Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-797/2023 27.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, X13 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu verən vəsiqənin verilməsi vəzifəsinin qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9572/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edərək məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9572/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı əvvəlki qanunvericilik normalarında da ( məs; Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Kollegiyasının 2004-cü il tarixli 3 nömrəli Qərarı ilə təsdiq olunmuş "Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) status sənədlərinin verilməsinə dair” Qaydaların 4.2.6-cı bəndi) valideynlərindən atası məcburi köçkün statusuna malik olan uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini özündə ehtiva edir. Əvvəlki qanunvericilik aktlarından da göründüyü kimi valideynlərindən atası məcburi köçkün statusuna malik olan uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi qeyd olunduğundan məhkəmənin əsaslandığı mövqeyi əsassız hesab edirlər. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsi tərəfindən araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı atası X3 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmamışdır və yaşayış yeri üzrə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. İddiaçınun anası X11 isə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçınun atası X3 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmadığından və yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından - “Sumqayıt şəhəri’’ olduğundan, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməməsi qanunvericiliyə tam uyğundur. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İclasın vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Kollegiya cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının anası X4 rayonu işğal olunan zaman məcburi köçkün düşmüş və hal-hazırda məcburi köçkün statusu olan şəxs kimi ünvan 4 ünvanında məskunlaşmışdır və orda yaşayır. İddiaçıda bu səbəbdən cavabdehə məcburi köçkün statusu verilməsi barədə ərizə ilə müraciət etmiş, cavabdeh isə iddiaçının atasının işğal olunmuş ərazilərdən məcburi köçkün olmadığına əsaslanaraq ona məcburi köçkün statusu verilməsindən imtina etmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın təmin edilməsi ilə düzgün nəticəyə gəlinmişdir. İş materiallarında olan sənədlər : - Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X10 (xx.xx.1975-ci il təvəllüdlü, Füzui rayonunda doğulmuşdur) xx.xx.2014-cü il tarixdə məcburi köçkün vəsiqəsi verilmişdir. - X10 verilən AR Müdafiə Nazilriyinin Bakı Qarnizonu Mənzil-İstismar sahəsinin 2 nömrəli Mənzil-İstismar sahəsinin xx.xx.2022-ci il tarixli 154 nömrəli arayışa əsasən X11 oğlu-X5 və qızı - İddiaçı ilə birlikdə kirayə müqaviləsinə əsasən ünvan 4 ünvanında yaşayır. - Sumqayıt şəhər məhkəməsinin 08 iyun 2007-ci il tarixli qətnaməsi ilə X3 ilə X8 arasında 31 oktyabr 1998-ci il tarixdə bağlanmış nikah pozulmuş və 26 avqust 1999-cu il təvəllüdlü X5 və xx xxxxxxx 2003-cü il təvəllüdlü İddiaçı anaları X8 yanında qalmaları, 26 avqust 1999-cu il təvəllüdlü X5 və xx xxxxxxx 2003-cü il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatana kimi saxlanması üçün X1 hər ay qazancından 1/3 hissədə miqdarında alimentin 07 may 2007-ci il tarixindən başlayaraq tutulub X10 verilməsi qərara alınmışdır. - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 və X11 arasında bağlanmış nikah xx.xx.2011-ci il tarixdə ləğv edilmişdir. - Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən X10 ünvanlanmış məktubdan görünür ki, X1 iki uşağın saxlanması üçün hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin tutularaq onun xeyrinə ödənilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin 2-1443/2007 saylı xx.xx.2007-ci il tarixli icra sənədinin icrasına “İcra haqqında” Qanunun 20.1.1-ci maddəsinə əsasən (20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə) xitam verilmişdir. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının atası X3 xx.xx.2022-ci il tarixdə ölmüşdür. - CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən İddiaçı anasının qeydiyyada olduğu Füzuli rayonu, Füzuli şəhəri, B.Sərdarov küçəsində qeydiyyatdadır. Beləliklə, iş materiallarından müəyyən olunur ki, X10 (xx.xx.1975-ci il təvəllüdlü, Füzui rayonunda doğulmuşdur) xx.xx.2014-cü il tarixdə məcburi köçkün vəsiqəsi verilmişdir. Məhkəmə qərarı əsasında iddiaçının atası X3 ilə anası X8 arasında 31 oktyabr 1998-ci il tarixdə bağlanmış nikah pozulmuş və 26 avqust 1999-cu il təvəllüdlü X2 və xx xxxxxxx 2003-cü il təvəllüdlü İddiaçı anaları X8 yanında qalmaları qət edilmişdir. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi, İddiaçı “məcburi köçkün statusuna” malik olan anası X8 himayəsində olmuşdur. Cavabdehin imtinasından və apelyasiya şikayətindən görünür ki, cavabdeh “Məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinad edərək İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edir. Məhkəmə kollegiyası cavabdehin mövqeyini əsassız hesab edərək bildirir ki, iddiaçıya məcburi köçkün statusunun verilməsindən imtina edilərkən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcbur köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir Belə ki, sözügedən Qaydaların 4.1.6-ci bəndində əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlarla məhdudlaşdırılmışdır. Başqa sözlə, ataları məcburi köçkün olan uşaqların “məcburi köçkün” statusuna malik olma hüququ olsa da, anaları məcburi köçkün olan uşaqların bu hüquqları məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlıformalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüşşəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndində təsbit edilmiş müddəalardan göründüyü kimi, qanunvericilik müxtəlif cinslərlə bağlı fərqli yanaşmalara yol verilmiş və bunun hər hansı bir qanuni əsası olmamışdır. Belə olan halda isə, məhkəmə tərkibi hesab edir ki, belə fərqli yanaşmalar nəticəsində iddiaçıların Konstitusiyada təsbit olunmuş bərabərlik hüququ pozulmuşdur. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsizamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2010-cu il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarlarını nəzərə alan Kollegiya hesab edir ki, eyni statusda olan məcburi köçkün şəxslərə (kişilərlə qadınlara) cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, cavabdehin apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9572/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Səadət Bəktaşi Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-797/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-797/2023
27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver