Məhkəmə qərarları › İş №2-1(103)-793/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-793/2023

14.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-793/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi, əmək pensiyasının bərpa edilməsi və tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8549/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyanın aylıq məbləğinin qanunvericiliyin tələblərinə uyğun yenidən hesablanmaqla müəyyən edilməsi, hər ay 283,49 manat məbləğində pulun əmək pensiyasından tutularaq büdcəyə ödənilməsinin dayandırılması və qanunsuz olaraq pensiyasından tutulmuş pul vəsaitinin iddiaçıya geriyə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1966-cı il tarixdə doğulmuşdur. Əmək kitabçasının surətindən görünür ki, 1983-cü ildən 1986-cı ilədək Buquruslan Mülki Aviasiya Uçuş Məktəbində təhsil almış, 30 iyul 1986-cı il tarixindən 09 iyun 1993-cü il tarixinədək Azərbaycan Mülki Aviasiyasının Yevlax uçuş dəstəsində (aviaotryad) “AN-2” təyyarəsinin 2-ci pilotu, 18 iyun 1993-cü il tarixdən 01 aprel 1997-ci il tarixinədək Bakı “AZALAVİA” nəqliyyat aviakompaniyasında “TU-134” təyyarəsinin 2-ci pilotu, 01 aprel 1997ci il tarixdən 16 fevral 1999-cu iyul tarixinədək həmin aviakompaniyada “TU-154” təyyarəsinin 2-ci pilotu, 16 fevral 1999-cu il tarixdən 14 iyun 2004-cü il tarixinədək həmin kompaniyanın “TU-134” hava gəmisinin kapitanı, 16 iyun 2004-cü il tarixdən 13 sentyabr 2006-cı il tarixinədək "xxxx" X5 Aviasiya Şirkətində “lL-76 H6” hava gəmisinin 2-ci pilotu, 14 sentyabr 2006-cı il tarixdən 16 oktyabr 2017-ci il tarixinədək "xxxx" MMC Aviaşirkətinin uçuş dəstəsində “İL-76” tipli hava gəmisinin kapitanı vəzifələrində işləmiş, 18 oktyabr 2017-ci il tarixindən bu günə kimi “X6 Aviaşirkəti” MMC-nin uçuş dəstəsində “Boeinq 747-400” tipli hava gəmisinin 2-ci pilotu vəzifəsində işləyir. 01 yanvar 2006-cı il tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən ona qanunvericiliyin tələblərinə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun, aylıq pensiya haqqının məbləği artırılaraq həmin məbləğ 01 yanvar 2022ci il tarixinə 5286, 61 manat təşkil etmişdir. Lakin həmin tarixdən, yəni 01 yanvar 2022-ci il tarixindən etibarən, iddiaçıya xəbərdarlıq edilmədən, pensiyanın aylıq məbləği təqribən 2 dəfə azaldılmaqla ödənilmişdir. Azaldılmanın səbəbini öyrənmək məqsədilə 23 fevral 2022ci il tarixində ərizə ilə cavabdehə müraciət etmiş, **********6 saylı 31 mart 2022-ci il tarixli cavab məktubu ilə ona bildirilmişdir ki, araşdırma zamanı xx.xx.2017-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə Binəqədi rayon şöbəsi tərəfindən işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 211.886,88 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmiş, artıq ödənilmiş 103784,29 manat pul vəsaiti cari ilin fevral ayından etibarən hər ay 283,49 manat məbləğində əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Cavabdehin hərəkətlərini qanunsuz hesab edən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********4 saylı qərarının ləğv edilməsi, xx.xx.2022-ci il tarixdə iddiaçıya yenidən hesablanmış əmək pensiyası məbləğinin ödənişinin xx.xx.2022-ci il tarixdən bərpa edilməsi və xx.xx.2022-ci il tarixdən etibarən iddiaçının pensiyasından hər ay 283,49 manat məbləğində pul vəsaitinin tutulmasının dayandırılaraq həmin tarixdən tutulmuş pul vəsaitinin iddiaçıya geri ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8549/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: M.Qarayeva) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti mahiyyətcə imtina və etirazın eynilik təşkil edən məzmununa uyğun tərtib edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan cavabdehin xx.xx.2022-ci il tarixli **********6 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 23 fevral 2022-ci il tarixində daxil olmuş ərizənizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən sizə 1 yanvar 2006-cı il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Eyni zamanda bildiririk ki, araşdırma zamanı xx.xx.2017-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinizə görə Binəqədi rayon şöbəsi tərəfindən işləyən əmək pensiyaçısı olduğunuz dövrdə qazandığınız 211886,88 manat sığorta kapitalınıza uyğun əmək pensiyanızın yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 211886,88 manat sığorta kapitalı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48 nömrəli misalda qeyd edildiyi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 219 (63 yaş 6 ay - 51 yaş 3 ay = 147 ay + 144 ay - 72 ay) aya bölünməklə (211886,88/219=967,52 manat) həmin tarixə əmək pensiyanızın (971,29 manat) üzərinə əlavə edilərək 1938,81 (971,29+967,52) manat (xx.xx.2022-ci il tarixinədək indeksləşdirilməklə 2835,00 manat)) iddiaçıya ödənilməli olduğu halda, səhvən müəyyən edilmiş 190379,20 manat sığorta kapitalınız 72 aya bölünərək (190379,20/72= 2644,16 manat) əmək pensiyanızın (971,29 manat) üzərinə əlavə edilməklə (2644,16+971,29=3615,45 manat (xx.xx.2022-ci il tarixinədək indeksləşdirilərək 5286,61 manat)) sizə ödənildiyi müəyyən olunub. Buna görə də sizə xx.xx.2017 xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 103784,29 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, sizə artıq ödənilmiş 103784,29 manat pul vəsaiti cari ilin fevral ayından etibarən hər ay 283,49 manat məbləğində əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilir.” İş materiallarında olan iddiaçıya aid pensiya işindən görünür ki, Fondun Binəqədi rayon şöbəsi tərəfindən ona xx.xx.2006-cı il tarixdən güzəştli şərtlətlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan cavabdehin xx.xx.2022-ci il tarixli **********4 saylı qərarına əsasən təyin edilmiş pensiyanın miqdarı dəyişdirilərək 2.741,77 manat məbləğində müəyyən edilmişdir. İşdən görünür ki, iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli **********4 saylı qərarının ləğv edilməsi, xx.xx.2022-ci il tarixdə iddiaçıya yenidən hesablanmış əmək pensiyası məbləğinin ödənişinin xx.xx.2022-ci il tarixdən bərpa edilməsi və xx.xx.2022-ci il tarixdən etibarən iddiaçının pensiyasından hər ay 283,49 manat məbləğində pul vəsaitinin tutulmasının dayandırılaraq həmin tarixdən tutulmuş pul vəsaitinin iddiaçıya geri ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı üçün əlverişli inzibati akt cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********4 saylı qərarı ilə cavabdehin öz təşəbbüsü ilə dəyişdirilmişdir. Həmin aktlar qəbul edilərkən, habelə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasını tələb etməkdən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya pensiya təyin edilməsi barədə xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********4 saylı qərarı qəbul etmiş, habelə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında məktub ünvanlamışdır (bu barədə qərarın qəbul edildiyi müəyyən olunmur). Bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mahiyyətcə imtinada göstərilən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq aşağıdakıları qeyd edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Göründüyü kimi, iddiaçının iddiasında aşağıdakı tələbləri irəli sürür: - əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********4 nömrəli qərarının ləğv edilməsi; - iddiaçıya yenidən hesablanmış əmək pensiyası məbləğinin ödənişinin xx.xx.2022-ci il tarixdən bərpa edilməsi; - xx.xx.2022-ci il tarixdən etibarən iddiaçının pensiyasından hər ay 283,49 manat məbləğində pul vəsaitinin tutulmasının dayandırılaraq həmin tarixdən tutulmuş pul vəsaitinin iddiaçıya geri ödənilməsi; Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı işin halları ilə bağlı isə qeyd olunan yuxarıda sadalanan xüsusatların mövcud olmaması ilə yanaşı iddiaçıya ilkin pensiya təyin olunması barədə DSMF orqanının iddiaçıya pensiya təyinatı barədə ilkin qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Lakin məlum olur ki, hazırkı iş üzrə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv edilmədən, “Əmək pensiyasının dəyişdirilməsi haqqında” ayrıca qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, iddiaçı ona münasibətdə qanunla qorunan etimad hüququna malik olduğundan, hazırda mübahisələndirilən qərarın qəbulu «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə görə yolverilən deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh xx.xx.2022-ci il tarixli **********4 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarı qəbul edərkən, habelə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində qərar qəbul etməklə pensiyadan tutulmanı da apara bilməz. Yuxarıda göstərilənlərin məcmusunda məhkəmə kollegiyası belə qənaətə gəlir ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********4 nömrəli qərarı müvafiq inzibati icraatı apararkən iddiaçının dinlənilmə hüququ təmin edilmədən, etimadın qorunması prinsipləri gözləilmədən, başqa sözlə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmadan qərar qəbul edildiyindən, həmin qərar qanunsuzdur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh orqan tərəfindən iddiaçıya əmək pensiyasının dəyişdirilməsi haqqında xx.xx.2022-ci il tarixli **********4 nömrəli qərarının ləğv edilməsi və xx.xx.2022-ci il tarixdən iddiaçıya yenidən hesablanmış əmək pensiyası məbləğinin ödənişinin xx.xx.2022-ci il tarixdən bərpa edilməsi barədə birinci instansiyasının gəldiyi nəticə əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8549/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar