Məhkəmə qərarları › İş №2-1(103)-798/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-798/2024

09.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-798/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının qeyri-yaşayış sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2-1(112)- 7349/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının qeyri-yaşayış sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışların verilməsi» tələblərini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı reyestrdən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56A ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı mülkiyyətində olmuşdur. Sonradan həmin qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən sökülmüş və yerində yeni qeyri-yaşayış binası tikilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 24 noyabr 2017-ci il tarixli sərəncamına əsasən iddiaçıya Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56A ünvanında yerləşən qeyri-yaşayış binasına dair Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 4 avqust 2017-ci il tarixli 18/03- 8/2053 saylı məktubu ilə razılaşdırılmış memarlıq-planlaşdırılmasının həlli layihəsinə uyğun olaraq iaşə obyektinin tikintisinə icazə verilmişdir. Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 4 avqust 2017-ci il tarixli məktubundan görünür ki, iddiaçı tərəfindən İdarəyə təqdim edilən memarlıqplanlaşdırılmasının eskiz həlli layihəsi razılaşdırılmışdır. Memarlıq-planlaşdırılmasının eskiz həlli layihəsinə əsasən təqdim olunmuş işçi layihəsinin memarlıq hissəsi razılaşdırılmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Nəzarət Xidmətinin 16 noyabr 2018-ci il tarixli rəyindən görünür ki, qeyri-yaşayış sahəsi bütün tikinti tələblərinə uyğun hesab edilmişdir. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsinin 23 iyul 2019-cu il tarixli rəyindən də göründüyü kimi, qeyri-yaşayış sahəsi tikinti norma və qaydalarının tələblərinə uyğun hesab edilmişdir. Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin Baş Dövlət Müfəttişliyi tərəfindən 3 fevral 2020-ci il tarixdə 0/003523 nömrəli “İstismara hazırlıq aktı” verilmişdir. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 56a ünvanında yerləşən və onun istifadəsində olan torpaq sahəsi üzərində inşa edilən qeyri-yaşayış binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 22 dekabr 2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciət edilən zaman qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri sənədlər ərizəyə əlavə edilsə də, cavabdeh orqanın 30 dekabr 2022-ci il tarixli cavab məktubuna əsasən iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Odur ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 56A ünvanında inşa edilmiş qeyriyaşayış obyektinə İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 56A ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 22 dekabr 2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş qeyri-yaşayış binasının söküldüyü və yerində yeni qeyri-yaşayış binasının inşa olunduğu aşkar olunmuşdur. Odur ki, sökülmüş qeyri-yaşayış binasının qeydiyyatının ləğvi ilə bağlı notariat qaydasında təsdiq olunmuş ərizə təqdim edilməmişdir. Bundan başqa, əlavə torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmçinin, qeyri-yaşayış binasının tikintisinə icazə sərəncamı Bakı ŞİH tərəfindən Nazirlər Kabinetinin 495 saylı 8 dekabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş vahid formaya uyğun verilməmiş və qeyriyaşayış binasının istismarına icazə sənədi əlavə olunmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya **********92 nömrəli 30 dekabr 2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. İdarənin elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin 25.545 kv.m hissəsi dövlət mülkiyyətində olmaqla "xxxx" ASC-nin su anbarının yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşür. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasının faktiki ölçüsü 7.754.9 kv.m, torpaq sahəsinin faktiki ölçüsü isə 35.379.5 kv.m təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanununun 18.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsaslanaraq, iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2-1(112)-7349/2023 saylı qərarı ilə (hakim R.Kərimli) iddia tələbinin təmin edilməsi, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 56A ünvanında inşa edilmiş qeyri-yaşayış obyektinə İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən texniki baxış keçirilən zaman daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş qeyri-yaşayış binasının söküldüyü və yerində yeni qeyriyaşayış binasının inşa olunması, sökülmüş qeyri-yaşayış binasının qeydiyyatının ləğvi ilə bağlı notariat qaydasında təsdiq olunmuş ərizənin təqdim edilməməsi, torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədin təqdim edilməməsi, qeyri-yaşayış binasının tikintisinə icazə sərəncamı Bakı ŞİH tərəfindən Nazirlər Kabinetinin 495 saylı 8 dekabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş vahid formaya uyğun verilməməsi, qeyri-yaşayış binasının istismarına icazə sənədinin əlavə olunmaması, idarənin elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin 25.545 kv.m hissəsinin dövlət mülkiyyətində olmaqla "xxxx" ASCnin su anbarının yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşməsi, qeyri-yaşayış binasının faktiki ölçüsünün 7.754.9 kv.m, torpaq sahəsinin faktiki ölçüsünün isə 35.379.5 kv.m təşkil etməsi əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra, o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinasında, iddiaya etirazında və apellyasiya şikayətində göstərilən dəlillər tamamilə üst-üstə düşür. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56A ünvanında yerləşən qeyriyaşayış obyektinə və onun yerləşdiyi torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan həmin qeyri-yaşayış obyekti iddiaçı tərəfindən sökülərək yenidən inşa edilmişdir. Sözügedən qeyri-yaşayış obyektinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin ölçülərinə dair cizginin hazırlanması və layihənin razılaşdırılması iş materiallarında olan sənədlərdə öz təsdiqini tapmışdır. Qeyri-yaşayış sahəsinə dair “İstismara hazırlıq aktı”nın mövcudluğu öz növbəliyində vəziyyəti iddiaçının xeyrinə dəyişir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin № 2-1(102)-1227/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya instansiya məhkəməsi Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən verilmiş istismara hazırlıq aktını rəhbər tutaraq həmin istismara hazırliq aktına əsasən vətəndaşın qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və müvafiq çıxarışın verilməsini inzibati orqana həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi formalaşmış kassasiya instansiya məhkəməsinin mövqeyini rəhbər tutaraq hesab etmişdir ki, istismara hazırlıq aktının mövcud olması hazırki mərhələdə iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsaslardan biridir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56A ünvanında yerləşən 0.03586 ha torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 584.3 kv.m olan qeyri-yaşayış obyektinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 14 avqust 2014-cü il tarixdə qeydiyyata alınmışdır. -Bakı şəhəri Xətai RİH başçısının 24 noyabr 2017-ci il tarixli 343 nömrəli sərəncamından çıxarışdan görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56A ünvanında Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 4 avqust 2017-ci il tarixli 18/03-8/2053 saylı məktubu ilə razılaşdırılmış memarlıq-planlaşdırmasının həlli layihəsinə uyğun olaraq iaşə obyektinin tikintisinə icazə verilmişdir. -Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 9 yanvar 2018-ci il tarixli 18/03-8/39 saylı məktubda qeyd olunur ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56A ünvanında yerləşən torpaq sahəsində qeyri-yaşayış binasının tikintisinin layihələndiriliməsinə dair razılaşdırılmış memarlıq-planlaşdırmasının həlli layihəsinə əsasən təqdim olunmuş işçi layihəsinin memarlıq hissəsi razılaşdırılmışdır. İş materiallarından görünür ki, Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 20 fevral 2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56A ünvanında yerləşən qeyri-yaşayış obyektinin layihələndirilməsi üçün nəzərdə tutulan torpaq sahəsinin ölçülərinə dair cizgi tərtib olunmuşdur. - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Nəzarət Xidmətinin 16 noyabr 2018-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56A ünvanında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış obyektinin tikintisi üçün tərtib olunmuş layihə sənədləri tələblərə uyğundur. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X2 Ekspertiza Baş İdarəsinin 23 iyul 2019-cu il tarixli, 27758 nömrəli rəyində qeyd olunur ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56A ünvanında yerləşən qeyri-yaşayış binaları üzrə tikinti layihəsinin konstruktiv dayanıqlıqlığı qənaətbəxş hesab edib razılaşdırmaq olar. -“İstismara hazırlıq aktı”nın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56 ünvanda zirzəmili, 4 (+mansardla) mərtəbəli iaşə obyektinin tikintisi 03 may 2012-ci il tarixdə başlanılmış və 04 avqust 2017-ci il tarixdə başa çatmışdır. İaşə obyektinin tikinti sahəsi S=4.188,55 kv.m, ümumi sahəsi S=7.205,10 kv.m, ümumi həcmi V = 47.963,80 kub.m. İş materiallarından görünür ki, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56A ünvanında qeyri-yaşayış sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyesrində qeydiyyata alınması ilə bağlı müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən baxılmış və 30 dekabr 2022-ci il tarixli məktubla «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.10.1, 11.1-ci maddələtinə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanına istinad olunmaqla ona bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş qeyri-yaşayış binasının söküldüyü və yerində yeni qeyriyaşayış binasının inşa olunduğu aşkar olunmuşdur. Odur ki, sökülmüş qeyri-yaşayış binasının qeydiyyatının ləğvi ilə bağlı notariat qaydasında təsdiq olunmuş ərizə təqdim edilməmişdir. Bundan başqa, əlavə torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir, qeyri-yaşayış binasının tikintisinə icazə sərəncamı Bakı ŞİH tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 495 saylı 8 dekabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş vahid formaya uyğun verilməmiş və qeyri-yaşayış binasının istismarına icazə sənədi əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (8.0.10) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: (8.0.10.1) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. - 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, qeyriyaşayış binasının Bakı şəhər İH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tikintisi üçün ayrılmış torpaq sahəsinə dair cizginin və aidiyyəti orqan tərəfindən “İstismara hazırlıq aktı”nın verilməsi tikilinin yerləşdiyi torpaq sahəsi ilə bağlı məsələlərə həmin qurumların öz səlahiyyətləri çərçivəsində qiymət verdiyini təsdiqləyir və bu sahədə hər hansı kənarlaşma, texniki və digər normalara riayət olunmaması hallarını istisna edir. Sökülmüş qeyri-yaşayış binasının qeydiyyatının ləğvi ilə bağlı ərizənin təqdim edilməməsi, eləcə də tikintiyə icazə sərəncamının müvafiq formaya uyğun verilməməsi məsələsinə gəldikdə isə, birinci instansiya məhkəməsinin düzgün olaraq qeyd etdiyi kimi göstərilən xüsusatlar daşınmaz əmlak üzərində hüququn qeydiyyatından imtina üçün əsas sayıla bilməz, formal xarakterli qiymətləndirilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2-1(112)-7349/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar