Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-796/2023 27.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, İddiaçı və onun vəkili X3, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5740/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə (ötürülmüş prosessual müddətin bərpası barədə ərizəyə) 27 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və ailə üzvlərinin Suraxanı rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınması vəzifəsinin Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanda qeydiyyatsız olaraq yaşayırlar. Bu barədə Suraxanı rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 05 avqust 2021-ci il tarixdə 17/08-1 nömrəli müvafiq Arayış verilmişdir. Hazırda heç bir yerdə qeydiyyatları yoxdur, onlaraq məxsus şəxsiyyət vəsiqələri faktiki olaraq portalda etibarsız olduğu göstərilir və bir Azərbaycan Respublikasının vətəndaşı olaraq heç bir hüquq və vəzifələrindən istifadə edə bilmirlər, bu hüquqlardan məhrum olublar.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5740/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin ünvanı (inzibati binası) üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur.
4. Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi S.Neymətov tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti verilərək, müddətin üzürlü hesab edilərək bərpa edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5740/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Müddətin bərpasına dair ərizə onunla əsaslandırılmışdır ki, iş yükünün çoxluğu nəticəsində şikayət müddətini ötürmüşlər, bu səbəbdən də müddətin üzürlü hesab edilərək bərpa edilməsi xahiş edilmişdir.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir.
7. Bununla bağlı apellyasiyanın mümkünlüyü məsələsinə (ötürülmüş prosessual müddətin bərpası barədə ərizəyə) baxılması 27 fevral 2023-cü il tarixə təyin edilmişdir.
8. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili O.Babayev məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, bildirmişdir ki, iş yükünün çoxluğu ilə əlaqədar vaxtında apellyasiya şikayətinə verə bilməmişlər.
9. İddiaçı və onun vəkili T.Abbasov ərizənin təmin edilməməsini və apellyasiya şikayətinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir.
10. Məhkəmə kollegiyası inzibati məhkəmə icraatının iştrakçılarının izahatlarını dinləyib, iş materiallarını və prosessual müddətin bərpası ilə bağlı verilmiş ərizəni araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair verilmiş ərizə təmin edilməməli və apellyasiya şikayəti mümkün sayılmamalıdır.
11. Belə ki, iş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı poçt vasitəsilə xx.xx.2022-ci il tarixli məktubla cavabdehin iş materiallarındakı ünvanına göndərilmiş və xx.xx.2022-ci il tarixdə poçt xəbərnaməsinə imza edilməklə (i.v. 51) qəbul edilmişdir.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır
13. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.
14. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
15. Həmçinin həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
16. Belə olan halda müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün cavabdehə münasibətdə son müddət xx.xx.2022-ci il tarix hesab olunur, lakin iş materiallarından görünür ki, prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur ki, bununla da cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük prosessual müddət ötürülmüşdür.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.
18. Hazırkı işdə cavabdehin nümayəndəsi “apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi” barədə ərizəsində və məhkəmə iclasında məhkəmə qərarından apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsinin səbəbini iş yükünün çoxluğu ilə izah etmiş, buna görə də apellyasiya şikayətinin vaxtında verilməsinin mümkün olmadığını bildirmişdir.
19. Kollegiya qeyd edir ki, qanunvericilikdə və məhkəmə praktikasında müddətin buraxılmasının daha çox fiziki şəxsin şəxsiyyəti ilə bağlı hallara görə, yəni ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq, ezamiyyətdə olma və i.a. kimi məhkəmənin üzrlü saydığı müstəsna hallarda bərpası nəzərdə tutulmuşdur. Göründüyü kimi qeyd olunan hallar heç biri hüquqi şəxlərə aid edilə bilməz.
20. Bununla belə hüquqi şəxsə münasibətdə də müddətin buraxılmasının üzrlü hesab edilməsi, bir sıra hallarda, o cümlədən zəlzələ, sünami və sair fövqəladə hallarla bağlı mümkün ola bilər.
21. Hazırkı halda dövlət orqanı, inzibati qurum olan cavabdeh üzrlü səbəb kimi hüquqi şəxslər üçün müddətin buraxılmasının üzrlü hesab edildiyi yuxarıda qeyd olunan halların heç birinə istinad etməmiş, səbəb kimi yalnız iş yükünün çoxluğunu göstərmişdir ki, bu da heç bir halda üzrlü hal kimi qəbul edilə bilməz.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”
23. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında da deyilir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır.
24. Göründüyü kimi, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin üzrsüz səbəbdən ötürülməsi onun bərpası ilə bağlı verilmiş ərizənin təmin edilməməsi üçün əsas yaradır.
25. Belə olan halda “prosessual müddətin bərpası” barədə cavabdehin ərizəsi təmin olunmamalı, apellyasiya şikayətinin mümkün sayılması üçün hər hansı əsas mövcud olmadığından şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır.
26. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir.
27. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası
QƏRARAALDİ: Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən verilmiş “prosessual müddətin bərpasına dair” ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5740/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov