Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-794/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5051/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 102 saylı 500 kv.m torpaq sahəsi üzərində atası X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə ona müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər XDS İcraiyyə Komitəsinin 6/255 saylı xx.xx.1989-cu il tarixli qərarına əsasən Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə iclasının 3 saylı xx.xx.1989-cu il tarixli protokolu və Azərbaycan Neft və Kimya İnstitutu “Gülüstan” bağçılıq yoldaşlığının xx.xx.1990-cı il tarixli 39 №-li üzvlük kitabçası ilə ünvan 1 ünvanda yerləşən 500 kv. m. torpaq sahəsinin iddiaçının mərhum atası X4 məxsusluğu (mülkiyyət hüququ ilə) barədə arayışın (çıxarış) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-5051/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər XDS İcraiyyə Komitəsinin 6/255 saylı xx.xx.1989-cu il tarixli qərarına əsasən Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə iclasının 3 saylı xx.xx.1989cu il tarixli protokolu və Azərbaycan Neft və Kimya İnstitutu “Gülüstan” bağçılıq yoldaşlığının xx.xx.1990-cı il tarixli 39 №-li üzvlük kitabçası ilə ünvan 1 ünvanda yerləşən 500 kv. m. torpaq sahəsinin iddiaçının mərhum atası X4 məxsusluğu (mülkiyyət hüququ ilə) barədə arayışın (çıxarış) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş üzvlük kitabçasında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmçinin ərizəyə əlavə olunmuş protokoldan çıxarışda “Gülüstan” bağçılıq-yoldaşlıq təsərrüfatının möhürü yoxdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 941 saylı sərəncamının icrası ilə bağlı tərtib edilmiş və Bağlar idarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli akta əsasən Azərbaycan Dövlət Neft Akademiyasına xx.xx.1989-cu il tarixdə 11/387 saylı qərarla verilmiş bağ sahələrinə dair kitabçaları və orderləri ləğv edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5653/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində hər hansı əmlakın aşkar edilməsi və həmin tələbin borclunun əmlakına yönəldilməsi məqsədi ilə “İcra haqqında“ Qanunun 8-ci maddəsinə əsasən adları qeyd olunan borcluların mülkiyyətində hər hansı daşınmaz əmlakın, nəqliyyat vasitəsinin və hesablaşma hesabının, əmanətin olub-olmaması, borclu fiziki şəxsin pensiya alıb-almaması və ya işləyib-işləməməsi barədə, qeyd edilən əmlak aşkar olunduğu təqdirdə isə həmin əmlakın üzərinə həbs qoyulmasına dair müvafiq məhkəmə qərarı göndərilənədək hər hansı sənədləşdirmə aparılma zamanı məlumat verilməsinə dair Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin xx/xx-11665/20 saylı, xx.xx.2016-cı il tarixli məktubu idarəyə daxil olmuşdur. Çölölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bakı İnzibati Məhkəməsi çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamasına münasibət bildirməmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bundan əlavə, təqdim edilmiş üzvlük kitabçasında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmçinin ərizəyə əlavə olunmuş protokoldan çıxarışda “Gülüstan” bağçılıq-yoldaşlıq təsərrüfatının möhürü yoxdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarının hazırlanması təmin edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilir. İş materiallarında olan ünvan 3 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: X2 adında qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 27 saylı notariat kontoruna İddiaçı tərəfindən müraciət olunmuşdur. X2 xx.xx.2018-ci il tarixdə vəfatı ilə əlaqədar olaraq vərəsə İddiaçı ərizəsi əsasında tərəfimizdən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri, “Gülüstan” bağ sahəsində 102 saylı (500 kv.m) torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün çıxarış verilməsi xahiş edilir. İş materiallarında olan Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasin 3 saylı 10 mart 1989-cu il tarixli protokolundan çıxarışın dublikatından görünür ki, «Gülüstan» bağ sahəsində 102 saylı torpaq sahəsi (500 kv.m) X2 hesab olunması və ona BY üzvlük vəsiqəsinin verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 966623 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə Abşeron rayonunda ölmüşdür. İş materiallarında olan xx.xx.1981-ci il tarixdə Bakı şəhəri Oktyabr rayonu VVAQ şöbəsi tərəfindən verilmiş Vİİİ-JQ seriyalı 325706 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1981ci ildə Bakı şəhərində doğulmuşdur, atası X6, anası X7r. İş materiallarında olan Azərbaycan Neft və Kimya İnstitutu “Gülüstan” Bağçılıq yoldaşlığının 39 nömrəli xx.xx.1990-cı il tarixli üzvlük kitabçasının surətindən görünür ki, X6 xx.xx.1989-cu ildə üzvlüyə qəbul edilmişdir, bağ sahəsi №102. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Dövlət Neft Akademiyası əməkdaşlarının bağçılıq yoldaşlığı üzvlərinin “Gülüstan-1” sahəsi üzrə siyahısı İdarənin arxiv qovluğunda mövcuddur. Həmin siyahıda 102 sıra nömrəsində X3 (siyahıda olduğu kimi) adına 102 saylı bağ sahəsi qeyd edilmişdir, bağ sahəsinin ölçüsü isə göstərilməmişdir. “Gülüstan-1” bağçılıq yoldaşlığının Ləhiş bağ massivində yerləşən 102 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər (üzvlük kitabçası, protokoldan çıxarış və s.) arxiv qovluğunda aşkar olunmamışdır və “Gülüstan-1” bağçılıq yoldaşlığı, Ləhiş bağ massivi, 102 bağ nömrə ilə bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar olunmamışdır. Həmin məktuba əlavə edilmiş X9 Akademiyası əməkdaşlarının Bağçılıq Yoldaşlığı üzvlərinin “Gülüstan-İ” sahəsi üzrə siyahısında 102-ci sırada X3 adı qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının «Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə» xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bağlar təsərrüfatı idarəsinin bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti apparatının deputatları ilə birlikdə bağtikinti kooperativlərinin tərkibində iki və daha çox il bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən belə vətəndaşlar barədə yerində akt tərtib etməsi, akt əsasında da abadlıq və becərmə işləri görməyən belə vətəndaşlardan həmin bağ sahələrinin geri alınması və onlardakı orderlərin etibarsız sayılması, geri alınmış bağ sahələrinin Bağlar təsərrüfatı idarəsində növbədə dayanan vətəndaşların istifadələrinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla da həmin sərəncamın surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş xx.xx.2005-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamı əsasında Azərbaycan Dövlət Neft Akademiyasına ayrılmış bağ sahələrinə dair kitabçaların və orderlərin ləğv olunması məqsədəuyğun hesab edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İşin faktiki hallarından görünür ki, Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasin 3 saylı 10 mart 1989-cu il tarixli protokolundan çıxarışa əsasən «Gülüstan» bağ sahəsində 102 saylı torpaq sahəsi X2 hesab olunması və ona BY üzvlük vəsiqəsinin verilməsi qərara alınmışdır. Lakin Bakı şəhər İcra Hakimiyyəti başçısının «Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə» xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamına əsasən Bağlar təsərrüfatı idarəsinin bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti apparatının deputatları ilə birlikdə bağ-tikinti kooperativlərinin tərkibində iki və daha çox il bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən belə vətəndaşlar barədə yerində akt tərtib etməsi, akt əsasında da abadlıq və becərmə işləri görməyən belə vətəndaşlardan həmin bağ sahələrinin geri alınması və onlardakı orderlərin etibarsız sayılması, geri alınmış bağ sahələrinin Bağlar təsərrüfatı idarəsində növbədə dayanan vətəndaşların istifadələrinə verilməsi qərara alınmışdır. Bundan sonra bağçılıq yoldaşlıq təsərrüfatına dair xx.xx.2005-ci il tarixli akt tərtib edilərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamı əsasında Azərbaycan Dövlət Neft Akademiyasına ayrılmış bağ sahələrinə dair kitabçaların və orderlərin ləğv olunması məqsədəuyğun hesab edilmişdir. Göründüyü kimi, X4 ayrılmış torpaq sahəsi geri alınmış və torpaq sahəsinə dair sənədlər etibarsız sayılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. İddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5051/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-794/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-794/2024
17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver