Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-799/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə qarşı “öhdəliyin qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11130/2024 nömrəli, 03 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə göndərilmiş 05 mart 2024-cü il tarixli şikayət ərizəsinə qarşı hərəkətsizlik etməməsi, şikayətə qanunamüvafiq qaydada və müddətdə baxıb tədbir görməsi, zərurət varsa cavabdehin neytral və obyektivliyi ilə tanınmış şəxslərdən ibarət komissiya yaradıb şikayətin dəlillərini iddiaçıların iştirakı ilə haqlı və əsaslı araşdırması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-11130/2024 nömrəli, 03 oktyabr 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçılar apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin mümkünlüyünə dair yeni qərardad qəbul edib iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının təmin edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə 05 mart 2024-cü il tarixdə şikayət ərizəsi yazmışlar. Həmin ərizədə N.Tusi adına X1 (ŞAR) baş direktoru Namiq Cəlilovun elmi əməkdaşlara qarşı çoxsaylı qanunsuz əməlləri və aidiyyəti instansiyalara dəfələrlə müraciət edilməsinə baxmayaraq, onun layiqincə cəzalandırılmadığına və haqlı və əsaslı şikayətlərinə baxılmadığına görə onun cinayət xarakterli əməllərini daha da kəskin şəkildə davam etdirməsini qeyd etmişlər. Lakin cavabdeh tərəfindən müraciətlə bağlı heç bir tədbir görülməmişdir. N.Tusi adına X5 islahatlar aparmaq adı ilə uzun müddətdir beynəlxalq aləmdə qəbul edilən, onların məşğul olduğu aktual - maqnit ulduzları və Günəş atmosferinin Radioastronomik metodlarla tədqiq olunması ayrıca bir mövzu kimi rəsədxananın 2021-2025-ci illərə aid elmi iş planından çıxarılmışdır. Belə ki, hal-hazırda və yaxın 50 il ərzində Günəşdə baş verən fiziki hadisələrin - Günəş alışmalarının dinamikasının və onun Yer atmosferinə təsirlərinin öyrənilməsi müasir astrofizikanın ən aktual problemi olduğuna görə onlar qeyri-xətti və qeyri-stasionar zaman sıralarının riyazi işlənməsi üçün istifadə olunan müasir dinamik fraktal tədqiqat və empirik modlara ayırma üsullarının tətbiqi ilə məşğul olurlar. Buna baxmayaraq, X3 baş direktoru Namiq Cəlilov iddiaçıları tamamilə başqa bir sahə üzrə astrofizika ilə bilavasitə əlaqəsi olmayan Yer atmosferinin tədqiqi uzrə işləməyə məcbur edir. Eyni zamanda onlara təklif olunan işi yerinə yetirmək üçün bu vaxta kimi heç bir müşahidə materialı yoxdur. Belə ki, müşahidə qurğusu ilə işləyənlərin məlumatlarına görə bu vaxta kimi alınan materialların bir hissəsi yanıb, qalan hissəsi isə itmişdir. İş materiallarına daxil edilmiş cavabdehdən göndərilmiş 22 may 2024-cü il tarixli cavabdan görünür ki, cavabdeh onların müraciətini tabeliyində olan N.Tusi adına X2 göndərmiş, oradan aldığı 32/101 (Ş) saylı, 20 may 2024-cü il tarixli cavabı isə onlara göndərmişdir. Aydın görünür ki, cavabdeh iddiaçıların şikayətilə əlaqədar hərəkətsizlik edərək heç bir tədbir görməmişdir. Cavabdehin onlara göndərdiyi 3-29-68/2-KOL-592/2-h/24 saylı, 22 may 2024-cü il tarixli məktuba qoşma etdiyi N.Tusi adına X1 baş direktorundan aldığı 32/101 (Ş) saylı, 20 may 2024-cü il tarixli cavabda yazılanlar isə yalanlardan ibarətdir. N.Tusi adına X1 direktoru Namiq Cəlilov belə qanunsuz əməllərinə son qoymaq əvəzinə buna etiraz bildirən və aidiyyəti orqanlara müraciət edən onlar kimi əməkdaşlara ciddi cəza verir - vəzifəsindən sui-istifadə edib saxta sənədlər düzəldərək təcrübəli mütəxəssisləri (on nəfərdən çox) işdən azad etmişdir. Rəsədxananın 10 (on) ədəd kotteclərindən, elmi işcilər üçün nəzərdə tutulan mənzillərdən (20-dən çox), ictimai iaşə obyektlərindən, ekskursiyalardan əldə edilən, tikinti-təmir üçün ayrılan vəsaitin bir qismini bu vaxta kimi mənimsəməsi; saxtakarlıq və qohumbazlıq yolu ilə AMEA-nın müxbir üzvü elmi rütbəsinə və Rəsədxananın baş direktoru vəzifəsinə yüksələn Namiq Cəlilov, bu günə kimi rəsədxanada 20 ildə bir nəfər də olsun nə kadr hazırlamamışdır, nə də o idarəetmə bacarığına yiyələnməmişdir. Bu azmış kimi on ildir ki, iddiaçıların baş direktora - mənzil hüququnun pozulması (imkan olduğu halda) və elmi fəaliyyət üçün kompüter avadanliqları ilə təmin olunmamaları barədə müraciətləri bu günə kimi həll olunmamış qalmışdır. Daha bir qərəzçilik faktı odur ki, nəhəng ulduzların tədqiqi ilə məşğul olan uç əməkdaşın hər birinə ayrıca müşahidə vaxtı verildiyi halda, astrofizikanın aktual problemlərindən biri olan maqnit ulduzlarının tədqiqi ilə məşğul olan üç nəfər (İddiaçı1, V.M. Xəlilov və Z.M.Alışova) qərəzçiliyə görə uzun müddətdir ki, (son beş ildə) 3-5 dəfə az müşahidə vaxtı verilir. Bu isə onları - elmi əməkdaşları elmi iş görməkdən məhrum etmək deməkdir. Beləliklə, ilin sonunda müvafiq müşahidə materialları olmadan, yəni heçdən elmi nəticə ala bilməyəcəklərinə görə onları (müdiriyyətin qərəzçilik və qanuna zidd əməllərinə qarşı çıxanları) Namiq Cəlilov işdən azad etmək üçün zəmin yaratmaqdadır. Rəsədxananı əxlaqsızlıq yuvasına, intriqa və şəxsi gəlir mənbəyinə çevirmiş, rəsədxananın elmi fəaliyyətini demək olar ki, heçə endirən, kəskin mənəvi və psixoloji terrorçuluqla Astrofizika və astronomlar cəlladı ləqəbini alan baş direktor Namiq Cəlilov haqqında lazımi ölçü götürməsini cavabdeh Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən xahiş etmişlər. Onlar cavabdehə etdikləri şikayətlərə görə məhz birbaşa Bakı İnzibati Məhkəməsindən tədbir görməsini, ölçü götürməsini xahiş etməmişik. Amma Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11130/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında yazılanlardan aydın olur ki, guya onlar məhkəmədən şikayətlə bağlı N.Tusi adına X1 baş direktoru Namiq Cəlilov barəsində qanunamüvafiq ölçü götürülməsini xahiş etmişlər. Halbuki, bu, belə deyildir. Onlar bir neçə dəfə rəsmi ərizələrlə cavabdeh Azərbaycan Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə ünvanlamışlar ki, müraciətlərinə baxıb qanunamüvafiq qaydada tədbir görsün, təqsirkarın əməlləri barədə ölçü götürülsün. Lakin cavabdeh hər dəfə onların şikayət ərizəsini şikayət etdikləri şəxsə, şikayət etdikləri şəxsin də cavabını onlara göndərməklə öz işini bitmiş hesab etməkdədir. Belə hərəkətsizlik çox çirkin əməllərdir. Odur ki, onlar Bakı İnzibati Məhkəməsindən, iddia ərizələrini təmin edərək cavabdeh Azərbaycan Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə göndərdikləri 05 mart 2024-cü il tarixli şikayət ərizəsinə qarşı hərəkətsizlik etməməsini, şikayətlərinə qanunamüvafiq qaydada və müddətdə baxıb tədbir görməsini, zərurət varsa cavabdehin neytral və obyektivliyi ilə tanınmış şəxslərdən ibarət komissiya yaradıb onların iştirakı ilə haqlı və əsaslı şikayətlərinin dəlillərini araşdırmasını - öhdəlik kimi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İddia ərizəsindən görünür ki, iddiaçılar şikayət ərizəsi ilə cavabdehə müraciət edərək N.Tusi adına X1 baş direktorunun qanunsuz və cinayət xarakterli əməlləri barəsində bildirdiklərini, bu barədə müvafiq tədbirlərin görülməsini xahiş etdiklərini, lakin cavabdeh tərəfindən heç bir tədbir görülmədiyini qeyd etməklə müvafiq tədbirlərin görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edirlər. Lakin iddiaçıların belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia etdikləri hərəkətlərlə əlaqədar digər şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsini tələb etmək hüquqları mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın tələblərindən göründüyü kimi, iddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarına toxunma ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqlənmir. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11130/2024 nömrəli, 03 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-799/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-799/2025
31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver