Məhkəmə qərarları › İş №2-1(103)-793/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-793/2021

20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-793/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızından və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, İddiaçının nümayəndəsi X5 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı (xx.xx.1938-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin Binəqədi rayon Xidmət Nümayəndəliyinə qarşı “təqaüdün verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-4810/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 02.06.2020-ci il tarixdə cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra mətndə DSMF) Yasamal rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1997-ci ildə əri X2 cəbhə bölgəsində şəhid olması ilə əlaqədar “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.4-cü maddəsinə müvafiq olaraq ona verilmiş şəhid ailəsi statusunun 11 il sonra-2008-ci ildə dayandırılmasının qanunsuz hesab edilməsi və şəhid ailəsi statusunun bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, əri X4 1993-cü ildən idarə etdiyi avtomobil ilə cəbhənin Tər-Tər bölgəsində silah-sursat daşıyarkən düşmən tərəfindən atılan mərmilər nəticəsində ağır yaralanaraq, Gəncə Hərbi Hospitalında həlak olmuşdur. Bu barədə müvafiq təsdiqedici sənədlər vardır. Həmin sənədlərə əsasən ərinə qanuna müvafiq surətdə şəhid adı verilmiş və ona da 1997-ci ildən şəhid ailəsi statusu verilmişdir. 2007-ci ildən başlayaraq şəhid ailələrinə Prezident təqaüdü verilməyə başlamışdır. 9 ay həmin vaxt 100 manat olan təqaüdü almışdır. Sonralar həmin təqaüdün verilməsi dayandırılmış və onun ərinin mülki şəxs olduğundan şəhid sayılmadığı bildirilmişdir. Halbuki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.4-cü maddəsində göstərilmişdir ki, “Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş şəxslər şəhid hesab edilirlər. Ərinin ölümü haqqında tərtib olunan və iddia ərizəsinə əlavə etdiyi aktla da tam təsdiq olunur ki, həyat yoldaşına şəhid adı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994cü il tarixli 10 saylı Qərarının 1.2.4-cü maddəsinə müvafiq olaraq düzgün verilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və ləğv edilməlidir. Sonradan 04 sentyabr 2020-ci il tarixdə iddiaçı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdeh kimi göstərdiyi Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin əsl cavabdeh DSMF Binəqədi rayon şöbəsi (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin Binəqədi rayon Xidmət Nümayəndəliyi) ilə əvəz edilməsini xahiş etmişdir. Daha sonra 19 oktyabr 2020-ci il tarixdə iddiaçı yenidən İPM-nin 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti və Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin üçüncü şəxslər qismində işə cəlb olunmaqla əri X2 cəbhə bölgəsində şəhid olması ilə əlaqədar şəhid ailəsi kimi 01 yanvar 2007-ci il tarixdən ona verilməli olan Prezident təqaüdünün həmin vaxtdan verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 30.07.2020-ci il tarixdə cavabdeh iddiaya qarşı ərizə təqdim edərək, iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4810/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində işə cəlb olunmuşlar. Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-4810/2020 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4810/2020 saylı, 30.11.2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4810/2020 saylı iş üzrə qəbul etdiyi 18 noyabr 2020-ci il tarixli qərarının təsviri hissəsində yol verilmiş yanlışlıq düzəldilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4810/2020 saylı iş üzrə qəbul etdiyi 18 noyabr 2020-ci il tarixli qərarının təsviri hissəsində qeyd olunmuş aşağıdakı hissələr (abzaslar) məhkəmə qərarından çıxarılmış hesab olunmuşdur: “Sonradan iddiaçı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdeh kimi göstərdiyi DSMF Yasamal rayon şöbəsinin əsl cavabdeh DSMF Binəqədi rayon şöbəsi (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin Binəqədi rayon Xidmət Nümayəndəliyi) ilə əvəz edilməsini xahiş etmişdir”. “Daha sonra iddiaçı yenidən İPM-nin 54cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1997-ci ildə əri X2 cəbhə bölgəsində şəhid olması ilə əlaqədar “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.4-cü maddəsinə müvafiq olaraq ona 1997-ci ildə verilmiş şəhid ailəsi statusunun 10 il sonra-2007-ci ildə dayandırılmasının qanunsuz hesab edilməsi və şəhid ailəsi statusunun bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması, təqsirkar vəzifəli şəxslərin əməllərinin korrupsiya kimi qiymətləndirilməklə barələrində cinayət işinin başlanılmasının təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir”. Qərardan narazı qalan iddiaçı 06.01.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-4810/2020 nömrəli qərarının ləğv edilməsini və işə qanuna müvafiq surətdə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə üçüncü şəxslər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh işin apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş İdarəsi Publik Hüquqi Şəxsi tərəfindən təmsil edilmişdir. İşin apellyasiya icraatı zamanı cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etmişdir. Etirazda apellyasiya şikayətinin təmin edilməməsi və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. Eyni zamanda işin apellyasiya icraatı zamanı iddiaçı məhkəməyə ərizə təqdim etmişdir. Ərizədə onun axırıncı tələbinin ona ödənilməli olan pul ilə bağlı olduğu, ona görə də məhkəmənin onun statusunu mübahisələndirməkdə yanlışlığa yol verdiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və işə qanuna müvafiq surətdə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 30 yanvar 2003-cü il tarixli, 41/g saylı Binəqədi rayon İcra Hakimiyyətinin Başçısına ünvanlanmış məktubun (A.Əliyev tərəfindən imzalanmışdır) surətinə əsasən qeyd edilmişdir ki, “X1 1997-ci ildən Yasamal rayon İcra Hakimiyyətində şəhid ailəsi kimi qeydiyyata götürülmüşdür. Hal-hazırda İddiaçı 6-cı mikrorayon, 7-ci Binəqədi küçəsi, 3205-ci məhəllə , ev 1 , mənzil 9-da daimi yaşayış qeydiyyatındadır. Bunu nəzərə alaraq İddiaçı Sizin rayonda şəhid ailəsi kimi qeydiyyata götürüb, gələcəkdə maddi və mənəvi yardım edilməsinə göstəriş verməyinizi xahiş edirik.” Eyni zamanda iş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin 26.10.2020-ci il tarixli 03/11-11- 31/1776 saylı məktubundan görünür ki, vətəndaş İddiaçı “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsi üçün 2007-ci ilin 8 fevral tarixində Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etmişdir. Onun müraciətinə baxılmış və 2007-ci ilin 1 yanvar tarixindən 2007-ci ilin 1 oktyabr tarixinədək aylıq 100 manat məbləğində Prezident təqaüdü təyin edilərək ödənilmişdir. Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi üzrə sosial müavinət və təqaüd işlərinin inventarizasiyası zamanı İddiaçı adına açılmış 141152 saylı təqaüd işi üzrə mərhum həyat yoldaşının şəhidlik statusunu təsdiq edən sənədin olmadığı müəyyən edilmişdir. Qeyd edilən sənədin təqdim edilməsi üçün ona bildiriş göndərilmiş, lakin sənəd təqdim edilmədiyindən 2007-ci ilin 1 oktyabr tarixindən ona təyin edilmiş Prezident təqaüdünün ödənişi dayandırılmış və artıq ödənilmiş məbləğ İddiaçı tərəfindən dövlət büdcəsinə bərpa edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin 17.11.2020-ci il tarixli 1952/d saylı məktubundan müəyyən edilir ki, 1993-cü ildə Tərtər bölgəsində həlak olmuş X2 şəhid olması və şəhidlik statusu ilə bağlı məlumat Yasamal rayon İcra Hakimiyyətində aşkar edilməmişdir. İş materiallarında olan iddiaçı tərəfindən Azərbaycan Respublikası Baş Prokuroruna ünvanlanmış ərizədə 1997-ci ildə əri X2 cəbhə bölgəsində şəhid olması ilə əlaqədar “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.4-cü maddəsinə müvafiq olaraq ona 1997-ci ildə verilmiş şəhid ailəsi statusunun 10 il sonra-2007-ci ildə dayandırılmasının qanunsuz hesab edilməsi və şəhid ailəsi statusunun bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması, təqsirkar vəzifəli şəxslərin əməllərinin korrupsiya kimi qiymətləndirilməklə barələrində cinayət işinin başlanılmasının təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan İİ-JQ seriyalı, 412970 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən qeyd edilmişdir ki, vətəndaş X4 24.08.1993-cü ildə 55 yaşında ölmüşdür, ölüm yeri Gəncə şəhəri, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1993-cü ildə 10-cu ayının 15-ci günündə № 1303 ilə qeyd edilmişdir, qeyd edilən yer-Azərbaycan, Bakı şəhəri, Yasamal rayon VVAQ şöbəsi. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilmiş məktublar arasında ziddiyyətlər mövcuddur. Belə ki, Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Başçısının 30 yanvar 2003-cü il tarixli, 41/g saylı məktubunda X1 1997-ci ildən Yasamal rayon İcra Hakimiyyətində şəhid ailəsi kimi qeydiyyata götürüldüyü qeyd edilsə də, Yasamal rayon İcra Hakimiyyətinin 17.11.2020-ci il tarixli 1952/d saylı məktubunda X2 şəhid olması və şəhidlik statusu ilə bağlı məlumatın Yasamal rayon İcra hakimiyyətində aşkar edilmədiyi göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən qeyd edilən araşdırılmamışdır. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Yasamal rayon İcra Hakimiyyətinin 17.11.2020-ci il tarixli 1952/d saylı məktubunda X2 şəhid olması və şəhidlik statusu ilə bağlı məlumatın Yasamal rayon İcra Hakimiyyətində aşkar edilmədiyi qeyd edilsə də, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına qeyd edilən sənədlərin mövcud olması barədə müvafiq sorğu ünvanlanmamışdır. Azərbaycan Respublikası İPM-nin Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, işin yenidən birinci instansiya icraatı zamanı yuxarıda qeyd edilən hallar araşdırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2- 1(112)-4810/2020 nömrəli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87,90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-4810/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin Binəqədi rayon Xidmət Nümayəndəliyinə qarşı “əri X2 cəbhə bölgəsində şəhid olması ilə əlaqədar şəhid ailəsi kimi 01 yanvar 2007-ci il tarixdən ona verilməli olan Prezident təqaüdünün həmin vaxtdan verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar