Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-796/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X3 Asəf qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “cizginin verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2399/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının 24 №-İi, xx.xx.1996-cı il tarixli sərəncamına əsasən, Bakı səhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsində qaraj cərgəsində X2 fərdi qaraj tikintisi üçün ayrılmış sahədə tikilən qarajın yerləşmə cizgisinin tərtib olunaraq verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Həyətyanı torpaq sahələrinin nizama salınması haqqında'’ xx.xx.1987-ci il tarixli 301 saylı qərarını və Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 662 saylı sərəncamını əsas tutaraq Bakı şəhəri Cavabdeh başçısı 24 №-li, xx.xx.1996-cı il tarixli sərəncamı ilə X2 fərdi qaraj tikintisi üçün Bakı şəhəri XDS İK tərəfindən ayrılmış qaraj cərgəsində 6x4 ölçüdə qaraj tikintisinə icazə vermişdir. Həmin sərəncam əsasında qarajın tikintisi 1 il müddətinə başa çatdırılmış və həmin vaxtdan da tikilərək istifadədədir. Qeyd olunan sərəncamın arxiv kötüyü də mövcuddur. Belə ki, AR Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2019-cu il tarixli Ə- 478 nömrəli məktubundan və ona əlavə olunmuş sərəncamın arxivdə saxlanılan təsdiq olunmuş surətindən qeyd olunanlar təsdiqini tapır. Göründüyü kimi qeyd olunan qaraj sahəsi qanuni əsaslarla verilmiş və hazırda da iddiaçının istifadəsindədir. İddiaçı əri olan X4 uzun sürən xəstəlikdən sonra xx.xx.2011-ci il tarixdə ölmüşdür. Onun qanun üzrə vərəsəsi kimi Bakı şəhəri 8 saylı Notariat kontorunda iddiaçı tanınmışdır və buna dair 156/2019 №-li vərəsəlik işi açılmışdır. Bakı şəhəri 8 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli 1004 №-li məktubundan görünür ki, iddiaçı miras qoyan X1 vərəsəsi olaraq Bakı şəhəri, Qaradağ Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 24№-li Sərəncamına əsasən Bakı şəhəri. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən qaraja dair sənəd (çıxarış və texniki pasport) verilməsini xahiş etmişdir, notarius üzərinə düşən vərəsəlik işi ilə bağlı vəzifələri icra etmiş, onu vərəsə kimi tanıyaraq 156/2019 №-li vərəsəlik işi açmış və qeyd olunan sərəncam əsasında hüquqların daşınmaz əmlakda qeydiyyata alınmasından sonra ona vərəsəlik hüququ haqqında şəhadətnamə verəcəyini bildirərək DƏDKRX-nə məktub ünvanlamışdır. Sərəncam əsasında hüquqların dövlət qeydiyyatına alınması zamanı bildirilmişdir ki, qarajın yerləşmə cizgisi lazımdır və həmin cizgini də sərəncamı verən qurum, yəni Bakı şəhəri Cavabdeh verməlidir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Cavabdeh başçısının 16 yanvar 1996-ci il tarixli 24 nömrəli qərarı ilə vətəndaş İddiaçı mərhum əri X2 Lökbatan qəsəbəsində fərdi qaraj tikintisi üçün torpaq sahəsinin ayrılması barədə sərəncamı normativ xarakterli akt olduğundan və qərarın özündə müddət göstərildiyindən (1 il) “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununun 86-cı maddəsinə əsasən qüvvədən düşmüşdür. İddia üzrə iddiaçının tələbləri əsassız və qanunsuzdur. Vətəndaşa fərdi qaraj tikintisi üçün torpaq sahəsi ayrıldığı dövrdə qüvvədə olan, 09 noyabr 1991-ci il tarixində qəbul edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 29-cu maddəsinin tələblərinə əsasən torpaq ayırma qaydasında vətəndaşlara torpaq sahəsi ayrılarkən onun naturada yeri müəyyən edilməli və texniki sənədlər (döngə, nöqtə və koordinatlar əks etdirən yer quruluşu xəritəsindən çıxarış) tərtib edilməlidir. Texniki sənədlərin tərtib edilmədiyi sərəncamların isə hüquqi qüvvəsi olmur. Cavabdeh başçısının 16 yanvar 1996-ci il tixli, 24 saylı qərarına əsaslanaraq vətəndaşın istifadə etdiyi torpaq sahəsi dövlət torpaq fondu torpaqlarına aiddir və həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən yerləşmə sxeminin yer quruluşu orqanları tərəfindən yerdə (naturada sahənin hüdudları müəyyən edilməklə) müvafiq sənədlər rəsmiləşdirib verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2399/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Cavabdeh başçısının xx.xx.1996-cı il tarixli, 24 nömrəli sərəncamı ilə X2 ayrılmış, Bakı səhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsində qaraj cərgəsində fərdi qaraj tikintisi üçün ayrılmış sahədə tikilən qarajın yerləşmə cizgisinin verilməsi öhdəliyi Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2399/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Bakı şəhəri 8 saylı Notariat ofisinin xx.xx.2019-cu il tarixli, 1462 nömrəli məktubundan görünür ki, İddiaçı müraciəti əsasında xx.xx.2011-ci ildə ölmüş əri X1 adına 156/2019 №-li vərəsəlik işi açılmışdır. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubuna Cavabdeh başçısının xx.xx.1996-cı il tarixli, 24 nömrəli sərəncamının surəti əlavə edilmişdir: Cavabdeh başçısının xx.xx.1996-cı il tarixli, 24 nömrəli sərəncamının surətinə əsasən X2 fərdi qaraj tikintisi üçün Bakı şəhəri XDS İK tərəfindən ayrılmış qaraj cərgəsində 6x4 m ölçüdə qaraj tikintisinə icazə verilmişdir - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən birmərtəbəli ayrı tikili (qaraj) faktiki olaraq 28.7 kv.m təşkil edir. Qaraj tikilisinin tikintialtı torpaq sahəsi 38.0 kv.m-dir. Qarajın yerləşdiyi 38.0 kv.m torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Qeyd olunan qaraj qarajlar sırasında yerləşir. Yerləşmə sxemi təqdim edilmədiyindən ətraflı qeyd aparmaq mümkün olmadı. Vahid elektron kadastr baza məlumatlarına əsasən ərazinin kateqoriyası “Yaşayış məntəqələrinin” torpaqlarıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin: 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: (torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olan (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür)) Maddə 14. Torpaq sahələrindən daimi istifadə Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 4) onların ərazisində və istifadəsində olan torpaqlarda əsas məhsul istehsalını nizama salmaq; 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək; 6) torpağa görə haqq (vergi) almaq güzəştlər müəyyən etmək və rayon, şəhər üzrə torpaq vergisinin ümumi məbləğini dəyişdirmədən eyni keyfiyyət dərəcəli torpaqların yerləşməsindən asılı olaraq verginin məbləğini artırmaq və ya azaltmaq; 7) dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün torpaq sahəsini bu Məcəllənin 27-ci maddəsinə uyğun olaraq geri almaq, o cümlədən torpağı mülkiyyətçidən satın və ya məcburi satın almaq; 8) torpaqların mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq və təsdiq etmək; 9) torpaqdan istifadə edən müəssisələrin və təsərrüfatların işinin ekoloji ekspertizasının keçirilməsini təşkil etmək və ekoloji ekspertizanın müsbət rəy vermədiyi obyektlərin tikintisini dayandırmaq və ya onların rekonstruksiyası haqqında qərar qəbul etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 11) torpağın mühafizəsi haqqında qanunvericiliyin pozulduğu halda təqsiri olan hüquqi və fiziki şəxsləri inzibati məsuliyyətə cəlb etmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; 13) torpaq mübahisələrini həll etmək. Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Hazırkı iddia tələbinin məzmunundan görünür ki, iddiaçı Cavabdeh başçısının 24 №-İi, xx.xx.1996-cı il tarixli sərəncamına əsasən, Bakı səhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsində qaraj cərgəsində X2 fərdi qaraj tikintisi üçün ayrılmış sahədə tikilən qarajın yerləşmə cizgisinin tərtib olunaraq verilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, qaraj sahəsi iddiaçının vərəsəsi olduğu şəxsə naturada təhvil verilmiş olsa da, hazırda həmin qaraj sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Belə olan halda iddiaçıya torpaq sahəsinə cizginin verilməsindən imtina barədə cavabdehin mövqeyi əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2399/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2399/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-796/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-796/2025
13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver