Məhkəmə qərarları › İş №2-1(103)-795/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-795/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-795/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya xx.xx.2019-cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən təyin edilməsinin və həmin tarixdən halhazıradək ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22-1(112)-3901/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, 52 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən təyin edilməsinin və xx.xx.2019-cu il tarixdən, yəni müraciət etdiyi vaxtdan 3 il əvvələdək olan dövrlərin birdəfyə ödənilməsinin cavabdeh İdarəyə həvalə edilməsi barədə qərar çıxarıdlmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İPM-nin 54-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya xx.xx.2019-cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən təyin edilməsinin və həmin tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsinin cavabdeh Filiala həvalə edilməsini xahiş etmişdir. Həmin ərizədən sonra işin materiallarına yənidən iddiaçının birinci olaraq məhkəməyə təqdim edilmiş iddia ərizəsinin 2 nüsxəsi tikilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3901/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının 2-ci ərizəsi nəzərə alınmaqla bu iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3901/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsi və iş üzrə yeni qərara qəbul edilməsini xahiş etmişdir. Halbuki, iddiaçının apellyasiya şikayəti 1-ci iddia ərizəsi ilə eyni əsaslarla əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3901/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının dəyişidirilmədən saxlanılması və apellyasiya şikayətinin təmin edilməməsini qəbul edilməsini xahiş etmişdir. İddiaçıya iclasın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etmir və gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, şikayəti iş materialları ilə birlikdə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı xx.xx.2019-cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən təyin edilməsinin və həmin tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarının 9-cu maddəsində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə Azərbaycan Respuklikası Dövlət Neft Şirkətinə ( SOCAR) iddiaçının xx.xx.2001-xx.xx.2006- cı illərdə işlədiyi 4-cü dərəcəli texnoloji boru kəmərlərinin, quraşdırıcı peşəsi üzrə yerinə yetirməli olduğu əmək funksiyalarının nədən ibarət olması, eyni zamanda istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfidən təsdiq edilən olunan siyahıya uyğunluğu barədə ( kod göstərilməklə) ətraflı mılumatın verilməsi ilə bağlı sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, İddiaçı işlədiyi texnoloji boru kəmərinin quraşdırıcısı peşəsi üzrə yerinə yetirilən işlər hidravlik sınaqdan keçirilməklə şərti təzyiqi 4 MPa (40 kqs/sm2) qədər, diametri 200 mm-ə qədər olan boru kəmərlərinin quraşdırılması, şərti təzyiqi 4 MPa (40 kqs/sm2) qədər, diametri 200 mm-ə qədər olan armaturların qurulması, armaturların hidravlik və elektrik ötürücülərinin qurulması, polietilen, viniplast, alüminium, mis və latundan boruların qaynaq edilməsi üçün boru uclarında kənarların yaradılması, götürülməsi və ucların birləşdirilməsi, diametri 25 mm-dən 40 mm-ə qədər olan şüşə borulardan boru kəmərlərinin quraşdırılması, şüşədən fasonlu hissələrin və bağlayıcı armaturların qoyulması, dəzgahda şüşə borularının yenidən kəsilməsi, diametri 40 mm-ə qədər olan şüşə borularından olan boru kəmərinin sınaqdan keçirilməsi, korroziyaya qarşı örtükaltı qaynaq tikişlərinin təmizlənməsi, polietilen və viniplast boruların qaynaq edilməsi, şüşə, polietilen, viniplast, alüminium, mis və latundan olan boru kəməri element detallarının yerində hazırlanmasından ibarətdir. texnoloji boru kəmərinin quraşdırıcısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır oıan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" siyahısının “Neftqaztikinti” trestinin fəaliyyət sahəsinə uyğun gələn “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" bölməsində (kod:2290000a-dan 2290000b—24441dək), Siyahının “XXXİİİ. Ümumi peşələr bölməsində, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəziflərin və göstərici lərin” Siyahısının 29-cu bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təhcizatı, bərpası və təmiri bölməsinin “a) fəhlələr” alt bölməsində və Siyahının “35 Ümumi peşələr” bölməsində öz əksini tapmamışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Belə ki, iddiaçı ilk olaraq xx.xx.2019-cu il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “ a” bəndinə əsasən pensiya təyin edilməsinin və xx.xx.2019-cu il tarixdən, yəni müraciət etdiyi vaxtdan 3 il müddət əvvələdək olan dövrlərin birdəfəyə ödənilməsinin cavabdeh AR ƏƏSMN yanında DÖvlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Lakin sonradan iddia tələbinin dəqiqləsməsi barədə ərizə ilə müraciət edərək ona xx.xx.2019-cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən təyin edilməsinin və həmin tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində qeyd olunan 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, onun 57 yaşı 2024-cü ildə tamam olacağını və bu halı nəzərə alaraqdan da əvvəlcədən iddianın təmin edilə bilməyəcəyi açıq aydın görünsə də, 1-ci instansiya məhkəməsi tərəfindən iddiaçıya hər hansı hüquqi yardım göstərilməmişdir. Kollegiya İPM-nin 13-cü maddəsini rəhbər tutaraq qeyd olunan hala münasibətdə bildirir ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında iddiaçıya yardım etməyə borclu olduğu halda, heç bir hüquqi yardım göstərməmişdir. Eyni zamanda hazırki işdə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi haqqında ərizəsi əlavə edilsə də, 1-ci instansiya məhkəməsi həmin ərizəyə hər hansı prosessual məhkəmə sənədi ilə münasibət bildirməmişdir. Həmçinin anlaşılmaz hal odur ki, iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi haqqında ərizəsi işə tikiləndən sonra bu ərizənin ardınca əvvəlki iddia ərizəsinin 2 nüsxəsi də işə tikilmişdir. Qətnamədə məhkəmə göstərir ki, iddiaçı ilkin olaraq cavabdehə müraciət edərkən ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir, lakin işi materiallarına görə, iddiaçı cavabdehə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3901/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv olunsun. İş yenidən baxılmaq üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar