Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-798/2022 04.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlundan və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X7, Üçüncü şəxsin nümayəndəsi və vəkili X9 (Bakı şəhəri 16 saylı Vəkil Bürosu) iştirakları ilə, İddiaçı (xx.xx.1999-cu il tarixində Bakı şəhərində anadan olmuş, iddia ərizəsinə əsasən ünvan ünvan 2blikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı (üçüncü şəxs X10) “hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2961/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 30.11.2020-ci il tarixində cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin nikahın pozulmasına dair X3 müraciəti barədə iddiaçının məlumatlandırmamasını və 22.10.2020ci il tarixli, 05/Q-2148/15 №-li məktubu ilə nikahın qeydiyyat orqanında pozulmasından imtinasının qanunsuz hesab edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ünvanına daxil olmuş Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 26.10.2020-ci il tarixli məhkəmə bildirişindən müəyyən edilmişdir ki, həmin məhkəmənin icraatında üçüncü şəxs X3 İddiaçı qarşı «Nikahın pozulması» tələbinə dair mülki iş vardır və həmin mülki iş üzrə məhkəmənin hazırlıq iclası 05.11.2020-ci il tarixə, saat 12.40-a təyin edilmişdir. Məhkəmə hazırlıq iclası keçirilən gün cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin 22.10.2020-ci il tarixli, 05/Q- 2148/15 №-li məktubunun surəti onlara təqdim edilmiş və həmin məktubun məzmunundan müəyyən edilmişdir ki, X3 nümayəndəsi eyni tarixdə, yəni 22.10.2020-ci il tarixdə cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə nikahın pozulmasına dair ərizə ilə müraciət etmiş və ona cavab olaraq həmin müraciətdə göstərilmişdir ki, «məlumat üçün bildirilmişdir ki, nümayəndəsi olduğu şəxsin arvadı İddiaçı nikahın pozulması ilə əlaqədar razılığını ifadə etməmişdir. Yuxarıda qeyd olunan müvafiq qanunvericiliyin tələblərinə əsasən nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunur”. İddiaçı özü müəyyən səbəblərdən nikaha xitam vermək niyyətində olmuşdur. X2 cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə müraciət etməsindən məlumatı olmamış və bu barədə ona hər hansı bir məlumat verilməmişdir. Hətta iddiaçıya nikahın pozulması ilə əlaqədar öz mövqeyini bildirməyə imkan yaradılmamışdır. Tərəflərin nikahın pozulması ilə bağlı aralarında mübahisə olmadığı halda və İddiaçı özünün nikahın pozulması niyyətində olmasını nəzərə alaraq cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi heç bir araşdırma aparmadan, müraciət edilən eyni gündə, hansısa səbəblərdən müraciət edənə dərhal imtina məktubu verməklə qüvvədə olan ailə qanunvericiliyinin tələblərini pozmaqla yanaşı, iddiaçı Əsgərzadənin də hüquqlarını pozmuşdur. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2961/2021 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2961/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (etibarnamə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və X1 konsulu tərəfindən verilmişdir) və vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Əlavə olaraq qeydiyyat şöbəsinə müraciət etməzdən bir neçə gün əvvəl iddiaçının atası və nümayəndəsi Məmmədov Raufla əlaqə saxlayaraq onların qeydiyyat şöbəsinə gəlmələrini xahiş etdiyini, iddiaçının atasının onunla əlaqə saxlayacağını bildirdiyini, lakin sonradan iddiaçının atası ilə əlaqə saxlamağa çalışsa da, onun telefonunun söndürüldüyünü bildirdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil (fərdi qaydada fəaliyyət göstərir) apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, Məhkəmə kollegiyası işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir: İş materiallarına əsasən: - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cü il tarixdə doğulmuşdur. - Bakı şəhər Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 05/76-3007/13 №-li, 08.09.2021-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X10 və X4 nikahı haqqında 14 fevral 2019-cu il tarixdə 70 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Əsgərzadə, arvada Əsgərzadə soyadı verilmişdir. X10 tərəfindən verilmiş 14.10.2020-ci il tarixli etibarnamə əsasında X12 22.10.2020-ci il tarixdə Yasamal rayon Qeydiyyat Şöbəsinə nikahın pozulması haqqında ərizə ilə müraciət etmişdir. Ərizədə ər - Fəhri Əsgərzadə barəsində məlumatlar qeyd edilmiş, arvad – İddiaçı barəsində məlumatlar qeyd edilməmişdir. Həmin ərizə qeydiyyat şöbəsi tərəfindən 05/75-2148/15 daxilolma nömrəsi ilə 22.12.2020-ci il tarixdə qeydə alınmışdır. Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən Yasamal rayonunda qeydiyyatda olan X3 etibarnaməsinə əsasən X11 ünvanlanmış 22 oktyabr 2020-ci il tarixli, 05/Q- 2148/15 nömrəli məktubda qeyd edilmişdir ki, onun Yasamal rayon Qeydiyyat Şöbəsinə daxil olmuş 22.10.2020-ci il tarixli müraciətinə əsasən bildirilir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında (qeydiyyat orqanı) xitam verilə bilər. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən, bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Məlumat üçün bildirilmişdir ki, nümayəndəsi olduğu şəxsin arvadı İddiaçı nikahın pozulması ilə əlaqədar olaraq şöbəsinə gəlməmiş və nikahın pozulmasına razılığının olduğunu ifadə etməmişdir. Yuxarıda qeyd olunan müvafiq qanunvericiliyin tələblərinə əsasən nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunur. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-666/2021 nömrəli, 07.04.2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) İddiaçı cavabdehlər X6, "xxxx" MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı "əmlak bölgüsü tələbinə dair" ilkin, iddiaçı X3 cavabdeh İddiaçı qarşı “nəqliyyat vasitəsinin geri qaytarılması” tələbinə qarşı qarşılıqlı iddiası üzrə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8960/2021 nömrəli 16.11.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli, A.İsgəndərov, E.Kazımov) İddiaçı cavabdehlər X6, "xxxx" MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı "əmlak bölgüsü tələbinə dair" ilkin, iddiaçı X3 cavabdeh İddiaçı qarşı “nəqliyyat vasitəsinin geri qaytarılması” tələbinə qarşı qarşılıqlı iddiası üzrə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-666/2021 nömrəli, 07.04.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-974/2021 nömrəli, 28.04.2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Mustafayeva) iddiaçı X3 cavabdeh İddiaçı qarşı "nikahın pozulması" tələbinə dair iddiasının təmin edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7182/2021 nömrəli, 28.09.2021-ci il tarixli qərardadı ilə (hakimlər İ.Kərimli, A.İsgəndərov, E.Kazımov iddiaçı X3 cavabdeh İddiaçı qarşı "nikahın pozulması" tələbinə dair cavabdehin iş üzrə icraatın dayandırılması barədə vəsatətinin təmin edilməsi qərara alınmışdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5522/2021 nömrəli, 28.10.2021ci il tarixli qətnaməsi ilə (hakim F.Əyyubov) İddiaçı cavabdeh X6 qarşı “şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib edilməsi” tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1108/2022 nömrəli, 08.02.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev, N.Cəfərov, X.Sarıyev) İddiaçı cavabdeh X6 qarşı “şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib edilməsi” tələbinə dair apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5522/2021 nömrəli, 28.10.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə ilə razılaşmayaq qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Hazırkı iş üzrə iddia tələbinin predmetini “cavabdehin nikahın pozulmasına dair X3 müraciəti barədə iddiaçının məlumatlandırmamasını və 22.10.2020-ci il tarixli, 05/Q- 2148/15 №-li məktubu ilə nikahın qeydiyyat orqanında pozulmasından imtinasının qanunsuz hesab edilməsi” təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının göstərilən iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciəti, həmçinin bu müraciətə cavabdeh tərəfindən hər hansı imtina məktubunun verilməsi iş materialları ilə müəyyən edilmir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçının cavabdeh inzibati orqana müraciətinin mövcud olub-olmamasını araşdırmadan, cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində iddiaçının hansı hüquqlarının pozulmasını müəyyən etmədən, əsassız olaraq iddia tələbini rədd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarından və üçüncü şəxsin nümayəndəsi və vəkilinin izahatından göründüyü kimi iddiaçı üçüncü şəxslə qeydiyyat orqanına birgə ərizə ilə müraciət etməmişdir. Yuxarıda qeyd edilən hal hazırkı işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış, məhkəmə tərəfindən iddia tələbi mümkün sayılaraq, maddi və prosessual normaların pozulması şəraitində qanunsuz və əsassız olaraq qərar qəbul edilmiş iddiaçının iddia tələbi rədd edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddianın mümkün sayılmaması haqqında qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2961/2021 nömrəli qərarı ləğv edilərək iddia tələbi mümkün sayılmamalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2961/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı “cavabdehin nikahın pozulmasına dair X3 müraciəti barədə iddiaçının məlumatlandırmamasını və 22.10.2020-ci il tarixli, 05/Q-2148/15 №-li məktubu ilə nikahın qeydiyyat orqanında pozulmasından imtinasının qanunsuz hesab edilməsi”nə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-798/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-798/2022
04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver