Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-801/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, həmin qərar əsasında tutulmuş pul məbləğinin geri qaytarılması, ödənilməmiş pensiya məbləğinin ödənilməsinin davam etdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9659/2023 saylı 01 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. İddiaçıya məxsus 626 saylı xx.xx.1977-ci il tarixli attestatın surətindən görünür ki, o, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək peşə məktəbində təhsil almışdır. NZ seriyalı ******* saylı xx.xx.1978-ci il tarixli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək SSR orduda xidmət etmişdir. “SOCAR” tərəfindən verilmiş güzəştli arayışın surətindən görünür ki, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək neft və qaz hasilatı üzrə operator vəzifəsində işləmiş, həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahının 2a1100000a- 15824 bəndinə uyğun olmuşdur. xx.xx.1993-cü il tarixdən neft və qazçıxarma üzrə usta vəzifəsində işləmiş, həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahının 2a 1100000b- 23187 bəndinə uyğun olmuşdur. İddiaçıya zərərli işlərdə işləməsi nəzərə alınaraq 50 yaşdan, yəni xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmuş və bununla bağlı müvafiq ödənişlər həyata keçirilmişdir. Sonradan cavabdeh orqan iddiaçının güzəştli pensiya hüququnun 50 yaşdan deyil, 52 yaşdan yarandığını hesab edərək, iddiaçıya artıq ödənilmiş pensiya məbləğlərinə görə indiki pensiya məbləğinin azaldılması ilə bağlı xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. Bununla razılaşmayan iddiaçı cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin müraciətlə bağlı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli “artıq ödənilmiş pensiya məbləği haqqında” məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında’ Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılmışdır. Araşdıma zamanı, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. “Əmək pensiyaları haqqında" Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat, xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006- cı il tarixinədək ümumi iş stajı 29 il 1 ay 29 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı tarixinədək iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 34,43 manat (29,16 il x 170 manat :144 hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilmış 56,39 manat müəyyən edilməklə üzərinə xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabın sığorta hissəsində qeydə alırmış 8684.04 manat sığorta kapitalına uyğun 60,31 (8684,64:144) manat və 85,00 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2011-ci il tarixinə 201,70 (56,39+60,31+85,00) manat məbləğində əmək pensiyası müəyyən edilmişdir (xx.xx.2018-ci il tarixinədək indeksləşdirilməklə 279,60 manat). "Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin 29-cu maddəsinin 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdar qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. "Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə mək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2018-ci il tarixinə kişilər 63 yaş 6 ay) arasındakı ayların sayı qədər artırılır. Onun əmək pensiyaçısı kimi 6 il və daha çox işləməsi ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 34629,72 manat sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin 29 iyun 2002-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun qaydada (34629,72:138 ay (63 yaş 6 ay-58 yaş=66 ay+(144 ay-72) =250,94 manat) yenidən hesablanaraq 530,54 (279,60+250 94) manat müəyyən edilmişdir. "Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç ii üçün tutulur. Qeyd olunanları nəzərə alaraq, pensiya sığorta kapitalına uyğun olaraq xx.xx.2011xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ödənilməli olan pensiya, qanunazidd olaraq orta aylıq əmək haqqı əsas götürülməklə xx.xx.2009-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ödənilən pensiya məbləğindən çıxılaraq, "Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri də nəzərə alınaraq, nəticədə 51345,73 manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş 51345,73 manat pul vəsaiti cari ilin mart ayından etibarən hissə-hissə (hər ay 86,09 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə və həmin Qanunun 1 yanvar 23-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 860,94 manat müəyyən edilmişdir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “cavabdeh inzibati orqan tərəfindən onun barəsində qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, həmin qərar əsasında tutulmuş pul məbləğinin geri qaytarılması, ödənilməmiş pensiya məbləğinin ödənilməsinin davam etdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin qərarı ilə iddiaçının pensiyasın qismən dayandırılmış və həmin qərara əsasən ona ödənilmiş 51.345,73 manat məbləğində artıq ödənilmiş pulun hər ay 86,09 manat tutulmaqla cavabdeh təşkilata qaytarılması qərara alınmışdır. İddiaçı hesab edir ki, həmin qərar əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Beləliklə, əmək pensiyasının qismən dayandırılması onun pensiya təminatı hüququnun pozulmasına səbəb olur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9659/2023 saylı 01 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Əmək pensiyasının yenidən hesablanması haqqında 3-17- 1/3-3-1114/2023 saylı xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında 3-17-1/3-3-1114/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı əsasında tutulmuş pul məbləğinin geri qaytarılması, ödənilməmiş pensiya məbləğinin ödənilməsinin davam etdirilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etiraz məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu lüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş əlduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Bundan əlavə, yuxarıda qeyd edildiyi kimi, “İnzibati icraat haqqında” Qanunun 21.3.4-cü maddəsi icazə verir ki, şəxslərə münasibətdə qəbul edilmiş inzibati aktlar, yəni ümumi xarakterli sərəncamlar və ya avtomatik qurğuların vasitəsilə və ya çoxlu sayda identik məzmunlu inzibati aktların qəbul edilməsi zamanı inzibati orqan dinləmədən imtina etsin. Qanunda belə bir müddəanın nəzərdə tutulması zərurətdən irəli gəlir. Pensiya hüquq münasibətləri çərçivəsindən yanaşdıqda, bu kateqoriyadan olan şəxslərin dairəsi geniş olduğu üçün həmin şəxslərin hamısının dinləmək faktiki cəhətdən mümkün olmur. Eyni zamanda hesab edirik ki, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. İnzibati icraatın formal (prosessual) tələblərinin pozulması əsası ilə əleyhinə qərar qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarının icrası məqsədilə müvafiq şəxslərin pensiya ödənişi bərpa edilir və ya əvvəlki məbləğə çatdırılır. Bundan sonra cavabdeh tərəfindən həmin şəxslər barəsində inzibati icraatın bütün qaydalarına riayət edilməklə yenidən pensiya ödənişinin dayandırılması və ya qanunauyğun qaydada yenidən hesablanaraq azaldılması haqqında qərarlar qəbul edilir. Yəni, əleyhinə qəbul olunmuş qərarlar müvafiq iş üzrə inzibati orqanın yekurı nəticədə qəbul edəcəyi qərarın məzmununda hər hansı dəyişikliyə səbəb olmur. Əksinə, sırf məhkəmə qərarının icrası məqsədilə dövlət büdcəsi hesabına əsassız pensiya məbləğlərinin daha bir neçə ay (inzibati icraatın formal tələblərinə riayət edilməklə aparıldığı müddət ərzində) ödənilməsinə, bununla da dövlət büdcəsinə vurulmuş ziyanın məbləğinin artmasına səbəb olur. Hesab edirik ki, sözügedən işlərdə məhkəmə müdaxilənin qanunuliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməlidir. Belə ki, vətəndaşın hər hansı pozulmuş hüququnun bərpasına xidmət etməyən qərarlar, eyni zamanda dövlət büdcəsindən səmərəsiz istifadəyə gətirib çıxarır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə işdən müəyyən olunur ki, iddiaçıya 50 yaşdan, yəni xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və müvafiq ödənişlər edilmişdir. Cavabdeh iddiaçının güzəştli pensiya hüququnun 50 yaşdan deyil, 52 yaşdan yarandığını hesab edərək iddiaçıya artıq ödənilmiş pensiya məbləğlərinə görə indiki pensiya məbləğinin azaldılması ilə bağlı qərar qəbul etmişdir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia verərək, “cavabdeh inzibati orqan tərəfindən barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini, həmin qərar əsasında tutulmuş pul məbləğinin geri qaytarılmasını, ödənilməmiş pensiya məbləğinin ödənilməsinin davam etdirilməsini” tələb edir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının işlədiyi vəzifələrin ona güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olmasına, onun xx.xx.1997-ci il tarixə güzəştli iş stajının 10 ildən (xx.xx.1977- xx.xx.1978; xx.xx.1980-xx.xx.1992; xx.xx.1992-xx.xx.1997 = 17 il 08 ay 10 gün) çox, ümumi iş stajının isə 20 ildən çox təşkil etməsinə və buna görə də onun 50 yaşdan, yəni xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranmasına, pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş Qanunun müddəalarına görə pensiya hesablanmasının həyata keçirilməli olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “Əmək pensiyalarının yenidən hesablanması haqqında” 3- 17-1/3-3-1114/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarı ilə İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən yenidən əmək pensiyası hesablanaraq müddətsiz olaraq yaşa görə 750.60 manat pensiya məbləği hesablanılmışdır. İddiaçının mübahisələndirdiyi- Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya təyin edilmiş pensiya yenidən hesablandığından, ona 51345,73 manat artıq ödəmənin aparıldığı müəyyən edilmişdir. Həmin artıq ödəmənin geri qaytarılması məqsədilə 2023-cü ilin mart ayından etibarən hissə-hissə (hər ay 86,09 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa ediləcəyi ona xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir. Aparılan məhkəmə araşdırmaları zamanı məlum olmuşdu ki, cavabdeh orqan tərəfindən iddiaçı barəsində xx.xx.2023-cü il tarixli qərar bundan öncə qəbul edilmiş “əlverişli inzibati akt” qüvvədə olduğu halda inzibati icraat aparılmadan qəbul edilmiş və buna görə də həmin inzibati akt ləğv edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə xx.xx.2023-cü il tarixli qərar qəbul edilməmişdən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi xidməti yoxlamanın (daxili araşdırmanın) aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Əlavə olaraq qeyd olunmalıdır ki, cavabdeh orqan iddiaçının ərizəsinə cavab olaraq “artıq ödənilmiş pensiya məbləği haqqında” məktubunda iddiaçıya təyin edilmiş pensiya ilə bağlı artıq ödəmələrin həyata keçirildiyini bildirmiş və bununla bağlı həmin 51345,76 manat artıq ödəmənin geri qaytarılmasını təmin etmək məqsədilə hər ay pensiyasından 86,09 manat pul vəsaitinin tutularaq büdcəyə bərpa edildiyini göstərməklə kifayətlənmişdir. Digər tərəfdən inzibati orqan artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya məktub göndərsə də, bu barədə ayrıca inzibati akt qəbul etməmiş və həmin məsələ ilə bağlı tələb olunan 51345,76 manat artıq pul vəsaitinin hansı hesablama qaydasında hesablandığını əsaslandırmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli qərar qəbul edilərkən yuxarıda qeyd olunan inzibati icraatla bağlı prosedur qaydalara riayət olunmamışdır. Bundan başqa, məhkəmə araşdırmaları zamanı məlum olmuşdu ki, cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli qərarın qəbul edilməsi üçün əsas iddiaçının pensiya hüququnun 50 yaşdan deyil, 52 yaşdan yaranması ilə bağlı olmuşdur. Bu barədə araşdırma aparılarkən müəyyən olundu ki, iddiaçıya 50 yaşdan pensiya təyin olunan zaman xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə görə iddiaçının xx.xx.1997-ci il tarixədək 20 ildən çox ümumi, 10 ildən çox güzəştli stajı olmuş, işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli Siyahıda mövcud olmuşdur. Bu baxımdan iddiaçıya əvvəllər 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı düzgün aparılmış və bu zaman qüvvədə olan qanunvericiliyin hər hansı tələbinin pozulması halına yol verilməmişdir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi belə əsaslandırılmışdır (2-1(102)-2641/2019 saylı xx.xx.2019-cu il tarixli, 2-1(102)-1573/2023 saylı xx.xx.2023-cü il tarixli qərarlar). Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3- 1114/2023 saylı xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, həmin qərar əsasında tutulmuş pul məbləğinin geri qaytarılması və ödənilməmiş pensiya məbləğinin ödənilməsinin davam etdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı iddianın təmin edilməsi barədə düzgün qənaətə gəlmişdir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9659/2023 saylı 01 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9659/2023 saylı 01 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-801/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-801/2024
24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver