəhər İcra Hakimiyyətinin 16 saylı 22 dekabr 2017-ci il tarixli istifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına icazə verilmişdir. Qanunvericiliyin tələblərini nəzərə alaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerqurluşu LayihəTədqiqat Mərkəzinə müraciət olunmuş və 05 iyul 2021-ci il tarixdə İddiaçıMMC-yə ayrılmış torpaq sahəsinin Yerqurluşu Planı işlənib təsdiq olunmuşdur. “Sarvan’’ MMC-nin sahibliyində olan obyektlərin üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması məqsədilə müvafiq icra orqanına təqdim olunmuşdur. Müvafiq icra orqanı sənədlərin tərtibatında bir sıra ziddiyyətlərin olduğunu və bəzi tikililərin Xəzər dənizinin (gölünün) mühafizə zonasında yerləşdiyini əsas gətirməklə müraciətlərinə 10 yanvar 2022-ci il tarixli **********5 saylı məktubla imtina cavabı vermişdir. Hesab edirlər ki, cavabdeh təşkilatın imtinası qanuni və əsaslı hesab edilə bilməz. Bütün görülmüş işlər səlahiyyətli dövlət təşkilatlarının verdiyi rəsmi sənədlər əsasında tam qanunvericiliyə uyğun tərzdə aparılmışdır. Mövcud tikililərə Azərbaycan Respublikası Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 28 iyun 1996-cı il tarixli Texniki Pasport verilən zaman su səthi geri çəkildiyindən həmin tikililər dənizin mühafizə zonasında olmamışdır. Bundan əlavə məktubda sənədlərin tərtibatında qeyd olunan texniki xarakterli ziddiyyətli hallar qısa müddət ərzində aradan qaldırılmışdır. Belə olan halda Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrındə aparılır. Qeyd olunanlara əsasən aidiyyəti icra orqanları tərəfindən təsdiq edilib onlara təqdim olunmuş Bakı şəhəri, Səbail rayonu, Salyan şosessi,14 km. ünvanda ’’Xalqlar Dostluğu” parkından qərb istiqamətdə "xxxx"MMC-yə aid tikililərə çıxarışın verilməsinə qanunsuz və əsassız imtina edilmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 54-cü maddəsinin tələblərinə əsasən, məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 14 km. ünvanında “Xalqlar Dostluğu” parkından qərb istiqamətdə yerləşən təqdim olunmuş mövcud tikinti sahəsinin planı və situasiya sxemi əsasında həmin tikililərin İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun tərtib edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra mətndə DƏDKRX 1 saylı Bakı Ərazi İdarəsi) üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-733/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmiş və aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçındən 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-733/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə şöbəsi tərəfindən verilmiş Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı MMC xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə şöbəsində istehsal, kommersiya, turizim və qanunvericiliklə qadağan olmayan digər fəaliyyət növləri məşğul olmaq üçün dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin hüquqi ünvanı Bakı şəhəri, Salyan şossesi, “Xalqlar Dotluğu” pakının qərb hissəsi qeyd olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsində xx.xx.2003-cü il tarixdə 0103-p34-38815 №-li şəhadətnamə əsasında qeydə alınmış İddiaçı MMC-nin nizamnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı MMC Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 4824 saylı sərəncamı ilə dövlət qeydiyyatına alınmış İddiaçı təsərrüfat hesablı istehsalat kommersiya mərkəzinin bazasında yaradılıb və onun hüquqi varisidir. -Bakı şəhər İcra Hakimiyyətinin M-790-112 №-li, xx.xx.2021-ci il tarixli məktubu ilə təqdim olunmuş Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Torpaq sahəsi ayrılması haqqında” xx.xx.1993-cü il tarixli 892 №-li sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 263 №-li məktubu nəzərə alınaraq, İddiaçı KM-yə Səbail rayonu, Səlyan şossesi “Xalqlar Dostluğu” parkının qərb hissəsindəki ərazidə kafenin mövcud vəziyyətdə istifadə etdiyi torpaq sahəsinin ayrılması haqqında qərar qəbul edilmişdir. -Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 25 iyun 1996-cı il tarixdə tərtib olunmuş “Qeyri yaşayış fonduna daxil olan Dövlət binalarının və özəl obyektlərin” Texniki pasportunun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı kommersiya mərkəzinin kafesinin tikinti sahəsi 471,8 kv.m., tikinti həcmi 1651,3 kv.m., ümumi faydalı sahə 390,6 kv.m., əsas sahələr 110,4 kv.m., köməkçi sahə 280,2 kv.m. təşkil etmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-05745-2022 saylı, xx.xx.2022ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Səbail Rayon İcra Hakimiyyətinin “Səlyan şossesi, “Xalqlar Dostluğu” parkından Qərb istiqamətində kafe kompleksinin layihələndirilməsi barədə” xx.xx.1993-cü il tarixli, 1052 saylı sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Səlyan şossesi “Xalqlar Dostluğu” parkından qərb istiqamətdə, kafe kompleksinin layihələndirilməsi üçün “Sərvan” KM-yə verilməsi qərara alınmışdır. - “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 0053 №li, xx.xx.2002-ci il tarixli icarə müqaviləsinin surətindən müəyyən olunur ki, “İcarəyə verən” Bakı şəhər İcra Hakimiyyəti ilə, “İcarəçi” İddiaçı KM arasında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 892 saylı xx.xx.1993-cü il tarixli sərəncamı əsasında Səbail rayonu, Salyan şossesi-14, Bakı-Ələt yolunun sol tərəf hissəsi, dəniz kənarı sahəsində ayrılmış torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “İcarəyəverən” icarə əsasında 10.000 (on min) kv.m. olan torpaq sahəsini, “İcarəçi”-yə 49 (qırx doqquz) il müddətinə istifadəsinə verir, “İcarəçi” isə onu qəbul edir. 2002-ci il tarixdə “Bakı Torpaq” LSB tərəfindən tərtib olunmuş İddiaçı KM-yə məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi-14, Bakı Ələt yolunun sol tərəfi, Dəniz kənarı sahəsində yerləşən qeyri yaşayış sahəsinin eskiz layihəsi Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə razılaşdırılmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 06/121 №-li, xx.xx.2005-ci il tarixli ayrıc aktının notarial qayda təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı KM-yə Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.1996-cı il tarixli 8/03-8/1626 saylı məktubu ilə Səbail rayonunda cizgidə göstərilən sərhədlər daxilində 1.0 hektar qeyri-yaşayış obyektinin layihələndirilməsi və tikintisi üçün, icarə əsasında istifadəsinə dair torpaq sahəsi ayrılmışdır. İddiaçı KM-yə ayrılmış torpaq sahəsinə qonşu torpaq sahələri- şimaldan-asfalt yol, daş hasar, yaşıllıq, daş tikililər və Salyan şossesi ilə; Şərqdən-daş tikili və Xəzər dənizi ilə; Cənubdan- Xəzər dənizi ilə; Qərbdən-boş sahə ilə əhatə olunduğu qeyd olunmuşdur. - Ö/001247№-li, xx.xx.2017-ci il tarixli İstismara hazırlıq aktının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi14, Bakı Ələt yolunun sol tərəfi , Dəniz kənarı sahədə yerləşən qeyri yaşayış obyekti Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 892 saylı sərəncamına və Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 1052 saylı sərəncamına əsasən “Sarvan MMC-yə ayrılmış 1 ədəd 1 girişli 2 mərtəbəli qeyri-yaşayış obyekti, 1 ədəd 1 girişli 1 mərtəbəli qeyri-yaşayış obyekti ümumi sahəsi 935.0 kv.m., tikinti altı sahə 60.0 kv.m., həcmi V-5060.0 kv.m. olan obyektin tikinti-quraşdırma işlərinin: sifarişçi tərəfndən texniki nəzarətin; podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin müvafiq qaydada həyata keçirilməsi təsdiq edilmişdir. - Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin “İstifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına” 16 №-li, xx.xx.2017-ci il tarixli icazənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, təqdim olunmuş sənədərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq 2017-ci il tarixində İddiaçı MMC-yə məxsus Bakı şəhəri Səbail rayonu, Salyan şossesi-14, Bakı- Ələt yolunun sol tərəfi, Dəniz kənarı sahədə yerləşən qeyri-yaşayış binalarının istismarına icazə verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi tərəfindən tərtib olunmuş Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən su fondu torpaqları kateqoriyasına aid ərazidən İddiaçı MMC-yə ayrılmış 1.0 hektar torpaq sahəsinin “Yerquruluşu planı”nın surətindən müəyyən olunur ki, plan ƏMDX Bakı Ərazi şöbəsi tərəfindən razılaşdırılaraq, təsdiq olunmuşdur. Planda eyni zamanda ayrılmış torpaq sahəsinin dövlət mülkiyyətində olduğu və dəniz akvatoriyasını əhatə etdiyi, ümumi tikilialtı sahənin 580,0 kv.m. təşkil etdiyi, Yerquruluşu planı Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.1996-cı il tarixli, 18/03-8/1626 saylı məktubu ilə ayrılmış torpaq sahəsinin cizgisində göstərilən koordinatlara əsasən hazırlandığı qeyd olunmuşdur. - DƏDKRX 1 saylı Bakı Ərazi İdarəsinin **********66 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində məhkəmənin qərardadda qeyd edilmiş suallara cavab olaraq bildirilmişdir ki: Qeyri-yaşayış binasının yerləşdiyi ərazi ilə bağlı təqdim edilən sənədlərdə ünvan uyğunsuzluğu mövcuddur. Belə ki, torpaq sahəsinin ayrılması haqqında Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 892 nömrəli sərəncamında ərazi “Xalqlar Dostluğu” parkının qərb hissəsi, Səbail rayon İcra Hakimiyyətinin 1052 nömrəli, xx.xx.1993-cü il tarixli tikintiyə icəzə sərəncamında isə ünvan “Xalqlar Dostluğu” parkının şərq istiqaməti kimi qeyd olunsa da, faktiki ərazi “Xalqlar Dostluğu” parkından 2 km. aralı (qərb tərəfdə) yerləşir (Bakı-Ələt yolunun sol tərəfində, dənizin içində). Göstərilən torpaq sahəsi faktiki olaraq 1,0 ha təşkil edir. Torpaq sahəsinin üzərində faktiki olaraq 4 ədəd tikili mövcuddur (A-1 ikimərtəbəli tikili sahəsi 500.20 kv.m, B2 birmərtəbəli tikili sahəsi 208.0 kv.m, C-3 ikimərtəbəli tikili sahəsi 678.1 kv. m. (açıq eyvan 1009.2 kv.m), D-4 birmərtəbəli tikili sahəsi 83.4 kv.m (120.3 kv.m) təşkil edir). Vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən ərazi dövlət mülkiyyətidir, dəniz akvatoriyasını əhatə edir, Xəzər dənizinin (gölünün) mühafizə zonasında yerləşir, su fondu torpaqları kateqoriyasına aiddir. Eskiz layihədə göstərilən 1 və 2 saylı tikililərin dənizin içinin doldurulması nəticəsində yaradılan sahədə inşa edildiyi və 1,3, 4 saylı tikililərin isə dənizdən 10 metr məsafədə olduğu müəyyən edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihədə 4 ədəd tikili göstərilmişdir, lakin “Tikinti obyektinin istismara icəzə” sənədində yalnız 2 ədəd tikili qeyd edilmişdir. Tikililərin mövcud vəziyyəti eskiz layihəyə uyğundur. Qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə dövlət qurumuna müraciət edilməsi məqsədəuyğundur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/2492 saylı ekspert rəyindən görünür ki, ekspert aşağıdakı nəticəyə gəlmişdir: Qeyri-yaşayış binasının yerləşdiyi ərazi ilə bağlı təqdim edilən sənədlərdə ünvan uyğunsuzluğu mövcuddur. Belə ki, torpaq sahəsinin ayrılması haqqında Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 892 nömrəli sərəncamında ərazi “Xalqlar Dostluğu" parkının qərb hissəsi, Səbail rayon İcra Hakimiyyətinin 1052 nömrəli, xx.xx.1993-cü il tarixli tikintiyə icazə sərəncamında isə ünvan “Xalqlar Dostluğu” parkının şərq istiqaməti kimi qeyd olunsa da, faktiki ərazi “Xalqlar Dostluğu” parkından 2 km. aralı (qərb tərəfdə) yerləşir. Göstərilən torpaq sahəsi faktiki olaraq 1.0 ha təşkil edir. Torpaq sahəsinin üzərində faktiki olaraq 4 ədəd tikili mövcuddur (A-1 iki mərtəbəli tikili sahəsi 500.20 kv.metr, B-2 birmərtəbəli tikili sahəsi 208.0 kv.metr, C-3 ikimərtəbəli tikili sahəsi (678.1 kv.metr (açıq eyvan 1009.2 kv.metr), D-4 birmərtəbəlitikili sahəsi 83,4 kv.m (120.3 kv.m) təşkil edir. Vahid elektron kadastr baza məlumatlına göstərilən ərazi dövlət mülkiyyətidir, dəniz akvatoriyasının əhatə edir, Xəzər Dənizinin mühafizə zonasında yerləşir, su fondu torpaqları kateqoriyasına aiddir. Eskiz layihədə göstərilən 1 və 2 saylı tikililərin dənizin içinin doldurulması nəticəsində yaradılan sahədə inşa edildiyi və 1, 3, 4 saylı tikililərin isə dənizdən 10 metr. məsafədə olduğu müəyyən edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihədə 4 ədəd tikili göstərilmişdir, lakin “Tikint obyektinin istismara icazə” sənədində yalnız 2 ədəd tikili qeyd edilmişdir. Tikililərin mövcud vəziyyəti eskiz layihəyə uyğundur. İddiaçı MMC tərəfindən iddia olunan ünvanı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 14cü km, “Xalqlar Dostluğu” parkından qərb istiqamətdə yerləşən, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihədə göstərilən tikililər Tikinti Norma və Qaydalarına uyğun inşa edilmişdir. - İddiaçının hazırkı tələblə bağlı müraciətinə cavab olaraq verilmiş DƏDKRX 1 saylı Bakı Ərazi İdarəsinin **********85 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Səbaıl rayonu, Salyan şossesi 14, Bakı-Ələt yolunun sol tərəfi hissəsi, dənizkənarı sahədə yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizəyə İdarə tərəfindən baxılmışdır. Müraciəti ilə əlaqədar elektron kadastr məlumatlarına əsasən göstərilən ərazi dövlət mülkiyyətindədir, dəniz akvatoriyasını əhatə edir, Xəzər dənizinin (gölünün) mühafizə zonasında yerləşir, su fondu torpaqları kateqoriyasına aiddir. Qeyri-yaşayış binasının yerləşdiyi ərazi ilə bağlı təqdim edilən sənədlərdə ünvan uyğunsuzluğu mövcuddur. Belə ki, torpaq sahəsinin ayrılması haqqında Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 892 nömrəli sərəncamında ərazi “Xalqlar Dostluğu” parkının qərb hissəsi, Səbail rayon İcra Hakimiyyətinin 1052 nömrəli, xx.xx.1993-cü il tarixli tikintiyə icazə sərəncamında isə ünvan ‘Xalqlar Dostluğu” parkının şərq istiqaməti kimi qeyd olunsa da, faktiki ərazi “Xalqlar Dostluğu” parkından 2 km. aralı (qərb tərəfdə) yerləşir (Bakı-Ələt yolunun sol tərəfində, dənizin içində). Həmçinin, sərəncamda ayrılan torpaq sahəsinin ölçüsü qeyd olunmamış və icarə müqaviləsində həmin sərəncama istinad edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihədə 4 ədəd tikili göstərilmişdir, lakin “Tikinti obyektinin istismara icazə" sənədində yalnız 2 ədəd tikili qeyd edilmişdir. Eksız layihədə göstərilən 1 və 2 saylı tikililərin dənizin içinin doldurulması nəticəsində yaradılan sahədə inşa edildiyi və 1 saylı tikilinin bir hissəsinin (terras və balkon hissəsi) ayrıc aktından kənarda yerləşdiyi, digər 3 və 4 saylı tikililərin isə dənizdən 10 metr məsafədə olduğu müəyyən edilmişdir. "Tikinti obyektinin istismarına icazə” sənədi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Hüquqmüəyyənedici sənədlərdə qeyd edilən İddiaçı KM hüquqi şəxs ilə “Sarvan" MMC arasında əlaqəli sənədlər təqdim olunmamışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında,yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. AR Mülki Məcəllənin: 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: - 74.1-ci maddəsinə görə bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. - 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən: - Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20 – 50 metrlik zolağının altında olan torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara daxildir.

2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər (2-ci bənd). 2-1. Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız dövlət məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Bu maddənin birinci cümləsinə uyğun olaraq istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər. Göstərilən sahilboyu zolağın qrafiki təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sahilboyu zolaq Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su səthinin quru ilə bu qanun qüvvəyə mindikdən sonra mövcud olan təmas xəttindən hesablanır. Sahilboyu zolağın qrafiki təsvirində həmçinin zolağın 20 metrdən 50 metrədək müəyyənləşdirilməsinə əsas olan su səthinin quru ilə təmas xəttinin mövcud və təbii təsirlərlə əlaqədar dəyişən vəziyyəti öz əksini tapmalıdır. İctimai çimərliklərdə (müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr tərəfindən yaradılan və ya bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə icarəyə verilən, gediş-gəlişi məhdudlaşdırılmayan çimərlik) sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun (2.1-ci bənd). Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir (3-cü bənd). Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər (4-cü bənd). MK ilk növbədə qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1.) İddiaçı tərəfindən iddia olunan ünvanı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 14-cü km., “Xalqlar Dostluğu” parkından qərb istiqamətdə yerləşən kimi qeyd olunmuş mübahisəli mövcud tikinti sahəsinin faktiki ünvanı hara düşür? 2) İddiaçı tərəfindən iddia olunan ünvanı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 14-cü km., “Xalqlar Dostluğu” parkından qərb istiqamətdə yerləşən kimi qeyd olunmuş mübahisəli mövcud tikililərin və torpaq sahəsinin faktiki ölçüləri nə qədər təşkil edir? 3) İddiaçı tərəfindən iddia olunan ünvanı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 14-cü km., “Xalqlar Dostluğu” parkından qərb istiqamətdə yerləşən kimi qeyd olunmuş mübahisəli mövcud tikililərin yerləşdiyi ərazi ( torpa sahəsi) Xəzər dənizinin mühafizə zolağına düşürmü? 4) İddiaçı tərəfindən iddia olunan ünvanı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 14-cü km., “Xalqlar Dostluğu” parkından qərb istiqamətdə yerləşən kimi qeyd olunmuş mübahisəli mövcud tikililər ayrıc aktından kənara düşürmü? 5) İddiaçı tərəfindən iddia olunan ünvanı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 14-cü km., “Xalqlar Dostluğu” parkından qərb istiqamətdə yerləşən kimi qeyd olunmuş mübahisəli mövcud tikililər Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən razılaşdırılmış eskiz layihəyə və “Tikinti obyektinin İstismara icazə” sənədinə uyğundurmu? 6) İddiaçı tərəfindən iddia olunan ünvanı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 14-cü km., “Xalqlar Dostluğu” parkından qərb istiqamətdə yerləşən kimi qeyd olunmuş mübahisəli mövcud tikililər Tikinti Norma və Qaydalarına uyğun inşa olunmuşdurmu? Qərardadın icrası ilə əlaqədar olaraq məhkəməyə təqdim edilmiş 23 avqust 2024-cü il tarixli 3-16-16/2-10/3349 №-li ekspert rəyində qeyd edilmişdir ki: “Qərardadın birinci sualı üzrə: İddiaçı tərəfindən iddia olunan ünvanı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 14-cü km., “Xalqlar Dostluğu” parkından qərb istiqamətdə yerləşən kimi qeyd olunmuş mübahisəli mövcud tikinti sahəsi faktiki olaraq Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi-14, Bakı-Ələt yolunun sol tərəfi, dəniz kənarı sahəsində yerləşir. Qərardadın ikinci sualı üzrə: İddiaçı tərəfindən iddia olunan ünvanı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 14-cü km., “Xalqlar Dostluğu” parkından qərb istiqamətdə yerləşən kimi qeyd olunmuş mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsinin 1,0 hektar təşkil etdiyi müəyyən olunmuşdur. Torpaq sahəsinin kootdinatlarının Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 2005-ci il tarixli, 06/121 №-li Ayrıc Aktına və orda yerləşən tikililərin ölçülərinin və texniki parametrlərinin İddiaçı Kommersiya Mərkəzinin Bakı şəhəri İcra hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsində xx.xx.2002-ci il tarixdə (№18/03-8/7266) razılaşdırılmış Eskiz Layihəsinə uyğun olduğu müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: İddiaçı tərəfindən iddia olunan ünvanı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 14-cü km., “Xalqlar Dostluğu” parkından qərb istiqamətdə yerləşən kimi qeyd olunmuş mübahisəli mövcud tikililərin yerləşdiyi ərazi (torpaq sahəsinin) Xəzər dənizinə bitişik yerləşməklə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağında yerləşdiyi müəyyən edilmişdir. Qərardadın dördüncü sualı üzrə: İddiaçı tərəfindən iddia olunan ünvanı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 14-cü km., “Xalqlar Dostluğu” parkından qərb istiqamətdə yerləşən kimi qeyd olunmuş mübahisəli mövcud tikililər (İddiaçı Kommersiya Mərkəzinin Bakı şəhəri İcra hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsində xx.xx.2002-ci il tarixdə (№18/03-8/7266) razılaşdırılmış Eskiz Layihəsinə göstərilən tikililər) Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 2005-ci il tarixli, 06/121 №-li Ayrıc Aktında göstərilən sahənin hüdudları daxilində yerləşir. Qərardadın beşinci sualı üzrə: İddiaçı tərəfindən iddia olunan ünvanı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 14-cü km., “Xalqlar Dostluğu” parkından qərb istiqamətdə yerləşən kimi qeyd olunmuş mübahisəli mövcud tikililərin planlı yerləşməsi, ölçüləri və texniki parametrləri Bakı şəhəri İcra hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsində xx.xx.2002-ci il tarixdə (№18/03-8/7266) razılaşdırılmış Eskiz Layihəsinə uyğun olduğu müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, “Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihədə 4 ədəd tikili göstərilmiş, lakin “Tikinti obyektinin istismara icazə” sənədində yalnız iki ədəd tikili qeyd edilmişdir. Qərardadın altıncı sualı üzrə: İddiaçı tərəfindən iddia olunan ünvanı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 14-cü km., “Xalqlar Dostluğu” parkından qərb istiqamətdə yerləşən kimi qeyd olunmuş mübahisəli mövcud tikililərin Bakı şəhəri İcra hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsində xx.xx.2002ci il tarixdə (№18/03-8/7266) razılaşdırılmış Eskiz layihəsinə uyğun olduğunu və Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının Aparatı xx.xx.2017-ci il tarixli, 16 №-li istifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına İcazə sənədində qeyd olunanları nəzərə alaraq, həmin tikililərin Tikinti Norma və Qaydalarına uyğun inşa olunduğu müəyyən edilmişdir.” Beləliklə iş materiallarından göründüyü kimi, iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün iddia qaldırdığı qeyri - yaşayış sahəsinin inşa olunduğu ərazinin onun inşası üçün ayrılmış ərazidən 2 km. aralıda olmaqla Xəzər Dənizinin mühafizə zonasında yerləşdiyi; göstərilən ərazinin dövlət mülkiyyətində olmaqla, dəniz akvatoriyasını əhatə etdiyi; su fondu torpaqları kateqoriyasına aid olduğu; eskiz layihədə göstərilən 1 və 2 saylı tikililərin dənizin içinin doldurulması nəticəsində yaradılan sahədə inşa edildiyi və 1, 3, 4 saylı tikililərin isə dənizdən 10 metr. məsafədə olduğu; razılaşdırılmış eskiz layihədə 4 ədəd tikili göstərildiyi halda, lakin “Tikint obyektinin istismara icazə” sənədində yalnız 2 ədəd tikilinin qeyd edildiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Göründüyü kimi qanunvericilik daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə müvafiq Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan mövcud olduğundan cavabdehin hüquqların dövlət qeydiyyatına alınmasından imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 733/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-733/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar