Məhkəmə qərarları › İş №2-1(103)-80/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-80/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-80/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12946/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 2-ci yaşayış massivi (“köhnə bağlar”) ünvanında yerləşən ona məxsus olan 55 saylı, sahəsi 1100 kv.m təşkil edən torpaq sahəsinin Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 807 saylı, 11 mart 1995-ci il tarixli Sərəncamı və digər təqdim edilmiş sənədlər əsasında onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyesrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 807 saylı 11 mart 1995-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi “köhnə bağlar” ərazisində yerləşən mövcud bağ sahəsi İddiaçı adına sənədləşdirilmiş və orada fərdi evin tikintisinə icazə verilmişdir. Sərəncam əsasında torpaq sahəsinin cizgisi Səbail Rayon İcra Hakimiyyəti başçısının qəsəbə nümayəndəsi tərəfindən tərtib edilərək möhürlənmiş və həmin cizgi Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini tərəfindən də əlavə olaraq təsdiq edilmişdir. Cizgiyə 26 yanvar 2005-ci il tarixli, 29 saylı çıxış ştampı vurulmuşdur. Cizgiyə əsasən, 2-ci yaşayış (“Bağlar”) massivindəki 55 saylı, sahəsi 1100 kv.m təşkl edən torpaq sahəsinin yerləşmə parametrləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 05 may 2017-ci il tarixli 1402 saylı Arxiv Çıxarışı ilə Sərəncamın həqiqiliyi müəyyən edilmişdir. Toplanmış sənədlər əsasında iddiaçı cavabdehə müraciət edərək, hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Səbail rayon İcra Hakimiyyəti tərəfindən həmin illərdə verilmiş Sərəncamlarda torpaq sahəsinin ölçüsünün göstərilməməsi rast gəlinən haldır və bu həmin Sərəncamda hüquqların qeydiyyatından imtina üçün əsas olmamalıdır. Məlum olduğu kimi, yerli icra hakimiyyəti orqanının torpaqayırma səlahiyyətləri 2001-ci il 01 yanvar tarixinədək mövcud olmuşdur. İnzibati orqanın qəbul etdiyi inzibati aktda vətəndaşın səlahiyyətlərinə aid olmayan nöqsan varsa belə, bunu əsas gətirərək vətəndaşın hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Belə ki, İcra hakimiyyəti strukturuna daxil olan qurum, yəni X4 tərəfindən tərtib edilmiş yerləşmə cizgisi bəhs edilən torpaq sahəsinin həm ölçüsü, həm də konfiqurasiyası ilə bağlı sualları cavablandırmış olur. Yerləşmə cizgisində iki sxem var. Bir sxem yerləşməni, digər sxem konfiqurasiyanı müəyyən edir. İlk sxemdə istinad olaraq yollar və qonşu sahələr (nömrələri qeyd olunmaqla) göstərildiyindən yerin müəyyən edilməsi çətin deyil. Konfiqurasiya cizgisində isə bütün döngə nöqtələri və onlar arasındakı məsafələr dəqiq qeyd edilmişdir. Yerləşmə cizgisindən, torpaq sahəsinin bir tərəfdən yolun kənarında birinci torpaq sahəsi, digər tərəfdən digər kəsişən ara yolun kənarındakı 54 saylı torpaq sahəsindən sonra olduğu müəyyən edilir. Beləliklə, cavabdehin yerləşmə cizgisində istinad və məsafələrin qeyd olunmaması ilə bağlı göstərmiş olduğu səbəbin həqiqətə uyğun olmadığı aşkardır. Bundan əlavə torpaq sahəsinin bir hissəsinə digər şəxsin müraciətinin mövcud olması ilə bağlı səbəb, əvvəlki imtina səbəbini təkzib edir. Deməli, torpaq sahəsinin yerləşmə yerinin müəyyən edilməsi mümkün olmuşdur ki, həmin yerə dair digər şəxsin müraciətinin olması bildirilir. Digər şəxsin müraciətinin təmin edilməməsi də aşkardır, əks halda cavabdeh imtina məktubunda torpaq sahəsinin digər şəxsin adına qeydə alınmış olmasını göstərməli idi. Belə ki, torpaq sahəsi ayrıldığı vaxtdan fasiləsiz olaraq iddiaçının sahibliyindədir və iddiaçı hər hansı şəxsin bu torpağa dair iddiasının olması halı ilə rastlaşmamışdır. Cizginin memarlıq xidməti tərəfindən təsdiq edilməli olması ilə bağlı tələbi əsassızdır. Belə ki, inzibati orqan olaraq yerli icra hakimiyyəti orqanının aidiyyatı üzrə yerli qurumu cizgini tərtib edərək, təsdiq etmişdir. Bundan əlavə, yerli icra hakimiyyəti başçısının müavini adından həmin cizgi imzalanmış və icra hakimiyyətinin “sənədlər üçün” adlı möhürü ilə təsdiqlənmişdir. Möhürün mövcud olması inzibati orqanın cizginin həqiqiliyini qəbul etməsidir. Memarlıq xidməti tərəfindən təsdiq edilməli olan cizgi, daha səlahiyyətli şəxs olaraq icra hakimiyyəti başçısının müavini tərəfindən təsdiqlənməz idi. Vətəndaş tərəfindən cizginin tərtib edilməsi üçün səlahiyyətli orqan olaraq X3 müraciət edilir, Nümayəndəlik tərəfindən tərtib edilən cizgi də həm Nümayəndəliyin möhürü, həm də yerli icra hakimiyyətinin özünün imza və möhürü ilə təsdiqlənir. Yerli icra hakimiyyətinin dörd il bundan əvvəl yazmış olduğu məktubda dolayısı ilə möhürü dorğu olaraq vurmadıqlarını bildirməsi, həmin möhürün səlahiyyətini heçə endirə bilməz. Həmçinin möhür və imzalarda uyğunsuzluq yoxdur. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12946/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən Səbail rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1995-ci il tarixli, 807 saylı sərəncamında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Elektron kadastr məlumatına əsasən təqdim edilən yerləşmə cizgisində istinad və məsafələr qeyd olunmadığından sənəd üzrə sahəni müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda göstərilən torpaq sahəsinin bir hissəsinə digər şəxs olan X6 xx.xx.2017-ci il tarixli müraciəti mövcuddur. Əlavə olaraq, təqdim edilən Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 807 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyinə qeydiyyat orqanının ciddi şübhəsinin olması səbəbindən Səbail rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq göndərilmiş xx.xx.2018-ci il tarixli, 3110-632 saylı məktubda bildirilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı məxsus Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə dair cizgidə göstərilən tarixdə qüvvədə olan qanunvericilik tələblərinə uyğun olaraq, təqdim olunmuş cizgi memarlıq xidməti tərəfindən təsdiq olunmalıdır. Təqdim olunmuş cizgidən görünür ki, təsdiq edilən möhür və imzalarda uyğunsuzluq mövcuddur və Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmamışdır. Bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsi mürəkkəb relyefli ərazidə yerləşir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdehin etirazının əsası və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqmüəyyən edici sənəd hesab edilir. - 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Apellyasiya şikayətində qeyd edilmişdir ki, yerləşmə cizgisində dəqiq istinad və məsafələr göstərilmədiyindən sənədlə torpaq sahəsini müəyyən etmək mümkün olmamışdır. Göstərilən dəlillə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 807 saylı 11 mart 1995-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi “köhnə bağlar” ərazisində yerləşən mövcud bağ sahəsi İddiaçı adına sənədləşdirilmiş və orada fərdi evin tikintisinə icazə verilmişdir. Sərəncam əsasında torpaq sahəsinin cizgisi Səbail Rayon İcra Hakimiyyəti başçısının qəsəbə nümayəndəsi tərəfindən tərtib edilərək möhürlənmiş və həmin cizgi Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini tərəfindən də əlavə olaraq təsdiq edilmişdir. Cizgiyə 26 yanvar 2005-ci il tarixli, 29 saylı çıxış ştampı vurulmuşdur. Cizgiyə əsasən, 2-ci yaşayış (“Bağlar”) massivindəki 55 saylı, sahəsi 1100 kv.m təşkl edən torpaq sahəsinin yerləşmə parametrləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 176.1-ci maddəsinə əsasən, hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. - 176.2-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. - 176.3-cü maddəsinə əsasən, əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. Göründüyü kimi Mənzil Məcəllənin 176-ci maddə torpaq mülkiyyətçiləri arasında hasarlama xərclərinin bölünməsini, çəkilməsi qaydasını, pozulmuş mərzlərin bərpasını tənzimləyir. Sözügedən qanun normasında torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılmasının zəruri və ya məcburi olması göstərilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya həmçinin qeyd edir ki, qeyd olunan sərəncamla iddiaçıya ayrılmış torpaq sahəsi uzun müddətdir iddiaçının qanuni sahibliyində və istifadəsindədir. Cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən qeyd olunan sərəncam və sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sərəncam və digər sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Hüquqmüəyyənedici sənəd kimi cavabdehə və məhkəməyə təqdim edilmiş Səbail rayon İcra Hakimiyyətinin başçısının 807 saylı 11 mart 1995-ci il tarixli sərəncamının (iddiaçıya torpaq sahəsi ayrılması barədə) həqiqiliyi heç bir şübhə doğurmur, belə ki, qeyd edilən sərəncam Azərbaycan Respublikasının Milli Arxiv Fondunun sənədlərində də mövcuddur. Apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məktub ünvanlanaraq iddiaçının iddia etdiyi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən 55 saylı bağ sahəsi ilə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 11 mart 1995-ci il tarixli 807 saylı sərəncamında və həmin sərəncam əsasında X4 tərəfindən verilmiş situasiya planında qeyd edilən bağ sahəsinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi və iddiaçının iddia etdiyi bağ sahəsinin mürəkkəb relyefli ərazidə yerləşib-yerləşməməsinin müəyyən edilməsi məqsədilə iddiaçının iddia etdiyi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən 55 saylı bağ sahəsinə tərəflərin iştirakı ilə yerli baxış keçirilməsi və müayinə aktının məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. 1 saylı Bakı Ərazi İdarəsinin 02 noyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən şərti sərhədlərlə göstərilmiş sahənin bir hissəsi Azərsu ASC-yə məxsus su boru xətlərinin mühafizə zolağında yerləşir. Həmçinin sahə yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir (mühəndisin rəyinə əsasən). Göstərilən sahəyə X6 ********** nömrəli, xx.xx.2017-ci il tarixli müraciəti olmuşdur (imtina verilib). Bundan başqa sahənin bir hissəsi ********** nömrəli digər şəxsin müraciəti ilə üst-üstə düşür. Cizgidə istinad və məsafələr qeyd edilmədiyindən sahənin mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Sahənin bir hissəsi ümumi yol olmaqla mailli relyefli ərazidir (ərazinin sürüşmə zonası olub-olmaması barədə aidiyyəti təşkilata sorğu verilməlidir). Məktuba əlavə edilmiş müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim olunmayıb.Torpaq sahəsi Badamdar şossesindən 35- 40 metr aralı relyefi mürəkkəb (mayilli- əvvəllər sürüşmə ərazisi olmuş) ərazidə yerləşir. Sahə üzərindən yüksək gərginlikli (10000kv)elektrik hava xətti, həmçinin sahənin bir hissəsində torpaq yol keçir. Həmçinin işin obyektiv araşdırılması məqsədilə Səbail rayon İcra Hakimiyyətinə sorğu ünvanlanaraq Səbail rayon İcra Hakimiyyəti Başçısının “Badamdar qəsəbəsəində “Köhnə bağlar” ərazisində mövcud bağ sahələrinin sənədləşdirilməsi” barədə 807 saylı, 11 mart 1995-ci il tarixli sərəncamına əsasən vətəndaşlara ayrılmış torpaq sahələrinə dair cizgi planın həmin sərəncama əlavə olaraq təqdim edilib-edilməməsi, həmin sərəncamın hansı torpaq sahələrini (ünvan, ölçü və s.) əhatə etməsi, sözügedən sərəncama əsasən həmin tarixdə və ya daha sonra İddiaçı hər hansı cizginin verilib-verilməməsi, iş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilən 26 yanvar 2005-ci il tarixli yerləşmə cizgisi X4 tərəfindən tərtib edilərək, Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini V.Muxtarov tərəfindən təsdiq edilmişdir. Həmin dövrdə X2 Yerləşmə cizgisini (ünvan, sahə müəyyən edilməklə) tərtib etmək və Səbail rayon İcra Hakimiyyəti Başçısının müavinin təsdiq etmək kimi səlahiyyətlərinin olub-olmaması barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi xahiş edilmiş, sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 807 saylı, 11,03.1995-ci il tarixli sərəncamı, onun tərkib hissələri olan digər sənədlər (sxem və s.) və X2 26.01,2005-ci il tarixli yerləşmə cizgisi Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Apellyasiya icraatı zamanı 26 yanvar 2005-ci il tarixli X4 tərəfindən tərtib edilərək, Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini V.Muxtarov tərəfindən təsdiq edilmiş yerləşmə cizgisinin əsli məhkəməyə təqdim edilmiş, Səbail rayon İcra Hakimiyyətinin sorğuya cavab məktubunda həmin yerləşmə cizgisinin mötəbərliyini şübhə altına alacaq halların mövcudluğuna istinad edilməmiş, sadəcə yerləşmə cizgisinin İcra Hakimiyyətinin arxivində aşkar edilməməsi qeyd edilmişdir. Yerləşmə cizgisinin arxivdə aşkar edilməməsi isə iddiaçının ziyanına şərh edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının 807 saylı, 11 mart 1995-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinə iddiaçının mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” var. Analoji hüquqi mövqə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1985/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cu il tarixli, həmçinin, 2-1(102)-752/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cu il tarixli qərarlarında da öz təsdiqini tapmışdır. Həmçinin, məhkəmə kollegiyası torpaq sahəsinə digər şəxsin müraciətinin olması dəlilinə cavab olaraq qeyd edir ki, iddia olunan sahəyə digər şəxsin müraciətinin olması qanunvericiliyə əsasən imtina əsası hesab edilmir. Belə ki, məhkəmə araşdırmaları zamanı torpaq sahəsinin digər müraciət edən şəxsə məxsus olmasına dair, onun istifadəsində olmasına dair heç bir sübut təqdim edilməmişdir. Bunun əksinə, həmin şəxsin müraciətinə imtina verildiyi bildirilmişdir. Məhkəmə kollegiyası həmçinin, apellyasiya şikayətinin dəlillərində qeyd edilməsə də, müayinə aktında qeyd edilən torpaq sahəsinin elektrik xəttinin, su borusunun mühafizə zonasında yerləşməsi dəlilinə cavab olaraq qeyd edir ki, qeyd edilən hallar da imtinaya əsas ola bilməz. Belə ki, torpaq sahəsinin iddiaçının mülkiyyətinə verildiyi vaxtda qüvvədə olan 1991-ci il 9 noyabr tarixli Torpaq Məcəlləsinin 81-ci maddəsində qeyd edilir ki, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, sahibləri və istifadəçiləri aidiyyəti üzrə mülkiyyət, sahiblik və istifadə hüququndan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, torpaq sahibləri və torpaq istifadəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Həmçinin 1999- cu il 25 iyun tarixli Qanunla təsdiq edilmiş və hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarıxli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxari olan elektrik şəbəkələrinin mühafizəsi» Qaydalarının 3-cü bəndində qeyd edilir ki, elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır. Həmin Qaydaların 5-ci bəndində qeyd edilir ki, hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində >1≤20 Un, KV gərginliyində 10 metr elektrik şəbəkəsinin mühafizəsi zonası müəyyən edilmişdir. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfındən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6-cı bənd); Elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə «Tikinti Normaları və Qaydaları»na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların yolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir (9-cu bənd); Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; Beləliklə, qüvvədə olan qanunvericilik elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadəyə verilməsini istisna etməsə də, mühafizə zonasına aid torpaq sahəsinin istifadəçisi qeyd olunan Qaydaların 12-ci bəndinə nəzərdə tutulmuş işləri elektrik şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan apara bilməz. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Analoji hüquqi mövqə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-239/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarında, 2-1(102)-1405/2020 saylı iş üzrə 01 iyul 2020-ci il tarixli qərarında, 2- 1(102)- 864/2020 saylı iş üzrə 02 iyun 2020-ci il tarixli qərarında, 2-1(102)-445/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il qərarında, 2-1(102)-1153/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarında da öz təsdiqini tapmışdır. Beləliklə, qüvvədə olan qanunvericiliyin və mövcud məhkəmə təcrübəsinin tələblərinə əsasən torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonasında yerləşməsi, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün maneə yaratmır. Eyni halı su borsunun mühafizə zonasına düşən torpaq sahələri ilə bağlı da qeyd etmək olar. Bu səbəbdən kollegiya müayinə aktında qeyd edilən halların da imtinaya əsas hesab edilmədiyini bir daha vurğulayır. Bundan əlavə müayinə aktında göstərilən topraq sahəsinin əvvəllər sürüşmə zonası olması ilə bağlı məqam qeyd edilsə də, cavabdeh apellyasiya şikayətində iddia olunan torpaq sahəsinin mürəkkəb relyefli olması dəlilini irəli sürmüşdür. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, torpaq sahəsinin relyefinin mürəkkəb olması isə hələ həmin sahənin sürüşmə zonası hesab edilməsi anlamına gəlmir. Cavabdeh inzibati orqan da həmçinin, buna dair sübut təqdim edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur . - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilmə Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12946/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar