Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-802/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanmış məbləğin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5742/2022 saylı, 22 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, pensiya hüququnun yarandığı 52 yaşdan, yəni 18 iyun 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 18 iyun 2016-cı ildən hazıradək ödənilməli olan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması və birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, pensiya hüququnun yarandığı 57 yaşdan, yəni 17 iyun 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanaraq yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1964-cü ildə anadan olmuşdur. Hazırda “Neft Daşları” NQÇİ-nin İstilik elektrik stansiyasının Elektrik sahəsində Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində çalışır. 04 noyabr 2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsini xahiş etmiş, cavabdehin 17 noyabr 2021-ci il tarixli cavab məktubunda işlədiyi vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməyə imkan vermədiyi bildirilmişdir. İddiaçı Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli cavab məktubunu həmin filialdan xx.xx.2021-ci il tarixdə almışdır. İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək 117 saylı Texniki Peşə məktəbində təhsil almış (1 il 9 ay), xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Ağstafa rayon Poylu kənd “Şaumyan” adına sovxozda qaraja çilingər peşəsində işləmiş (3 ay 20 gün), xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuş (2 il 12 gün), xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Ağstafa rayon Poylu kənd “Şaumyan” adına sovxozunda fəhlə işləmiş (3 ay 7 gün), “Neft Daşları” NQÇİ-də xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Buxar-turbin elektrik stansiyasının Buxar turbin maşinisti (1 il 6 ay 5 gün), xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək İstilik elektrik stansiyasının Turbin sexində Qaz turbin qurğularının maşinisti peşəsində (1 il 22 gün), xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək Qaz kopressor sexinin Qaz sahəsində təmirçi çilingər peşəsində (1 ay 26 gün), xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cu il tarixədək elektrik stansiyasının baş idarəetmə lövhəsinin elektrik montyoru peşəsində (10 ay 17 gün), xx.xx.1990-cı il tarixdən xx.xx.2008-ci il tarixədək İstilik elektrik stansiyasının Elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru peşəsində (17 il 7 ay 25 gün) işləmişdir. xx.xx.2008-ci il tarixdən hazıradək İstilik elektrik stansiyasının Elektrik sahəsində Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində (13 il 8 ay 27 gün) işləyir. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıs”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarım bəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri; qazanxana qurğusunun, turbin və yanacaqötürmə avadanlığının yerləşdiyi yerlərdə, kabel tunelləri və qanovlarındakı işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 14T-İ ******* nömrəli əmək kitabçasında və SOCAR-ın “Azneft” istehsalat Birliyinin "Neft Daşları” Neft və Qazçıxarma idarəsinin ona dair 17 iyun 2021-ci il tarixli PUX-02/29 nömrəli arayışında xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində həmin İdarənin Qaz kompressor sexinin Qaz sahəsində təmirçi çilingər, xx.xx.1989-xx.xx.1990- cı il tarixləri arasındakı dövr ərzində istilik elektrik stansiyasının baş idarəetmə lövhəsinin elektrik montyoru, xx.xx.1990-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində həmin stansiyanın elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru, xx.xx.2008-ci il tarixindən bugünədək həmin stansiyanın elektrik sahəsində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru işlədiyi qeyd olumuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (2 il 6 ay 27 gün (xx.xx.1987-xx.xx.1989-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5742/2022 nömrəli, 22 avqust 2022-ci il tarixli qərarı ilə (hakim S.Salahova) iddia qismən təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu 17 iyun 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı tarixdən hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş HT-İ ******* nömrəli əmək kitabçasında və SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin ona dair 17 iyun 2021-ci il tarixli PUX-02/29 nömrəli arayışında xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində həmin İdarənin Qaz kompressor sexinin Qaz sahəsində təmirçi çilingər, xx.xx.1989-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində istilik elektrik stansiyasının baş idarəetmə lövhəsinin elektrik montyoru, xx.xx.1990-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində həmin stansiyanın elektrik avadanlıqlarının xidməti üzrə elektrik montvoru, xx.xx.2008-ci il tarixindən bugünədək həmin stansiyanın elektrik sahəsində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru işlədiyi qeyd olunmuşdur. Həmin vəzifələr isə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda göstərilməmişdir. Bu səbəbdən işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının kifayət qədər güzəştli iş stajı yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, iddia qismən təmin olunsa da, iddianın təmin olunmayan hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, Məhkəmə kollegiyası yalnız cavabdehin verdiyi apellyasiya şikayəti həddində qərarı – iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; - 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: - 3.2.1. əmək kitabçası; - 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (2 nömrəli siyahı üzrə) mövcud olması. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajı işin mübahisələndirilməyən hallarındandır. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** nömrəli İddiaçı aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1964-cü ildə anadan olmuş, onun 57 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur. 4674965 nömrəli iddiaçıya aid hərbi biletdən görünür ki, o, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus 095232 nömrəli diplomdan görünür ki, İddiaçı 1988-ci ildə X8 X6 adına Bakı Neft Texnikumuna daxil olmuş, 1992-ci ildə “neft və qaz quyularının istismarı” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının 18 noyabr 1992-ci il tarixli qərarı ilə ona “Texnik-neftçi” ixtisası verilmişdir. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1982-ci ildən 22.10.198-ci ilə qədər “Şaumyan” adına sovxozda çilingər, xx.xx.1984cü ildən xx.xx.1985-ci ilə qədər Şamuyan adına sovxozda 4 nömrəli briqadada fəhlə işləmiş, xx.xx.1985-ci ildə Buxar-turbin elektrik stansiyasında suqəbuledici qurğunun maşinisti təyin edilmiş, xx.xx.1987-ci ildə Buxar-turbin elektrik stansiyasının Buxar turbin maşinisti keçirilmiş, xx.xx.1988-ci ildə İstilik elektrik stansiyasının Turbin sexində Qaz turbin qurğularının maşinisti, xx.xx.1989-cu ildə Qaz kompressor sexinin Qaz sahəsində təmirçi çilingəri keçirilmiş, xx.xx.1989 - xx.xx.1990-cı illərdə İstilik elektrik stansiyasının baş idərəetmə lövhəsinin elektrik montyoru, xx.xx.1990 - xx.xx.2008-ci illərdə İstilik elektrik stansiyasının Elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru peşəsində işləmişdir. xx.xx.2008-ci il tarixdə elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru (6-cı dərəcə) təyin edilmişdir və hazırda həmin vəzifə üzrə işləyir. İstinad olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.2006- cı il tarixədək 25 il 11 ay 19 gün ümumi iş stajı olmuşdur. Bu isə onu deməyə əsas verir ki, iddiaçı qanunvericiliklə tələb olunan ilkin şərti ödəyir. İşin mübahisəli halı tələb olunan güzəştli iş stajının mövcud olmaması ilə bağlıdır. Apellyasiya şikayətinin güzəştli iş stajının mövcud olmaması dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İşdə olan iddiaçının işlədiyi SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və qazçıxarma idarəsinin xx.xx.2022-ci il tarixli məktubunda və arayışında qeyd olunmuşdur ki, İddiaçı hazırda ‘‘Neft Daşları” NQÇİ-nin İstilik Elektrik stansiyasında “elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru” peşəsində işləyir və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin “Fəhlə Peşələri və İşlərin Vahid X1 (hissə İ) göstərilən elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsi üzrə əmək funksiyalarını yerinə yetirir. İddiaçı qısaldılmış iş vaxtı hüququ verən əmək şəraiti fiziki, kimyəvi, bioloji və insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlar və peşə üzrə işləmədiyi üçün ona qısaldılmış iş vaxtı müəyyən edilməmişdir. Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə 6 təqvim günü əlavə məzuniyyət, 4% zərərli işə görə əlavə ödəniş və dənizdə işləməsinə görə 75% əlavə ödəniş verilir. “Neft Daşları” Neft və Qazçıxarma idarəsi neft və qaz hasilatı ilə məşğul olur. Həmin məktuba əlavə edilmiş arayışdan görünür ki, İddiaçı: - xx.xx.1987 – xx.xx.1988-ci illərdə Buxar-turbin elektrik stansiyasının Buxar turbin maşinisti peşəsində işləmişdir (01 il 06 ay 05 gün) – Şifrə 2140000a – 13971. Bölmə 13, yarımbölmə a, 2 nömrəli siyahı üzrə; - xx.xx.1988 - xx.xx.1989-cu illərdə İstilik elektrik stansiyasının Turbin sexində Qaz turbin qurğularının maşinisti peşəsində işləmişdir (01 il 00 ay 22 gün) – Şifrə 2140000a – 13658. Bölmə 13, yarımbölmə a, 2 nömrəli siyahı üzrə; - xx.xx.1989 - xx.xx.1989-cu illərdə Qaz kompressor sexinin Qaz sahəsində təmirçi çilingər peşəsində işləmişdir (00 il 01 ay 26 gün) – Şifrə 2130000a - 18547 Bölmə 13, yarımbölmə a, 2 nömrəli siyahı üzrə; - xx.xx.1989 - xx.xx.1990-cı illərdə İstilik elektrik stansiyasının baş idərəetmə lövhəsinin elektrik montyoru peşəsində işləmişdir (00 il 10 ay 17 gün) - Şifrə 2140000a – 18455. Bölmə 13, yarımbölmə a, 2 nömrəli siyahı üzrə; - xx.xx.1990 - xx.xx.2008-ci illərdə İstilik elektrik stansiyasının Elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru peşəsində işləmişdir (17 il 07 ay 25 gün) – Şifrə 2140000a-18455 Bölmə 13, yarımbölmə a, 2 nömrəli siyahı üzrə; - xx.xx.2008-ci il tarixdən hal-hazıra qədər İstilik elektrik stansiyasının Elektrik sahəsində Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləyir (13 il 11 ay 11 gün) – Şifrə 2140000a-18455. Bölmə 13, yarımbölmə a, 2 nömrəli siyahı üzrə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarındakı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların,peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Xİİ və Xİİİ bölmələrinin, a( fəhlələr) bəndinə əsasən “Neft Daşları” NQÇİ-nin İstilik elektrik stansiyasında və Qaz kompressor seində yuxrıda qeyd olunan peşələrdə xx.xx.2022-ci il tarixə qədər dəniz şəraitində güzəştli şərtlərlə iş stajı 35 il 02 ay 16 gün təşkil edir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şəxsin gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Həmin vəzifələr üzrə bilavasitə icra edilən funksional vəzifənin (işin) eyniliyi isə işəgötürən tərəfindən təqdim edilən sənədlərlə, arayış, vəzifə təlimatı ilə müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin, diqqətə çatdırır ki, ölkədə neft və qaz hasilatı ilə məşğul olan “Neft Daşları” Neft və Qazçıxarma idarəsi tərəfindən verilmiş arayışın məzmununun mötəbərliyi şübhə doğurmur. Göründüyü kimi, birinci instansiya məhkəməsi haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, işəgötürən tərəfindən iddiaçının işlədiyi peşənin adları və həmin peşələrin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə olmasını müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda göstərilən konkret kodları qeyd edilmişdir, hansı ki, həmin kodlar iddiaçının işlədiyi vəzifələrə uyğundur. Aparılmış araşdırma nəticəsində iddiaçıya məxsus əmək kitabçası, iş yerlərindən güzəştli arayışlar və hərbi biletdən müəyyən olunur ki, iddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən) staja malik olmuşdur. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5742/2022 saylı, 22 avqust 2022-ci il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5742/2022 saylı, 22 avqust 2022-ci il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-802/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-802/2023
02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver