Məhkəmə qərarları › İş №2-1(103)-80/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-80/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-80/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil Oktay oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-2549/2019 saylı 26 dekabr 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 28 mart 2002-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən X5 adına rəsmiləşdirilmişdir. Həmin qeyri-yaşayış sahəsi 2009-cu ildə sökülmüş, X6 Bakı şəhər İcra Hakimiyyəti tərəfindən kompensasiya ödənilməmişdir. X10 14 mart 2018-ci il tarixində vəfat etmişdir. 2V-106, 2V-107, 2V-108, 2V-109 nömrəli 29 iyun 2018-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnamələrindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanında yerləşən 148,8 kv.m. qeyri-yaşayış sahəsinə X5 vərəsələri İddiaçı2 ¼, X8 ¼, İddiaçı1 ¼, X2 ¼ hissədə payları müəyyən edilmişdir. Sonradan 29 iyun 2018-ci il tarixli müqaviləyə əsasən X11 ona çatası payı anası İddiaçı2 bağışlamışdır. İddiaçılar hazırki tələblə bağlı cavabdeh inzbati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun mürcaiətinə münasibətdə hərəkətsizlik göstərilmişdir. Bundan sonra iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “mülkiyyətində olmuş 166.62 kv.m sahənin qanunsuz olaraq dağıdılaraq məhv edilməsi nəticəsində onlara dəymiş maddi zərərə görə 2.842.800 manat məbləğində pul kompensasiyasının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, eləcə də vurulmuş mənəvi ziyanın əvəzi kimi 1.000.000 manat məbləğində pulun cavabdeh təşkilatdan alınaraq onlara ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanındakı qeyri-yaşayış sahəsi X5 xüsusi mülkiyyətində olmuşdur. Mülkiyyət hüququ dövlət tərəfindən tanınaraq xx.xx.2002-ci il tarixli, 000982 saylı Mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında qeydiyyata alınmışdır. Sözügedən qeyri-yaşayış sahəsi faktiki olaraq 166,62 m2 sahədən ibarət olmuşdur. Qeyri-yaşayış sahəsi Bakı şəhərinin ən əlverişli ərazisində “Qız Qalasının” yaxınlığında yerləşmişdir. 2009-cu ilin noyabr ayından başlayaraq, hər hansı məlumat verilmədən, əvəzi ödənilmədən, Bakı şəhər İcra Hakimiyyətinin və Səbail rayon İcra Hakimiyyətinin rəhbərlik etdiyi briqada və ağır texnika tərəfindən iddiaçılara məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanındakı qeyri-yaşayış sahəsi sökülərək məhv edilmişdir. Həmin vaxtdan etibarən dəfələrlə aidiyyəti qurumlara və vəzifəli şəxslərə, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinə müraciətlər edərək, qanunsuz olaraq dağıdılaraq məhv edilmiş mülkiyyətlərində olan qeyri-yaşayış sahəsinə görə müvafiq kompensasiya ödənilməsi xahiş edilmişdir. Lakin hər dəfə onlara müxtəlif vədlər verilsə də, bu günədək onlara hər hansı bir məbləğdə kompensasiya ödənilməmişdir. Mülkiyyət hüquqlarına qanunsuz müdaxilə və hər hansı bir kompensasiyanın ödənilməməsi nəticəsində ərinin keçirdiyi əsəb və stres nəticəsində ərində onkoloji xəstəlik yaranmış və uzun sürən xəstəlikdən sonra əri X10 14 mart 2018-ci il tarixdə vəfat etmişdir. Ərinin mülkiyyətində olmuş sözügedən qeyriyaşayış sahəsi onlara miras qalmışdır. Vərəsəlik şəhadətnamələri verilmişdir. X3 öz vərəsəlik payını ona bağışlamışdır. Hesab edir ki, mülkiyyətində olan əmlak qanunsuz olaraq dağıdılaraq, məhv edilməsi tamamilə qanunsuz olmaqla yanaşı mülkiyyət hüquqlarına birbaşa qəsddir. Tərəflərindən 10 may 2019-cu il tarixli pretenziya ilə Bakı şəhəri İcra Hakimiyyətinin başçısına müraciət edilərək, mülkiyyətində olmuş 166,62 kv.m sahənin qanunsuz olaraq dağıdılaraq, məhv edilməsi nəticəsində onlara dəymiş maddi zərərə görə 2 842 800 manat məbləğində pul kompensasiyasının verilməsinin təmin edilməsi xahiş edilmiş, lakin müraciətlərinə cavab verilməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsində icraat: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2549/2019 saylı 26 dekabr 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı2 və qeyrilərinin mülkiyyətlərində olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanındakı 148.8 kv.m qeyri-yaşayış sahəsi ilə əlaqədar kompensasiyanın ödənilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması vəzifəsinin Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyə uyğun olaraq cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında inzibati icraat başlamalı və həmin icraatı “İnzibati icraat haqqında” Qanunun müddəalarına uyğun olaraq aparmalı, bu zaman bütün sübutları araşdırmalı, iddiaçıların mənafeyini nəzərə almalı və icraatın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməli, vətəndaşlar isə həmin qərardan narazı qaldıqları halda məhz həmin qərarı məhkəmədə mübahisələndirməlidir. Hazırkı mübahisədə məhkəmə inzibati orqanın səlahiyyətləri daxilində həll ediləsi məsələləri özü həll etməməli, inzibati orqan yuxarıda sadalanan qanun normalarında əks olunan bütün hərəkətləri etməli və bunun nəticəsinə uyğun olaraq iki qərardan birini qəbul etməlidir. Həmin qərardan narazı qalan iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2549/2019 saylı 26 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddianın tam həcmdə təmin edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-62/2021 saylı 29 sentyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2549/2019 saylı 26 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən 305.932,80 manat məbləğində kompensasiyanın tutularaq ödənilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı torpağın müəyyən hissəsinin alınması nəticəsində həmin torpaqdan köçürülən və ondan istifadə hüququnu itirən, əmlakından məhrum olan, alınmanın təsirinə məruz qalan şəxs kimi hesab edilməlidir. İş materiallarında olan qiymətləndirmə hesabatı və mütəxəssis rəyində qiymətlər həddindən artıq yüksək olduğundan məhkəmə onları mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmə kollegiyası Bakı şəhər İcra Hakimiyyətinin 7-3417/17 saylı 28 sentyabr 2021-ci il tarixli məktubunda oxşar işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını və Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 95 və 97 saylı binalarda yerləşən qeyriyaşayış sahəsinin 1 m2 -nin bazar qiyməti 2056 manat müəyyən edildiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya maddi zərərin əvəzi olaraq 148,8 m2 əmlak üçün 305.932,8 manat məbləğində kompensasiya ödənilməlidir. Həmin qərardan narazı qalan iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-261/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-62/2021 saylı 29 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı İddiaçı2 nümayəndəsi və vəkili Vəkil Oktay oğlu iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmalarına baxmayaraq cavabdeh iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin iştirakı olmadan baxılmasına etraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İşin təkrar apellyasiya baxışı zamanı X13 Xidmətinin, Səbail rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 3-cü şəxs statusları ləğv edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən hərəkətsizlik göstərilmişdir. Bununla bağlı məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin tələbləri baxımından (İPM-nin 39.1 maddəsi) hesab edir ki, iddiaçının cavabdehə qarşı hazırki iddiası mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı tələbi “onların mülkiyyətində olmuş 166.62 kv.m qeyri-yaşayış sahəsinin qanunsuz olaraq dağıdılaraq məhv edilməsi nəticəsində dəymiş maddi zərərə görə ******* manat məbləğində pul kompensasiyasının verilməsi, eləcə də vurulmuş mənəvi ziyanın əvəzi kimi ******* manat məbləğində pulun cavabdeh təşkilatdan alınaraq onlara ödənilməsi” ilə bağlıdır. Bununla bağlı onlar, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onların tələbinə münasibətdə hərəkətsizlik göstərilmişdir. Bundan sonra iddiaçılar hazırki tələblə məhkəməyə müraciət etmiş, onların iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilsə də, apellyasiya və kassasiya instansiyaları məhkəmələrinin mövqeləri fərqli olmuşdur. Məhkəmə kollegiyası iddianın qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 28 mart 2002-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı2 mərhum əri X5 adına rəsmiləşdirilmiş, həmin qeyri-yaşayış sahəsi 2009-cu ildə sökülmüş, lakin cavabdeh tərəfindən onlara hər hansı məbləğdə kompensasiya ödənilməmişdir. Qanun üzrə vərəsəlik şəhadətnamələrindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanında yerləşən 148,8 kv.m qeyri-yaşayış sahəsinə X5 vərəsələri İddiaçı2 ¼, X8 ¼, İddiaçı1 ¼, X2 ¼ hissədə payları müəyyən edilmiş, sonradan 29 iyun 2018-ci il tarixli müqaviləyə əsasən X11 ona çatası payı İddiaçı2 bağışlamışdır. İddiaçılar onlara məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum olduqlarına görə onlara ziyan dəydiyinə istinad edərək, maddi və mənəvi ziyana görə kompensasiya tələb edirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növləri sırasında “inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar” da yer almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimovanın Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Qeyd edilən işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanunsuz sayılmalıdır. Bundan başqa, demokratik cəmiyyətin təməl prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xas olan prinsipdir. Buradan belə nəticə çıxır ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunilik tələbinə cavab versin və əsassız olmasın. Konvensiyadakı “qanun” və “qanuni” anlayışları mahiyyətcə daxili qanunvericiliyə istinad edir, qanunun keyfiyyətini bildirir və daxili qanunvericiliyin qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. Cəmiyyətin maraqları və mülkiyyətçinin hüquqları arasında ədalətli tarazlığa riayət etmək tələbi ümumilikdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda öz əksini tapıb və onun birinci cümləsində ifadə olunmuş ümumi prinsip nəzərə alınmaqla şərh olunmalıdır. Xüsusən, istifadə olunan vasitələrlə insanı əmlakından məhrum edən və ya ondan istifadəni məhdudlaşdıran tədbirlərin güddüyü məqsəd arasında ağlabatan balans olmalıdır. Müvafiq hüquqi aktlarla nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi şərtləri mübahisələndirilən tədbirlərin görülməsi zamanı zəruri ədalətli tarazlığa riayət olunub-olunmadığı və xüsusi olaraq, onların ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyubqoymadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edirlər. Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri baxımından mübahisəyə hüququ qiymət verilərkən ilk növbədə sözügedən müxtəlif maraqlar bütünlüklə aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, Konvensiyanın məqsədi “praktiki və səmərəli” hüquqları təmin və müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə diqqət yetirilməli, şikayət edilən məsələnin reallıqları və sair hallar tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Belə yanaşma yalnız mülkiyyətə müvafiq kompensasiyanın ödənilməsi ilə məhdudlaşdırılmamalıdır. Əgər söhbət mülkiyyətin geri alınması, özgəninkiləşdirilməsindən gedirsə, həm də tərəflərin özlərinin davranışları, dövlətin tətbiq etdiyi vasitələrin real, adekvat, ədalətli olubolmaması, əmlakdan məhrum olan mülkiyyətçinin sonrakı məhrumiyyətləri və sair hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Hazırki işdə iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin sökülməsi və bununla bağlı iddiaçıları heç bir kompensasiyanın ödənilməməsi işin mübahisəsiz halıdır. İddiaçılara məxsus qeyri-yaşayış sahəsinin hansı əsasla sökülməsi işə bundan əvvəl baxan məhkəmələr tərəfindən müəyyən olunmamışdır. İş üzrə Ali Məhkəmənin qəbul etdiyi 2-1(102)-261/2022 saylı xx.xx.2022-ci il tarixli qərarda göstərilmişdi ki, “..... apellyasiya instansiyası məhkəməsi iddiaçılara məxsus qeyriyaşayış sahəsinin sökülməsinin qanuni olub-olmamasına hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 689 №-li Fərmanı ilə müəyyən edilmişdir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Həmçinin, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.3-cü maddəsinə əsasən torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya torpağın satın alındığı qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir. Hazırkı iş üzrə isə iddiaçıya həmin ödənişlərin kompensasiya məbləğində hesablanması müəyyən olunmur. Məhkəmə tərəfindən kompensasiya məbləğinin müəyyən edilməsi ilə bağlı da prosessual pozuntulara yol verilmişdir. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyləri ilə razılaşmadıqda yuxarıda göstərilən məktubda qeyd edilən formada notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında mübahisəli qeyri-yaşayış sahəsinin bazar qiymətini müəyyən edə bilərdi. Lakin məhkəmə bu isqitamətdə də heç bir araşdırma aparmamışdır. Həmçinin iddiaçıya məxsus əmlak qeyri-yaşayış sahəsi olduğundan kompensasiya məbləği hesablanarkən həmin sahənin bazar qiymətindən əlavə, iddiaçının həmin qeyri-yaşayış sahəsinə olan iqtisadi maraqları da nəzərə alınmalı idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən isə həmin iqtisadi maraqlar nəzərə alınmamışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi sözügedən qeyri-yaşayış sahəsinin 1 kvadratmetrinə görə 2056 manat məbləğində kompensasiya hesablanmasını ədalətli hesab etsə də, bu zaman iddiaçının iqtisadi maraqlarını nəzərə almamış, bununla da hazırkı qərarın 22-25-ci bəndlərində göstərilən normaların tələblərini pozmuş, Avropa Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyinə zidd qərar qəbul etmişdir.” İş üzrə kassasiya instansiya məhkəməsinin qərarında göstərilənlər nəzərə alınmaqla işin təkrar apellyasiya baxışı zamanı aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, iddiaçılara məxsus qeyri-yaşayış sahəsi sökülsə də, bununla bağlı nəinki onlara kompensasiya verilməmiş, həm də söküntü ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarının qərarları da olmamışdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən 2008-ci ildə Bakı şəhəri Neftçilər prospekti, 95 və 97 ünvanlarında yerləşən qeyri-yaşayış sahələrinin sökülməsinə dair inzibati aktların qəbul edilib-edilməməsi barədə, qəbul edildiyi təqdirdə bu barədə sənədlərin təqdim edilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə və Səbail Rayon İcra Hakimiyyətinə sorğular göndərilmişdir. Həmin sorğulara cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti və Səbail rayon İcra Hakimiyyətindən məhkəməyə daxil olmuş məktublarda qeyd edilmişdir ki, 2008-ci il üzrə Bakı şəhəri, Neftçilər prosekti, 95 və 97 ünvanlarda yerləşən qeyri-yaşyış sahələrinin sökülməsinə dair İcra Hakimiyyətlərində hər hansı bir inzibati akt aşkar edilməmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması;.. 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; 6.1. Torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra — alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. 7.3. Bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: 19.1. Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 18-ci maddəsinə uyğun olaraq təqdim edilmiş torpağın alınması təklifi və bununla bağlı sənədləri, habelə məqsədəuyğun hesab etdiyi digər sənədləri araşdırdıqdan sonra alan orqanın təklifini tam və ya qismən nəzərə almaqla, torpağın dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edə bilər. 19.2. Torpağın dövlət ehtiyacları üçün alınması barədə qərara alınan torpağın yerləşdiyi yeri, sahəsini və sərhədlərini göstərən müvafiq yerquruluşu xəritəsi əlavə olunur. 19.3. Müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır. Sadalanan normaların tələblərinə görə yalnız inzibati orqan tərəfindən qərar qəbul edildikdən sonra torpaq sahəsi geri alına bilər. Torpaq sahəsinin alınması zamanı dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etmədikdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəmədikdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək Qanunla alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödəməlidir. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin sökülməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Məhkəmə tərəfindən kompensasiya məbləğinin müəyyən edilməsi ilə bağlı araşdırmalar aparılarkən məlum olmuşdu ki, iddiaçılar tərəfindən təqdim edilmiş 30 aprel 2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 30 aprel 2019-cu il tarixinə 2.166.000 manat, 1 kvadrat metr üzrə bazar dəyəri 13.000 manat məbləğində müəyyən edilmişdir. Birinci apellyasiya baxışı zamanı mübahisəli qeyri-yaşayış sahəsinin hazırkı bazar qiymətinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmiş, “X1 Company” MMC-nin 18 iyun 2021-ci il tarixli mütəxəssis rəyində X5 mülkiyyətində olmuş və sonradan sökülmüş Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanında 148.8 kv.m sahədən ibarət olmuş qeyri-yaşayış sahəsinin mövcud orta bazar qiyməti 1.488.000 manat, likvid dəyəri isə 1,4 milyon manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi, iş materiallarında olan iki ekspert rəyində mübahisəli qeyri-yaşayış sahəsinin 1 kvadrat metrinin hazırkı bazar qiyməti 10 000 -13 000 manat aralığında müəyyən edilmişdir. Lakin Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən məhkəməyə təqdim edilmiş 28 sentyabr 2021-ci il tarixli məktubunda Bakı şəhəri, Səbail raoynu, Neftçilər prospekti 95 və 97 saylı binalarda yerləşən qeyri-yaşayış sahəsinin 1 kvadrat metrinin bazar qiyməti 2056 manat göstərilmişdir. Göründüyü kimi, cavabdehin təqdim etdiyi qiymətlə ekspert rəylərində göstərilən qiymət arasında kəskin fərq vardır. Odur ki, işin təkrar apellyasiya baxışı zamanı 2008-ci ildə Neftçilər prospektinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu ərazisində olan qeyri-yaşayış sahələrinə dair bağlanan alqı-satqı müqavilələrinin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə məhkəmə sorğusu göndərilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubuna əlavə edilmiş daşınmaz əmlakın alqı-satqı müqavilələrindən müəyyən olunmuşdu ki, iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 91 ünvanda yerləşən ümumi sahəsi 71.7 kv.m olan qeyriyaşayış sahəsinin 2008-ci il tarixdə satiş qiyməti 200.000 manat, Neftçilər prospekti 61 ünvanda yerləşən ümumi sahəsi 102.0 kv.m olan qeyri-yaşayış sahəsinin 2008-ci il tarixdə satiş qiyməti 300.000 manat, ünvan 7 ünvanında yerləşən dördmərtəbəli binanın zirzəmisindəki 101,6 kv.m. qeyri-yaşayış sahəsinin 2008-ci ildə satış qiyməti 117.180 manat, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən 27 nömrəli binanın 2ci mərtəbəsində 92,2 kv.m. olan qeyri-yaşayış sahəsinin 2008-ci ildə satış qiyməti 439.560 manat olmuşdur. Belə olan halda iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin texniki pasportuna əsasən onun faktiki ümumi sahəsinin 166,62 kv.m. olduğu nəzərə alınmaqla və söküntünün aparıldığı dövrdə qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvana (Neytçilər pr: 97) daha yaxın ünvanda yerləşən qeyri-yaşayış sahələrinin (Neftçilər pr: 91 və 61) 2008-ci ilə olan satış qiymətləri notariat qaydada bağlanmış alqı-satqı müqavilələrinə əsasən 1 kv.m. qeyri-yaşayış sahəsinin ortalama 2865 manatdan (maqavilələrdə 71,7 kv.m. – 200.000 man; 102 kv.m. – 300.000 man olduğundan: 200.000 : 71,7 = 2789 manat; 300.000 : 102 = 2941 manat; 2789 + 2941 = 5730 : 2 = 2865 manat) götürülməklə, 477.366 manat (166,62 x 2865 = 477.366) kompensasiyanın tutulmasını məhkəmə kollegiyası daha ədalətli və məqsədəmüvafiq hesab edir. Bundan əlavə, iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarında “iddiaçının iqtisadi marağının da nəzərə alınmalı olması”na münasibətdə məhkəmə kollegiyası tərəfindən araşdırmalar aparılmış və məlum olmuşdu ki, iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin fəaliyyəti dövründə vergi orqanı və digər orqanlara onun gəlirləri və dövriyyəsi barədə məlumatların verilməsini əks etdirən hər hansı sənəd sübut qismində məhkəməyə təqdim olunmamışdır. Bu halda Kollegiya iddiaçının iqtisadi marağının təminatı kimi ona ödəniləcək kompensasiyanın ona məxsus qeyri-yaşayış sahəsinin söküldüyü dövrdən indiyənədək obyektin icarəyə veriləcəyi təqdirdə əldə oluna biləcək gəlirlərə münasibətdə hesablanmasını uyğun görür. Bu məqsədlə 2008-2010-cu illərdə Bakı şəhəri Xaqani küçəsi, 20, Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti, 61, 95 və 97 ünvanlarında yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsinə dair icarə müqavilələrinin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və X14 üzrə Baş İdarəyə məhkəmə sorğuları göndərilmişdir. Həmin sorğulara cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X14 üzrə Baş İdarəsindn məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, uçot-baza məlumatlarına əsasən İddiaçı2 (PİN: xxxxxxx) və İddiaçı1 (PİN: xxxxxxx) vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olmaları habelə, qeyd edilən ünvan üzrə təsərrüfat subyektlərinin (obyektlərinin) qeydiyyatda olması və icarəyə verilməsi barədə məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, dövlət əmlaklarının icarə müqavilələrindən görünür ki, 2006-cı il üzrə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prosekti, 91 ünvanda yerləşən ümumi sahəsi 43.5 kv.m olan qeyriyaşayış sahəsinin illik icarə haqqının məbləği ƏDV-siz AZM ilə 1979250, AZN ilə 395.85 manat, 2008-ci il üzrə həmin ünvanda yerləşən ümumi sahəsi 41.6 kv.m olan qeyri-yaşayış sahəsinin illik icarə haqqının məbləği ƏDV-siz 1397.76 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidməti Bakı şəhəri X14 üzrə Baş İdarəsindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, uçot-baza məlumatlarına əsasən İddiaçı2 (PİN: xxxxxxx) və İddiaçı1 (PİN: xxxxxxx) vergi orqanında vergi ödəyıcısı kimi vergi uçotunda olmaları habelə, qeyd edilən ünvan üzrə təsərrüfat subyektlərinin (obyektlərinin) qeydiyyatda olması və icarəyə verilməsi barədə məlumat müəyyən edilməmişdir. Həmçinin məktuba əlavə edilmiş Bakı şəhəri Səbail rayonu, Neftçilər prospekti, 61, 91, 95, 97, Bakı şəhəri Səbail rayonu, Xəqani küçəsi 20 və Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən bir sıra təsərrüfat subyektləri (obyektləri) barədə “obyekt haqqında məlumat cədvəl”indən görünür ki, Bakı şəhəri Səbail rayonu, Neftçilər prospekti, 91 ünvanında yerləşən, ümumi sahəsi 45 kv.m. olan obyektin 2010-cu il tarixdə icarə haqqı aylıq 500 manat, ümumi sahəsi 52.2 kv.m. olan obyektin 2010-2014-cü il tarixdə icarə haqqı aylıq 1500 manat, Bakı şəhəri Səbail rayonu, Neftçilər prospekti, 61 ünvanında yerləşən, ümumi sahəsi 148 kv.m. olan obyektin 2009-cu il tarixdə icarə haqqı aylıq 150 manat, ümumi sahəsi 6.8 kv.m. olan obyektin 2008-ci il tarixdə icarə haqqı aylıq 100 manat, ümumi sahəsi 23 kv.m. olan obyektin 2006-cı il tarixdə icarə haqqı aylıq 300 manat, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən ümumi sahəsi 54,7 kv.m. olan obyektin aylıq icarə haqqı 1000 manat olmuşdur. Belə olan halda məhkəmə kollegiyası iddiaçılara məxsus sökülmüş 166,62 kv.m. qeyri-yaşayış sahəsinin mövcudluğu dövründə onun icarəyə verilməsini təsdiq edən birbaşa sübutlar olmasa da, söküntünün aparıldığı dövrdə qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvanda olan digər- başqa şəxslərin xüsusi mülkiyyətində olan təxminən 100 - 200 kv.m. ölçüsü olan qeyri-yaşayış sahələrinin icarə haqlarının ortalama olaraq 300-700 manat olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının iqtisadi marağının təminatı kimi ona ödənilməli kompensasiyanın söküntünün aparıldığı 2009-cu il tarixdən hazırki dövrə kimi (14 il üçün) 84000 manat (500 x 12 = 6000 x 14 il = 84000) müəyyən edilməsi daha ağlabatandır. Məhkəmə kollegiyası iddiaçıların “mənəvi zərər”lə bağlı tələbinə münasibətdə isə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında göstərilmişdi ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Buna müvafiq olaraq məhkəmə kollegiyası işin sadalanan hallarını, o cümlədən iddiaçıların 2009-cu ildə sökülmüş qeyri-yaşayış obyektinin sökülməsi ilə bağlı qanunla qorunan hüquqlarını həyata keçirə bilmədiyini və buna görə uzun zaman gedən məhkəmə mübahisələri ilə bağlı onun mənəvi iztirab və sarsıntı keçirdiyinin istisna olunmadığını, həmin mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlılığını nəzərə alaraq mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 5000 manat pulun tutulmasını ağlabatan və ədalətli hesab edir. Kollegiya, həmçinin oxşar işlər üzrə belə bir ümumi prinsipi də nəzərə alır ki, tutulan mənəvi ziyanın məbləği bir tərəfi həddən artıq varlandırmamalı, digər tərəfi isə müflis etməməlidir. O ki qaldı iddiaçıların iddia ərizəsinin sonunda göstərilən “cavabdeh təşkilatın vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin əlamətlərinin olduğuna görə onlar barəsində cinayət işinin başlanılması üçün prokurora xəbər verilməsinə dair xüsusi qərardadın çıxarılması” barədə tələbinə, məhkəmə kollegiyası belə tələbin inzibati məhkəmə icraatının predmeti olmadığını və qanunvericiliklə belə tələbə baxılmadığını nəzərə alaraq həmin tələbi iddia tələbi kimi deyil, iddiaçıların vəsatəti kimi qiymətləndirmiş və hesab etmişdir ki, həmin vəsatət əsassız olduğu üçün təmin olunmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2549/2019 saylı 26 dekabr 2019-cu il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin edilərək, iddiaçılar İddiaçı2 və İddiaçı1 məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanında yerləşən, ümumi sahəsi 166,62 kv.m. olan qeyri-yaşayış sahəsinə dəymiş ziyanın əvəzi olaraq 561.366 manat (477.366 manat + 84 000 manat = 561.366 manat) kompensasiya və mənəvi zərər olaraq 5000 manat məbləğində pul vəsaiti cavabdeh Bakı Şəhər İcra Hakimiyyətindən tutularaq iddiaçıların xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2549/2019 saylı 26 dekabr 2019-cu il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanında yerləşən, ümumi sahəsi 166,62 kv.m. olan qeyri-yaşayış sahəsinə dəymiş ziyanın əvəzi olaraq 561.366 manat (477.366 manat + 84 000 manat = 561.366 manat) kompensasiya və mənəvi zərər olaraq 5000 manat məbləğində pul vəsaiti cavabdeh Bakı Şəhər İcra Hakimiyyətindən tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar