Məhkəmə qərarları › İş №2-1(103)-8/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-8/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-8/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X22 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının hüquqi varisinin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin sökülməsi ilə əlaqədar iddiaçıya yardım ödənilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)4243/2019 saylı, 06 dekabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı, X11, Hüseynova (Məmmədova) Xatirə İbrahim qızı, X9, X14, X20, X12 və X16 cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahələrinin sökülməsi ilə bağlı iddiaçılara yardım ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli 94 otaqdan ibarət yataqxana Bakı Dəniz Balıq Limanı İdarəsinə məxsus olmuşdur. 5 iyun 1996-cı il tarixdə “Azərbalıq” DK-nın 62 saylı əmri ilə Bakı Dəniz Balıq Limanı nəzdində olan Mənzil Kommunal İdarəsi ləğv edilmişdir. “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernləri, digər təşkilatların müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. İddiaçılar “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci bəndinin tələblərinə uyğun olaraq faktiki yaşadıqları mənzilə dair mülkiyyətçi ilə ilkin icarə müqaviləsi bağlamışlar və mənzilləri özəlləşdirmişlər. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin tələblərinə görə dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Qanunvericiliyə uyğun olaraq onlara verilmiş mənzillər özəlləşdirilmiş və onlar həmin mənzillərdə faktiki olaraq yaşayırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı xx.xx.2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının surətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına əsasən Suraxanı rayonu üzrə 3.828 nəfərin yaşadığı 1.127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəza vəziyyətində olan 63 yaşayış binası qeydə alınmışdır. O cümlədən ünvan 3 ünvanında yerləşən 4 mərtəbəli yataqxana da həmin siyahıdadır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 7 aprel 2017ci il tarixli xx/xx-01331 saylı telefonoqramından göründüyü kimi, həmin yataqxananın 1-ci mərtəbəsindən 2-ci mərtəbəsinə qalxan pilləkən maşının beton qatının qopub düşməsi nəticəsində binaya giriş və çıxış yararsız hala düşmüş, qəzalı vəziyyətdədir. Suraxanı RİH tərəfindən mənzilin boşaldılması üçün hər bir ailəyə 35000 manat “maddi yardım” verilir. Cavabdeh maddi yardımın ailə başçısına veriləcəyini bəhanə gətirərək, onların mülkiyyətində iki otağın hər birinə görə “maddi yardım” (kompensasiya) verməli olduğunu nəzərə almaq istəmir. Cavabdeh nəzərə almaq istəmir ki, qanunvericiliyin normaları insanların maddi həyat şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, AR Fövqəladə Hallar Nazirliyi Tikintidə X10 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ünvan 1 ünvanında yerləşən yataqxana binasına baxış keçirilərək tərtib olunmuş 21 oktyabr 2016cı il tarixli rəydə onun qəzalı vəziyyətdə olduğu göstərilmişdir. Sözügedən qəzalı yataqxana binasında baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, sakinlərin təhlükəsizliyinin təmin edilməsi, orada fktiki yaşayan ailələrin Bakı ŞİH-ə 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsait hesabına birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi, eləcə də binanın sökülərək ərazinin abadlaşdırılması işlərinin həyata keçirilməsinə dair Bakı ŞİH-nin 13 iyul 2017-ci il tarixli 7-290/2g saylı təklifinə Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Abid Şərifovun 27 iyul 2017-ci il tarixli xx/xx/3266-12 saylı dərkənarı ilə etiraz edilməmişdir. Suraxanı RİH başçısının 89 nömrəli 31 iyul 2017-ci il tarixli sərəncamı ilə müvafiq komissiya yaradılaraq Bakı Şəhər MənzilKommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansında olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev, 24 ünvanında yerləşən qəzalı yataqxana binasında inventarlaşdırma işləri aparılmış, orada faktiki yaşayan ailələrin dəqiqləşdirilmiş siyahısı tərtib olunmuş və münasibət bildirilməsi üçün RİH-in müvafiq məktubları ilə aidiyyəti üzrə Bakı ŞİH-ə və Bakı ŞİH MKT Departamentinə təqdim edilmişdir. Sözügedən yataqxana binasının mövcud texniki vəziyyəti müəyyən olunduqdan sonra dövlət büdcəsindən əlavə vəsaitin əldə edilməsi məqsədi ilə bəzi sakinlər tərəfindən mənzillərin otaqlarının bölünərək sənədləşdirilməsi və s. kimi süni hərəkətlərin edilməsi hallarına komissiya tərəfindən aparılan inventarlaşdırma işləri zamanı rast gəlinmişdir. İddiaçı X1 RİH-ə müraciət edərək, ayrılmış maddi yardımın ona və atası İddiaçı ayrılıqda ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 135/1 nömrəli 12 avqust 2009-cu il tarixli sərəncamı ilə Hövsan qəsəbəsi, R.Abdullayev küçəsində yerləşən 24 saylı evin yaşayış sahəsi 28,2 kv.m 2 otaqlı 18-ci mənzilinə dair 3 nəfər ailə tərkibi ilə (özü, qızı, oğlu) vətəndaş Aybəniz Nağıyevanın adına icarə müqaviləsi bağlanmışdır. Yataqxana binasının mövcud texnimi vəziyyəti yolverilməz olduqdan sonra 15 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dölət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən həmin mənzilin 1 otağına dair reyestrdən çıxarış Aybəniz Nağıyevanın adına, digər otağına dair çıxarış isə atası Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla yaşayan İddiaçı adına verilmişdir. Komissiya tərəfindən sözügedən qəzalı yataqxana binasında Aybəniz Nağıyevanın faktiki olaraq 3 nəfər ailə tərkibi ilə (özü, qızı, oğlu) yaşadığı müəyyən edildiyindən, ona həmin ailə tərkibi ilə birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulmuşdur. Bu barədə vətəndaş Aybəniz Nağıyevaya 30 avqust 2017-ci il tarixli məktubla bildirilmişdir. Yuxarıda qeyd olunanları, ödənilən məbləğin orada yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə birdəfəlik yardım olduğunu, vətəndaşların mülkiyyətində olan yaşayış sahələrinə dəymiş zərərin əvəzinin ödənilməsinə dair məsələlərin “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə uyğun tənzimləndiyini, hazırda sözügedən qəzalı yataqxana binasında heç bir söküntü işləri aparılmadığını, eləcə də qaldırılan iddia tələbinə dair iş üzrə bəzi iddiaçıların ümumiyyətlə inzibati orqana müraciətləri olmadığını nəzərə alaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qərardadı ilə iddai mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli qərardadı ləğv edilmiş və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. İş materialları 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarıldıqdan sonra məhkəmə Azərbaycan Respublikası Maliyyə Nazirliyini inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçılar İddiaçı, X4, Hüseynova (Məmmədova) Xatirə İbrahim qızının, X3, X7, X15, X5 və X13 cavabdeh Suraxanı RİH-ə qarşı “yaşayış sahələrinin sökülməsi ilə bağlı iddiaçılara yardım ödənilməsi” barədə iddia tələbi üzrə işdən İddiaçı cavabdeh Suraxanı RİH-ə qarşı “yaşayış sahəsinin sökülməsi ilə bağlı iddiaçıya yardım ödənilməsi” barədə iddia tələbi üzrə icraat ayrılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)4243/2019 saylı, 06 dekabr 2019cu il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan mənzilə görə 35.000 manat kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Maliyyə Nazirliyi həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-34/2022 saylı, 20 iyul 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin məhkəmə icraatında üçüncü şəxs kimi iştirakına xitam verilmiş və ona münasibətdə apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ünvan 5 ünvanında yerləşən yataqxana binasına baxış keçirilərək tərtib olunmuş xx.xx.2016-cı il tarixli rəydə həmin yataqxana binasının mövcud texniki vəziyyətinin yolverilməz, xx.xx.2017-ci il tarixli rəydə isə qəzalı olduğu göstərilmişdir. Sözügedən qəzalı yataqxana binasında baş verə biləcək bədbəxt hadisələrin qarşısının sakinlərin təhlükəsizliyinin təmin edilməsi, orada faktiki yaşayan ailələrin Bakı Şəhər İcra Hakimiyyətinə 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsait hesabına birdəfəlik maddi yardım ödənilməklə (hər bir ailə üçün 35 000 manat) köçürülməsi, eləcə də binanın sökülərək ərazinin abadlaşdırılması işlərinin həyata keçirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci i! tarixli 7-290/2g saylı təklifinə Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Abid Şərifovun xx.xx.2017-ci il tarixli xx/xx/3266-12 saylı dərkənarı ilə etiraz edilməmişdir. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli xx.xx.2017-ci il tarixli Sərəncamı ilə müvafiq komissiya yaradılaraq Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departementinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən yataqxana binasında inventarlaşdırma işləri aparılmış, orada faktiki yaşayan ailələrin dəqiqləşdirilmiş siyahısı tərtib olunmuşdur. Sözügedən yataqxana binasının mövcud texniki vəziyyəti müəyyən olunduqdan sonra dövlət büdcəsindən əlavə vəsaitin əldə edilməsi məqsədi ilə bəzi sakinlər tərəfindən mənzillərin otaqlarının bölünərək sənədləşdirilməsi və s. kimi süni hərəkətlərin edilməsi hallarına komissiya tərəfindən aparılan inventarlaşma işləri zamanı rast gəlinmişdir. Suraxanı Rayon İcra Hakimiyyəti həmin yataqxanada yaşayan sakinlərin o cümlədən də cavabdeh İddiaçı Gülmmədov oğlu və onun ailə üzvlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların üzərinə ünvan 6 ünvanında yerləşən yataqxana binasındakı otaqlarını 35000 manat maddi yardım əvəzində boşaldılmasına dair öhdəliyin qoyulmasi-haqqında iddia ərizəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 4243/2019 saylı xx.xx.2019-cu il tarixli Qərarı ilə iddia təmin edilmişdir. Sözügedən yataqxana otağının mülkiyyətçisi cavabdehin qızı X6 35000 manat məbləğində kompensasiya ödənilmiş lakin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X10 Agentliyi tərəfindən binanın qəzalı vəziyyətdə olması barədə rəy verildikdən 14 gün sonra Bakı şəhərində yaşayamayan atası Salyan rayon sakini hazırki İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən əlavə çıxarış atasının adına alaraq otaqları ayırmış və bundan sonra atasınada 35000 manat kompensasiyya ödənilməsini tələb etmişdir. 2 saylı Bakı İnzibati- İqdisadi Məhkəməsin 2-1(82)4243/2019 saylı qərarı ilə iddia təmin olunaraq 35 000 manat maddi yardımın İddiaçı ödənilməsi öhdəliyi Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, iddiaçı dövlət büdcəsindən əlavə vəsaitin mənimsənilməsi məqsədilə bu hərəkətləri etdiyindən ona vəsaitin verilməsi təmin edilməmişdir. Dövlət büdcəsinin qorunması və artıq maddi yardımın ödənilməməsi üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4243/2019 saylı xx.xx.2019-cu il tarixli qərarın ləğvi vacibdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının hüquqi varisinin nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)4243/2019 saylı, 06 dekabr 2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, ünvan 1 saylı evin (yataqaqxana) 18b saylı mənzili İddiaçı mülkiyyətində olduğundan, həmin mənzilin yerləşdiyi mübahisəli yataqxana binasının kommunikasiya sistemləri (xətləri) fəaliyyət göstərmədiyindən, qəzalı vəziyyətdə olması ilə əlaqədar binaya giriş-çıxış tam məhdudlaşdırıldığından, iddiaçının mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılması birmənalı təsdiqlənir və bu məhdudiyyətin gələcəkdə birbaşa (əvvəlki kimi) bərpası real görünmür. Qeyd olunanlar, eləcə də inzibati praktika və qanunverciliyin “bərabərlik prinsipi” nəzərə alınmaqla belə nəticə əldə olunur ki, cavabdeh Suraxanı RİH-in iddiaçıya müvafiq məbləğdə kompensasiya ödənilməsindən imtinası qanunsuz və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Həmin mənzildə iddiaçının özünün və ya başqa şəxslərin yaşayıb-yaşamamasından asılı olmayaraq iddiaçının ona kpmpensasiya verilıməsi tələbi əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. RX seriyalı ******* saylı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, ünvan 6 mənzil 18B İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2633 nömrəli reyestr kitabının 245214 nömrəli vərəqində qeydiyyata alınmışdır. RX seriyalı ******* saylı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, ümumi sahəsi 15.27 kv.m olan Bakı şəhəri, ünvan 6 mənzil 18 X3 adına daşınmaz əmlakın dövlət reyestrində 2637 nömrəli reyestr kitabının 245632 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 13.80 kv.m olan Bakı şəhəri, ünvan 6 mənzil 18B X3 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5401/2018 saylı, 12 oktyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Suraxanı rayon İcra Hakimiyyəti cavabdeh X6 qarşı “birdəfəlik maddi yardım əvəzində qəzalı vəziyyətə düşmüş yataqxana binasındakı otağın boşaldılması tələbinə dair” iddia ilə məhkəməyə müraciət edərək, X3 və ailə üzvlərinin (qızı, oğlu, atası) təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların üzərinə 35 000 manat maddi yardım əvəzində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən yaşadıqları yataqxana binasındakı otaqlarını boşaltmalarına dair öhdəliyin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia qismən təmin edilmiş, cavabdeh X3 və ailə üzvlərinin (qızı, oğlu, atası) təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların üzərinə 35 000 manat maddi yardım əvəzində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən yaşadıqları yataqxana binasındakı 18 saylı otağını (mənzilini) boşaltmaları öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları ilə müəəyn olunur ki, iddiaçının hüquqi varisi X1 RİH-ə müraciət edərək, ayrılmış maddi yardımın ona və atası İddiaçı ayrılıqda ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 135/1 nömrəli 12 avqust 2009-cu il tarixli sərəncamı ilə Hövsan qəsəbəsi, R.Abdullayev küçəsində yerləşən 24 saylı evin yaşayış sahəsi 28,2 kv.m 2 otaqlı 18-ci mənzilinə dair 3 nəfər ailə tərkibi ilə (özü, qızı, oğlu) vətəndaş Aybəniz Nağıyevanın adına icarə müqaviləsi bağlanmışdır. Yataqxana binasının mövcud texnimi vəziyyəti yolverilməz olduqdan sonra 15 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dölət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən həmin mənzilin 1 otağına dair reyestrdən çıxarış Aybəniz Nağıyevanın adına, digər otağına dair çıxarış isə atası Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla yaşayan İddiaçı adına verilmişdir. Komissiya tərəfindən sözügedən qəzalı yataqxana binasında Aybəniz Nağıyevanın faktiki olaraq 3 nəfər ailə tərkibi ilə (özü, qızı, oğlu) yaşadığı müəyyən edildiyindən, ona həmin ailə tərkibi ilə birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulmuşdur. ünvan 7 ünvanda yerləşən yataqxana binasının texniki vəziyyəti haqqında tərtib edilmiş xx.xx.2017-ci il tarixli rəydən görünür ki, yataqxana binasının mövcud texniki vəziyyəti qəzalı hesab edilir. Bununla bağlı sakinlərin təcili olaraq binadan köçürülməsi, bütün kommunikası xətləri (su, kanalizasiya, qaz, elektrik) kəsilməsi, binaya girişin qadağan edilməsi, binanın ətrafının çəpərlənməsi, binanın qəzalı vəziyyətdə olması barədə əlaqədar təşkilatların məlumatlandırılması zəruridir. İddiaçı yataqxana binasının mövcud texniki vəziyyəti yolverilməz olduqdan sonra 2017-ci ilin aprelin 15-də sözügedən mənzilə dair çıxarış almışdır. Bununla yanaşı, birdəfəlik maddi yardımın yataqxana binasında mülkiyyət hüququ olan şəxslərə deyil, orada faktiki yaşayış ailələrin sayına görə verilməsi nəzərdə tutulmuşdur. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Suraxanı Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, hazırkı iş üzrə iddiaçının hüquqi varisi X6 və atası İddiaçı təhlükəsizliklərinin təmin edilməsi məqsədi ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən yaşadıqları yataqxana binasındakı 18 saylı otağını (mənzilini) boşaltmaları üçün 35 000 manat maddi yardım verilmişdir. Odur ki, İddiaçı mülkiyyətində olan mənzilə görə 35.000 manat kompensasiyanın ödənilməsi barədə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)4243/2019 saylı, 06 dekabr 2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)4243/2019 saylı, 06 dekabr 2019cu il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar