Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-80/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair vahid əmlak şəklində çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2023cü il tarixli, 2-1(112)-5972/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi və bu mənzilə bitişik eyni ünvanda yerləşən qeyri-yaşayış sahəsi ilə birlikdə ümumi əmlaka dair vahid reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda 26.6 kv.m sahəli qeyriyaşayış sahəsi müvafiq təsdiqedici sənədlər əsasında onun mülkiyyətindədir. xx.xx.2021ci il tarixli Nəsimi rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmış, buna dair bildiriş verilmişdir. Bu sərəncam xx.xx.2021ci il tarixli Texniki Komissiyanın rəyi və qəbul aktı əsasında qəbul edilmişdir. Bu mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi və qeyd edilən ünvanda olan digər qeyri-yaşayış sahəsində aparılan dəyişikliklərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixində iddiaçı tərəfindən müraciət olunmuş, buna dair xx.xx.2021-ci il tarixli, **********67 cavab məktubu ilə bildirilmişdir ki, “idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı mənzilə bitişik əlavə 17.8 kv.m sahə və 3.7 kv.m eyvan inşa edildiyi müəyyən edilmişdir. Qeyd edilən ünvanda yerləşən ona məxsus digər qeyri-yaşayış sahəsində yenidənqurma işləri aparılaraq ümumi sahə artırılmışdır və buna dair hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir.” xx.xx.2022-ci il tarixində yenidən müraciət edərək, əlavə tikilmiş sahələrin qeydiyyata alınmamasını, əlavə tikilmiş 17.8 kv.m sahə və 3.7 kv.m eyvanın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsini bildirmiş və təqdim etdiyi hüquqmüəyyənedici sənədlər əsasında mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi və yanındakı qeyri-yaşayış sahəsi ilə birlikdə ümumi əmlaka dair vahid çıxarış verilməsini xahiş etmişdir. Lakin, bu günə qədər bu müraciətinə hər hansı cavab verilməmişdir. Sonuncu dəfə iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək ünvan 3 ünvanında yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi və bu mənzilə bitişik eyni ünvanda yerləşən qeyriyaşayış sahəsi ilə birlikdə ümumi sahəsi 182.65 kv.m təşkil edən əmlaka vahid reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq tələblə xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı mənzilə bitişik əlavə 17.8 kv.m sahə və 3.7 kv.m eyvan inşa edildiyi müəyyən edilmişdir. İnşa edilmiş sahənin altında yerləşən torpaq sahəsi birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulur və ümumi paylı mülkiyyət hüququ ilə bütün mülkiyyətçilərə məxsus sahədir. Qeyd edilən ünvanda yerləşən ona məxsus digər qeyri-yaşayış sahəsində yenidənqurma işləri aparılaraq ümumi sahə artırılmışdır və artırılmış sahəyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin bildirilmişdir ki, mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sənədlərin əsli İdarəyə təqdim ediləcəyi təqdirdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacağı barədə iddiaçıya xx.xx.2021-ci il tarixli, **********67 saylı və xx.xx.2022-ci il tarixli, **********91 saylı cavab məktubları ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-1(112)-5972/2023 saylı qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilərək, ünvan 3 ünvanında yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının qeyri-yaşayış sahəsinə keçirilməsi və bu mənzilə bitişik eyni ünvanda yerləşən qeyri-yaşayış sahəsi ilə birlikdə onun ümumi sahəsi 182.65 kv.m (102.6 kv.m + 80.05 kv.m) hesab edilməklə birgə əmlak kimi vahid reyestrdən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan iddiaya etirazın məzmunu ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, Bakı İnzibati Məhkəməsi tərəfindən mənzil sahəsinin həqiqi yeri müəyyən edilməmiş və mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi qanuni əsaslarla qeydiyyata alınıbalınmaması ilə bağlı araşdırma aparılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-1(112)-5972/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli **********67 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı mənzilə bitişik əlavə 17.8 kv.m sahə və 3.7 kv.m eyvan inşa edildiyi müəyyən edilmişdir. İnşa edilmiş sahənin altında yerləşən torpaq sahəsi birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulur və ümumi paylı mülkiyyət hüququ ilə bütün mülkiyyətçiərə məxsus sahədir. Qeyd edilən ünvanda yerləşən ona məxsus digər qeyri-yaşayış sahəsində yenidənqurma işləri aparılaraq ümumi sahə artırılmışdır və buna dair hüquqmüəyyəndici sənədlər əlavə edilməmişdir. - Birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3- 21-3-30/2-12386/2023 **********6 nömrəli mətubla ünvan 5, 35 saylı mənzilə dair İdarənin arxivində olan müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, mənzilə bitişik ümumi sahəsi 26.6 kv.m olan qeyri-yaşayış sahəsinin qeydiyyatdan keçməsinə dair məlumat İdarənin arxivində aşkar edilməmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 5 ünvanında yerləşən 35 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə reyestr kitabında 394-cü səhifə, 56778 nömrə ilə xx.xx.1995-ci il tarixə qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən X4 həqiqətən Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy küçəsi, ev 193 ünvanında yerləşən 26.6 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyətçisidr. Onun mülkiyyət hüquqları 1 nömrəli reyestr kitabının 9-cu səhifəsində, 000064 qeydiyyat nömrəsi ilə xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmışdır. - Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən 5-15/2-6-602/23 nömrəli xx.xx.2023-cü il tarixli məktubla təqdim edilmiş Nəsimi rayon İcra Hakimiyyəti başçısının 208 nömrəli 16 avqust 2021-ci il tarixli sərəncamı, həmin sərəncama əlavə edilmiş “Yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi haqqında bildiriş”, X1 81 nömrəli xx.xx.2021-ci il tarixli qəbul aktı və rəyi əlavə edilmişdir. Həmin sərəncama əsasən, vətəndaş İddiaçı rayon İcra Hakimiyyətinə müraciət edərək, Nəsimi rayonu, Tolstoy küçəsi 193 saylı evin 1-ci mərtəbəsində yerləşən, ona məxsus 35 saylı mənzilinin ölçülərinin dəqiqləşdirilməsinə və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçrilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, Tolstoy küçəsi 193 saylı evin, 35 saylı mənzili TİMHQİ-nin 30/56778 saylı, xx.xx.1995-ci il tarixli Qeydiyyat Vəsiqəsinə və şəxsi hesab vərəqəsinə əsasən tam mülkiyyət hüququ ilə yaşayış sahəsi 62.03 kv.m, ümumi sahəsi 76.0 kv.m-dən ibarət olmaqla vətəndaş İddiaçı məxsusdur. Komissiya üzvləri tərəfindən ünvanda aparılan yenidənölçmə zamanı aşkar edildi ki, sözügedən mənzilin faktiki ümumi sahəsi 102.6 kv.m təşkil edir. Ümumi sahədəki fərq, mənzildə aparılmış təmir-tikinti, rekonstruksiya və yenidənqurma işləri səbəbindən yaranmışdır. Hazırda mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunur və qonşu mənzillərdən təcrid olunmuş ayrıca giriş-çıxışı vardır. Vətəndaşın müraciətini, təqdim edilmiş sənədləri nəzərə alaraq, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrinə əsasən, Nəsimi RİH nəzdində İdarələrarası komissiyanın rəyi təsdiq edilərək vətəndaş İddiaçı məxsus Nəsimi rayonu, Tolstoy küçəsi 193 saylı evin 1-ci mərtəbəsində yerləşən 35 saylı mənzilinin ümumi sahəsi 102.6 kv.m hesab edilərək qeyri-yaşayış sahəsinə keçirilmişdir. -Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 209 nömrəli 16 avqust 2021-ci il tarixli sərəncamına əsasən ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsi AR İİN Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 000064 saylı, xx.xx.2003-cü il tarixli Şəhadətnaməsinə əsasən ümumi sahəsi 26,6 kv.m-dən ibarət olmaqla vətəndaş İddiaçı məxsusdur. Komissiya üzvləri tərəfindən ünvanda aparılan yenidən ölçmə zamanı aşkar edilmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 80,05 kv.m təşkil edir. Ümumi sahənin 40,12 kv.m hissəsini 1-ci mərtəbə, 39,93 kv.m hissəsini isə mansard (antresol) sahə təşkil edir. Ümumi sahədəki fərq, qeyriyaşayış sahəsində aparılmış təmir-tikinti, rekonstruksiya və yenidənqurma işləri səbəbindən yaranmışdır. Vətəndaşın müraciətini, təqdim edilmiş sənədləri nəzərə alaraq, Nəsimi RİH nəzdində İdarələrarası komissiyanın rəyi təsdiq edilərək vətəndaş İddiaçı məxsus ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 80,05 kv.m (1-ci mərtəbə 40,12 kv.m, mansard (antresol) hissə 39,93 kv.m) kv.m hesab edilmişdir. Beləliklə iş materiallarından və işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı ünvan 3 ünvanında yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi və bu mənzilə bitişik eyni ünvanda yerləşən qeyri-yaşayış sahəsi ilə birlikdə ümumi sahəsi 182,65 kv.m təşkil edən əmlaka vahid reyestrdən çıxarışın verilməsi tələbi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh qeyd olunan səbəblərdən tələbin təmin olunmasından imtina etmişdir: İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı mənzilə bitişik əlavə 17,8 kv.m sahə və 3,7 kv.m eyvan inşa edildiyi müəyyən edilmişdir. İnşa edilmiş sahənin altında yerləşən torpaq sahəsi birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulur və ümumi paylı mülkiyyət hüququ ilə bütün mülkiyyətçilərə məxsus sahədir. Qeyd edilən ünvanda yerləşən ona məxsus digər qeyri-yaşayış sahəsində yenidənqurma işləri aparılaraq ümumi sahə artırılmışdır və buna dair hüquqmüəyyəndici sənədlər əlavə edilməmişdir. Bundan sonra iddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı tam təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 5 ünvanında yerləşən 35 saylı mənzil, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy küçəsi, ev 193 ünvanında yerləşən 26,6 kv.m qeyri-yaşayış sahəsi iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 208 nömrəli 16 avqust 2021-ci il tarixli sərəncamına əsasən Nəsimi RİH nəzdində İdarələrarası komissiyanın rəyi təsdiq edilərək vətəndaş İddiaçı məxsus Nəsimi rayonu, Tolstoy küçəsi 193 saylı evin 1-ci mərtəbəsində yerləşən 35 saylı mənzilinin ümumi sahəsi 102,6 kv.m hesab edilərək qeyri-yaşayış sahəsinə keçirilmiş, eləcə də, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 209 nömrəli 16 avqust 2021-ci il tarixli sərəncamına əsasən Nəsimi RİH nəzdində İdarələrarası komissiyanın rəyi təsdiq edilərək vətəndaş İddiaçı məxsus ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 80,05 kv.m (1-ci mərtəbə 40,12 kv.m, mansard (antresol) hissə 39,93 kv.m) hesab edilmişdir. İşdə olan müvafiq icra hakimiyyəti orqanının qəbul aktının surətindən görünür ki, iddiaçıya məxsus mənzili və ona bitişik olan qeyri-yaşayış sahəsinin ümumi sahələrindəki fərq mənzildə və həmin qeyri-yaşayış sahəsində aparılmış rekonstruksiya, təmir-bərpa, yenidənqurma işləri səbəbindən yaranmışdır. Mənzil iddiaçı tərəfindən qeyri-yaşayış sahəsi kimi istifadə olunur, digər qeyri-yaşayış sahəsi də onun istifadəsindədir və sözügedən sahələrin qonşu sahələrdən təcrid olunmuş ayrıca giriş-çıxışı vardır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi ünvan 3 ünvanında yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının qeyri-yaşayış sahəsinə keçirilməsi və bu mənzilə bitişik eyni ünvanda yerləşən qeyri-yaşayış sahəsi ilə birlikdə birgə əmlak kimi vahid reyestrdən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, həmin əmlakların sahəsi barədə yanlışlığa yol vermişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyun 2024-cü il tarixli, 2-1(103)-1925/2024 saylı qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4883 nömrəli rəyinə əsasən ünvan 3 ünvanında yerləşən təqdim olunmuş mənzilin (faktiki qeyri-yaşayış sahəsi) ümumi sahəsinin 102,6 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Baxış zamanı müəyyən olunanlara və Nəsimi rayon İcra Hakimiyyəti başçısının “Vətəndaş İddiaçı mənzilinin ölçülərinin dəqiqləşdirilməsi və qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” 208 nömrəli, 16 avqust 2021-ci il tarixli sərəncamında qeyd olunanlara əsasən, ümumi sahəsi 76.0 kv.m-dən ibarət olmaqla vətəndaş İddiaçı məxsus sözügedən mənzilin faktiki ümumi sahəsinin 102.6 kv.m olması ilə əlaqədar sahədəki fərq mənzildə aparılmış təmir-tikinti, rekonstruksiya və yenidənqurma işləri ilə əlaqədar olduğu müəyyən edilir. Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy küçəsi, ev 193 ünvanında yerləşən 26.6 kv.milik qeyri-yaşayış sahəsi kimi təqdim olunan qeyri-yaşayış sahəsinin faktiki sahəsinin 80,5 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Baxış zamanı müəyyən olunanlara və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 209 nömrəli, 16 avqust 2021-ci il tarixli sərəncamına əsasən, ünvan 6 ünvanda yerləşən Azərbaycan Respublikası İİN Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 000064 saylı, xx.xx.2003cü il tarixli Şəhadətnaməsi ilə İddiaçı məxsus 26.6 kv.m qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 80.5 kv.m olması ilə əlaqədar sahədəki fərq qeyri-yaşayış sahəsində aparılmış təmir-tikinti, rekonstruksiya və yenidənqurma işləri səbəbindən yaranmışdır. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən xx.xx.2024-cü il tarixdə yerli baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, mənzilin 1 yaşayış sahəsi (13.5 m2) sahə qeyri-yaşayış sahəsinə birləşib və üstündə çardaq mərtəbəsi quraşdırılıb. Mənzil № 35 faktiki olaraq qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərir. L.Tolstoy küçəsi istiqamətə olan pəncərə oyuq qapı ilə əvəz olunub və artırılmış sahə var. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, iddiaçıya məxsus dövlət qeydiyyatından keçmiş olan Tolstoy küçəsi, ev 193, mənzil 35 və eyni ünvanda qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və mövcud vəziyyət eskizi tərtib edilmişdir. Mənzilin 1 yaşayış sahəsi (13.5 m2) sahə qeyriyaşayış sahəsinə birləşib və üstündə çardaq mərtəbəsi quraşdırılıb. Mənzil № 35 faktiki olaraq qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərir. L.Tolstoy küçəsi istiqamətə olan pəncərə oyuq qapı ilə əvəz olunub və artırılmış sahə var. Hüquqmüəyyənedici sənədlərə əsasən qeyri-yaşayış sahəsinin ölçüsü 26.6 m2, mənzilin sahəsi isə 88.0 m2 müəyyən edilmişdir. Qeyd olunan hüquqmüəyyənedici sənədlərə əsasən müəyyən edilir ki, Tolstoy küçəsi, ev 193, mənzil 35 ünvanında yerləşən əmlakların ümumi sahəsi 114.4 m2dir. Birinci instansiya məhkəməsi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 208 nömrəli 16 avqust 2021-ci il tarixli sərəncamına, Nəsimi RİH nəzdində İdarələrarası komissiyanın rəyinə və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 209 nömrəli 16 avqust 2021-ci il tarixli sərəncamlarına istinad edərək qeyd olunan ünvanda yerləşən əmlakın ümumi sahəsinin 182.65 kv.m (102.6 kv.m + 80.05 kv.m) olması qənaətinə gəlsə də, həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmadığından məhkəmə bu hissədə səhvə yol vermişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.8-ci maddəsinə əsasən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. Həmin Məcəllənin 21.9-cu maddəsinə əsasən Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 24.5-ci maddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 24.6-cı maddəsinə əsasən Bu Məcəllənin 24.5-ci maddəsində nəzərdə tutulmuş sənəd yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılması üçün əsasdır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı qismən əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı “ünvan 3 ünvanında yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının qeyri-yaşayış sahəsinə keçirilməsi və bu mənzilə bitişik eyni ünvanda yerləşən qeyri-yaşayış sahəsi ilə birlikdə 68,25 kv.m sahəsinə (182,65-114,4=68,25) birgə əmlak kimi vahid reyestrdən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” hissəsində ləğv edilməli, iddia qismən - ünvan 3 ünvanında yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının qeyri-yaşayış sahəsinə keçirilməsi və bu mənzilə bitişik eyni ünvanda yerləşən qeyri-yaşayış sahəsi ilə birlikdə onun ümumi sahəsi 114,4 kv.m (88,0 kv.m + 26,4 kv.m) hesab edilməklə birgə əmlak kimi vahid reyestrdən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi hissəsində təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-1(112)-5972/2023 saylı qərarı “ünvan 3 ünvanında yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının qeyri-yaşayış sahəsinə keçirilməsi və bu mənzilə bitişik eyni ünvanda yerləşən qeyri-yaşayış sahəsi ilə birlikdə 68,25 kv.m sahəsinə (182,65-114,4=68,25) birgə əmlak kimi vahid reyestrdən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” hissəsində ləğv edilsin. İddia qismən - ünvan 3 ünvanında yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının qeyri-yaşayış sahəsinə keçirilməsi və bu mənzilə bitişik eyni ünvanda yerləşən qeyri-yaşayış sahəsi ilə birlikdə ümumi sahəsi 114.4 kv.m (88.0 kv.m + 26.4 kv.m) hesab edilməklə birgə əmlak kimi vahid reyestrdən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi hissəsində təmin edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-80/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-80/2025
11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver