Məhkəmə qərarları › İş №2-1(103)-802/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-802/2022

15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-802/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi Cavabdehin nümayəndəsi X4 oğlunun iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı artıq ödənilmiş gömrük rüsumunun qaytarılması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-892/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus 2016-cı il buraxılışlı (VİN SALWR2FV0H671164) RANGE ROVER SPORT markalı, 2017- ci il buraxılışlı (VİN WBAJA7C3XHG904003) BMW 530 Xİ markalı və 2019-cu il buraxılışlı (VİN WBAJA7C5KG910918) BMW 530 Xİ markalı avtomobillərin gömrük rəsmiləşdirilməsi zamanı artıq tutulmuş 13.960,43 manat məbləğində gömrük ödənişlərinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-892/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Pegasus Motors" MMC-nin iddia tələbi gömrük orqanlarına sərbəst iradəsi ilə təsdiqləyərək təqdim etdiyi gömrük bəyannaməsi əsasında gömrük rəsmiləşdirilməsi aparılaraq sərbəst dövriyyəyə buraxılmış avtonəqliyyat vasitələri barəsindədir. İddiaçının gömrük orqanlarına təqdim etdiyi və iş materiallarında mövcud olan “**********1144,**********1197, **********1251" sorğu nömrəli gömrük bəyannamələrində göstərilən məlumatların düzgünlüyünü həmin bəyannamələrin “Malların təsviri” adlanan 31-ci qrafasında “eyniləşdirmə vasitələri və nömrələr, konteynerlərin nömrəsi, malların miqdarı və növü", 33-cü qrafasında “Malın təsnifat kodu", 45-ci qrafasında “Gömrük dəyəri”, 50-ci qrafasında (vəkalət verən) iddiaçı "xxxx" MMC-nin özü sərbəst iradəsi ilə təsdiqləyərək gömrük orqanına təqdim etməsinə baxmayaraq, hazırki iş üzrə artıq ödənilmiş gömrük ödənişlərini gömrük orqanından tələb etməsi gömrük qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanlmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarında olan: - **********-130787 nömrəli, 14.01.2020-ci il tarixdə 2016-cı il istehsallı mühərrik həcmi 2995 sm3, SALWR2FV0HA671164 şassi/ban nömrəsi olan “LAND ROVER RANGE ROVER SPORT” minik avtomobili 26898 ABŞ dolları qiymətə satın alınmış, 01 saylı bank köçürmə ərizəsi və digər sənədlərdən göründüyü kimi, bank vasitəsilə “X5” LLC-nin bank hesabına 26898 ABŞ dolları ödəniş edilmişdir. - ********** sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, 2016-cı il istehsallı mühərrik həcmi 2995 sm3, SALWR2FV0HA671164 şassi/ban nömrəsi olan “LAND ROVER RANGE ROVER SPORT” minik avtomobilinin invoys dəyəri 26898 gömrük dəyəri 68000, statistik dəyəri isə 40000 ABŞ dolları göstərilmişdir. - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin İnspeksiya Xidməti Orqanının 035092 nömrəli 10.04.2020-ci il tarixli X1 görünür ki, 2016-cı il istehsallı mühərrik həcmi 2995 sm3, SALWR2FV0HA671164 şassi/ban nömrəsi olan “LAND ROVER RANGE ROVER SPORT” minik avtomobil AZS ***-**** Ekoloji sinif 6 normativ sənədlərin tələbinə uyğundur. Orqana – müqavilə, NV-nin texniki pasportu, şəxsiyyət vəsiqəsi təqdim edilmişdir. - ********** sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, 2019-cu il istehsallı mühərrik həcmi 1998 sm3, WBAJA7C50KG910918 şassi/ban nömrəsi olan “BMW 530 XL” minik avtomobilinin invoys dəyəri 16200, gömrük dəyəri 56100, statistik dəyəri isə 33000 ABŞ dolları göstərilmişdir. - **********-130791 nömrəli,14.01.2020-ci il tarixdə 2019-cu il istehsallı mühərrik həcmi 1998 sm3, WBAJA7C50KG910918 şassi/ban nömrəsi olan “BMW 530 XL” 16200 ABŞ dolları qiymətə satın alınmış, 05 saylı bank köçürmə ərizəsi və digər sənədlərdən görünür ki, iddiaçı tərəfindən bank vasitəsilə “X5” LLC-nin bank hesabına 16200 ABŞ dolları ödəniş edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin İnspeksiya Xidməti Orqanının 035091 nömrəli 10.04.2020-ci il tarixli X1 görünür ki, 2019-cu il istehsallı mühərrik həcmi 1998 sm3, WBAJA7C50KG910918 şassi/ban nömrəsi olan “BMW 530 XL” minik avtomobil AZS ***-**** Ekoloji sinif 6 normativ sənədlərin tələbinə uyğundur. Orqana – müqavilə, NV-nin texniki pasportu, şəxsiyyət vəsiqəsi təqdim edilmişdir. - ********** sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, 2017-cİ il istehsallı mühərrik həcmi 1997 sm3, WBAJA7C3XHG904003 şassi/ban nömrəsi olan “BMW 530 XL” minik avtomobilinin invoys dəyəri 18362 gömrük dəyəri 45900, statistik dəyəri isə 27000 ABŞ dolları göstərilmişdir. - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin İnspeksiya Xidməti Orqanının 035090 nömrəli 10.04.2020-ci il tarixli X1 görünür ki, 2017-ci il istehsallı mühərrik həcmi 1997 sm3, WBAJA7C3XHG904003 şassi/ban nömrəsi olan “BMW 530 XL” minik avtomobil AZS ***-**** Ekoloji sinif 6 normativ sənədlərin tələbinə uyğundur. Orqana – müqavilə, NV-nin texniki pasportu, şəxsiyyət vəsiqəsi təqdim edilmişdir. - **********-130785 nömrəli,14.01.2020-ci il tarixdə 2017-ci il istehsallı mühərrik həcmi 1997 sm3, WBAJA7C3XHG904003 şassi/ban nömrəsi olan “BMW 530 XL” 18362 ABŞ dolları qiymətə satın alınmış, 03 saylı bank köçürmə ərizəsi və digər sənədlərdən görünür ki, iddiaçı tərəfindən bank vasitəsilə “X5” LLC-nin bank hesabına 18362 ABŞ dolları ödəniş edilmişdir. İşdən görünür ki, iddiaçı cavabdehdən onun xeyrinə 13.960,43 manat AZN vəsaitin ödənilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ yuxarıda göstərilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəli məsələni iddia tələbini təmin etməklə həll etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, “... mövcud qanunvericilik gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin üsüllarının dairəsini müəyyən etmiş və bu sıradan “malların sövdələşmə qiyməti ilə” dəyərin müəyyən edilməsini əsas sayaraq, digər üsullların ardıcıl olaraq tətbiqini əsas üsuldan istifadənin mümkün olmadığı hallarda yolverilən qiymətləndiririr. Hazırkı işin hallarına görə isə, cavabdeh inzibati orqan hər hansı tutarlı dəlil təqdim etmədən iddiaçının idxal etdiyi avtomobillərin “sövdələşmə qiyməti” əks olunmuş hərrac sənədlərini əsas götürmədən, onlara münasibətdə daha yüksək məbləğdə gömrük dəyəri müəyyənləşdirmiş və ona müvafiq də gömrük ödənişləri tutmuşdur. Halbuki, cavabdeh inzibati orqan tərəfindən ətraflı araşdırma aparılmaqla, ekspertiza təyin etməklə və digər yetərli sübutlarla fərqli nəticəyə gələ bilərdi.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 148.3-cü maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək, malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək, gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək, gömrük ödənişlərini ödəmək, gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək vəzifələri vardır. Həmin Məcəllənin 299.4-cü maddəsinə əsasən fiziki şəxs gömrük sərhədindən keçirmək istədiyi malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Həmin müraciət əsasında bu Məcəllənin 50-ci maddəsinə müvafiq olaraq malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından icrası gömrük orqanları üçün məcburi olan qərar qəbul edilir. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: malların sövdələşmə qiyməti ilə; eyni malların sövdələşmə qiyməti ilə; eynicinsli malların sövdələşmə qiyməti ilə; dəyərin çıxılması üsulu ilə; dəyərin toplanması üsulu ilə; ehtiyat üsulu ilə. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Həmin Qanunun 18.2.3-cü maddəsinə əsasən, bu Qanunun 18.1-ci maddəsinə müvafiq olaraq malların gömrük dəyəri malların ixrac ölkəsinin daxili bazarındakı qiyməti əsasında müəyyən edilə bilməz. Qanunvericiliyin tələbindən də göründüyü kimi malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hesab edilir. Yalnız həmin üsuldan istifadə etmək mümkün olmadıqda digər üsullardan hər biri ardıcıl olaraq tətbiq edilə bilər. Bir sonrakı üsulun gömrük dəyərinin təyin edilməsi zamanı tətbiqi yalnız o halda mümkün olur ki, digər üsulla gömrük dəyərinin müəyyənləşdirilməsi mümkün olmasın. Hazırkı iş üzrə cavabdeh tərəfindən isə iddiaçı tərəfindən idxal olunan məhsullara münasibətdə gömrük dəyərinin müəyyənləşdirilməsi zamanı qanunvericiliyin qeyd olunan müddəalarına əməl edilməmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: - İddiaçı 2020-ci ildə 2016-cı il istehsallı mühərrik həcmi 2995 sm3 “LAND ROVER RANGE ROVER SPORT” markalı avtomobili 26898 ABŞ dolları məbləğində pul vəsaiti ödənilməklə X2 satın almış və avtomobili kargo şirkəti tərəfindən Gürcüstan Respublikasından Azərbaycana gətirmişdir. Bundan sonra iddiaçı zəruri sənədləri Gömrük orqanına bəyan etmişdir. Cavabdeh orqan tərəfindən isə statistik dəyəri 40000 ABŞ dolları olması əsas götürülərək iddiaçıdan 26384.86 manat gömrük rüsumu tələb edilmişdir. - İddiaçı 2020-ci ildə 2019-cu il istehsallı mühərrik həcmi 1998 sm3 “BMW 530 XL” markalı avtomobili 16200 ABŞ dolları məbləğində pul vəsaiti ödənilməklə X2 satın almış və avtomobili kargo şirkəti tərəfindən Gürcüstan Respublikasından Azərbaycana gətirmişdir. Bundan sonra iddiaçı zəruri sənədləri Gömrük orqanına bəyan etmişdir. Cavabdeh orqan tərəfindən isə statistik dəyəri 33000 ABŞ dolları olması əsas götürülərək iddiaçıdan 16971.68 manat gömrük rüsumu tələb edilmişdir. - İddiaçı 2020-ci ildə 2017-cİ il istehsallı mühərrik həcmi 1997 sm3 “BMW 530 XL” markalı avtomobili 18362 ABŞ dolları məbləğində pul vəsaiti ödənilməklə X2 satın almış və avtomobili kargo şirkəti tərəfindən Gürcüstan Respublikasından Azərbaycana gətirmişdir. Bundan sonra iddiaçı zəruri sənədləri Gömrük orqanına bəyan etmişdir. Cavabdeh orqan tərəfindən isə statistik dəyəri 27000 ABŞ dolları olması əsas götürülərək iddiaçıdan 14038.52 manat gömrük rüsumu tələb edilmişdir. Halbuki, iddiaçı ölkə ərazisinə idxal edilən avtomobillərin əzik və qəzalı vəziyyətdə olması səbəbindən hərracdan yuxarıda qeyd edilən məbləğlərə satın aldığını bildirmiş, gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi avtomobilin sövdələşmə qiymətini əks etdirən hərrac sənədlərini cavabdeh orqana bəyan etmişdir. Lakin cavabdeh orqan bunu nəzərə almadan, hər hansı əsaslandırma olmadan, malların statistik dəyərinin yüksək olmasını iddia edərək, artıq gömrük rüsumu tələb etmişdir. Göründüyü kimi, cavabdeh orqan müvafiq bəyannamələrdə qeyd edilən 40000, 33000 və 27000 ABŞ dolları statistik dəyərlərin hansı əsasla götürülməsinin izahını verməmişdir. AR Gömrük Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Həmin Məcəllənin 322.1-ci maddəsinə əsasən gömrük ekspertizasının aparılmasının məqsədi aşağıdakılardan ibarətdir: malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi; malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi; malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi; ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması; malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi; ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi; radiasiya təhlükəsi olan malların müəyyən edilməsi; malların gömrük dəyərinin təyin olunması; malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi. Həmin Məcəllənin 322.2-ci maddəsinə əsasən gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. Həmin Məcəllənin 322.3-cü maddəsinə əsasən gömrük ekspertizası şəxsin bununla əlaqədar müraciəti olduqda da aparılır. Yuxarıda istinad olunan normalardan da görünür ki, gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Eyni zamanda istinad olunan normadan görünür ki, ekspertizanın aparılmasının məqsədi malların gömrük dəyərinin təyin olunmasını müəyyən etməkdir. Məhkəmə araşdırması nəticəsində cavabdeh gömrük orqanı tərəfindən gömrük rəsmləşdirilməsi zamanı hər hansı sənədlərin catışmaması barədə iddiaçıya müraciətinin olması, bundan başqa avtomobilin gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı hər hansı gömrük ekspertizasının keçirilməsi müəyyən edilməmişdir. Eyni zamanda, həmin “Gömrük tarifi haqqında" Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan və 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun tətbiqini istisna edən şərtlərin mövcudluğuna dair sübut da işdə yoxdur. Eyni zamanda, işə birinci instansiya qaydasında baxan məhkəmənin 22 sentyabr 2020-ci il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 14 aprel 2021-ci il tarixli 9/615 saylı ekspert rəyində müəyyən edilmişdir ki, “Qeyd edilən avtomobillərə baxış zamanı avtomobillərin təmir edilərək istismara tam yararlı vəziyyətdə olması və onların iş materiallarında olan sənədlərə əsasən hərracdan alınma qiymətinə uyğun olduğu müəyyən edilmişdir.” Göründüyü kimi, qeyd edilən ekspertiza rəyi də cavabdehin hərəkətlərinin qanunsuz olmasını təsdiqləyir. Cavabdeh orqan apelyasiya şikayətində mövqeyini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin özü sərbəst iradəsi ilə müvafiq gömrük ödənişlərinin əks olunduğu bəyannamələri təsdiqləyərək gömrük orqanına təqdim etdiyindən, sonradan həmin məbləğlərin qaytarılmasını tələb edə bilməz. Cavabdehin mövqeyinə münasibətdə kollegiya bildirir ki, iddiaçı tərəfindən müvafiq bəyannamələrin təsdiqlənərək cavabdehə təqdim edilməsi və ya gömrük ödənişinin qaytarılması barədə ərizə ilə cavabdehə müraciət etməmiş olması, sonradan pozulduğunu hesab etdiyi hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və pozulmuş hüquqlarının bərpasını tələb etmək imkanını aradan qaldırmır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli 25 saylı qərarına əsasən təsdiq edilmiş «Gömrük ödənişlərinin qaytarılması Qaydaları»nın: - 2.1.2-ci maddəsinə əsasən gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə həmin ödənişlər geri qaytarılır. - 4-cü maddəsinə əsasən gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. - 5.1-ci maddəsinə əsasən gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. İş materiallarından müəyyən olunur ki, iddiacı cavabdeh orqana müraciət edərək əlavə ödənilmiş 13960,43 manat məbləğində gömrük ödənişlərinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin onun müraciəti cavabdeh orqan tərəfindən cavablandırılmamışdır. Yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçı "xxxx" MMC tərəfindən idxal edilən 2016-cı il istehsallı mühərrik həcmi 2995 sm3, SALWR2FV0HA671164 şassi/ban nömrəsi olan “LAND ROVER RANGE ROVER SPORT” minik avtomobilinin invoys dəyəri 26898 gömrük dəyəri 68000, statistik dəyəri isə 40000 ABŞ dolları göstərilərək 26384,86 AZN; 2019-cu il istehsallı mühərrik həcmi 1998 sm3, WBAJA7C50KG910918 şassi/ban nömrəsi olan “BMW 530 XL” minik avtomobilinin invoys dəyəri 16200, gömrük dəyəri 56100, statistik dəyəri isə 33000 ABŞ dolları göstərilərək 15971,68 AZN; 2017-cİ il istehsallı mühərrik həcmi 1997 sm3, WBAJA7C3XHG904003 şassi/ban nömrəsi olan “BMW 530 XL” minik avtomobilinin invoys dəyəri 18362 gömrük dəyəri 45900, statistik dəyəri isə 27000 ABŞ dolları göstərilərək 14038,52 AZN gömrük rüsumunun alınması qanunsuz olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki iddiaçı tərəfindən artıq ödənilmiş 13960,43 AZN məbləğində gömrük ödənişi iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-892/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Azər Hüseynov Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar