Məhkəmə qərarları › İş №2-1(103)-800/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-800/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-800/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-2816/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsi tərəfindən hərbi xidmətə çağırılmış və xx.xx.2012-ci il tarixdə hərbi hissəyə göndərilmişdir. Hərbi xidmətini qüsursuz başa vurub, zəruri bilik və bacarıqlara yiyələnmişdir. 01 yanvar 2014-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır.“44 günlük Vətən Müharibəsi” başladığı andan etibarən könüllü kimi ordu sıralarına qatılmaq üçün müraciətlər etmişdir. 29 sentyabr 2020-ci il tarixdə döyüşlərə qatılmışdır. Belə ki, ilk öncə N saylı hərbi hissənin tərkibində Füzuli rayonuna döyüşə yollanaraq düşmənə qarşı döyüşmüşdür. Daha sonra döyüşlər Xocavənd və Laçın rayonları istiqamətində davam etmişdir. Xocavənd və Laçın rayonları istiqamətində gedən döyüş əməliyyatlarında döyüş yoldaşları ilə birlikdə qəhrəmancasına döyüşmüşdür. Bu barədə hərbi biletində müvafiq qeydlər aparılmışdır. “44 günlük Vətən Müharibəsi” başa çatdıqdan sonra xx.xx.2020-ci il tarixə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Döyüş əməliyyatları zamanı döyüş yoldaşlarının cansız, başsız bədənlərini görmək ona psixoloji cəhətdən çox ağır təsir etsə də, düşmənə qarşı amansız olmağına, qisas, intiqam hissinin yüksək səviyyədə olmasına səbəb olmuşdur. Gedən döyüş əməliyyatları zamanı başından qəlpə yaraları almışdır. Ona zəruri tibbi yardım göstərilmiş, təkidlə hərbi hospitala yerləşməli olduğunu, güclü psixoloji problemləri yarandığına görə döyüşə bilməyəcəyini bildirmişdirlər. Lakin bütün bunlara baxmayaraq, o, döyüş yoldaşlarından ayrılmayacağını bildirib, təkidlə döyüşlərə qatılmışdır. Müharibə bitdikdən dərhal sonra onu başından və qolundan aldığı ağır xəsarətlərə görə, habelə gözləri görmədiyi üçün dərhal Füzuli rayonunda yerləşən hərbi hospitala yerləşdirmişlər. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 2665 saylı Xəstləlik haqqında şəhadətnamə”dən görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin rəisinin xx.xx.2023cü il tarixli, 6 nömrəli göndərişi ilə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Həmin şəhadətnamədən görünür ki, diaqnoz və xəsarətin, xəstəliyin səbəbli əlaqəsi haqqında hhk-nın qərarı: Fəlakət (müharibə) keçirdikdən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, psixopatabənzər davranışlar və depressiv əlamətlərlə. Gərginlik tip baş ağrısı. Sağ əlin İ-İİ barmaqlarının, alın nahiyəsinin sağ yarısının çapıqları olmuşdur. HHK-nin hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 18a maddəsinin İİ qrafasına və ƏT C (Azərbaycan Respublikası N azirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. 1 nəfər müşayiətçiyə zərurət var. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbli əlaqəsi ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarxidə Respublika Psixiatriya Xəstəxanasına daxil olmuş xx.xx.2022-ci il tarixdə çıxmışdır. İddiaçı Posttravmatik stress pozuntusu, uzunmüddətli depressiv əlamətlərlə F43.1 diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarxidə Respublika Psixiatriya Xəstəxanasına daxil olmuş xx.xx.2023-cü il tarixdə çıxmışdır. Vəziyyəti pisləşdiyi üçün Həkim Məsləhət Komissiyasına təqdim olunmuşdur. İddiaçı Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, ifadə olunmuş psixopatabənzər davranışla F62.0 diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarxidə Respublika Psixiatriya Xəstəxanasına daxil olmuş xx.xx.2023-cü il tarixdə çıxmışdır. İddiaçı Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, ciddi davranış pozuntuları ilə F62.0 diaqnozu qoyulmuşdur. Cavabdeh iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, ifadə olunmuş psixopatabənzər davranışla. Posttravmatik stress pozuntusu, uzunmüddətli depressiv əlamətlərlə. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-2816/2024 saylı qərarı ilə (hakim H.A.Ağalarov) iddia təmin edilmiş; İddiaçı xx.xx.2023-cü il tarixli E00093276LRT nömrəli tibbi göndəriş əsasında əlilliyin təyin edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilmişdir. Cavabdeh Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-2816/2024 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi işi yetərincə araşdırmadan, iddianın mümkünlüyü (müddət) məsələsini həll etmədən, sırf ekspert rəyində vətəndaşın qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurqulamışdır. Halbuki diaqnozun mövcudluğu hələ əlillik təyinatına əsas vermir. Belə ki, həmin diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilmir. Sözügedən hal vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə eyni zamanda prosessual müddətin ötürülməsi məsələsinə də əhəmiyyət verməmişdir. Həmçinin əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilmədiyindən, diaqnoz və ağırlaşmalar müayinələrlə təsdiqlənmədiyindən E00093276LRT saylı göndərişin əsasında orqanizmin funksiyalarının pozulma faizinin təyinatının aparılması mümkün olmamışdır. Belə ki, göndərişdə qeyd edilən diaqnoz və ağırlaşmaları həm köməkçi diaqnostik müayinələrlə, həm də həkim mütəxəssislərin obyektiv müayinələri ilə təsdiqlənməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdehn nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, iddiaçının əvvəllər əlilliyi mövcud olmayıb. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(122)-14706/2023 saylı qərardadının icrası məqsədilə Bakı 2 nömrəli Klinik Xəstəxanasının Y00121793RVİ saylı göndərişi əsasında iddiaçının orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirilməsi üçün qeydiyyatda olduğu ünvana çağırış məktubu göndərməklə və telefon vasitəsilə xx.xx.2024cü il tarixə əyani müayinəyə dəvət edilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən iddiaçıda hal-hazırda qüvvədə olan 189 saylı Əsasnaməyə uyğun olaraq 35 faizi keçən sözügedən ağırlaşmalar mövcud deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 tərəfindən verilmiş T 467/2024 saylı ekspert rəyi ilə də razı deyil. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 tərəfindən verilmiş T 467/2024 saylı ekspert rəyi kifayət qədər əsaslandırılmamış, məhkəmənin qoyduğu suallara cavab verilməmişdir. Rəylə razı olmasalar da, tərəflərindən təkrar ekspertizanın keçirilməsi barədə vəsatət verilməmiş, belə ki, təkrar ekspertiza təyin edilsə də, mahiyyətcə eyni rəy gələcək. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, o, 44 günlük Vətən Müharibəsi döyüşlərində iştirak etmiş, travma almışdır. Hal-hazırda baş ağrısından, əsəbilikdən, yuxunun pozulmasından əziyyət çəkir, reaksiyalarına nəzarət etmək iqtidarında deyil. Buna görə də işləyə bilmir. İlin demək olar ki, 10 ayı müalicə alır. Hal-hazırda da xəstəxanada yarım stasionar müalicədədir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən aşağıdakılar müəyyən edilir: - İddiaçı barəsində verilən xx.xx.2023-cü il tarixli E00093276LRT nömrəli göndərişdə - Əsas diaqnoz və ağırlaşmaları: “F62.0 - Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, ifadə olunmuş psixopatabənzər davranışla; F43.1 - Postravmatik stress pozuntusu, uzunmüddətli depressiv əlamətlərlə.” qeyd olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1202/2024 nömrəli qərarında qeyd edilmişdir ki, iddiaçı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, yuxunun pozulmasından, konfliktə meyilli olmasından şikayətlənmişdir. Müayinə otağına özündən əmin davranışlarla daxil olmuş, zahirən səliqəli, baxımlı olmuşdur. Davamlı göz təması qurmuş, lakin spesifik suallarda baxışları yayınmışdır. Sualları qavramış, mahiyyətinə uyğun, lakin passiv-aqressiv tərzdə cavablandırmış, seçdiyi cümlələr və davranışları ilə həm xarakter, həm də fiziki olaraq üstünlüyünü nümayiş etdirməyə çalışmışdır. Uzun illər professional döyüşçü kimi fəaliyyət göstərmiş, hətta müharibədən sonra ölkə xaricində yarışlarda iştirak etmişdir (Beynəlxalq döyüşlərdə iştirak üçün sağlamlıq haqqında arayışın təqdim olunmasının zəruriliyini nəzərə almalı). Fikirlərinin ziddinə gedilməsini xoşlamayaraq spesifik suallardan yayınmışdır. Müayinə sonunda həkim tərəfindən verilən “Aqressivliyinizin müharibədə düşmənə qarşı nifrət zəminində yarandığını vurğuladınız. Hazırda düşmənlər ətrafınızda deyil. Əsəbilik anında həmvətənlilərinizlə düşmən arasında olan fərqi mühakimə edə bilmirsiniz?” sualını cavablandıra bilməmiş, yayınmaq üçün mütəxəssisə aqressivlik göstərərək müayinəni dayandırmışdır. Əhval-ruhiyyə fonu, emosional-iradi sferası normal diapozonda, maraq və motivasiyasına sinxron olmuş, müayinə zamanı patologiya aşkarlanmamışdır. Dissosial davranışlarını müharibə ilə əlaqələndirmiş, lakin anamnestik məlumatlara əsasən bu cür davranışlar müharibədən öncə də mövcud olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakət keçirdikdən sonra şəxsiyyətin patoloji inkişafı, dissosial (agressiv) meyllər və psixopatabənzər davranış” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv simpomatika qeyd olunmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(122)-14706/2023 saylı qərardadı nəzərə alınmaqla bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diagnostik, laborator rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilmədiyindən, diagnoz və ağırlaşmalar müayinələrlə təsdiqlənmədiyindən E00093276LRT saylı göndərişin əsasında orqanizmin funksiyalarının pozulma faizinin təyinatının aparılması mümkün olmamışdır. Belə ki, göndərişdə qeyd edilən diaqnoz və ağırlaşmaları həm köməkçi diagnostik müayinələrlə, həm də həkim mütəxəssislərin obyektiv müayinələri ilə təsdiqlənmədiyindən diaqnoz öz təsdiqini tapmaması barədə qərar verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 tərəfindən verilmiş T 467/2024 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... İddiaçı adına Bakı 2 nömrəli X2 tərtib edilmiş xx.xx.2023-cü il tarixli E00093276LRT nömrəli göndərişdə qeyd edilmişdir ... “Xəstəliyin başlanma tarixi: xx.xx.2020-ci il, gedişatı xronikidir. XBT10 kodu ilə: Əsas diaqnoz: F62.0- Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, ifadə olunmuş psixo-patabənzər davranışla; Ağırlaşmalar: F43.1- Postravmatik stress pozuntusu, uzunmüddətli depressiv əlamətlərlə. ... Araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 2665 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə Fəlakət (müharibə) keçirtdikdən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, psixopatabənzər davranışlar və depressiv əlamətlərlə, əminlik tip bas ağrısı. Sağ əlin İ-V barmaqlarının, alın nahiyəsinin sağ yarısının çapıqları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. ... Beləliklə, vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə olan diaqnoz ona stasionarda müayinə və müalicələri zamanı anamnestik, klinik, laborator-instrumental müayinələrin əsasında qoyulsa da, DTSERA-da xx.xx.2023-cü il tarixdə əyani müayinəsi zamanı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakət keçirdikdən sonra şəxsiyyətin patoloji inkişafı, dissosial (aqressivj meyllər və psixopatabənzər davranış" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv simpomatika qeyd olunmamışdır”. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 98 saylı rəyindən görünür ki, iddiaçıda “üzvi şəxsiyyət pozuntusu” müəyyən edilmiş, onda aşkarlanan şəxsiyyət dəyişikliyinin kəskinlkəşməsi ehtimalının olması nəzərə alınaraq nəzarət altında saxlanması, ev şəraitində müalicəsinin davam etdirilməsi məsləhət görülmüşdür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 xx.xx.2025-ci il tarixli, 235 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə arayışı verən xəstəxanaya gündüz stasionarı şöbəsinə yarım stasionar rejimli müalicəyə qəbul olunub, hal-hazırda müalicəsi davam edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1-ci bəndinə əsasən, insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: özünəqulluq bacarığı; sərbəst hərəkətetmə bacarığı; istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı; davranışına nəzarətetmə bacarığı; öyrənmə bacarığı; əmək fəaliyyəti bacarığı. Əsasnamənin 3.1-ci bəndinə müvafiq olaraq, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Əsasnamənin 3.2-ci bəndinə görə, xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə: Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti: “ ... - Nеvrоtik, strеslə əlaqədar və sоmаtоfоrm pоzuntular Qeyd. Ağırlıq dərəcəsi, davametmə müddəti, intihar riski, nеvrоtik, strеslə əlaqədar və sоmаtоfоrm pоzuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: göstərilən pozuntuların davametmə müddəti (2 ildən çox davam edən simptomlar uzunmüddətli sayılır); simptomların ağırlıq dərəcəsi (müvafiq klinik protokollarda olan şkalalar vasitəsilə müəyyən edilir); intihar davranışları yerinə yetirmə riski; dərman və psixoterapevtik müdaxilələrin effektliliyi. - Generalizə olunmuş təşviş-pozuntu F41.1 obsessiv-kompulsiv pozuntu F42 posttravmatik stres pozuntusu F43.1 dissosiativ (konversion) pozuntular F44 somatoform pozuntular F45. Qiymətləndirmə - 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) (35-60 faiz, 2 il). 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar, digərlərindən sosial təcrid və ya patoloji dərəcədə asılılıq, kəskin ifadə olunmuş passivlik və tez-tez tibb müəssisələrinə yardım üçün əsaslandırılmış müraciət (65-80 faiz, 2 il). - Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Qeyd. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə. - Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular F06; üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0; postensefalit sindromu F07.1 postkontuzion sindrom F07.2; baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları F07.8. ... - Spesifik şəxsiyyət pozuntuları. Qeyd. Şəxsiyyət pozuntuları zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi aşağıdakılara əsaslanır: şəxsiyyətin koqnitiv, emosional, davranış və şəxslər arası sahədə anomaliyalarının təzahür dərəcəsi; uşaq, yeniyetmə və ya yetkin yaşlarda şəxsiyyətin anomaliyalarının başlanması; dekompensasiya vəziyyətinin tezliyi və davametmə müddəti; kompensasiya dövründə adaptasiya imkanları; sosial təhlükəli davranışların ağırlığı və tezliyi (ətrafdakılara qarşı qanunazidd və ya aqresiv davranışlar və intihar cəhdləri); intellektin inkişafı və öz davranışına tənqid dərəcəsi. - Müalicəvi və reabilitasiya müdaxilələrinin effektliliyi. Spesifik şəxsiyyət pozuntuları F60 fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.0 psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.1. - Qiymətləndirmə - fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski (35-60 faiz, 2 il); bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması (65-80 faiz, 2 il)”. Beləliklə, işin hallarından göründüyü kimi, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə - Əsas diaqnoz və ağırlaşmaları: “ F62.0- Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, ifadə olunmuş psixopatabənzər davranışla; F43.1- Postravmatik stress pozuntusu, uzunmüddətli depressiv əlamətlərlə.” qeyd olunmuşdur. İddiaçının əlillik vəziyyətinə həmin göndəriş əsasında xx.xx.2024-cü il tarixdə baxılmış və “Diaqnoz əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə əsas diaqnoz və ağırlaşması kimi göstərilmiş xəstəliklər yuxarıda istinad edilən əsasnamənin 7.5.1 və 7.7.1-ci bəndlərində təsbit edilmiş (posttravmatik stres pozuntusu F43.1 və fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.0) və onların əlilliyin təyininə əsas verəcək ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinin (ətrafdakılarla problemlər yaranması, münaqişəli münasibət, özünə və ya ətrafa zərər yetirmə riski və s.) iddiaçıda olması iş materiallarında olan sənədlər və işin faktiki halları ilə təsdiq olunur. Bundan əlavə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 98 saylı rəyi ilə, iddiaçıda “üzvi şəxsiyyət pozuntusu” (əsasnamənin 7.6.2-ci bəndində təsbit edilmişdir) müəyyən edilmişdir. Onda aşkarlanan şəxsiyyət dəyişikliyinin kəskinlkəşməsi ehtimalının olması nəzərə alınaraq nəzarət altında saxlanması, ev şəraitində müalicəsinin davam etdirilməsi məsləhət görülmüşdür. Birinci instansiyası məhkəməsi qərarında haqlı olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə kollegiyası oxşar işlər üzrə formalaşmış təcrübəyə istinad edərək qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-2816/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-2816/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar