Məhkəmə qərarları › İş №2-1(103)-797/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-797/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-797/2025 01.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı cavabdeh Bakı Şəhər Baş Polis İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “MDSS haqlarının ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər Baş Polis İdarəsinə qarşı “məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6668/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı Şəhər Baş Polis İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2011-ci ildə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi vəzifəsində xidmət edərkən sığortaedən Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən gəlirindən (təminat xərcliyindən) məcburi dövlət sosial sığortaya cəlb olunması adı ilə tutularaq fərdi hesabına ödənilməkdən yayındırılmış 2047,63 manat məbləğində vəsaitin “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu”nun tələblərinə müvafiq olaraq indeksləşdirilməsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin tələblərinə uyğun olaraq pul öhdəliyinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizlərin ödənilməsi şərti ilə yekun məbləğin fərdi şəxsi hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 dekabr 1979-cu il tarixdən 25 aprel 2012- ci il tarixədək DİN-in bir sıra qurumlarında xüsusi rütbəli şəxs kimi xidmət etmişdir, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üzrə verilmiş 2012-ci il 23 aprel tarixli 885ş/h №-li əmrə əsasən xx.xx.2012-ci il tarixdə Qaradağ Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi vəzifəsindən azad edilərək xidmətdə olmanın son yaş həddinə çatdığına görə xidmətdən tərxis olunmuşdur, ona əmək pensiyası təyin olunub. 2023-cü ilin avqust ayında DOST-a müraciət edərək adına sosial arayış almışdır. Fərdi hesabına dair məlumatları nəzərdən keçirdikdə məlum oldu ki, Qaradağ RPİ-nin istintaq şöbəsinin müstəntiqi vəzifəsində xidmət edərkən sığortaedən Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən 2011-ci ilin yanvar-oktyabr ayları (on ay) üzrə əmək haqqından (təminat xərcliyindən) tutularaq məcburi dövlət sosial sığortaya cəlb edilməli olan vəsaitlər fərdi hesabına ödənilməyib, 2011-ci ilin noyabr ayında 28,75 AZN, dekabr ayında isə 158,50 AZN məbləğində məcburi dövlət sosial sığorta haqqı, ümumilikdə 2011-ci ildə 28,75+158,50=187,25 AZN məbləğində məcburi dövlət sosial sığorta haqqı hesablanıb ödənilmişdir. Müqayisə üçün 2012-ci ilin yanvar ayında əmək haqqından 186,24 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. 2011-ci ilin yanvar-oktyabr ayları üzrə təminat xərcliyindən məcburi dövlət sosial sığorta haqqı tutulsa da, fərdi hesabına ödənilməyib, saxtakarlığa yol verilərək 2011-ci ilin noyabr ayında təminat xərcliyi 744,95 manat deyil, 115,0 manat göstərilmiş, müvafiq olaraq 186,24 AZN məbləğində məcburi dövlət sosial sığorta haqqı hesablanıb ödənilməli olduğu halda, 28,75 AZN hesablanıb ödənilmişdir, yəni məcburi dövlət sosial sığorta haqqı 157,49 manat əksik ödənilmişdir. 2011-ci ilin dekabr ayında növbəti dəfə saxtakarlığa yol verilərək təminat xərcliyi 634 manat göstərilməklə məcburi dövlət sosial sığorta haqqı 186,24 manat əvəzinə 158,50 manat hesablanıb ödənilmişdir.

3. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddianın mümkün hesab edilməməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. İddiaçının məhkəməyə müraciət etməkdə əsas məqsədi məcburi dövlət sosial sığorta haqlarının müvafiq quruma ödənilməsidir. O, düşünür ki, MDSS ödənişlərinin məbləği artıq olsa hərbi qulluqçu kimi əmək pensiyası yenidən hesablanacaq və onun pensiyasının məbləğində artım olacaq. İddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, iddiaçının tələb etdiyi MDSS ödənişlərinin ödənilib-ödənilməməsindən asılı olmayaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.Qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçının hazırkı tələb ilə məhkəməyə müraciət etmək üçün hüquqi marağı yoxdur.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6668/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkünsüz hesab edilmişdir.

6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Əvvəla iddiaçı ərizəsində hüquqi marağını, sonda nail olmaq istədiyi nəticəni, başqa sözlə hüquqi müdafiəyə ehtiyacının olmasını əsaslandırmamışdır.

7. İkincisi, hesab etsək ki, iddiaçının hazırkı iddianı qaldırmaqda marağı pensiya məbləğinin artırılması ilə bağlıdır. İddiaçı müvafiq vəsaitin fərdi hesabın sığorta hissəsinə əlavə edilməməsi ilə onun pensiyasının az hesablanması qənaətindədir. Məcburi dövlət sosial sığorta ödənişinin edilməsinin onun hazırda aldığı pensiya məbləğinə təsiri ilə bağlı qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən, iddiaçı daxili işlər orqanalarının əməkdaşı olmaqla onun pensiya məbləği təminat xərcliyinə əsasən hesablanmışdır. Bununla da hazırkı tələblə bağlı onun hüquqi marağı müəyyən olunmur.

8. Üçüncüsü isə, iddiaçı hazırkı tələbini zəruri edən, gələcəkdə pozulması ehtimal edilən hüquq və azadlıqları ilə bağlı hər hansı dəlil irəli sürməmişdir.

9. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6668/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadında göstərilir ki, “Əvvəla iddiaçı ərizəsində hüquqi marağını, sonda nail olmaq istədiyi nəticəni, başqa sözlə hüquqi müdafiəyə ehtiyacının olmasını əsaslandırmamışdır.” İddia ərizəsində nail olmaq istədiyim nəticəni, Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən təminat xərcliyindən (əməkhaqqımdan) məcburi dövlət sosial sığortaya cəlb olunması adı ilə tutularaq fərdi şəxsi hesabıma ödənilməkdən yayındırılmış vəsaitin fərdi şəxsi hesabıma ödənilməsini, aydın göstərmişəm. Qərardaddan daha bir sitat: “İkincisi, hesab etsək ki, iddiaçının hazırkı iddianı qaldırmaqda marağı pensiya məbləğinin artırılması ilə bağlıdır. İddiaçı müvafiq vəsaitin fərdi hesabın sığorta hissəsinə əlavə edilməməsi ilə onun pensiyasının az hesablanması qənaətindədir. Məcburi dövlət sosial sığoıta ödənişinin onun hazırda aldığı pensiya məbləğinə təsiri ilə bağlı qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən, iddiaçı daxili işlər orqanlarının əməkdaşı olmaqla onun pensiya məbləği təminat xərcliyinə əsasən hesablanmalıdır. Bununla da hazırkı tələblə bağlı onun hüquqi marağı müəyyən olunmur.” Məhkəmədə iddia qaldırarkən təminat xərcliyimdən (əməkhaqqımdan) məcburi dövlət sosial sığortaya cəlb olunması adı ilə tutularaq fərdi şəxsi hesabıma ödənilməkdən yayındırılmış vəsaitin hazırda aldığım pensiya məbləğinə təsiri barədə düşünməmişəm, hakimin təbirincə desək “pensiyamın az hesablanmasını” dilimə gətirməmişəm, pensiyamın yenidən hesablanması, artırılması və s. tələbi irəli sürməmişəm. Hakim iddia ərizəsinin başlığına diqqət yetirsəydi “əməkhaqqımdan tutularaq fərdi hesabıma məcburi dövlət sosial sığorta haqqı qismində ödənilməli olan, cavabdeh inzibati orqanın Maliyyəplan şöbəsi tərəfindən özgəninkiləşdirilmiş (mənimsənilmiş) pul vəsaitlərinin indeksləşdirilib fərdi hesabıma köçürülməsi öhdəliyinin Bakı şəhəri Baş Polis İdarəsinin üzərinə qoyulması tələbinə dair” sözləri oxuyardı. Cinayət məsuliyyətinə cəlb olunması müddəti keçmiş olmasaydı mən məhkəməyə iddia ərizəsi ilə deyil, prokurorluq orqanına baş vermiş cinayət haqqında məlumat verməklə tədbir görülməsi xahişi ilə müraciət edərdim. Əminəm ki, müraciətim əsasında yoxlama aparılardı, cinayət işi başlanardı, cinayət prosesinə zərərçəkmiş şəxs kimi cəlb olunardım və iştirak edərdim. Çünki, pensiyamın məbləğinə və artımına təsiri olub-olmamasından asılı olmayaraq, “çırpışdırılan” vəsait 1). mənim əməkhaqqımdan tutulub; 2). altını cızaraq fərdi şəxsi hesabıma ödənilməsi nəzərdə tutulmuşdur və 3). cinayət hüququnda və cinayət prosesində maddi zərərlə yanaşı mənəvi zərər anlayışı da mövcuddur. Mən avam insan deyiləm ki, təminat xərcliyimdən tutulmuş vəsait təyinatı üzrə istifadə edilməsin, Baş idarənin məmurları tərəfindən özgəninkiləşdirilsin.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən, yəni birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi hissəsində əsaslıdır. İş üzrə əlavə araşdırmanın və onun nəticəsində asılı olaraq müvafiq qiymətləndirmənin aparılması zəruri olduğu üçün mübahisəyə dair hazırkı mərhələdə yekun qərarın çıxarılması mümkün deyildir. Buna görə də, iş təkrar birinci instansiya məhkəməsinə göndərilməlidir.

19. İPM-in 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır.

20. İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

21. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir.

22. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir.

23. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.

24. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.

25. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.

26. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq.

28. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün:

1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;

2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli;

3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1).

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

30. Həmçinin, sözügedən qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”.

31. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından görünür ki, məhkəmə iddianın mümkün sayılmaması nəticəsinə gələrkən – iddiada göstərilən tələblə bağlı məhkəmə müdafiəsi hüququnun realizəsi üçün zərurətin müəyyən olunmamasına əsaslanmışdır.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı məsələni tam, hərtərəfli və obyektiv araşdırmamışdır.

33. İlkin olaraq qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, “Əvvəla iddiaçı ərizəsində hüquqi marağını, sonda nail olmaq istədiyi nəticəni, başqa sözlə hüquqi müdafiəyə ehtiyacının olmasını əsaslandırmamışdır. İkincisi, hesab etsək ki, iddiaçının hazırkı iddianı qaldırmaqda marağı pensiya məbləğinin artırılması ilə bağlıdır. İddiaçı müvafiq vəsaitin fərdi hesabın sığorta hissəsinə əlavə edilməməsi ilə onun pensiyasının az hesablanması qənaətindədir. Məcburi dövlət sosial sığorta ödənişinin edilməsinin onun hazırda aldığı pensiya məbləğinə təsiri ilə bağlı qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən, iddiaçı daxili işlər orqanalarının əməkdaşı olmaqla onun pensiya məbləği təminat xərcliyinə əsasən hesablanmışdır. Bununla da hazırkı tələblə bağlı onun hüquqi marağı müəyyən olunmur. Üçüncüsü isə, iddiaçı hazırkı tələbini zəruri edən, gələcəkdə pozulması ehtimal edilən hüquq və azadlıqları ilə bağlı hər hansı dəlil irəli sürməmişdir.”.

34. Lakin birinci instansiya məhkəməsi bununla bağlı hər hansı bir araşdırma aparmamış, iddiaçıya iddia tələbi ilə bağlı hüquqi yardım göstərməmişdir.

35. Belə ki, bir tərəfdən məhkəmə qeyd etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda marağı pensiya məbləğinin artırılması ilə bağlıdır. İddiaçı müvafiq vəsaitin fərdi hesabın sığorta hissəsinə əlavə edilməməsi ilə onun pensiyasının az hesablanması qənaətindədir. 36.Bununla bağlı Kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası sığorta hissəsindən və yığım hissəsindən ibarətdir. Həmin Qanunun 37.3.2-1-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. 37.Halbuki, iddiaçının hüquqi marağı əməkhaqqından tutularaq fərdi hesabına məcburi dövlət sosial sığorta haqqı qismində ödənilməli olan, cavabdeh inzibati orqanın maliyyəplan şöbəsi tərəfindən özgəninkiləşdirilmiş (mənimsənilmiş) pul vəsaitlərinin indeksləşdirilib fərdi hesabına köçürülməsi öhdəliyinin Bakı şəhəri Baş Polis İdarəsinin üzərinə qoyulmasından ibarətdir. 38.Qeyd edilən normaların məzmunundan da göründüyü kimi iddiaçıya daxili işlər orqanlarının əməkdaşı olmaqla ona pensiya təyin edilərkən (pensiya məbləği müəyyən edilərkən) təminat xərcliyində göstərilən məbləğdən başqa onun barəsində ödənilən məcburi dövlət sosial sığorta haqları da nəzərə alınır.

39. Eyni zamanda birinci instansiya məhkəməsi iddiaçının Qaradağ RPİ-nin istintaq şöbəsinin müstəntiqi vəzifəsində xidmət edərkən sığortaedən Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən 2011-ci ilin yanvar-oktyabr ayları (on ay) üzrə əmək haqqından (təminat xərcliyindən) tutularaq məcburi dövlət sosial sığortaya cəlb edilməli olan vəsaitlərin fərdi hesabına ödənilib-ödənilməməsi ilə bağlı məsələlər araşdırılmadan yekun nəticəyə gəlmişdir.

40. Həmçinin apellyasiya icraatı zamanı sorğulara verilmiş cavab məktublardan cavabdeh inzibati orqanın cavabdeh qismində olmaqla iddiaçının hüquqi marağına dair məsələlər müəyyən olunmuşdur. Bu səbəbdən məhkəmə qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

41. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, məhkəmə qaydasında baxılan iddia tələbi hüquq və ya qanunla qorunan mənafeyin müdafiəsi yaxud təsdiq edilməsi məqsədilə irəli sürülməli, iddia tələbinin məhkəmə tərəfindən təmin edilməsilə pozulmuş hüququn bərpası təmin edilməlidir. Şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan onun hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız o hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun.

42. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

43. Prosessual qanunvericiliyin tələblərinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin təkrar baxılmaq üçün birinci instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.

44. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

45. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

46. Avropa İnsan Hüquqları Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarında qeyd etmişdir ki, «ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: - qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; - məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; - müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması.

47. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir».

48. İPM-in 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda (inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə) apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.

49. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, hər bir inzibati iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddiaların yolverilən olmasına dair mühüm şərtlərdən biridir. Lakin, qeyd edildiyi kimi, birinci instansiya məhkəməsinin göstərilən halları tam və ətraflı araşdırmadan iddianın mümkün sayılmaması nəticəsinə gəlməsi əsaslı sayıla bilməz. Buna baxmayaraq, işə yenidən baxılarkən, sonradan iddianın mümkünlüyünə (bu hal dəyişdirilmiş iddiaya münasibətdə də qüvvədədir) təsir edə biləcək, qanunvericilikdə nəzərdə tutulmuş halların (əsasların) müəyyən olunması mümkünlük əsaslarının yoxlanılmasını istisna etmir.

50. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları tam və ətraflı araşdırmadan, onlara düzgün hüquqi qiymət vermədən iddianı mümkün saymamaqda haqlı olmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bu səbəbdən də şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 2-1(112)-6668/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6668/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar