Məhkəmə qərarları › İş №2-1(103)-801/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-801/2023

03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-801/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(112)-8869/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.6-cı maddəsinə müvafiq və tam əsası olaraq (xidməti uyğunsuzluğa görə) əmrin ləğv edilib, işinə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(112)-8869/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, atasının ambulator müalicədə olması, özünün sağlamlığında problemlərin olması, eyni zamanda pandemiya şəraitinin mövcud olması, ən əsası isə hərbi biletini uzun müddət ala bilməməsi və gec almağı səbəbindən məhkəməyə müraciət etmək imkanı olmamışdır. Lakin bu nüansı nəzərinizə çatdırmalıdır ki, o hərbi bileti aldıqdan sonra dərhal məhkəmə müraciət etmiş, 1 aylıq müddəti ötürməmişdir. Çünki onun mövcud əmrdən xəbəri olmamış, hərbi bileti aldıqdan sonra bu hal ilə tanış olmuşdur. Onun müraciət hüququ həmin əmrin verildiyi tarixdən deyil, əmrlə tanış olduğu, habelə həmin halın ona tanış olduğu vaxtdan yaranmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan, düzgün tətbiq edilmədiyindən və digər normativ-hüquqi aktlarla qorunan hüquq və mənafeləri pozulduğundan Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixdə işə baxaraq, iddiasının mümkünsüz sayılması barədə 2-1(112)-8869)2022 saylı qərardadı ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(112)-8869/2022 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin sözügedən qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48- ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Hazırki iş üzrə iddia tələbindən görünür ki, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.6-cı maddəsinə müvafiq olaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə cavabdehin xx.xx.2022-ci il tarixli əmrini mübahisələndirir. Birinci instansiya məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, iddiaçı mübahisələndirdiyi inzibati aktın qəbul olunmasından 4 ay müddət keçəndən sonra məhkəməyə müraciət etmiş, qanunvericiliklə müəyyən edilmiş müddətin iddiaçının təqsiri olmadan buraxılması halları, həmçinin müddətə əməl olunmasına mane olan hallar mövcud olmadığından mübahisələndirilən qərardan şikayət vermə müddəti ötürüldüyündən iddia mümkün hesab edilməməlidir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi qanunvericiliklə müəyyən edilmiş müddətin iddiaçının təqsiri olmadan buraxılması hallarının, həmçinin müddətə əməl olunmasına mane olan halların mövcud olmadığını bildirsə də, iddiaçı apellyasiya şikayətində müddətin ötürülməsi səbəbi kimi atasının ambulator müalicədə olması, özünün sağlamlığında problemlərin olması, eyni zamanda pandemiya şəraitinin mövcud olması, hərbi biletini uzun müddət ala bilməməyi və gec almağını göstərmişdir. Lakin birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəbdən ötürülüb-ötürülməməsi məsələsi ilə bağlı araşdırma aparmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi sonuncu məhkəmə iclasında İPM-in 13cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərərək müddətin üzrlü səbəblərdən buraxılması barədə sübutun və iddia müddəti buraxıldığına görə buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etməyi təklif etsə də, cavabdeh iddiaçı tərəfindən müddətin buraxılmasına səbəb olmuş hallara dair sübutları məhkəməyə təqdim etməyə imkan yaratmamışdır. Halbuki, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Bununla yanaşı, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Birinci instansiya məhkəməsi müddətin üzrlü səbəbdən ötürülüb-ötürülməməsi məsələsini aydınlaşdırmalı, həmçinin üzrlü səbəbdən ötürüldüyü təqdirdə müddətin bərpa edilməsinin mümkünlüyünü müzakirə etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin müddətlə bağlı mümkünlük şərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” ilə bağlı tələblər pozulmuşdur”. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(112)-8869/2022 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar