Məhkəmə qərarları › İş №2-1(103)-801/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-801/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-801/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məmmədova Musayeva Leyla qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı "icra üsulunun dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11119/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı abad yaşayış sahəsi ilə təmin olunması barədə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2126 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi ilə qanuni qüvvəyə minmiş, icraya yönəldilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-594/09 saylı, xx.xx.2009-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış qətnamənin icra üsulunun kompensasiya ödənilməsi icra üsulu ilə dəyişdirilərək Bakı şəhəri, Məmmədyarov küçəsi 13 saylı evin əvəzinə kompensasiya ödənilməsi vəzifəsinin cavabehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanda yaşamış və hazırkı vaxtadək həmin ünvanda pasport qeydiyatındadır. Həmin bina tarixi memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır və 1989-cu ildə təmir edilmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən “Bərpaçı” baş idarəsinin planına salınmış və əsaslı təmir adı ilə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə boşalmışdır. Həmin vaxtdan iddiaçı ayrı-ayrı mənzillərdə öz hesabına kirayədə yaşamağa məcbur olmuşdur. xx.xx.2006-cı il tarixli Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə kirayə haqqının ödənilməsi vəzifəsi “İçəri Şəhər X1” İdarəsinə tapşırılmışdır. Qətnamənin qanuni qüvvəyə minməsinə və icraya yönəldilməsinə baxmayaraq hazırkı vaxtadək icra edilməmişdir. İddiaçı Səbail rayonu, Məmmədyarov küçəsində yerləşən 13 saylı mənzildən çıxarıldıqları tarixdən bugünədək mənzillə təmin olunmamışdır. Lakin xx.xx.2007-ci il tarixli Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı və qardaşı X2 ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşadıqları Bakı şəhəri Səbail rayonu, Məmmədyarov küçəsində yerləşən 13 saylı mənzilin əvəzinə digər abad yaşayış sahəsi ilə təmin olunmaları vəzifəsi Bakı Şəhər İcra Hakimiyyəti və “İçəri şəhər” X5 Qoruğu İdarəsinə həvalə edilmişdir. Qərar Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2126 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi ilə qanuni qüvvəyə minmiş, icraya yönəldilmişdir və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-594/09 saylı xx.xx.2009-cu il tarixli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı və X3 ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqları Bakı şəhəri, Məmmədyarov küçəsi 13 saylı evin əvəzinə digər abad yaşayış sahəsi ilə təmin etmək vəzifəsi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə olunmuşdur. Həmin vaxtdan 16 ilə yaxın müddət keçməsinə baxmayaraq məhkəmənin icra sənədinin icrası mümkün olmamışdır. Belə olan halda isə İddiaçı mənafeyi ciddi surətdə zərər görmüş bütün bu vaxt ərzində onun onsuzda kirayələrdə keçən ağır həyat şəraiti daha da ağırlaşmış və bu çətin günlərində onun son ümidinin kirayələrdən çıxıb öz evində qocalığını yaşamaq istəyi reallaşmamışdır. Bütün bunları nəzərə alıb İddiaçı sonuncu dəfə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının qəbulunda olmuş, icra başçısı onları təmin etmək üçün boş yaşayış sahəsi olmadığını, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2126 saylı xx.xx.2008- ci il tarixli qətnaməsinin icrasının mümkün olmadığını, əgər İddiaçı icra üsulunun dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət edəcəyi təqdirdə, İcra Hakimiyyəti tərəfindən bu tələb qəbul edilərək kompensasiya ödənə biləcəyi bildirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2126 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsində göstərilən abad yaşayış sahəsi ilə təmin olunma icra üsulu, kompensasiyanın ödənilməsi üsulu ilə dəyişdiriləcəyi təqdirdə qətnamənin icrası həyata keçirilə bilər. Hazırda icra üsulunun dəyişdirilməsinə zərurət vardır. Belə ki, çıxarılmış məhkəmə qətnamələrindən də göründüyü kimi məhkəmə qərarının icra üsulu kimi natura formasında iddiaçılara əmlakın verilməsindən ibarətdir. Lakin buna baxmayaraq hazırkı tarixədək qeyd edilən formada çıxarılmış qətnamənin icrası mümkün olmamışdır. Bu isə hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Ona görə də hesab edir ki, qətnamənin icra üsulu dəyişdirilməlidir. Belə ki, əmlak əvəzinə icra üsulu olaraq kompensasiya ödənilməsi formasında qətnamənin icra üsuluna dəyişdirilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11119/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı "icra üsulunun dəyişdirilməsi" tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olubolmaması meyarı üzrə aparılır; 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra mətndə - Qanun) 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. İstinad edilən Qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Qeyd edilən Qanun tərəflərin icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan ərizə nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə verilmiş ərizəyə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 noyabr 2011-ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına” dair təlimatın 168-ci bəndinə əsasən MPM-in 231-ci maddəsinin və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və ya icraata xitam verilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakının üzərinə həbs qoyulması və digər məsələlər barədə işdə iştirak edən şəxslərin ərizələri, şikayətləri və ya icra məmurlarının təqdimatları, habelə qanunauyğunluğu məhkəmə nəzarəti ilə yoxlanıldıqda icraata xitam verilməsi barədə icra məmurlarının qərarları kargüzarlıq xidməti tərəfindən məhkəmə qətnamələrinin (qərardadlarının) icrası qaydasında icraat materialı kimi 8 nömrəli indekslə qeydiyyat vərəqəsində qeydə alınır, qəbul edilmiş qərardadın təsdiq edilmiş surəti məlumat üçün qətnamə çıxarılmış əvvəlki mülki işə tikilir (aidiyyəti məhkəməyə göndərilir). Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə iddiaçının icra sənədinin icra üsulunun dəyişdirilməsi ilə bağlı ərizəsinin inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11119/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar