Məhkəmə qərarları › İş №2-1(103)-8/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-8/2024

23.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-8/2024 23.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Sabunçu Rayonu Ramana Bələdiyyəsinə qarşı (üçüncü şəxslər X6, X7) “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2-1(112)- 793/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinə qarşı (X6 və X7 üçüncü şəxslər kimi göstərilməklə) “Sabunçu rayonu, Ramana Bələdiyyəsinin 26 İyul 2007-ci il tarixli, 53 №-li qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X8 İcraiyyə Komitəsi) 31 yanvar 1963-cü il tarixli 30/1477 saylı qərarı ilə “Azneft” İstehsalat Birliyi ’’Balaxanıneft” NQÇİ-nin (keçmiş “Leninneft NQÇİ) daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün sənaye təyinatlı torpaq sahələri ayrılmışdır. “Azgerneft“ MMC Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Almaniyanın “Qrünevald” şirkəti arasında neft hasilatı üzrə bağlanmış müqaviləyə əsasən 1994-cü ildə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət yaradılmışdır. ARDNŞ İddiaçı MMC-nin fəaliyyəti həyata keçirmək üçün öz əsas vəsaitlərini və neft hasilatı aparılan ərazini MMC-nin balansına təsisçi kimi təqdim etmişdir. Hal-hazırda iddiaçının istifadəsində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması iddiaçının qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilsə də, cavabdehlər iddiaçının haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirmişlər. xx.xx.2019-cu il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi, 2- ci sahə, 39T 415492.25; 4478401.14 koordinatlar üzrə yerləşən torpaq sahəsinə baxış keçirilən zaman, neft-qaz əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuş “Kontrakt sahəsi”ində 400 kv.m ərazinin zəbt olunaraq, fərdi yaşayış evinin tikintisi aşkarlanmışdır. Tikinti aparan şəxsə qanunsuz tikintinin dayandırılması barədə xəbərdarlıq edilmiş və mübahisənin həlli məqsədilə Sabunçu rayon Məhkəməsinə “özbaşına tikilinin sökülməsi, zəbt olunmuş ərazinin boşaldılması tələbi” barədə iddia ərizəsi verilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, mübahisəli 400 kv.m torpaq sahəsi Sabunçu rayonu Ramana Bələdiyyəsinin 53№ xx.xx.2007-ci il tarixli qərarı ilə vətəndaş X4 ayrılmış, X6 isə etibarnamə ilə mübahisəli torpaq sahəsini vətəndaş X5 istifadəsinə vermişdir. Halbuki qeyd edilən torpaq sahəsi İddiaçı MMC-nin neft qaz əməliyyatlarının aparılması üçün istifadəsinə verilmiş strateji əhəmiyyətli ərazidir və burada tikinti işlərinin aparılması qəti qadağandır. İddiaçı MMC-nin qarşısında yaxın müddət ərzində neftqaz hasilatının maksimum səviyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlamışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin yuxarıda qeyd edilənlərlə bağlı halhazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşmişdir. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(112)-3945/2020 saylı qərardadı ilə X6 və X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2-1(112)- 793/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinin 26 iyul 2007-ci il tarixli, 53 nömrəli qərarı ləğv edilməsi və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdeh Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinin 53 № xx.xx.2007-ci il tarixli qərarından görünür ki, Ramana qəsəbəsi 2-ci sahədə 400 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə X3 mülkiyyətinə ayrılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət idarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin iddiaçıya ünvanlanmış xx.xx.2019- cu il tarixli məktubu ilə bildirmişdir ki, İddiaçı MMC-yə məxsus saziş ərazisinin hüdudları daxilində Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə ərazisində vətəndaş X7 tərəfindən qanunsuz tikinti işlərinin aparılması barədə 24 iyul 2019-cu il tarixli, 395 saylı 1 müraciətə baxılmışdır. Şirkətin istifadəsinə verilmiş ərazidə gedən qanunsuz tikinti işi ilə bağlı təqdim etdiyi fakt qanunvericilikdə nəzərdə tutulan qaydada tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilmişdir. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Almaniyanın “Qrünevald” şirkəti arasında neft hasilatı üzrə 1994-cü il tarixdə bağlanmış müqavilədən görünür ki, neft hasilatının həyata keçirilməsi üçün İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət yaradılmış, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərəncamında olan torpaq sahələri birgə müəssisənin - “Azgerneft“ MMC-nin sərəncamına verilmişdir. -Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli ümumi iclasının 07 saylı protokolundan görünür ki Ramana qəsəbəsi 2-ci sahədə 400 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə X3 mülkiyyətinə verilməsi qərara alınmışdır. - Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş “torpaqların alq-satqısına dair” aktdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 53 nömrəli qərarı ilə Ramana qəsəbəsi 2-ci sahədə 400 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə X1. Eyni zamanda işin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qərardadları ilə iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilsə də, müvafiq ekspert rəyinin təqdim edilməsi mümkün olmamışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “bələdiyyə tərəfindən mübahisələndirilən torpaq sahəsi satılarkən qanunvericiliyin tələblərinə sonuncu tərəfindən əməl olunmamış, yəni bələdiyyə tərəfindən müvafiq icra hakimiyyəti orqanının rəyi alınmamış, əlavə olaraq torpaq sahəsinin yeri, yerləşdiyi zona dəqiqləşdirilməmiş, həmin yerin planı və ölçüsü hazırlanmamışdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin qanunun 6.5-ci maddəsinin tələbinə görə (mübahisəli qərarın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən) torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 548 saylı Fərmanına əsasən müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini hazırda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (kənd təsərrüfat və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər (bu halda BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi nəzərdə tutulur). Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 274 İİQ saylı Qanunu ilə təsdiq edilmiş, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: - 7-ci bəndinin tələbinə əsasən (mübahisəli sərəncamın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən) torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. - 18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. - 19-cu bəndinə əsasən bələdiyyə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 696 saylı Fərmanının tələbinə görə Əsasnamənin 7-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (bu halda BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi nəzərdə tutulur), Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21- ci, 22-ci bəndlərində nəzərdə tutulmuş “müvafıq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumlar həyata keçirirlər (mübahisəli qərarın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən). Yuxarıda qeyd edilən qanunvericilik normalarından müəyyən edilir ki, bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması üçün əvvəlcə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi alınmalı, ayrılması nəzərdə tutulan torpaq sahəsinin yeri, habelə torpaq sahəsinin yerləşdiyi zona və torpağın normativ qiyməti Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müəyyən edilməli, yalnız bundan sonra bələdiyyə torpağın dəyəri ödənildikdən sonra torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə qərar qəbul etməli idi. Məhkəmə kollegiyası qeyd edir ki, bələdiyyə tərəfindən mübahisələndirilən torpaq sahəsi satılarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə sonuncu tərəfindən əməl olunmamış, yəni bələdiyyə tərəfindən müvafiq icra hakimiyyəti orqanının rəyi alınmamış, əlavə olaraq torpaq sahəsinin yeri, yerləşdiyi zona dəqiqləşdirilməmiş, həmin yerin planı və ölçüsü hazırlanmamışdır. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/3170 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd edilmişdir ki: Qərardadın birinci sualı üzrə: "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri Sabunçu rayonu Ramana bələdiyyəsinin 26 iyul 2007-ci il tarixli, 53 nömrəli qərarı ilə X4 verilmiş Ramana qəsəbəsi, 2-ci sahədə 400,0 kv.metr torpaq sahəsi sənaye təyinatlıdır və Dövlət mülkiyyətinə aiddir. Qərardadın ikinci sualı üzrə: "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri Sabunçu rayonu Ramana bələdiyyəsinin 26 iyul 2007-ci il tarixli, 53 nömrəli qərarı ilə X4 verilmiş Ramana qəsəbəsi, 2-ci sahədə 400,0 kv.metr iş üzrə mübahisələndirilən torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X8 İcraiyyə Komitəsi) 31 yanvar 1963-cü il tarixli 30/1477 saylı qərarı ilə neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənayə təyinatlı torpaq sahələrinin hüdudları daxilində yerləşir. Məhkəmə kollegiyası Məhkəmə işin müəyyən olunan hallarını nəzərə alaraq hesab edir ki, müvafiq ekspert rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilmədiyindən hazırkı iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/3170 nömrəli ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə iş materiallarından Bakı şəhəri Sabunçu rayonu Ramana bələdiyyəsinin 26 iyul 2007-ci il tarixli, 53 nömrəli qərarı ilə X2 Ramana qəsəbəsi, 2-ci sahədə 400,0 kv.metr torpaq sahəsi sənaye təyinatlıdır və dövlət mülkiyyətinə aiddir. Torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X8 İcraiyyə Komitəsi) 31 yanvar 1963-cü il tarixli 30/1477 saylı qərarı ilə neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənayə təyinatlı torpaq sahələrinin hüdudları daxilində yerləşir. Məhkəmə kollegiyası hesab edir ki, bələdiyyələr yalnız bələdiyyə fonduna məxsus olan torpaq sahələrinin üzərində sərəncam vermək səlahiyyətinə malik olduğundan həmin torpaq sahəsinin bələdiyyə tərəfindən alqı-satqı predmeti olması halı istisna edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2ci maddəsinə uyğun olaraq müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 3-cü maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, habelə onlardan istifadə və onlara dair sərəncam verilməsi sahəsində idarəetmə mülki və torpaq qanunvericiliyinin tələblərinə və bələdiyyənin nizamnaməsinə uyğun həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 9- cu bəndinə müvafiq olaraq dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində olan torpaqlar hesab olunur. Həmin Qanunun 7-ci maddəsinin ikinci bəndinə əsasən bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-3-cü bəndlərinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə - fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir (Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.) Həmin Məcəllənin 44-cü maddəsinə əsasən, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. Həmin Məcəllənin 47.6-cı maddəsinə müvafiq olaraq bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 47.7-ci maddəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Həmin Məcəllənin 48-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsi sənaye təyinatlı olduğundan Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən onun qeyd olunan kateqoriyası yaşayış məntəqəsi təyinatına dəyişdirilmədən cavabdehin həmin torpaq üzərində hər hansı bir qərarvermə hüququ mövcud olmamışdır. Hazırki iş üzrə məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilir ki, Bakı şəhəri Sabunçu rayonu Ramana bələdiyyəsinin 26 iyul 2007-ci il tarixli, 53 nömrəli qərarı qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmişdir. Yəni cavabdeh səlahiyyəti olmadığı halda mülkiyyətində olmayan və “Azgerneft“ MMC-nin istifadəsində olan torpaq sahəsinin üçüncü şəxsə ayrılması barədə qərar qəbul etməklə dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam vermiş, nəticədə bələdiyyənin müvafiq sərəncamı iddiaçının icarəsində olan torpaqlardan maneəsiz istifadə hüququnu məhdudlaşdırmışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2-1(112)- 793/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Bakı şəhəri Sabunçu Rayonu Ramana Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2-1(112)- 793/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar