Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-799/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1703/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun faktiki istifadəsində olmuş ünvan 1 ünvanında yerləşən binanın 44 saylı mənzilinə görə ona 35.000 manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən iki girişdən ibarət 4 mərtəbəli yataqxana Bakı Dəniz Balıq Limanı İdarəsinə məxsus olmuşdur. İddiaçı uzun müddət həmin idarənin nəzdində olan 1 saylı TTİ-də fəhlə işləmiş, yaşayış sahəsinə ehtiyacı olduğu üçün ərizə ilə rəhbərliyə müraciət etmiş, müraciəti əsasında 2000ci ilin oktyabr ayında mənzillə təmin olunmuşdur. xx.xx.2007-ci il tarixdə Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən yataqxananın faktiki yaşadığı 44 saylı mənzilinə dair iddiaçının adına 18 saylı order verilmiş, istifadə hüququ tanınmışdır. 2000-ci ilin oktyabr ayından 2019-cu ilin avqust ayına qədər həmin mənzildə ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşamışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, İİ qrup əlildir. 2016-cı ilin oktyabr ayında sakinlərin müraciəti əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin TTİ-yə X17 “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ünvan 2 ünvanında yerləşən yataqxanaya baxış keçirilərkən yataqxana binasının sol pilləkən qəfəsəsində pilləkən marşının qırılıb aşması nəticəsində binanın bir girişinin bağlandığı, yeganə işlək olan sağ pilləkən qəfəsəsindəki 1-ci mərtəbədən 2-ci mərtəbəyə qalxan pilləkən marşının beton qatının düşməsi nəticəsində binaya giriş və çıxışın yararsız hala düşməsi müəyyən edilərək binanın qəzalı vəziyyətdə olmasına dair xx.xx.2016-cı il tarixli “Rəy” tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli, 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” 699 nömrəli, 4 sentyabr 2012-ci il tarixli Fərmanına əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonları ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına əsasən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan 63 yaşayış binası qeydə alınmışdır. O, cümlədən ünvan 4 ünvanda yerləşən 4 mərtəbəli yataqxana da həmin siyahıdadır. Qəzalı yataqxana binasında baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, sakinlərin təhlükəsizliyinin təmin edilməsi, orada faktiki yaşayan ailələrin Bakı ŞİH-ə 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsait hesabına birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi, eləcə də binanın sökülərək ərazinin abadlaşdırılması işlərinin həyata keçirilməsinə dair Bakı ŞİH-nin xx.xx.2017-ci il tarixli 7-290/2g saylı təklifinə Azərbaycan Respublikası Baş nazirin müavininin xx.xx.2017-ci il tarixli xx/xx/3266-12 saylı dərkənarı ilə etiraz edilməmişdir. Mübahisəli mənzillərin yerləşdiyi yataqxana faktiki olaraq təxminən 94 mənzildən ibarət olmuş, lakin cavabdeh tərəfindən 71 ailəyə “birdəfəlik maddi yardım” ödənilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 04 sentyabr 2012-ci il tarixli Fərmanının 1.8-ci bəndinin tələblərinə əsasən qəzalı vəziyyətdə olan binalar sökülərkən həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli Qərarının 1.2 və 1.3-cü maddələrində isə həmin “sakinlər”in əhatə dairəsi müəyyənləşdirilmişdir. “Qərara” görə qəzalı vəziyyətdə olduğu müəyyən edilmiş binaların sakinlərinə kompensasiya mənzilə mülkiyyət hüququ əsasında və faktiki yaşayanlara ödənilməsi nəzərdə tutulmuşdur. Qəzalı vəziyyətdə olması müəyyən edilmiş yataqxananın sakinlərinin kompensasiya verilməklə köçürülməsi cavabdehə tapşırılmışdır. Qəzalı yataqxana binasında inventarlaşdırma işləri aparılması və orada faktiki yaşayan ailələrinin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması məqsədilə Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının 89 saylı, xx.xx.2017-ci il tarixli Sərəncamı ilə müvafiq “Komissiya” yaradılmışdır. “Komissiya” tərəfindən sakinlərin ilkin siyahısı tərtib edilmişdir. Həmin siyahıda iddiaçının da adı qeyd olunmuş, lakin iddiaçıya məlum olmayan səbəblərdən bu günədək kompensasiva ödənilməmişdir. “Komissiya” tərəfindən sakinlərin siyahıya alınmasında, kompensasiyanın ödənilməsində, sakinlərin köçürülməsində bir sıra qanun pozuntularına yol verilmişdir. Belə ki, “Komissiya” sakinləri siyahıya alarkən sakinlərin bir hissəsi ümumiyyətlə siyahıya salınmamışdır. Siyahının tərtib olunması iş vaxtına təsadüf etdiyindən sakinlərin bəziləri işdə olmuş, bəziləri isə bu və ya digər səbəblərdən yataqxanada olmamış və bu səbəbdən ilkin siyahıya düşməmişlər. Əraziyə xidmət edən 11 saylı MKİS tərəfindən əlavə siyahı tərtib olunaraq “komissiya”ya təqdim edilmiş, əlavə siyahı üzrə də sakinlərin heç birinə bu günədək kompensasiya verilməmişdir. Cavabdeh Suraxanı rayonu İcra Hakimiyyəti qəzalı vəziyyətdə olan binanın sakinlərin köçürülməsi üçün onlara bazar qiymətinə uyğun kompensasiya verməkdən yayınmaq məqsədilə “hər bir ailə üçün” “birdəfəlik maddi yardım” ödənilməsi ifadəsindən istifadə etməklə iddiaçı da daxil olmaqla sakinlərin bir hissəsinin hüquqlarını pozmuşdur. Nəzərə alınmalıdır ki, “maddi yardım” və “kompensasiya” fərqli anlayışlardır. Kompensasiyadan fərqli olaraq “maddi yardım” onu verənin özünün seçimi ilə kriteriyalaşdırılan anlayışdır. Həmin kriteriya publik hüquq sahəsində ‘’bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Suraxanı rayonu İcra Hakimiyyətinin o vaxtkı rəhbərliyi tərəfindən qəzalı vəziyyətdə olan binanın sakinlərinə “kompensasiya” deyil, “maddi yardım” anlayışının mahiyyətinə uyğun ödənişlər edilmişdir. Belə ki, qəzalı binada istər mülkiyyət hüququ ilə, istər istifadə hüququ əsasında yaşamasından asılı olmayaraq sakinlərin köçürülməsi üçün ayrılmış vəsait qanunvericiliyin tələblərinə uyğun olaraq, ədalətli ödənilməmişdir. Belə ki, bir otağa görə ödənilən kompensasiya məbləği 2 və ya 3 otağa görə də eyni olmuşdur (35.000 manat). Təqdim etdiyi Suraxanı İcra Hakimiyyətinə xx.xx.2017-ci ildə daxil olmuş iF-336 saylı məktubun surətindən göründüyü kimi mübahisəli binada yaşayan 92 ailəyə və 3 qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə “birdəfəlik maddi yardım” ödənilməsi nəzərdə tutulmuşdur. Suraxanı rayonu İcra Hakimiyyətinin yataqxana sakini X4 qarşı “birdəfəlik maddi yardım əvəzində qəzalı vəziyyətə düşmüş yataqxana binasındakı otağın boşaldılması tələbinə” dair iddia ərizəsinin surətindən göründüyü kimi cavabdeh tərəfindən ümumilikdə 71 ailəyə kompensasiya verilməsi nəzərdə tutulmuşdur. Halbuki, yataqxana tam məskunlaşdırılmış, təxminən 94-dən çox ailə yaşamışdır. İddia ərizəsindən göründüyü kimi həmin iş üzrə iddiaçı “birdəfəlik maddi yardım” əvəzində qəzalı vəziyyətə düşmüş yataqxana binasındakı otağın boşaldılmasını tələb etmiş, iddia tələbi təmin edilmişdir. Cavabdeh mənzili boşaltdıqdan sonra tələbkar “birdəfəlik maddi yardım”ı cavabdehin hesabına köçürmək əvəzinə daha “müdrik” davranmışdır. Belə ki, tələbkarın ərizəsi əsasında Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.1-ci maddəsinə istinad edərək icra sənədini Suraxanı rayon Məhkəməsinə qaytarmışdır. Yəni cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarını və digər qanunvericilik aktlarından irəli gələn öhdəlikləri icra etməkdən (kompensasiya ödəməkdən) imtina etmiş, yayınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş və hələ də icra olunmamış 2-1(82)-692/2019 saylı qətnaməsindən göründüyü kimi cavabdeh şəxsi mülkiyyətdə olan mənzilə görə də kompensasiya ödəməkdən yayınmağa çalışmışdır. Qəzalı binanın sakinləri köçürülərkən cavabdeh Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq edilmiş, yerli icra hakimiyyəti “Əsasnamə” ilə müəyyən edilmiş yerli icra hakimiyyəti başçısının fəaliyyətinin əsas prinsiplərinə (vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, qanunçuluq, müvafiq ərazinin əhalisinin rifahının yaxşılaşdırılması) riayət etməmişdir. Cavabdeh ümumilikdə qəzalı binanın sakinlərinin köçürülməsini qanunvericiliyin tələblərinə uyğun icra etməmiş, vəzifə səlahiyyətlərindən, qanundan sui-istifadə etmiş, eyni zamanda iddiaçının da konstitusion hüquqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. Hal-hazırda binanın kommunikasiya sistemləri (xətləri) fəaliyyət göstərmir, binaya giriş-çıxış tam məhdudlaşdırılması səbəbindən əmlakdan istifadə hüquqları məhdudlaşdırıldığı birmənalı olaraq təsdiqlənir və bu məhdudiyyətin gələcəkdə əvvəlki kimi bərpası real görünmür. Cavabdehin ciddi icra orqanı olduğundan ona etibar edərək faktiki yaşadığı mənzildən çıxmışdır. Lakin, cavabdeh ona olan etibarından istifadə edərək iddiaçını aldatmış, bu günədək ona mənzil kirayə haqqı “birdəfəlik maddi yardım” və ya "kompensasiya” ödəməmiş və ya yaşayış sahəsi verməmişdir. Cavabdehə kompensasiya ödənilməsinə dair dəfələrlə şifahi və yazılı şəkildə müraciət etmişdir. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, R.Abdullayev küçəsi 24 saylı binanın 44 saylı mənzilinə görə dəyərinin bazar qiymətinə uyğun olaraq ödənilməsi tələbinə dair rəsmi müraciətinə bu günədək cavab verilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya qəzalı vəziyyətində olduğu müəyyən edilmiş binada 1 otaqlı mənzilə görə digər sakinlərə ödənilmiş məbləğdə (35.000 manat) “kompensasiya” “birdəfəlik maddi yardım” ödənilməli və ya yaşayış sahəsi verilməlidir. Şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi qeydiyyatı mübahisəli mənzilin yerləşdiyi yataqxanayadır. xx.xx.2007-ci il tarixli 18 saylı orderin surətindən göründüyü kimi ümumi sahəsi 14,5 m2 olan, 1 otaqlı, 44 saylı mənzil iddiaçının qanuni istifadəsinə verilmişdir. xx.xx.2000-ci il tarixli, 32 saylı müqavilənin surətindən göründüyü kimi, həmin vaxtdan kommunal xidmətlərə görə ödənişləri vaxtlı-vaxtında ödəməyi, nizam-intizama, təmizlik işlərinə riayət etməyi və otağı yaxşı vəziyyətdə saxlamağı öz üzərinə götürmüşdür. 11 saylı MKİS-nin rəisi tərəfindən imzalanmış arayışın surətindən göründüyü kimi iddiaçı ailə üzvləri ilə birlikdə həmin yataqxananın 44 saylı mənzilində yaşamışdır. Təqdim etdiyi ərizə-aktın surətindən göründüyü kimi iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanında 2007-ci ildən 2019-ci ilin aprel ayınadək yaşamışdır. 11 saylı MKİS tərəfindən yaşadığı ünvana göndərilmiş “Bildirişxəbərdarlıq”dan məlum olur ki, binanın sakinləri köçürülənədək mübahisəli mənzildə yaşamışdır. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli iddiaya qarşı yazılı münasibətində (etirazı) göstərilmişdir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən yataqxanaya baxış keçirilmiş və xx.xx.2016-cı il tarixli rəydə binanın mövcud texniki vəziyyətinin yolverilməz olduğu göstərilmişdir. Bununla bağlı Suraxanı rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli xx.xx.2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən sözügedən qəzalı yataqxana binasında yaşayan ailələrin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması məqsədilə keçirilən baxış zamanı həmin yataqxanada 71 ailənin yaşadığı müəyyən edilsə də, onların arasında bu iş üzrə İddiaçı yaşaması müəyyən edilməmişdir. Komissiya tərəfindən aparılan inventarlaşma işləri zamanı dövlət büdcəsindən əlavə vəsaitin əldə edilməsi məqsədi ilə bəzi sakinlər tərəfindən süni olaraq mənzillərin otaqlarının bölünərək sənədləşdirilməsi və bu kimi hərəkətlər edildiyi aşkar olunmuşdur. 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsaitdən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 7-430/4g saylı məktubu ilə verilmiş təklif Maliyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli 07/03-317-5172 saylı məktubu ilə razılaşdırılmış və BŞİH başçısının 491 №-li xx.xx.2017-ci il tarixli Sərəncamı ilə hər ailəyə ödəniləcək vəsait Suraxanı rayon İcra Hakimiyyətinə deyil, Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ayrılmışdır. Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1703/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: M.Qarayeva) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində iddia ərizəsində göstərdiyi dəlilləri qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, məhkəmə qərarında 6-cı səhifənin 6-cı abzasında göstərir ki, işi araşdıranda məlum olub ki, onun həmin mənzilə hüququ yoxdur. 1 saylı Təmir-Tikinti İdarəsi ilə onun arasında bağlanmış yataqxanada yaşayan sakinlərin mənzil və kommunal xidmətlərin ödənilməsi haqqında xx.xx.2000-ci il tarixli, 32 saylı müqavilənin kserosurəti əlavə edilmişdir. Həmin müqavilə əsasında tərəfindən kommunal xidmətlər göstərilməsinə görə müvafiq olaraq keçən müddət ərzində vəsaitlər ödəmişdir. Azərbaycan Respublikası DİN-dən verilən arayışa istinad edən məhkəmə sənədlərin məhv edildiyini bildirir, lakin həmin ünvanda qeydiyyatda olmağını təsdiq edir. Bu məsələ VMİB-nin aktında da əks olunmuşdur (səh. 5, abs. 5,5). Həmin ünvanda yaşamış digər şəxslər notarial qaydada təsdiq olunmuş ərizə ilə onun və ailəsinin həmin ünvanda yaşamasını təsdiq ediblər (səh. 5, abz. 7). Məhkəmə qərarda göstərir ki, (5-ci səhifənin 8-ci abzasında) cavabdehin məktubuna istinadən həmin evdə 44 saylı mənzilin mövcud deyil. Halbuki mövcud olmayan mənzilə order verilə bilməzdi. Belə ki, həmin ünvanda yerləşən yataqxana binasında 94 mənzil mövcud olubsa, 44 saylı mənzil necə olmaya bilməz? Nədənsə, məhkəmə qərar verərkən, orderi, arayışları, şahidlərin ərizələrini və onun izahatını “mötəbər” sübut hesab etməmiş, iş materiallarına əlavə edilmiş, onun həmin ünvanda yaşadığını təsdiq edən sübutları görməzdən gələrək hüquqi qiymət verməmişdir. Belə ki, Suraxanı RİB-nın xx.xx.2017-ci il tarixli, 361 saylı məktubunda 44 saylı mənzilin mövcud olması, həmin yaşayış sahəsinin mövcud olması öz təsdiqini tapır. Göstərilənlərdən aydın olur ki, iddianın təmin olunmaması qərarını verərkən məhkəmə yanlış nəticəyə gəlmiş, qanunların tətbiqində səhvlərə yol vermiş və onun qanunla qorunan hüquqlarını pozmuşdur. Apelyasiya baxışı zamanı İddiaçı və vəkili X5 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçı və vəkilinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı onun faktiki istifadəsində olmuş ünvan 1 ünvanında yerləşən binanın 44 saylı mənzilinə görə ona 35.000 manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən binanın 44 saylı mənzil üzərində mülkiyyət, sahiblik və istifadə hüququnu təsdiq edən mötəbər sübut təqdim etməmiş və həmin hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. İddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar onun tələbinin təmin olunmasına əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan 1 saylı Təmir-Tikinti İdarəsi ilə İddiaçı arasında bağlanmış “Yataqxanada yaşayan sakinlərin mənzil və kommunal xidmətlərin ödənilməsi hüquq və vəzifələri haqqında” xx.xx.2000-ci il tarixli, 32 saylı müqavilədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi 1 saylı TTİ-nin balansında olan yataqxanada yaşayan İddiaçı ilə müqavilədə göstərilən şərtlər daxilində müddətsiz müqavilə bağlanmışdır. İş materiallarından görünür ki, 1 saylı Təmir-Tikinti İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən yataqxananın 44 saylı mənzilinə dair iddiaçının adına 18 saylı order verilmişdir. Həmçinin görünür ki, həmin orderə əsasən ailə tərkibi olaraq iddiaçının həyat yoldaşı X13 göstərilmişdir. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan iddiaçının həyat yoldaşı X6 məxsus AZE seriyalı 16326896 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan iddiaçının oğlu X7 məxsus AZE seriyalı 12375984 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 11 saylı MKİS-nin 593 nömrəli xx.xx.2017-ci il tarixli arayışından görünür ki, Babayev X9 rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən yataqxananada aşağıdakı ailə tərkibi ilə yaşayır: arvadı-X13; oğlu-X14. İş materiallarında olan 11 saylı MKİS tərəfindən tərtib edilmiş Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin tabeçiliyində olan Hövsan qəsəbəsində yerləşən 11 saylı Mənzil Kommunal İstismar sahəsinin xidmət dairəsindəki R.Abdullayev küçəsi 24 saylı binadakı otaqlar və yaşayan sakinlər haqqında Siyahıdan görünür ki, İddiaçı qeyd olunan ünvanın 44 saylı mənzilində ailə tərkibi ilə birlikdə yaşayır və siyahıda 36-cı sırada göstərilmişdir. İş materiallarında olan Azərbaycan Vətən Müharibəsi X10 “Dəmir Yolları” İdarə Heyətin işçiləri tərəfindən təsdiqlənmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, iddiaçı Bakı şəhəri, ünvan 7 ünvanında 2008-ci ildən bugünədək ailəsi ilə birlikdə yaşamışdır. İş materiallarında olan X15, X18, X2 notarial qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı Bakı şəhəri, ünvan 7 ünvanında yaşamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli 018-1237-1221 saylı məktubundan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı xx.xx.2008-ci il tarixdən hal-hazıradək Bakı şəhəri, ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı qeydiyyata alınmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. İş materiallarında olan Bakı şəhəri, ünvan 8 ünvanda yaşayan vətəndaş İddiaçı ünvanlanmış Bildiriş-Xəbərdarlıq məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyindən daxil olmuş xx.xx.2017-ci il tarixli xx/xx-01331 saylı telefonoqramda Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata əsasən ünvan 2 ünvanda yerləşən 4 mərtəbəli yataqxana binasının sol pilləkən qəfəsəsində pilləkən marşının qırılıb aşması nəticəsində binanın bir girişi bağlanmışdır. Binanın yeganə işlək olan sağ pilləkən qəfəsəsindəki 1-ci mərtəbədən 2-ci mərtəbəyə qalxan pilləkən marşının beton qatının qopub düşməsi nəticəsində binaya giriş və çıxış yararsız hala düşmüşdür. Qeyd edilənləri nəzərə alaraq xoşagəlməz hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə yaşadığınız mənzili müvəqqəti olaraq 2 (iki) gün müddətində boşaltmağınız zəruridir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Nazirinin müavini tərəfindən Hacıbala Abutalıbova ünvanlanmış məktubdan görünür ki, məsələ ilə əlaqədar Maliyyə Nazirliyinin müsbət rəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin rəyinə əsasən qəza vəziyyətinə düşmüş ünvan 9 ünvanında yerləşən 4 mərtəbəli yataqxana binasında və ünvan 10 ünvanında yerləşən yaşayış binasında baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, sakinlərin təhlükəsizliyinin, həmçinin onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının təmin edilməsi məqsədi ilə bu binalarda yaşayan 92 ailəyə və 3 qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə birdəfəlik maddi yardım ödənilməklə bu binalardan köçürülməsi, binaların sökülməsi və ərazilərinin abadlaşdırılması haqqında Bakı Şəhər İH-nin xx.xx.2017-ci il tarixli 7-290/2g nömrəli məktubundakı təklifin, tələb olunan vəsaitin ayrılmasının və ödənilməsinin müvafiq qaydada rəsmiləşdirilməsi şərti ilə, qəbul edilməsinə etiraz edilməmişdir. İş materiallarında olan 1 saylı Xüsusi Təyinatlı Mənzil - Kommunal Təsərrüfatı Birliyinin 11 saylı MKİS tərəfindən verilmiş 95 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 11 ünvanında qonşuların aktına əsasən 2018-ci ildən ailəsi ilə birlikdə X16 himayəsində yaşayırlar. İş materiallarında olan cavabdehin xx.xx.2021-ci il tarixli 1/446 saylı məktubundan görünür ki, ünvan 12 ünvanında yerləşən yataqxana binasında 44 saylı mənzil mövcud deyil. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ünvan 13 ünvanında yerləşən qəzalı vəziyyətə düşmüş yataqxana binasında yaşayanların Suraxanı RİHB-nin 89 №-li xx.xx.2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən tərtib edilmiş siyahılarından görünür ki, iddiaçı X11 və ailə üzvləri həmin yataqxanada yaşamamışlar. İş materiallarında olan Cavabdehin 1/894 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən binanın 44 saylı mənzilinə görə ona 35000 manat kompensasiya ödənilməsi” tələbinə dair inzibati işlə bağlı bildirilmişdir ki, həmin yataqxana binasında 44 saylı mənzil olmamışdır və Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-5411/2018 saylı qətnaməsində qeyd olunan 44 saylı mənzil Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi 8 saylı binada yerləşməklə üç nəfər ailə tərkibi ilə X8 məxsusdur. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən qəzalı yataqxana binasında yaşayan ailələrin dəqiqləşdirilmiş siyahısının tərtib edilməsi və aidiyyəti üzrə təqdim edilməsi üçün həmin binada inventarlaşdırma işlərinin aparılması məqsədilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli xx.xx.2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən İddiaçı həmin dövrdə sözügedən yataqxanada faktiki yaşamadığı müəyyən edildiyindən ona birdəfəlik 35000 manat maddi yardım ödənilməsi məqsədəmüvafiq hesab edilməmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-5411/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Suraxanı rayon İcra Hakimiyyətinin iddiası təmin olunaraq, cavabdeh X3 və ailə üzvlərinin (əri, oğlu) təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların üzərinə 35 000 manat maddi yardım əvəzində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən yaşadıqları yataqxana binasındakı otaqlarını boşaltmaları öhdəliyi qoyulmuşdur. Qeyd olunan qətnamə ilə aşağıdakılar müəyyən olunmuşdur: - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 491 saylı xx.xx.2017-ci il tarixli sərəncamı ilə Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi; Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə 2.660.150 (iki milyon altı yüz altmış min bir yüz əlli) manat məbləğində vəsaitin ayrılmasını Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1, 2, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliklərinə və Şəhərin rayon Mənzil Kommunal Təsərrüfatı birliklərinə 2017-ci ilə mənzil fondunun əsaslı təmiri üçün nəzərdə tutulmuş vəsait daxilində həll etməli, Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1, 2, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı birlikləri və Şəhərin rayon Mənzil Kommunal Təsərrüfatı birlikləri üzrə azaldılan məbləğlərin 2018-ci il yerli büdcə xərcləri hesabına ödənilməsini təmin etmək məqsədi ilə onların növbəti ilə keçirilməsi və 2017-ci ilin borc öhdəliyi kimi qəbul edilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi qarşısında vəsatət qaldırılmasını həll etməsi barədə sərəncam vermişdir. - Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı məktubdan görünür ki, ünvan 16 ünvanında yerləşən 4 mərtəbəli yataqxana və ünvan 17 ünvanında yerləşən yaşayış binalarının sakinlərinin köçürülməsi və ərazilərin adlaşdırılması məsələləri barədə məktuba aidiyyəti üzrə yenidən baxılmışdır. Nazirlər Kabinetinin 2017-ci il 27 iyul tarixli xx/xx/3266-12 nömrəli dərkənarı ilə 2017-ci il dövlət büdcəsinin yerli xərclərində Bakı şəhərinə “Mənzil və kommunal təsərrüfatı bölməsində "mənzil fondunun əsaslı təmiri" üçün nəzərdə tutulmuş 10,0 milyon manatdan Suraxanı və Sabunçu rayonlarında qəzalı vəziyyətdə olan binada yaşayan ailələrə birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi, binaların sökülərək ərazilərin abadlaşdırılması işlərinin həyata keçirilməsı barədə Bakı Şəhər İcra Hakimiyyətinin təklifi razılaşdırılmışdır. Qeyd olunanlarla əlaqədar olaraq qaldırılan məsələ Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həll edilməlidir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısı H.Abutalıbovun xx.xx.2017-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Maliyyə Naziri cənab Samir Şərifova ünvanlanmış məktubundan müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyətinin 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsaitdən Suraxanı rayon İcra Hakimiyyətinin xəzinə hesabına ******* manat məbləğində vəsaitin köçürülməsi barədə göstəriş verilməsi xahiş olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən yataqxananın 44 saylı mənzili 1 saylı Təmir- Tikinti İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 18 saylı order əsasında onun istifadəsində olmuşdur. O, ailəsi ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşamışdır. Həmin yaşayış sahəsi yaşamaq üçün yararsız hesab olunduğundan, sökülərək ərazilərin abadlaşdırılması işlərinin həyata keçirilməsı İcra Hakimiyyətinə həvalə edilmişdir. Hazırda iddiaçı onun faktiki istifadəsində olmuş həmin mənzilə görə ona 35.000 manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülkiyyətçi olmayan şəxslərinin hüquqlarının əsaslarını müəyyən edən 158-ci maddəsinin tələblərinə görə əmlakdan istifadə hüququ da əmlak hüququ sayılmaqla əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında göstərilmişdir ki, daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.1-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) yataqxanalarda yaşayış sahələri aiddir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. Həmin Məcəllənin 84.0.1-ci və 84.0.3-cü maddəsinə əsasən yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda; yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edildikdə vətəndaşlar sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə yaşadıqları yaşayış sahələrindən çıxarılırlar. Cavabdeh orqanın etirazına görə Suraxanı rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli xx.xx.2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən sözügedən qəzalı yataqxana binasında yaşayan ailələrin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması məqsədilə keçirilən baxış zamanı həmin yataqxanada 71 ailənin yaşadığı müəyyən edilsə də, onların arasında bu iş üzrə İddiaçı yaşaması müəyyən edilmədiyi və bu səbəbdən də ona birdəfəlik 35000 manat maddi yardım ödənilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Bundan başqa cavabdeh tərəfindən ünvan 12 ünvanında yerləşən yataqxana binasında 44 saylı mənzilin mövcud olmadığı bildirilmişdir. Halbuki məhkəmə araşdırması zamanı və iş materialları ilə müəyyən edilmişdir ki, 1 saylı Təmir-Tikinti İdarəsi ilə İddiaçı arasında Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi ünvanında yerləşən yataqxanaya dair “Yataqxanada yaşayan sakinlərin mənzil və kommunal xidmətlərin ödənilməsi hüquq və vəzifələri haqqında” müddətsiz müqavilə bağlanmış, 1 saylı Təmir-Tikinti İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən yataqxananın 44 saylı mənzilinə dair iddiaçının adına 18 saylı order verilmişdir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, iddiaçı ailəsi ilə birlikdə ünvan 12 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətə düşmüş yataqxanada qeydiyyatda olmaqla yaşamış və o, həmin yataqxana binasının mövcud texniki vəziyyətinin qəzalı olması ilə əlaqədar olaraq yataqxana binasındakı otaqların boşaltması ilə əlaqədar xəbərdar olunmuşdur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Suraxanı RİHB-nın Sərəncamı ilə yaradılmış komissiya tərəfindən tərtib edilmiş Siyahıdan görünür ki, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən 4 mərtəbəli yataqxana binasında 97 mənzil mövcud olmuşdur. Belə olan halda 44 saylı mənzilin mövcud olmaması inandırıcı olmamaqla təsdiqini tapmır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apelyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ...2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1703/2021 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. İddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən binanın 44 saylı mənzilinə görə ona 35.000 manat kompensasiya ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-799/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-799/2022
28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver