Məhkəmə qərarları › İş №2-1(103)-795/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-795/2025

30.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-795/2025 30.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4392/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİND APARİLAN İCRAAT: 1.İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsi 70 ünvanında istifadəsində olan 295,3 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 694,8 kv.m olan iki mərtəbə və zirzəmidən ibarət yeni qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir.

2. İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsi 70 ünvanında iddiaçının istifadəsində olan 295,3 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 694,8 kv.m. olan iki mərtəbə və zirzəmidən ibarət yeni qeyriyaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsi 70 ünvanında yerləşən, ümumi sahəsi 166,9 kv.m, əsas sahəsi 131,3 kv.m, köməkçi sahəsi 35,6 kv.m olan 70 saylı birmərtəbəli bina iddiaçının mülkiyyətində olmuş, həmin bina üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2006-cı il tarixli ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. 2011-ci ildə iddiaçı həmin tikilini söküb yenidən tikmək qərarına gəlmiş və bununla bağlı qanunvericiliklə tələb olunan prosedurları həyata keçirməyə başlamışdır. Belə ki, obyektin yerləşdiyi, iddiaçının istifadəsində olan 295,3 kv.m torpaq sahəsində ümumi sahəsi 694,8 kv.m olan iki mərtəbə və zirzəmidən ibarət yeni qeyri-yaşayış sahəsinin inşa edilməsi üçün, iddiaçının sifarişi əsasında, inşa ediləcək tikilinin 'layihəsi "xxxx" MMC tərəfindən tərtib edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin Yasamal Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2011-ci il tarixli, 18/03-8/3005 saylı razılaşdırma məktubu ilə tikilinin inşası razılaşdırılmışdır. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 350 saylı sərəncamı ilə yenidənqurma işlərinin aparılmasına icazə verilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Baş layihə-mühəndis institunun Mühəndis geoloji mərkəzinin xx.xx.2012-ci il tarixli 06-4217 saylı rəyi ilə tikintinin hesabatı məqbul qiymətləndirilmişdir. “Yenidənqurma İşləri Başa X3 X6 Qəbul Komissiyası”nın xx.xx.2013-cü il tarixli İstismara qəbul aktı ilə həmin tikili istismara qəbul edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Təhlil qrupunun xx.xx.2013-cü il tarixli, 381 saylı rəyində göstərilmişdir: “Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi 70 ünvanda yerləşən fiziki şəxs İddiaçı məxsus zirzəmili, 2 mərtəbəli qeyri-yaşayış binasının təyinatının dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir.” Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinin xx.xx.2016-cı il tarixli xx/xx-02321 saylı məktubu ilə Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi 70 ünvanda yerləşən zirzəmili, 2 mərtəbəli qeyri-yaşayış obyektinin istismara qəbulu ilə bağlı sənədlər razılaşdırıldığı bildirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2016-cı il tarixli, 07-22/7-1970 saylı məktubu ilə Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi 70 ünvanda yerləşən binanın işçi layihə sənədlərinə verilən sanitariya-epidemioloji ekspertiza rəyi göndərilmiş, həmin rəydə, təqdim edilən layihə sənədlərinin ekspertiza nəticələrini nəzərə alaraq, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi 70 ünvanında tikintisi nəzərdə tutulan, vətəndaş İddiaçı məxsus ofis binasının işçi layihə sənədlərini “Sanitariya-epidemioloji salamaqlıq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən razılaşdırıldığı bildirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2016-cı il tarixli “Radioloji müayinə aktı”na əsasən, müayinə zamanı qamma-şüalanmanın səviyyəsinin və ya radonun konsentrasiyası normativ göstəricilərdən yüksək aşkar edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2016-cı il tarixli 434 saylı “Suyun bakterioloji müayinəsinin nəticəsi” Protokoluna əsasən, ümumi mikrob rəqəminin və koliindeksinin normada olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2016-cı il tarixli 04-22/7-2452 saylı arayışının surəti; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2016-cı il tarixli 04-22/7-2752 saylı “ünvan 2 ünvanda tikintisi başa çatmış, vətəndaş İddiaçı məxsus, ofis binasının sanitariya-gigiyenik və sanitariya-epidemioloji vəziyyəti haqqında” arayışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi 70 ünvanda tikintisi başa çatmış, vətəndaş İddiaçı məxsus, ofis binası sanitariya-gigiyenik və sanitariya-epidemioloji tələblərə uyğun hesab olunmuşdur. İddiaçı, qeyd olunan bina üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və həmin binaya dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə ərizə ilə cavabdehin hüquqi varisi olduğu DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavabdehin xx.xx.2020ci il tarixli **********00 saylı və xx.xx.2020-ci il tarixli **********23 saylı məktubları ilə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4392/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

6. Həmin qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, şikayətin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHƏKMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, iddia tələbini rədd edərkən, iki hala əsaslanmışdır: a) iddiaçıya məxsus qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin iddiaçı tərəfindən təqdim edilməməsi; b) istismara icazə sənədinin bütün orqanlar tərəfindən təsdiq edilməməsi, yəni Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin rəyinin xx.xx.2013-cü il tarixdə, istismara icazə sənədindən sonra verildiyi. Məhkəmənin əsaslandığı birinci halla bağlı bildiririk ki, AR Mülki Məcəlləsinin 243.1-ci maddəsinin tələbinə görə, iddiaçının əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququ mövcuddur. Hazırda iddiaçının üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını arzuladığı tikilinin yerləşdiyi torpaq sahəsində, əvvəllər iddiaçıya məxsus ümumi sahəsi 166.9 kv. metr daşınmaz əmlak yerləşmişdir. Bu fakt, xx.xx.2006-cı il tarixli, seriya MH ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiqlənir. Beləliklə, AR Mülki Məcəlləsinin 243.1-ci maddəsinə əsasən hazırki inzibati mübahisəinin pöredmeti olan tikilinin yerləşdiyi torpaq sahəsinə dair iddiaçının istifadə hüququnun olduğu işin mübahisəsiz halıdır. Məhkəmənin əsaslandığı ikinci halla (Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin rəyinin istismara icazə sənədindən sonra verilməsi) bağlı bildiririk ki, istismara icazə sənədi müstəqil hüquqi nəticə doğuran inzibati aktdır. Həmin inzibati akta etimad göstərmək və inzibati aktın məzmununa uyğun davranmaq iddiaçının hüququdur. Tərəflərin izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

9. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

10. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.

İŞİN HALLARİ:

12. İş materiallarından məlum olur ki, Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsi 70 ünvanında yerləşən, ümumi sahəsi 166,9 kv.m., əsas sahəsi 131,3 kv.m., köməkçi sahəsi 35,6 kv.m. olan 70 saylı birmərtəbəli binası iddiaçının xüsusi mülkiyyətində olmuş, həmin bina üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2006-cı il tarixli ******* saylı çıxarışla rəsmiləşdirilmişdir.

13. 2011-ci ildə iddiaçı həmin tikilini söküb yenidən tikmək qərarına gəlmiş və bununla bağlı qanunvericiliklə tələb olunan preosedurları həyata keçirməyə başlamışdır. Belə ki, tikintinin aparılması üçün aşağıda qeyd edilən lazımi qurumlarla razılaşdırılmış və müvafiq icazə sənədləri əldə edilmişdir.

14. İş materiallarında olan sənədlərin surətindən müəyyən olur ki, obyektin yerləşdiyi, iddiaçının istifadəsində olan 295,3 kv.m. torpaq sahəsində ümumi sahəsi 694,8 kv.m. olan iki mərtəbə ve zirzəmidən ibarət yeni qeyri-yaşayış sahəsinin inşa edilməsi üçün, iddiaçının sifarişi əsasında, inşa ediləcək tikilinin layihəsi "Kon-Lay project” MMC tərəfindən tərtib edilmişdir.

15. Bakı şəhəri Yasamal Rayon icra Hakimiyyətinin başçısının xx.xx.2011-ci il tarixli 350 saylı sərəncamı ilə yenidənqurma işlərinin apanlmasına icaza verilmişdir.

16. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Baş layihə-mühəndis institunun Mühəndis-Geoloji mərkəzinin xx.xx.2012-ci il tarixli 06-4217 saylı rəyi ilə tikintinin hesabatı məqbul qiymətləndirilmişdir.

17. “Yenidənqurma İşləri Başa X3 X6 Qəbul Komissiyasf’nm xx.xx.2013-cü il tarixli İstismara qəbul aktı ilə həmin tikili istismara qəbul edilmişdir.

18. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Təhlil qrupunun xx.xx.2013-cü il tarixli 381 saylı rəyində göstərilmişdir: “Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi 70 ünvanda yerləşən fiziki şəxs İddiaçı məxsus zirzəmili, 2 mərtəbəli qeyri-yaşayış binasının təyinatının dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir.

19. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2016-cı il tarixli “Radioloji müayinə aktı”na əsasən, müayinə zamanı qamma-şüalanmanın səviyyəsinin və ya radonun konsentrasiyası normativ göstəricilərdən yüksək aşkar edilmədiyi müəyyən edilmişdir.

20. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2016-cı il tarixli 07-22/7-1970 saylı məktubu ilə Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi 70 ünvanda yerləşən binanın işçi layihə sənədlərinə verilən sanitariya-epidemioloji ekspertiza rəyi göndərilmiş, həmin rəydə, əqdim edilən layihə sənədlərinin ekspertiza nəticələrini nəzərə alaraq, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi 70 ünvanında tikintisi nəzərdə tutulan, vətəndaş İddiaçı məxsus ofis binasının işçi layihə sənədlərini "Sanitariya-epidemioloji salamaqlıq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən razılaşdırıldığı bildirilmişdir.

21. Bundan əlavə, birinci instansiya məhkməsi tərəfindən məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 005434 qeydiyyat nömrəli, mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsi 70 ünvanında yerləşən, 166,9 kv.m qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

22. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş: Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2011-ci il tarixli, 350 saylı sərəncamından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsi 70 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yenidənqurulmasına icazə verilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

23. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

24. Azərbaycan Respublikasının Müki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

30. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır.

31. İşin hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsi 70 ünvanında yerləşən, ümumi sahəsi 166,9 kv.m., əsas sahəsi 131,3 kv.m., köməkçi sahəsi 35,6 kv.m. olan 70 saylı birmərtəbəli binası iddiaçının xüsusi mülkiyyətində olmuş, həmin bina üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2006cı il tarixli ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı, qeyd olunan bina üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və həmin binaya dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə ərizə ilə cavabdehin hüquqi varisi olduğu DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavabdehin xx.xx.2020-ci il tarixli **********00 saylı və xx.xx.2020-ci il tarixli **********23 saylı məktubları ilə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir.

32. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi ilə bağlı qərarını onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə xx.xx.2013-cü il tarixli istismara icazə sənədini yalnız qəbul komissiyasının tərkibinə daxil edilmiş Yasamal Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin nümayəndələri imzalamış, lakin nəzərdə tutulan bütün dövlət qurumlarının möhürləri ilə təsdiq edilməmişdir. O da qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin rəyi xx.xx.2013-cü il tarixdə, istismara icazə sənədindən sonra verilmişdir. Halbuki, yuxarıda istinad edilən qaydalara əsasən Agentlik tərəfindən müsbət rəy verildikdən sonra qəbul komissiyası işə başlaya bilərdir. Göründüyü, hazırkı işdə iddiaçının istinad etdiyi verilmiş istismara icazə sənədinin heç bir hüquqi qüvvəsi ola bilməz. Eyni zamanda məhkəmə hesab etmişdir ki, tikinti obyektinin yerləşdiyi torpaq sahəsinə dair iddiaçının mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd mövcud deyildir. İddiaçının mülkiyyətində sökülmüş qeyri-yaşayış binası olmuşdur. Həmin obyektin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmamış və torpaq sahəsi iddiaçıya satılmamışdır.

33. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir:

34. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ünvan 3 ünvanında yerləşən, qeyri-yaşayış binası üzərində mövcud vəziyyətdə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və bu barədə müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçı bu barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən qeyd olunan qeyri-yaşayış binası üzərində onların hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir.

35. Cavabdeh imtinasında iddiaçıya məxsus qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin, Yasamal rayon İcra Hakimiyyətinin mübahisəli tikinti obyektinin sökülüb yenidən tikintisinə icazə sərəncamının təqdim edilməməsinə, eskiz layihəsinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən razılzşdırılmamasına və qəbul komissiyasının aktının nəzərdə tutulan bütün dövlət qrumlarının möhürü ilə təsdiqlənmədiyinə istinad etmişdir.

36. Sözügedən qeyri-yaşayış binası Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə aid olduğu üçün həmin tikinti obyekti üzərində hüququn dövlət qeydiyyatına alınması üçün iddiaçılar tərəfindən həmin obyektin tikildiyi torpaq sahəsi üzərində onların mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin, tikintiyə icazə barədə qərarın, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin, tikinti obyektinin istismarına icazə sənədinin cavabdehə təqdim edilməsi tələb olunur.

37. Yuxarda qeyd olunan iş materiallarından müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsi 70 ünvanında yerləşən, ümumi sahəsi 166,9 kv.m., əsas sahəsi 131,3 kv.m., köməkçi sahəsi 35,6 kv.m. olan 70 saylı birmərtəbəli binası iddiaçının xüsusi mülkiyyətində olmuş, həmin bina üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2006-cı il tarixli ******* saylı çıxarışla rəsmiləşdirilmişdir.

38. Daha sonra isə 2011-ci ildə iddiaçı həmin tikilini söküb yenidən tikmək qərarına gəlmiş və bununla bağlı qanunvericiliklə tələb olunan prosedurları həyata keçirməyə başlamışdır.

39. Göründüyü kimi, idddiaçının qeydiyyata aldırmaq istədiyi qeyri-yaşayış sahəsində yerində ona məxsus mülkiyyətində olan sahəsi 169 kv.metr sahəsi olan daşınmaz əmlak olması işin mübahisəsiz halıdır.

40. Həmçinin, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından qeyd edilən ünvanda tikilmiş qeyri-yaşayış binasının eskiz layihəsinin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırıldığı müəyyən olunur. Belə ki, bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə göndərilmiş 02.09..2011-ci il tarixli, 18/03-8/3005 saylı məktubda qeyd edilmişdir ki, vət. İddiaçı mülkiyyətində olan Yasamal rayonu, Ə.Quluyev kücəsi, 70 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin yenidən qurulmasına dair təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsinə baxıb onu razılaşdırırıq. Obyektin yenidən qurulmqsı ilə əlaqədar sənədləşdirmə mövcud qanunvericiliyin tələblərinə uyğun aparılmalıdır.

41. Bundan əlavə, iş materiallarından müəyyən olunur ki, yuxarıda qeyd olunan səlahiyyətli orqanın Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsi 70 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yenidən qurulmasına dair təqdim olunmuş memarlıqplanlaşdırma həlli layihəsi nəzərə alınaraq Bakı şəhəri Yasamal Rayon icra Hakimiyyətinin başçısının xx.xx.2011-ci il tarixli 350 saylı sərəncamı ilə yenidənqurma işlərinin apanlmasına icazə verilmişdir.

42. Göründüyü kimi, Yasamal rayon İcra Hakimiyyəti tərəfindən qeyri-yaşayış binasının tikintisinə və istismarına icazə verilməsi üzrə icraat barədə Bakı şəhər İcra Hakimiyyəti məlumatlı olmuş, səlahiyyətli qurum kimi bununla bağlı səlahiyyətlərin ona aid olduğuna istinadən Yasamal rayon İcra Hakimiyyətinə etiraz etməmiş, əksinə tikinti obyektinin layihəsini razılaşdırılmasını təsdiq etmişdir.

43. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan səlahiyyətlərin Bakı şəhər İcra Hakimiyyətinin iradə ifadəsi əsasında həyata keçirildiyi qəbul edilməli və həmin səlahiyyətlərin onun tərəfindən icra olunduğu, yaxud da səlahiyyətlərin ötürülməsi anlamında qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, səlahiyyətlərin ötürülməsi qaydasında qəbul edilmiş qərar hüquqa uyğun şəkildə səlahiyyət sahibi tərəfindən qəbul edilmiş qərara bərabər hesab olunur. Digər tərəfdən isə, qüvvədə olan qanunvericilikdə səlahiyyətlərin sözügedən qaydada həyata keçirilməsini və ya ötürülməsini istisna edən hər hansı müddəa da nəzərdə tutulmamışdır.

44. Eyni zamanda, nəzərə alınmalıdır ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə görə, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (reklam qurğularının tikintisinə istisna olmaqla) tərəfindən tikintiyə icazə verilməlidir. Nəzərə almaq lazımdır ki, istinad olunan norma anlamında tikintiyə icazə tikinti layihəsində əksini tapan tikinti niyyətinə verilir. Həmin layihənin səlahiyyətli qurum tərəfindən razılaşdırılması və ya təsdiq olunması həmin layihənin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunu təsbit edir. Bu mənada tikintiyə icazənin məqsədi də məhz təqdim olunmuş tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunu təmin etməkdən ibarətdir. Hazırkı mübahisəyə bu kontekstdən yanaşdıqda və sözügedən tikinti obyektinin layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğunluğunun məhz Bakı şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırıldığını nəzərə aldıqda, həmin tikintiyə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən istinad olunan norma anlamında icazə verildiyi də qəbul edilməlidir.

45. Kollegiyanın qənaətinə görə hazırkı mübahisənin həlli baxımından icazə (həm tikintiyə, həm də istismara) icraatının özünün gedişatı deyil, həmin icraat nəticəsində qəbul olunmuş yekun qərar – inzibati akt həlledici əhəmiyyət daşıyır. Belə ki, inzibati orqanın apardığı inzibati icraat mahiyyət etibarilə hakimiyyət iradəsinin formalaşması və həmin iradənin ifadə olunduğu inzibati aktın qəbulu məqsədlərinə xidmət edir. İnzibati icraatın gedişində yol verilmiş pozuntular icraatı aparan inzibati orqanın məsuliyyət sferasına aiddir və buna səlahiyyəti olmayan digər orqanlar, o cümlədən cavabdeh tərəfindən təftiş edilə və mübahisələndirilə bilməz.

46. Eyni zamanda, iş materiallarından Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Baş layihə-mühəndis institunun Mühəndis-Geoloji mərkəzinin xx.xx.2012-ci il tarixli 06-4217 saylı rəyi ilə tikintinin hesabatı məqbul qiymətləndirildiyi müəyyən olunur.

47. “Yenidənqurma İşləri Başa X3 X6 Qəbul Komissiyasının xx.xx.2013-cü il tarixli İstismara qəbul aktı ilə həmin tikili istismara qəbul edilmişdir.

48. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Təhlil qrupunun xx.xx.2013-cü il tarixli 381 saylı rəyində göstərilmişdir ki, “Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi 70 ünvanda yerləşən fiziki şəxs İddiaçı məxsus zirzəmili, 2 mərtəbəli qeyri-yaşayış binasının təyinatının dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyalarımöhkəmlik və dayanıqlıq tələblərini ödəyir.”

49. Bundn əlavə, iş materiallarından müəyyən edilir ki, AR Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2016-cı il tarixli 07-22/7-1970 saylı məktubu ilə Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi 70 ünvanda yerləşən binanın işçi layihə sənədlərinə verilən sanitariya-epidemioloji ekspertiza rəyi göndərilmiş, həmin rəydə, təqdim edilən layihə sənədlərinin ekspertiza nəticələrini nəzərə alaraq, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi 70 ünvanında tikintisi nəzərdə tutulan, vətəndaş İddiaçı məxsus ofis binasının işçi layihə sənədlərini ”Sanitariya-epidemioloji salamaqlıq haqqında” AR Qanununun 34-cü maddəsinə əsasən razılaşdırıldığı bildirilmişdir.

50. AR Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2016cı il tarixli “Radioloji müayinə aktına əsasən, müayinə zamanı qamma-şüalanmanın səviyyəsinin və ya radonun konsentrasiyası normativ göstəricilərdən yüksək aşkar edilmədiyi müəyyən edilmişdir.

51. AR Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2016cı il tarixli 434 saylı “Suyun bakterioloji müayinəsinin nəticəsi” Protokoluna əsasən, ümumimikrob rəqəminin və koli-indeksinin normada olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2016-cı il tarixli 04-22/7-2452 saylı “ünvan 2 ünvanda tikintisi başa çatmış, vətəndaş İddiaçı məxsus, ofis binasının sanitariya-gigiyenik və sanitariya-epidemioloji vəziyyəti haqqında” arayışına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi 70 ünvanda tikintisi başa çatmış, vətəndaş İddiaçı məxsus, ofis binasısanitariya-gigiyenik və sanitariyaepidemioloji tələblərə uyğun hesab olunmuşdur.

52. Göründüyü kimi, sözügedən qeyri-yaşayış binasının tikinti layihəsi müvafiq aidiyyəti qurumlarla razılaşdırılmış, eləcə də həmin qeyri-yaşayış binasının tikintisi ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən müvafiq rəylər verilmişdir.

53. Birinci instansiya məhkəməsinin “xx.xx.2013-cü il tarixli istismara icazə sənədinin yalnız qəbul komissiyasının tərkibinə daxil edilmiş Yasamal Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin nümayəndələri tərəfindən imzalanması, lakin nəzərdə tutulan bütün dövlət qurumlarının möhürləri ilə təsdiq edilməməsi və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin rəyinin xx.xx.2013-cü il tarixdə, istismara icazə sənədindən sonra verilməsi ilə bağlı mövqeyinə münasibətdə isə Kollegiya qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından icazə (həm tikintiyə, həm də istismara) icraatının özünün gedişatı deyil, həmin icraat nəticəsində qəbul olunmuş yekun qərar – inzibati akt həlledici əhəmiyyət daşıyır.

54. Belə ki, inzibati orqanın apardığı inzibati icraat mahiyyət etibarilə hakimiyyət iradəsinin formalaşması və həmin iradənin ifadə olunduğu inzibati aktın qəbulu məqsədlərinə xidmət edir. İnzibati icraatın gedişində yol verilmiş pozuntular icraatı aparan inzibati orqanın məsuliyyət sferasına aiddir və buna səlahiyyəti olmayan digər orqanlar, o cümlədən cavabdeh tərəfindən təftiş edilə və mübahisələndirilə bilməz.

55. Beləliklə, hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

56. Beləliklə, hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

57. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.

58. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

59. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

60. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin olunmalıdır.

61. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4392/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsi 70 ünvanında istifadəsində olan 295,3 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 694,8 kv.m olan iki mərtəbə və zirzəmidən ibarət yeni qeyri-yaşayış sahəsi üzərində idiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvlə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar