Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-798/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4219/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona (iddiaçıya) ünvanlı sosial yardım təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «Ünvanlı sosial yardım haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsaslanaraq ailəsinə ünvanlı sosial yardım verilməsi üçün “VEMTAS” sistemi vasitəsilə 26 fevral 2020-ci il tarixli, **********23603 nömrə ilə hazırkı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Lakin ona Nazirliyin “VEMTAS” sistemi tərəfindən ünvanlı sosial yardımın alınmasından imtina barədə 17dd04e3fb53444496fa9957784a8575 (imtina məktubu əlavə edilir) nömrəli bildiriş ünvanlanmışdır. Bildirişdə heç bir qanunun normasına əsaslanmadan guya ailə tərkibinin düzgün göstərilməməsi səbəbindən sosial yardım təyin edilməsindən imtina edilmişdir. O, icra nümayəndəliyindən yaşayış yerinə dair arayış almışdır. Arayışda onun ailə tərkibi özü və iki övladı (X3, X5) qeyd olunmuşdur. Onun ailəsi bu şəxslərdən ibarətdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı ünvanlı sosial yardım almaq üçün “VEMTAS” sistemi vasitəsilə 26 fevral 2020-ci il tarixdə Nazirliyə müraciət etmiş, lakin AR Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş «Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları»nın 3.7.1-ci maddəsinə əsasən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduğundan ona sosial yardımın təyin edilməsindən imtina edilmişdir. «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə – orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Həmin Qanununun 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X4 və X10 (VEMTAS) yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən, sosial yardımın verilməsi ilə bağlı qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1-ci bəndinə uyğun olaraq, “Elektron hökumət” portalına inteqrasiya edilmiş VEMTAS tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir. Həmin Qaydaların 3.7.1-ci maddəsinə əsasən Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda sosial yardımın təyin olunmasından imtina barədə qərar qəbul edilir. Qərar elektron qaydada (insan müdaxiləsi olmadan) və müvafiq dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.1-ci maddəsinə əsasən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduğundan ona sosial yardımın təyin edilməsindən imtina edildiyini bildirmişdir. işin faktiki halları ondan ibarətdir ki, iddiaçının 26 fevral 2020-ci il tarixli müraciətinə əsasən onun maddi-məişət şəraiti müayinə olunarkən, onun “Ərizəbəyannamə”də ailə üzvü kimi qızı və oğlunun adı göstərdiyi halda, müayinə zamanı həmin ünvanda onunla nikahına xitam verilmiş həyat yoldaşının yaşadığı müəyyən olunmuş və müayinə ilə bağlı akt tərtib olunaraq VEMTAS-a ötürülmüşdür. VEMTAS “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirən zaman həmin aktla “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatlar arasında uyğunsuzluq aşkar etdiyindən iddiaçıya imtina məktubu göndərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.3-cü maddəsinə əsasən müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4219/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sosial yardımın təyin edilməsi ilə bağlı qərar elektron qaydada (insan müdaxiləsi olmadan) və müvafiq dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla təyin edilir. Odur ki, iddiaçının müraciəti zaman iddiaçı tərəfindən doldurulmuş “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatlarla VEMTAS-dakı məlumatlar qarşılaşdırılarkən iddiaçının ailəsinin maddi-məişət şəraitinin müayinəsi zərurəti yaranmış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon şöbəsi tərəfindən ailəsinin maddi-məişət şəraitinin müayinəsi üçün ailənin yaşayış yerində aparılmış müayinə zamanı həmin ünvanda onunla nikahına xitam verilmiş həyat yoldaşının yaşadığı müəyyən olunmuş və müayinə ilə bağlı akt tərtib olunaraq VEMTAS-a ötürülmüşdür. Həmçinin, VEMTAS iddiaçının təqdim etdiyi məlumatları və müxtəlif dövlət orqanlarının və təşkilatların informasiya ehtiyatlarında və sistemlərindəki məlumatları qarşılaşdıraraq elektron qaydada (insan müdaxiləsi olmadan) qərar qəbul edir. Odur ki iddiaçının Nazirliyin üzərinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi öhdəliyinin qoyulması tələbi mümkünsüzdür və məhkəmə tərəfindən iddiaçının tələbi təmin edilsə belə tərəfimizdən VEMTAS-a hər hansı məlumatın əlavə edilməsi mümkün olmadığından qərarın icrası mümkün olmayacaqdır. Yuxarıda qeyd etdikləri bütün xüsusatlar məhkəmə prosesi zamanı birinci instansiya məhkəməsinə dəfələrlə qeyd edilsə də, məhkəmə qərarı qəbul edərkən bütün bunları nəzərə almamış və İddiaçı iddiasını təmin etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçının 26 fevral 2020-ci il tarixli, **********23603 nömrəli müraciətinə cavabdeh tərəfindən imtina verilərək, bildirilmişdir ki, ailə tərkibi düzgün göstərilməmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X2 arasında olan nikah 04.09.2019-cu ildə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında qeyd edilməklə ləğv edilmişdir. Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə İcra nümayəndəliyindən yaşayış yerinə dair verilmiş arayışda İddiaçı ailə tərkibi özü və iki övladı (X3, X5) qeyd olunmuşdur. Apellyasiya baxışı zamanı təqdim edilmiş 25.03.2020-ci il tarixli ailənin maddi-məişət şəraitinin müayinəsi barədə aktda ailə rəsmən ayrılsa da, faktiki bir yerdə yaşadıqları qeyd olunmuşdur. «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 6.1-ci maddəsinə sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanının 2-ci bəndinə görə «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 6.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini isə Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə «Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları» təsdiq edilmişdir. Həmin Qaydaların 1.1-ci bəndinə görə bu Qaydalar «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə görə Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: ailə üzvünün əmək qabiliyyətini itirməsi, əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında və ya “DOST” mərkəzində dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, ailə üzvünün vəfat etməsi, ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, ailə üzvünün azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması. Həmin Qaydaların 2.1-ci bəndinə görə ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. Həmin Qaydaların 2.4-cü bəndinə görə sosial yardımın alınması üçün kağız üzərində müraciət edən şəxs notariat orqanı tərəfindən təsdiq edilmiş “Ərizə”ni (1 nömrəli əlavə) və “Ərizə-bəyannamə”ni (2 nömrəli əlavə) Təmsilçinin yaşayış yeri üzrə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinə və ya “DOST” mərkəzinə təqdim edir. Həmin Qaydaların 2.5-ci bəndinə görə kağız üzərində edilən müraciət Şöbə və ya Mərkəz tərəfindən rəsmi olaraq qəbul olunur və bu barədə Təmsilçiyə müvafiq bildiriş təqdim edilir. Müraciət qanunvericiliyin tələblərinə uyğun olduğu halda Şöbənin və ya Mərkəzin ünvanlı sosial yardım üzrə işçisi tərəfindən müraciətdə qeyd olunan məlumatlar qəbul olunduğu gün VEMTAS-a daxil edilərək gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Əks halda, uyğunsuzluq barədə məlumat rəsmən 1 iş günü müddətində Təmsilçiyə bildirilir. Həmin Qaydaların 3.1-ci bəndinə görə sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Həmin Qaydaların 3.4-cü bəndinə görə şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Həmin Qaydaların 3.4.2-ci bəndinə görə məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Qaydaların 3.7-ci bəndinə görə aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: - (3.7.1) “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; - (3.7.2) sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda; - (3.7.3) sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; - (3.7.4) ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); - (3.7.5) ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 aydan sonra baxılır); - (3.7.6) ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda; - (3.7.7) ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Mövcud qanunvericiliyin sadalanan normalarına görə ünvanlı sosial yardımların təyin edilməsi və ödənilməsi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aiddir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, qanunvericilikdə (müvafiq Qaydalarda) “ünvanlı sosial yardımın alınması”ndan imtina əsasları kimi müəyyən edilmiş, o cümlədən «Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları»ın 3.7-ci bəndinə göstərilən halların iddiaçıya münasibətdə mövcud olmasına dair nə məhkəmə icraatında, nə də iddiaçının müraciəti üzrə inzibati icraat çərçivəsində tutarlı sübut təqdim edilməmiş və dəlil gətirilməmişdir. İmtinaya səbəb kimi təqdim olunan xüsusata gəldikdə isə, məhkəmə bu mövqe ilə razılaşmır. Çünki, iddiaçının ailə tərkibinə əvvəllər onunla nikahda olmuş şəxs, hətta yaşayış yerinə baxış keçirilərkən müvafiq ünvanda olması (təsadüfi və ya digər hal olaraq) müəyyən edilsə də, daxil edilə bilməz. Onun aidiyyəti vəzifəli şəxslər tərəfindən keçirilən müayinəyə dair akta əsasən müvafiq ünvanda olması ayrı-ayrı səbəblərlə (uşaqlarla görüş və s.) bağlı ola bilər. Belə olan halda, imtina qanunsuzdur və bu imtina həm də iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, hazırkı işin hallarında göründüyü kimi iddiaçı 2019-cu ildə rəsmi olaraq boşanmış və hazırda subaydır, ailə tərkibi özü və iki övladından ibarətdir. Odur ki, cavabdeh inzibati orqanının qeyd etdiyi əsaslarla imtinası qanunsuz olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4219/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-798/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-798/2021
25.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver